“Qaya” qrupunun varisi – Azərbaycanda ilk dəfə klip çəkdirən “Karvan” qrupu – VİDEO

11 May, 2020, 20:02
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Aradan 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq mahnıları dillərdən düşməyən “Karvan” qrupu.

 

Onların ifasında eşidilən “Sarı güllər”, “Tufanla oynama” ,“Qara gözlər”, “Polismen” kimi mahılar hələ də unudulmayıb.

 

Pop musiqi qrupları arasında çox sevilən, ən böyük pərəstişkar ordusuna sahib “Karvan” hələ SSRİ dövründə, 1984-cü ildə yaranıb.

 

Qrupun yaradıcısı isə o vaxtlar dövlət televiziyasında rejissor kimi fəaliyyət göstərən Sevinc Kərimova idi.

 

S.Kərimova qrup rəhbəri olaraq kliplərin də rejissorluğunu öz üzərinə götürmüşdü. Bununla da o, ölkəmizdə ilk klip çəkən rejissor oldu.

 

“Karvan” məhz Azərbaycan üslubunda olan pop musiqi qrupu olmalı idi, digərlərinə bənzəməli deyildi.

 

Qrupun adı da fərqli olmalı idi…Şərq koloritini ehtiva edən və daim irəliyə getmək mənasını verən “Karvan”.

 

Pop qrupun ilk ifaçıları “Qaya” qrupunun keçmiş üzvləri, duet ortaqları Tamilla Ağamirova və Yevgeni Baxtin idi. Buna görə qrupu əfsanəvi “Qaya”nın varisi də sayırdılar.

 

Uğurlu mahnıların ərsəyə gəlməsi isə söz müəllifi Malik Fərruxun və bəstəkar Mikayıl Vəkilovun birgə əməyinin nəticəsi idi.

 

Çox keçmir ki, qrup maliyyə çətinlikləri səbəbilə dağılır.

 

Lakin 1988-ci ildə Sevinc Kərimova “Bakı payızı” müsabiqəsini təşkil edərək qrupa yeni üzvlər qoşa bilir.

 

Gənc ifaçılar İlqar Xəyal, Sevinc Hacıyeva və müğənni-aranjimançı Firuz İsmayılov qrupda yeni simalar olurlar.

 

Vaxt keçdikcə “Karvan” daha da məşhurlaşmağa başlayır amma gözlənilənin əksinə olaraq qrupun ilk konserti Azərbaycanda deyil, Türkiyədə baş tutur.

 

Ardınca indiki Heydər Əliyev sarayında fasiləsiz 5 günlük konsertləri anşlaqla qarşılanır.

 

Təəssüf ki, 90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış gərgin siyasi vəziyyətlə əlaqədar musiqiçilərin fəaliyyətini davam etdirmək imkanları məhdudlaşır.

 

1993-cü ildə yaradıcılığının zirvəsinə çatan “Karvan” qrupu fəaliyyətini dayandırmağa məcbur olur.

 

Hazırda İlqar Xəyal və Tamilla Ağamirovadan savayı qrupun digər üzvləri ölkə xaricində yaşayırlar.

 

Sevinc Kərimova həyat yoldaşı Mikayıl Vəkilovla birgə Amerikada musiqi fəaliyyəti ilə məşğuldur.

 

Qrupda gözəl rəqsləri ilə seçilən Xana Qasanova və “Karvan”ın keçmiş vokalisti Yevgeni Baxtin isə hazırda Rusiyada yaşayır.

 

Keçmiş Karvançılar Firuz İsmayılov İstanbulda, qrupun zərb alətlərinin ifaçısı Gülağa Cəbrayılov isə Almaniyadadır.

 

Qrupun vokalisti Sevil Hacıyeva və “Karvan”ın  sevilən mahnılarının sözlərinin müəllifi Malik Fərrux isə vəfat ediblər.

 

Fəaliyyətini dayandırmasından artıq 27 il keçsə də, yaşlı və orta nəsil nümayəndələri hələ də “Karvan” qrupunun mahnılarını sevə-sevə dinləyirlər.

 

“Karvan” qrupundan hazırladığı maraqlı videosujeti təqdim edirik:

 

 

Mənbə: Modern.az


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93