Qəlyan qadağasını pozanları hansı cəza gözləyir?

13 Mart, 2020, 15:49
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Azərbaycanda koronavirusa görə qəlyandan istifadə rəsmən qadağan edilib.

Bu barədə ötən gün Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

Bir çox obyektlərdə bu qadağaya əməl edilsə də, hələ də menyusunda qəlyan təklif edən müəssisələr də var.

Bəs bu qadağalara necə nəzarət edilir?

Nazirlər Kabinetindən Baku.ws-ə bildirilib ki, bu qadağaların icrasına nəzarət müvafiq qurumlara tapşırılacaq. Hələlik isə bununla bağlı hansısa quruma tapşırıq verilməyib.

Lakin ehtimal edilir ki, bu məsələyə nəzarət Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) həvalə olunacaq. 

Qadağanın icrasına gəlincə, polis və AQTA əməkdaşları qəlyan çəkmə hallarına rast gəldikdə qanun çərçivəsində ölçü götürəcəklər.

Polis xidmət göstərdiyi yer üzrə ərazidə fəaliyyət göstərən obyektdə qanun pozuntusu aşkar etdikdə sahibkar barəsində müvafiq ölçülər götürəcək.

Qərar dünən çıxdığı üçün hələlik bu sahədə nəzarət tam formalaşmayıb. İndiyə qədər də yoxlamalar zamanı hansısa qayda pozuntusuna rast gəlinməyib.

Qeyd edək ki, mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib.

Eyni zamanda Koronavirus (COVİD-19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93