“Qarabağdakı ermənilərə qəti şəkildə muxtariyyət verilməməlidir”

27

Məhəmməd Əsədullazadə: “Türkiyəsiz hər hansı bir dövlətin Qarabağda sülhməramlı qüvvəsi yerləşdirilə bilməz”

“Ordumuz Zəngilan, Hadrut istiqamətində genişlənməli, Ağdərə, Kəlbəcər istiqamətində irəliləməlidir”

“Rusiya sülhməramlılarının yerləşdirilməsi Qarabağın bizdən qopardılmasına hesablanıb və bu, Moskvanın planıdır”

“Azərbaycanın Cəbrayılı, Arazboyu əraziləri qaytarmasından, Zəngilan istiqamətində irəliləməsindən İran çox narahatdır. Çünki bu istiqamətdən İran terrorçulara daim lojistik dəstək verib, Azərbaycanın bu vasitə ilə təzyiqdə saxlanmasında maraqlıdır”

10 gündən çoxdur ki, Azərbaycan ordusu Qarabağın işğaldan azad olunması hərbi əməliyyatını aparır. Ermənilər ordumuza hərbi cəhətdən cavab verə bilmədiyi üçün şəhər və kəndlərimizi atəşə tutur. Minsk qrupu və digər beynəlxalq təşkilatlar isə dayanmadan atəşkəs çağırışı edirlər. Tanınmış politoloq Məhəmməd Əsədullazadə ilə bu mövzuda müzakirələr apardıq.

– Məhəmməd bəy, ermənilər yaşayış məntəqələrimizi atəşə tutmaqla nəyə nail olmaq istəyirlər? Sizcə, bu addım “Sülh məramlılar”ı döyüş bölgəsinə cəlb etmək üçün bəhanə yaratmaq məqsədi güdürmü?

-Ermənistan sentyabrın 27-dən başlayaraq Azərbaycanın şəhər və kəndlərini, mülki vətəndaşlarını atəşə məruz qoyması onların bir neçə ay əvvəl qəbul etdiyi strateji plana uyğundur. Onlar hərbi doktrinanı qəbul edəndə qeyd etmişdilər ki, Qarabağla bağlı heç bir güzəştə getməyəcəklər və yeni ərazilər işğal etməklə Azərbaycanı reallıqla barışdırmaq istəyəcəklər. Göründüyü kimi, Azərbaycanın əlində  faktlar var idi və Ermənistan hakimiyyətinin destruktiv mövqeyi baş nazir Paşinyanın Azərbaycana qarşı ritorikası, 27 ildir danışıqlar prosesində masada olan həll variantlarının üstündən xətt çəkməsi, absurd 7 şərt irəli sürməsi proseslərin bu nöqtəyə gəlməsi ilə nəticələndi. Ermənistanın Azərbaycana qarşı 10 gün əvvəl hərbi əməliyyatlara başlaması prosesin kuliminasiya nöqtəsi oldu. Təbii ki, Azərbaycan hüquq çərçivəsində özünümüdafiə haqqından istifadə edərək işğalçıya əks zərbə endirməklə artıq onların qurduğu  müdafiə xəttini darmadağın edərək düşmənə işğal olunmuş ərazilərin içərilərinə qədər geri oturda bildilər. Azərbaycanın əks-həmlə əməliyyatları davam edir. Dövlətimiz rəsmi səviyyədə daima bəyan etmişdir ki, sülhə tərəfdir. Bildiyiniz kimi, Nikol Paşinyanın prezident İlham Əliyevə Düşənbədə MDB dövlət başçılarının sammitində söz vermişdi ki, danışıqlara sadiq qalacağıq, amma Paşinyan öz mövqelərini möhkəmləndirdikdən sonra Azərbaycana qarşı qeyri-məqbul fikirlər irəli sürməyə başladı. Bu ilin yanvar ayından başlayaraq danışıqlarda heç bir  nailiyyət əldə edilmədi, hətta Paşinyan dedi ki, Qarabağ Ermənistanındır, biz heç bir şərtə əməl etmirik, heç bir güzəştə getməyəcəyik. Və işğal olunmuş ərazlərimizdə məskunlaşdırma aparmağa başladılar. Şuşada Beyrutdan köçürülmüş erməni ailələri yerləşdirməyə, Cəbrayıl rayonunun Arazboyu istiqamətində yeni yol çəkməyə başladılar. Təbii ki, Azərbaycan prosesi çox incələdi və gördü ki, Ermənistan qəti şəkildə danışıqlara getmir. Regionda nizam sürətlə dəyişir. Hesab edirəm ki, prezident İlham Əliyev də geosiyasi gəlişmələrə obyektiv yanaşaraq qiymət verdi. Həmçinin burada Türkiyənin rolunu qiymətləndirmək lazımdır. Artıq Azərbaycan əks-həmlə ilə Aprel döyüşlərindən sonra “erməni ordusu komplektləşdirilib, erməni ordusu güclüdür” kimi mifi darmadağın etdi. Paşinyanın ordu və daxili siyasətinin stabilliyi, həmçinin ordunun maddi-texniki təminatı mifini Azərbaycan 1 saat ərzində yerlə-yeksan etdi.

Sülhməramlı məsələsinə gəldikdə isə, hazırda ordumuz əks-həmlə əməliyyatları aparır və görürük ki, Fransadan müəyyən çağırışlar var. Müəyyən dövlətlər –İngiltərə, Almaniya, ABŞ neytrallığını qorudu. Almaniya və İngiltərə parlamenti də Azərbaycanın beynəlxalq hüquq çərçivəsində apardığı əks-həmlə əməliyyatını qanuni hesab etdi. Sadəcə, Rusiya buna neytraldır, amma sülhməramlı məsələsi ortadadır. Paşinyan Putinə dəfələrlə zəng etdi və xahiş etdi ki, Qarabağa Rusiya sülhməramlıları yeridilsin. Sülhməramlı məsələsi də Azərbaycana təzyiqdir. Düşünürəm ki, Azərbaycan buna getməyəcək. Birtərəfli şəkildə rus sülhməramlılarının Qarabağda yerləşdirilməsi Qarabağın bizdən qopardılmasına hesablanıb və Rusiyanın planıdır. Məhz Rusiyanın planı olduğuna görə, Paşinyan Putinə bunu təklif edir. Amma ortada Türkiyənin mövqeyi var.

-Türkiyə buna imkan verəcəkmi?

-Türkiyə artıq prosesin içindədir. Yeni geosiyasi nizamın formalaşmasında, həmçinin Cənubi Qafqazda Qarabağ məsələsində Ankara tərəfdir. Türkiyəsiz hər hansı bir dövlətin Qarabağda sülhməramlı qüvvəsi yerləşdirilə bilməz, bunun qarşısı qətiyyətlə alınacaq. Yalnız və yalnız Türkiyənin iştirakı ilə bəzi dövlətlərin sülhməramlıları ola bilər.

-Rusiya hərbçiləri də bu kontingentə daxil ola bilər?

-Rusiya hərbçiləri kvota daxilində müəyyən sayda ola bilər. Sadəcə, ordumuz çox rayonları azad etməlidir. Fizuli, Ağdam, Kəlbəcər, Cəbrayıl azad edilməli və bu istiqamətdə yüksəklliklər ələ keçirilməlidir. Bu, baş versə, Ermənistan blokadada olacaq. Beynəlxalq birlik istəyir ki, Dağlıq Qarabağda Xankəndi istiqamətində ermənilərin kompakt yaşadığı yerlərdə ermənilərə muxtariyyət verilsin. Ermənilərsə elə təqdim edirlər ki, guya həmin sülhməramlılar “ermənilərin təhlükəsizliyini təmin etmək üçün” yerləşdiriləcəklər. Bu məhz ermənilərin istəyidir. Əlbəttə ki, Azərbaycan Türkiyə və Almaniya hərbçilərinin də bu kontingentə daxil edilməsini tələb edəcək. İndiki vəziyyətdə diktə edən tərəf Azərbaycandır. Azərbaycan diplomatik müstəvidə qalib tərəfdir. Hazırda isə aparılan döyüş əməliyyatları birbaşa Xankəndi və Şuşadan ermənilərin çıxarılması ilə nəticələnməlidir. Düşünürəm ki, Qarabağdakı ermənilərə qəti şəkildə muxtariyyət verilməməlidir.

-Bəs Azərbaycan nələri əsas gətirməlidir və ya nə kimi tədbirlər görməlidir ki, masada muxtariyyət təklifləri səslənməsin və ya onu rədd edə bilsin?

-Azərbaycan 27 il ərzində daima muxtariyyəti qabardıb…

-Bir məqamı qeyd edim ki, Qarabağa PKK, ASALA kimi terrorçuları dolduranlara muxtariyyət vermək nə qədər məntiqlidir?

-PKK, Asalanın Qarabağa gətirilməsi və ermənilərə təlim keçməsi, bizə qarşı döyüş əməliyyatlarında iştirak etməsinin qarşısı alınıb, ordumuz onları zərərsizləşdirib. Kiçik qruplar var, onlar da gedəcək. Azərbaycan zərbə pilotları tamamilə onları məhv edib, həmin strateji mövqelərdən gediblər.

Muxtariyyət məsələsinə gəldikdə isə, onsuz Azərbaycan Minsk qrupunun masada olan həll variantını qəbul etməyəcək, yenilənmiş Madrid prinsiplərində də muxtariyyət məsələsi, öz müqəddəratını təyin etmə prinsipi, referendum məsələsi var. Azərbaycan yalnız qalib kimi Xankəndi və Şuşaya nəzarəti əldə edəndən sonra, Türkiyə də Azərbaycanın yanında olmaqla muxtariyyət məsələsinin üstündən xətt çəkməlidir. Yalnız ermənilərə bizim vətəndaşlar kimi qalmaq, yaşamaq hüququ verə bilər.

-Ölkəmizdə etniklər çoxdur. Bundan istifadə edərək başqa etniklər də muxtariyyət istəyə bilər.

-Bəli, tamamilə doğrudur. Ölkəmizdə digər etniklərin hüquqları bərabərdir, hamı azərbaycanlıdır. Ermənilər Azərbaycanın suverenliyini qəbul etsinlər, 1918-ci ilə kimi Qarabağda necə idisə, onlara da digərləri kimi münasibət göstəriləcək. Yox qəbul etmirlərsə, çıxıb getsinlər… Gedib Ermənistanda yaşasınlar. Biz bu qədər qan tökürük, vəsait xərcləyirik, bundan sonra gətirib ermənilərə muxtariyyət verək?

– Çox məntiqsizdir…

-Təbii ki. Azərbaycan kiçik dövlətdir və ölkədə çox sayda etniklər yaşayır. Buna görə, düşünürəm ki, cəbhə xətti daha da irəliyə aparılmalıdır. Atəşkəs olmaz. Cənab prezident də qeyd etdi ki, atəşkəs bizim əleyhimizədir. Qəti atəşkəsə getmək olmaz. Bu, həlledici məqamdır. Türkiyə də yanımızdadır. Ordumuza həmlələr edilən həmin terrorçu nöqtələr, həmçinin Laçın koridoru bombalanmalıdır. Çünki oradan Ermənistandan Qarabağa döyüş sursatları daşınır, ordumuza terrorçu hücumlar edilir. Düşünürəm necə ki,  Zod-Kəlbəcər yolu, Arazboyu istiqamətdə Qafan-Hadrut yolu Azərbaycanın nəzarətindədir, Laçın koridoru da zərbə pilotları ilə vurulmalıdır. Çünki ora humanitar dəhliz deyil.

-Əslində, bu “terror dəhlizi”dir…

-Bəli, bir-iki qoca erməni qalıb, onları da silah gücünə saxlayırlar. Həmin koridor vurulur, Ermənistanın Qarabağla hərbi əlaqəsi kəsilir və həmin koridor nəzarətə keçir. Azərbaycanın hazırkı gücü bunu diktə edir. Bundan sonra Ermənistan təslimçi sülhə gedəcək. Düşünmürəm ki, Qarabağı böyük hissəsi azad edildikdən sonra Ermənistan bizimlə sülh müqaviləsi bağlamayacaq. Ermənistan daim çalışacaq ki, Azərbaycana qarşı hərbi həmlələr etsin. Düşmən çox kinlidir, çox təhlükəlidir. Ermənilərin xisləti budur. Biz daim həmin ərazilərdə hərbi bazalar yerləşdirməliyik, Ermənistanı qorxu mühitində saxlamalıyıq. Durum budur.

-Məlumata görə, dünən ABŞ, Rusiya və Fransa rəhbərləri yenə atəşkəsə çağırış ediblər. Nələr edilməlidir ki, bunlar Qarabağı qaytarmaq Azərbaycanın hüququ olduğunu anlasınlar və atəşkəsə çağırışları dayandırsınlar?

-Ümumiyyətlə, bu 30 il ərzində Minsk qrupu ölkələri manipulyasiya siyasəti aparıblar, Ermənistana kart-blanş veriblər. Məhz onların siyasətinin nəticəsidir ki, İrəvan Qarabağda möhkəmlənib, məskunlaşdırma siyasəti aparıb. Bu onların “vasitəçilik” missiyasının nəticəsidir. Onların sayəsində PKK, Asala, Ozanyan terror qruplaşmaları Qarabağa gətirilib. Bu ölkəmizin təhdid edilməsinə və digər ərazilərə iştahlanmağa gətirib. Bundan sonra Minsk qrupunun bizdən atəşkəs istəməsi təbii ki, bunların riyakarlığını və Ermənistanın vaxt qazanmasına xidmət edən planı aşkar edir. Ölkəmiz onların heç bir çağırışına məhəl qoymadı və hərbi əməliyyatlarla strateji yüksəklikləri, əraziləri ələ keçirdi. Düşünmürəm ki, Bakı və Ankara bundan sonrakı dönəmdə hərbi əməliyyatları dayandırılması üçün hər hansı bir təklifə razılaşsın. Dövlət başçısı İlham Əliyev də qeyd etdi ki, erməni ordusu Qarabağdan çıxarılmalıdır və təqvimlə buna vaxt verilməlidir. Amma bu təqvim taktikası da atəşkəsdən sonra yox indi verilməlidir. Hazırda hərbi əməliyyatların dayandırılması strateji səhv olar. Ermənilər yenidən qüvvə toplamaq üçün vaxt qazana bilər. Artıq ordumuz onların nəfəsini kəsib, iti qovan kimi onları qovmuşuq. Ali Baş Komandanımızın dediyi kimi. Erməni müdafiə naziri qeyd elədi ki, biz taktiki gediş kimi geri çəkilmişik. Amma bu məğlubiyyətin etirafı idi, bizim ordumuzun zərbələrinə dözə bilmirlər. Silah-sursat, hərbi texnika, canlı qüvvə itkisi verirlər. Ordumuz Zəngilan, Hadrut istiqamətində genişlənməli, Ağdərə, Kəlbəcər istiqamətində irəliləməlidir. Həmçinin burada Ağdam məsələsi var. Ağdam tamamilə işğaldan azad olunmalıdır.

-Məhəmməd bəy, döyüşlərin gedişində İran ərazisinə mərmilərin düşdüyü haqda məlumatlar yayılıb və rəsmi Tehran tərəfindən bəyanat var ki, mənim ərazimə mərmi düşsə reaksiya verəcəm. Bu reaksiya necə ola bilər?

-İran riyakar siyasət yeridir. Bilirik ki, İran sözdə bizi, əməldə erməniləri dəstəkləyir və Ermənistana göndərilən hərbi yüklərə də Güney azərbaycanlıların kəskin reaksiyasını da gördük. Biz də vaxtaşırı mətbuatda güneylilərə müraciət etdik ki, Tehranı durdurun. Azərbaycan hakimiyyəti də yəqin rəsmi Tehrana etirazını bildirib. Budan sonra Bakıdakı İran səfirliyi də münasibət bildirdi, rəsmi Tehrandan da açıqlama gəldi ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Amma onlar yenidən bəyan etdilər ki, bizim əlimizdə “hər iki tərəf üçün plan var. Planı tərəflərə təqdim edəcəyik”. İran sən kimsən ki, Azərbaycana plan təklif edirsən? Əgər o planda Ermənistanın xeyri varsa, demək, Azərbaycanın əleyhinədir. Ölkəmizin ərazi bütövlüyü daha prinsipialdır. Demək, həmin planda Ermənistanın xeyrinə Dağlıq Qarabağın müstəqilliyi kimi şərt var. Ermənistan deyir ki, yalnız Dağlıq Qarabağın müstəqilliyi əsas şərtdir. Onlar üçün əsas meyar budur. Həmin planı İran heç bizə təqdim etməməlidir. Azərbaycan hakimiyyəti buna qəti yaxın durmamalıdır. Bu da İranın ikili standartlarından, riyakar siyasətindən irəli gəlir. Onların verdiyi son bəyanata gəldikdə isə, İran Azərbaycana heç bir şey edə bilməz. Güney  Azərbaycan artıq ayaqdadır – Təbriz, Ərdəbil, Meşkin, Maku, Urmiya. Tehrana od vurarlar…Artıq rəsmi Tehran da güneylilərin bu etirazını gördü. Baxdınızmı sosial şəbəkələrdə Güneydəki şəhərlərimizdəki aksiyalara? Təbriz ayaqdadır. İranın quru bəyanatları yalnız Tehranda qalacaq. Ermənistana nə qədər də yardım etsələr, bu, heç nəyi dəyişməyəcək. Geosiyasi nizamda, geoiqtisadi, geoenerji sferada nə İran, nə Rusiya Türkiyə-Azərbaycan faktoruna qarşı heç nə edə bilməzlər. Vəziyyət belədir. İran Türkiyənin regionda güclənməsindən narahatdır. Azərbaycanın Cəbrayılı, Arazboyu əraziləri qaytarmasından, Zəngilan istiqamətində irəliləməsindən İran çox narahatdır. Çünki bu istiqamətdən İran terrorçulara daim lojistik dəstək verib, Azərbaycanın bu vasitə ilə təzyiqdə saxlanmasında maraqlıdır.

-Son günlərdə Türkiyədə MHP lideri Dövlət Baxçalının bəyanatı oldu ki, Naxçıvan Azərbaycanla birləşməlidir. Bu, baş verə bilərmi?

-Baxçalının fikirləri dərin dövlətin fikirləridir və gələcəyə hesablanmış ola bilər ki, Zəngəzurdan keçməklə Naxçıvana quru yolu açılsın. Zəngəzur da Azərbaycanın tarixi torpaqlarıdır. Türkiyə Qafqazda möhkəmlənərsə, Mərkəzi Asiyanı tam nəzarətə alarsa, Rusiya zəifləyərsə, bu, alına bilər.

-Ola bilər ki, ermənilərə Qarabağda muxtariyyət verilsə, Zəngəzurda da azərbaycanlılara muxtariyyət məsələsi gündəmə gəlsin?

-Düşünürəm ki, indiki məqamda bu mümkün deyil. Rusiya zəifləyəcəyi təqdirdə Naxçıvan və Azərbaycan arasında quru yol ola bilər.

Söhbətləşdi: Ülviyyə Şükürova