Salam, xoş gəlmisiniz.

Qasim Süleymani sui-qəsdinin yeni detalları üzə çıxdı: O, Əbu Mehdi Mühəndisin güdazına gedib?

2020-01-24 14:32:00

Qasim Süleymani sui-qəsdinin yeni detalları üzə çıxdı: O, Əbu Mehdi Mühəndisin güdazına gedib?

Yanvarın 3-də Bağdad Beynəlxalq hava limanında ABŞ tərəfindən öldürülən Qasim Süleymani və Əbu Mehdi Mühəndis sui-qəsdinin yeni detalı ortaya çıxıb.

Ovqat.com-un əldə etdiyi məlumata görə, Həşdi Şabi qruplaşmasının İrana yaxınlığı ilə seçilən əsas lideri Əbu Mehdi Mühəndis ABŞ-ın qara siyahısına düşübmüş.

ABŞ-ın uzun illərdən bəri tələbi, nəhayət, ötən ilin son aylarında İraq tərəfindən yerinə yetirilir: Əbu Mehdi Mühəndis Həşdi Şabi ordu birləşməsinin Baş komandanı müavinliyindən uzaqlaşdırılır. Amma o, bu qərara tabe olmur və öz vəzifəsini davam etdirir. Bununla da qalmır, işdən uzaqlaşdırılması göstərişini verən ABŞ-ı cəzalandırmaq fikrinə düşür.

 

İddialara görə, Əbu Mehdi Mühəndisin rəhbərliyi altında ötən ilin son aylarında bəzi ABŞ hərbi bazalarına kimliyi naməlum şəxslər tərəfindən minaatalarla hücumlar edilir, Amerikanın Bağdaddakı səfirliyi qarşında etiraz aksiyaları keçirilir, səfirliyin binasına od vurulur. ABŞ da buna seyrçi qalmır, xüsusilə hərbi bazalara hücumda iştirak edən Həşdi Şabi dəstələrini zərərsizləşdirir. Əsl zərbəni isə sonraya – Əbu Mehdi Mühəndisin Qasim Süleymanini Bağdad hava limanında qarşılamağa hazırlaşdığı günə saxlayır.

Bildirilir ki, İraqdakı ABŞ hərbi qüvvələrinin iki generalın yaxında görüşəcəyindən xəbərləri varmış və ikisini eyni anda aradan götürməyi planlaşdırırmış. Əslində bu plandan Qasim Süleymani də xəbəri tutur və onun yanvarın 3-də İraqa səfərinin əsl səbəbi də bununla əlaqədar imiş. O, ABŞ əsgərlərinin başının Yeni il şənliklərinə qarışacağını təxmin edirmiş. Süleymani və Həşdi Şabi qruplaşması bu fürsətdən istifadə edərək daha genişmiqyaslı hərbi əməliyyata hazırlaşırmışlar. İranlı generalın İraqa səfərinin əsl səbəbi də bu imiş.

 

 Di gəl ki, mərhum Süleymaninin təxminlərindən daha oyanıq çıxan ABŞ Qasim Süleymanidən cəld tərpənərək, generallar hava limanından çıxmağa macal tapmamış hücuma keçib onları zərərsizləşdirib. Başqa sözlə desək, əslində Qasim Süleymani də, Əbu Mehdi Mühəndis də Həşdi Şabinin məqtul liderinin ABŞ-a asiliyinin qurbanına çevriliblər. Əgər Əbu Mehdi Mühəndis İraq Baş naziri Adil Əbdülmehdinin qərarına tabe olsaydı, bu sui-qəsd də həyata keçirilməyəcəkdi.

ABŞ-ın Əbu Mehdi Mühəndisi qara siyahıya salması da səbəbsiz deyilmiş. Bildirildiyinə görə, 2017-cü ildə Mosul İŞİD-dən azad edildikdən sonra Həşdi Şabiyə də heç bir ehtiyac qalmır. İraq hökuməti dəfələrlə onu ləğv etməyə çalışsa da, döyüşçülərin təpkisilə qarşılaşır. Faktiki, İraqın SEPAH-ı təəssüratı yaradan bu hərbi struktur, üstəlik, İraq hökumətinə təzyiq göstərərək büdcədən maliyyələşən quruma  çevrilir və güclənir. Gücləndikcə isə hökumətə ümumiyyətlə məhəl qoymamağa başlayır.

 

İşi çətinləşdirən ən mühüm problem isə Həşdi Şabi üzvlərinin dəqiq sayının bilinməməsidir. Bəzi təxminlərə görə, təşkilatın ətrafında 140-150 min silahlı toplaşıb. Məsələ burasındadır ki, həmin qüvvələrin yalnız bir hissəsi dövlətin nəzarətindədir. Böyük qismi isə ümumiyyətlə qeydə alınmayıb və korrupsiya büdcəsi hesabına maliyyələşir. Yəni bizim terminlərlə desək, “paket” alır. “Paketçilər”in İrana bağlı olduqları bildirilir.

Ümumiyyətlə, Həşdi Şabinin iki yerə bölündüyü, bəzilərinin İraqdakı siə mərcii ayətullah Sistaniyə, bəzilərinin isə İran dini lideri Xameneiyə biət etdikləri bildirilir. Qasim Süleymani ilə birlikdə qətlə yetirilən Əbu Mehdi Mühəndis də məhz İrana bağlı qüvvələrə rəhbərlik edirmiş. ABŞ onu tutduğu vəzifədən uzaqlaşdırmaqla Həşdi Şabinin illeqal qanadını zərərsizləşdirməyə çalışırmış.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93