Salam, xoş gəlmisiniz.

Qeyri-adi opera solisti – Koroğlu və Məcnun

2017-04-21 12:30:43

Qeyri-adi opera solisti – Koroğlu və Məcnun

(Əməkdar artist Şirzad Hüseynov haqqında)

Bizim Azərbaycan operasının tarixinin 100 ildən bir az artıq olmasına baxmayaraq, bu sahədə böyük bir vokalist-aktyorlar ordusu yaranıb və formalaşıb. Bu sıraya SSRİ xalq artistləri Bülbül (lirik-dramatik tenor), Şövkət Məmmədova (lirik-koloratur soprano), Lütfiyar İmanov (dramatrik tenor), Firəngiz Əhmədova (lirik-dramatik soprano), Azərbaycanın xalq artistlərindən Hüseynqulu Sarabski (lirik tenor), Məmmədtağı Bağırov (bariton), Fatma Muxtarova (metso soprano), Hüseynağa Hacıbababəyov (lirik tenor), Sürəyya Qacar (metso soprano), Həqiqət Rzayeva (koloratur soprano), Əlövsət Sadıqov (lirik tenor), İdris Ağalarov (lirik bariton), Ağababa Bünyadzadə (bariton), Gülxar Həsənova (soprano), Rafiq (Rauf) Atakişiyev (lirik tenor), əməkdar artistlərdən Qəmbər Zülalov (lirik tenor), Yaqub Rzayev (lirik-dramatik tenor), Məhbubə Paşayeva (soprano), Xanlar Haqverdiyev (lirik-dramatik tenor), Səltənət Quliyeva (lirik soprano), Cahan Talışınskaya (soprano), Qulam İsgəndərov (lirik tenor), Böyükağa Mustafayev (bas), Elmira Axundova (lirik-koloratur soprano), Sona Bağırova (lirik soprano), Rəhilə Cabbarova (metso soprano), Faiq Mustafayev (bariton), Sona Aslanova (soprano), Kazım Məmmədov (lirik-dramatik tenor), Firudin Mehdiyev (dramatik tenor), Cavanşir Qafarov (bariton), Firuzə Muradova (dramatik soprano) və başqa opera solistləri arasında əməkdar artist Şirzad Abbasəli oğlu Hüseynovunda adı iftixarla çəkilir.      

Xalq artisti Habil Əliyev xatirələrində yazır ki; “Şirzad Hüseynov muğam opera sənətində öz sözünü demiş sənətkarlardan olub. Gözəl xanəndəliyi ilə birgə mahir aktyor oyunu ilə də yaddaşlarda qalıb. Onun iştirakı ilə böyük anşlaqla keçən “Koroğlu”, “Leyli və Məcnun” tamaşaları indi də gözümün önündədir”.

Lirik-dramatik tenor Şirzad Hüseynov Azərbaycan opera sənətində yeganə aktyor vokalist olub. Nəyə görə? Çünki Şirzad Hüseynova qədər Azərbaycan da heç bir opera solisti muğam və vokal operalarında baş partiyaları ifa etməyib. Həm “Koroğlu” operasında Koroğlu və həm də “Leyli və Məcunun” operasında Məcnun. Biri Avropa üslubunda yazılan opera, digəri isə muğam operası. Bu klassik Azərbaycan operalarında baş partiyaları Şirzad Hüseynov ifa edib. 

Şirzad Hüseynov 1906-cı ildə may ayının 14-də Bakı şəhərində alman əsilli olan bənna Abbasəli ağa Berqmanın ailəsində anadan olmuşdur. Sonralar ailə Xızı-Bərmək mahalına köçmüşdür. Ailənin ilk övladı olan Şirzadın dünyaya gəlməsi bütün Berqman nəslinin sevincinə səbəb olmuşdur. Çünki bu nəslin kişiləri yarım əsrdən artıq idi ki, hərbici kimi çar Rusiyasında xidmət edirdilər. Lakin Şirzad hərbiçiliyi yox, incəsənət yolunu tutdu. O, teatr tamaşalarında iştirak edərək, məlahətli və gur səsi ilə hamını heyran qoyurdu. Sonralar 1925-ci ildə 1932-ci ilə qədər Azneftdə, tramvay parkında, N. Nərimanov kolxozunda və Bakı İşçi Teatrında fəhlə işləmişdir. 1932-1952-ci illərdə indiki Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti olmuşdur. Ş. Hüseynov teatra qəbul olunanda əvvəl xorda və sonra iki il opera studiyasında təhsil almışdır.

O, xüsusi təhsil almasa da yüksək musiqi duyumu var idi. Gözəl səsə malik olan Ş Hüseynov gərgin əməyi və fitri istedadı sayəsində, yaşadığı zamanın görkəmli xanəndələrindən biri olmuşdur. “Xanəndənin qardaşı oğlu Arif Hüseynov söyləyir ki, aktyor İsmayıl Talıblı qonşuluğumuzda yaşayırdı. İsmayıl müəllim yeniyetmə Şirzadı da özü ilə Tənqid-Təbliğ Teatrına aparır. Şirzad bu teatrda bir müddət fəhlə işləyir. Bir dəfə isə hansısa tamaşada Şirzad səhnə arxasından “Zəminxarə” oxuyur. Onun səsinin sədası yayılır və onu opera teatrında xorda oxumağa dəvət edirlər. Deyilənə görə, “Leyli və Məcnun” tamaşasına baxan dahi bəstəkarımız Üzeyir bəy Şirzadın səsini xorun içindən seçir və o gündən ona muğam operalarında rollar etibar edirlər... 

Sənətkarlardan Gülxar Həsənova, Xanlar Haqvediyev onun haqqında məhəbbətlə danışardılar. Gülxar xanım onun Məcnununu çox bəyənərdi. Deyirdi ki, bu rol onun boy-buxununa da gözəl yaraşırdı” (M. Çəmənli).

Şirzad Hüseynov Opera və Balet Teatrının səhnəsində Carçı, Eyvaz, Koroğlu (“Koroğlu”), Zeyd, İbn Səlam, Məcnun (“Leyli və Məcnun”), Kərəm, Osmanlı, Sofi (“Əsli və Kərəm”), Qərib (“Aşıq Qərib), Mirzə Lətif, Cəfər (“Nərgiz), Şah İsmayıl, Zəvvar, Türkmən (“Şah İsmayıl”), Aşıq Həsən (“Şahsənəm”), Baxşı (“Vətən”), Sağdaş (“Anuş”), Seyran (“Səfa”) kimi müxtəlif xarakterli partiyaları uğurla ifa edib.  

Şirzad Hüseynov opera müğənnisi kimi geniş səs imkanlarına malik idi. Yuxarıda qeyd eydiyimiz kimi, Azərbaycan operasının tarixində həm Məcnunun və həm də Koroğlunun partiyalarını ifa edəsən, bu mümkün olan iş deyil. Bu obrazlar həm vokal imkanları və həm də xarakterlər baxımından tam fərqli partiyalardır. Aktyor vokal imkanları necə səviyyədə olmalıdır ki, ifa baxımından bir-birinə zidd olan bu iki mürəkkəb partiyaları ifa edə bilsin.

Şirzad Hüseynovun not savadı olmayıb. Belə bir vokalist üçün Koroğlu kimi mürəkkəb bir partiyanı ifa etmək çox çətindir. Belə ifaçıların gərək çox güclü yaddaşı və eyni zamanda fitri istedadı olmalıdır. Və eyni zamanda səhnəmizdə çox yüksək vokal imkanlarına malik, İtaliyada təhsil almış, SSRİ xalq artisti Bülbül kimi əvəzsiz Koroğlu var idi. Və heç də təsadüfi deyil ki, 1938-ci ildə Azərbaycanın incəsənət ustaları keçmiş SSRİ-nin paytaxtı olan Moskva şəhərində keçiriləcək Azərbaycan Ədəbiyyatı və İncəsənətinin Dekadasına aparılan “Koroğlu” operası Böyük Teatrın filalında aprel ayının 5 və 6-da tamaşaçılara nümayiş olundu. Bu dekada tamaşasında Koroğlu rolunda Şirzad Hüseynov Bülbülə dublyor idi. Dekadada nümayiş olunan “Koroğlu” operasına Stalin başqa olmaqla keçmiş sovet rəhbərləri tamaşa etmişdilər.

İkinci Dünya müharibəsi illərində Şirzad Hüseynov dəfələrlə cəbhədə əsgərlər üçün konsertlər vermişdir. O, çalışdığı opera teatrının bir qrup aktyorları ilə İranda qastrol səfərində olmuşdur. Ş. Hüseynov 37 yaşında, 1943-cü ildə Respublikanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Şirzad Hüseynova qarşı böyük haqsızlıqlar oldu. O, 1952-ci ildə, 46 yaşında opera teatrından uzaqlaşdırıldı. Bu nəinki, onun özünə hətta Azərbaycan mədəniyyətinə ağır zərbə idi. Bu gözlənirməyən yersiz adımdan sonra Ş. Hüseynov bir müddət Əbilov adına kluba, sonra Maştağa mədəniyyət evində bədii rəhbər kimi çalışdı. O, Maştağanın və Suraxanının həvəskar müğənniləri ilə “Leyli və Məcnun”operasını tamaşaya hazırladı.

Ömrünün sonuna qədər Azərbaycan mədəniyyətinin tərəqqisi üçün çalışan əməkdar artist, görkəmli vokal ustası Şirzad Hüseynov 1971-ci ildə may ayının 10-da, 65 yaşında həyatla vidalaşdı, Bakıda köhnə qəbiristanlıq deyilən ərazidə torpağa tapşırılırdı. 

Onun çox az lent yazıları bəzə yadigar qalıb. Bunlardan R. Qlierin “Şahsənəm” operasında Əlövsət Sadıqovla birlikdə oxuduğu aşıqların deyişməsi və 1938-ci ildə görkəmli tarzən Bahram Mənsurovun müşayiəti ilə vala yazdırdığı “Kürdü-Şahnaz” muğamıdır. Çox təəssüf olsun ki, bu bənzərsiz səs sahibinin irsi bizdə yox dərəcəsindədir...

İmran AXUNDOV, fəlsəfə doktoru

““ 

““ 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93