Salam, xoş gəlmisiniz.

Qərb İrana qarşı daha AMANSIZ OLACAQ

2020-01-16 12:55:00

Qərb İrana qarşı daha AMANSIZ OLACAQ

Məhəmməd Əsədullazadə: "Son günlər rəsmi Tehranın atdığı "səhv addımlar" teokratik rejimin düşünülmüş siyasətidir"

"Böyük Britaniya səfirinin saxlanılması İranda idarəolunmaz fikir ayrılıqlarının olmasının nəticəsidir"

Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, Böyük Britaniyanın İrandakı səfiri Robert Makeyr yanvarın 12-də Tehranda, Əmir Kəbir adına Texnologiya Universiteti yaxınlığında aksiyada iştirak etmək, o cümlədən aksiyaya rəhbərlik etməyə çalışmaqda ittiham edilərək İran hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdi. Daha sonra polis bölməsinə aparılan diplomat Böyük Britaniyanın İrandakı səfiri olduğunu bildirib və məsələnin aydınlaşdırılması üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılıb. Makeyrin həqiqətən də səfir olduğu müəyyən edildikdən sonra o, sərbəst buraxılıb. Lakin bu olay diplomatik qalmaqala səbəb olduğundan, rəsmi Tehran dərhal açıqlama verərək, səfirin səhvən saxlanıldığını bəyan edib.

Böyük Britaniya ilə İran arasında diplomatik qalmaqal böyüyür

Belə ki, baş vermiş olayla bağlı danışan İranın xarici işlər nazirinin müavini Abbas Arakçi Böyük Britaniya səfirinin qanunsuz nümayişdə naməlum əcnəbi kimi saxlanıldığını bəyan edib: "O, qanunsuz aksiyada naməlum əcnəbi kimi saxlanmışdı. Polis mənə saxlanılan şəxsin Böyük Britaniyanın səfiri olduğunu iddia etdiyini bildirdikdə dedim ki, "Ola bilməz!" Yalnız onunla telefon söhbətimdən sonra tanıdım. Bu şəxsin səfir olduğu bəlli olduqdan on beş dəqiqə sonra sərbəst buraxıldı". İngiltərənin xarici işlər naziri Dominik Raab isə öz növbəsində, səfirin bu şəkildə həbs edilməsini beynəlxalq hüququn dəhşətli şəkildə pozulması kimi dəyərləndirib. Bunun ardınca, İranın Böyük Britaniyadakı səfiri Həmid Bəynecad bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub. Bu barədə axar.az-da yer alan informasiyaya görə, beynəlxalq konvensiyanın maddələri İran səfirinin diqqətinə çatdırılıb. Bildirilib ki, beynəlxalq konvensiyaya əsasən, səfir toxunulmaz şəxsdir və onun həbs edilməsi yolverilməzdir. Səfir etiraz notasının hökumətinə çatdıracağını qeyd edib. O, həmçinin deyib ki, Britaniya səfiri qanunsuz etiraz aksiyasında iştirak edib və polis onu tanımadığına görə saxlayıb.

Dünən isə Böyük Britaniyanın İrandakı səfiri Robert Makeyr "arzuolunmaz şəxs" elan edilib. Bu məlumatı İran Məhkəmə Hakimiyyəti rəsmi nümayəndəsi Qulamhüseyn İsmaili yayıb. Onun sözlərinə görə, belə qərarın qəbuluna səbəb səfirin ölkənin daxili işlərinə qarışması olub. İsmaili səfirin tez bir zamanda deportasiya olunacağına ümid etdiyini da bildirib. Robert Makeyr isə öz növbəsində, Tehranda aksiyaya qatılması və aksiyada iştirak etməsi barədə İran hakimiyyətinin ittihamını rədd edib. Bu barədə özünün "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazan səfir aksiyada iştirak etmədiyini söyləyib. O, qeyd edib ki, qəzaya uğrayan Ukrayna təyyarəsində həyatını itirənlərin xatirəsinin yad edilməsi mərasiminə qatılıb: "Bu, qurbanların xatirəsinə hörmətdir, onların bir neçəsi britaniyalıdır. Mən həmin yeri tərk etdikdən 5 dəqiqə sonra şüarlar səsləndirilib".

İngiltərə, Almaniya və Fransadan İrana ünvanlanan ittiham...

Nəzərinizə çatdıraq ki, Böyük Britaniya səfirinin saxlanılması onsuz da yaxşı olmayan İran-Qərb münasibətlərini daha da gərginləşdirib. Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Ukraynaya məxsus sərnişin təyyarəsini vurmasından, ardınca İngiltərə səfirinin saxlanılmasından sonra Avropa dövlətləri İrana qarşı daha sərt və təsirli addımlar atmağı qərarlaşdırıb. Bu barədə teleqraf.com-da yer alan məlumatda deyilir ki, İngiltərə, Almaniya və Fransa ("E3") nüvə müqaviləsinin şərtlərini yerinə yetirməmək ittihamı ilə İrana qarşı "Mübahisələrin Həlli Mexanizmi"ni (MHM) işlə salmaq barədə qərar verib. Həmin ölkələrin xarici işlər nazirləri birgə bəyanat yayaraq, nüvə müqaviləsini qoruyub saxlamağa çağırıb. Bəyanatda İranın müqavilə üzrə öhdəlikləri yerinə yetirməyəcəyini açıqladığı, nüvə proqramını genişləndirəcəyi barədə qərar verdiyi qeyd edilib: "İran nüvə müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün sözügedən anlaşmanın 36-cı maddəsində əks olunan "Mübahisələrin Həlli Mexanizmi"ni işə salmaqdan başqa seçim qalmadı". Bu addımın sazişi qorumaq və məsələnin diplomatik yolla həll variantını saxlamaq məqsədilə atıldığı bildirilib. Habelə üç ölkənin ABŞ-ın təzyiq siyasətinə qatılmadığı vurğulanıb. Qeyd edək ki, "Mübahisələrin Həlli Mexanizmi"nə görə, məsələnin çözümü ilə məşğul olan tərəflərə iki həftə vaxt verilir. Bütün tərəflər bunu qəbul edəcəyi halda isə nəzərdə tutulan müddət uzadıla bilir. Bir dialoq formatının qurulması vəziyyətində isə müddət 20 günədək artırıla bilir. Verilən vaxt ərzində öhdəliklər yerinə yetirilməsə, məsələ ilə bağlı müvafiq addımlar atılacaq.

"Qasım Süleymaninin öldürülməsi İran daxilində elita arasında ciddi parçalanmaya, fikir ayrılıqlarına gətirib çıxardı"

Картинки по запросу Məhəmməd Əsədullazadə:

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandanı general Qasım Süleymanini raket zərbəsiylə öldürməsi rəsmi Vaşinqtonla Tehran arasında ciddi böhrana səbəb oldu: "Bu, həm də Qərb-İran qarşıdurması deməkdir. Təbii ki, burada Böyük Britaniya faktoru önəmlidir. Qeyd edim ki, Qasım Süleymaninin öldürülməsi həmçinin, İran daxilində elita arasında ciddi parçalanmaya, fikir ayrılıqlarına gətirib çıxardı. İranın Ukraynaya məxsus sərnişin təyyarəsini raketlə vurması və ilk saatlardan başlayaraq, bunu səhv kimi qeyd etməsi, təbii ki, Tehranın prosesləri gizlətməyə çalışdığından xəbər verir. Çünki Tehran anlayırdı ki, onların atdığı bu addım beynəlxalq böhrana gətirib çıxaracaq və bu, İrana qarşı yeni siyasi, o cümlədən iqtisadi koalisiyanın qurulmasına səbəb ola bilər. Məhz bu səbəbdən də İran hadisənin baş verdiyi ilk andan təyyarənin vurulmasını təkzib etməyə çalışdı, lakin sonradan bunu səhv kimi xarakterizə etdi və "Sepah" tərəfindən vurulduğunu etiraf etdi".

"Böyük Britaniya və ABŞ İranda etirazların geniş şəkildə inkişafında maraqlıdır"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, İranın son günlər ardarda atdığı "səhv addımları" heç də düşünülməmiş bir proses deyil: "Bu, düşünülmüş şəkildə atılan addımdır, yəni teokratik rejimin düşünülmüş siyasətidir. Hesab edirəm ki, Ukraynaya məxsus sərnişin təyyarəsi səhvən vurulmayıb. Bildiyiniz kimi, rəsmi Tehran sərnişin təyyarəsinin "Sepah" tərəfindən vurulduğunu rəsmən etiraf etməsinin ardınca İranda əhali buna etiraz əlaməti olaraq küçələrə axışaraq rejimə qarşı şüarlar səsləndiriblər. Bunun fonunda Böyük Britaniyanın İrandakı səfirinin saxlanılması və bir qədər sonra buraxılmasının da İran tərəfindən səhv addım kimi qiymətləndirilməsi, rəsmi Tehranda idarəolunmaz fikir ayrılıqlarının olmasının nəticəsidir. Təbii ki, səfirin həbsi böyük diplomatik skandaldır. Düşünürəm ki, onun saxlanıldıqdan bir müddət sonra sərbəst buraxılması İran rejiminin taktikası, növbəti planıdır. Məhz bundan sonra isə Böyük Britaniyanın İrandakı səfiri Robert Makeyr "arzuolunmaz şəxs" elan edildi və onun ölkədən çıxarılmasının tələb olunması gözlənilir. Bunlar onu göstərir ki, səfirin saxlanılması heç də İran rəsmilərinin ilk öncə bəyan etdikləri kimi səhv addım deyildi".

Böyük Britaniyanın ABŞ-ın müttəfiqi olduğunu xatırladan politoloqun sözlərinə görə, bu ölkələr İranda etirazların geniş şəkildə inkişafında maraqlıdır: "Böyük Britaniya və ABŞ çalışır ki, İran müəyyən qədər kompromisə gəlib Qərbin şərtlərini qəbul etsin. Hesab edirəm ki, səfirin saxlanılması İranla Qərb arasında ciddi geosiyasi maraqlar kontekstində də qiymətləndirilməlidir. Odur ki, səfirin saxlanılması və sonradan onun "arzuolunmaz şəxs" elan edilməsi Böyük Britaniya ilə İran arasında ciddi diplomatik skandala gətirib çıxaracaq. Hətta bu olaydan sonra İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq oluna bilər. Onu da qeyd edim ki, artıq İranla Qərb arasında nüvə müqaviləsi fiaskoya uğrayıb. Belə ki, 2015-ci ildə aparılan səmimi danışıqlar bu gün masa üzərində yoxdur, tərəflər artıq düşmənçilik mövqeyindədirlər. Buna görə də səfir skandalı İrana qarşı daha ciddi təzyiqlərə səbəb olacaq, yeni böhrana gətirib çıxaracaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93