Salam, xoş gəlmisiniz.

Qeyri-iş günləri ilə bağlı qərar qanunidirmi? - ƏKRƏM HƏSƏNOVDAN AÇIQLAMA

2020-03-26 13:00:00

Qeyri-iş günləri ilə bağlı qərar qanunidirmi? - ƏKRƏM HƏSƏNOVDAN AÇIQLAMA

“Nazirlər Kabineti əməksizlik rejimi elan edib”

“Nazirlər Kabineti ölkədə “xüsusi əmək rejimi olaraq” 6 aprelədək olan dövrü qeyri-iş günləri elan edib (https://cabmin.gov.az/az/document/4348/). Buna səlahiyyətli olması məndə şübhə doğurur. Konstitusiyanın 119-cu maddəsinə əsasən, Nazirlər Kabineti Prezidentin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir. Prezident harada və nəyə əsasən ona bu səlahiyyəti verib?”. Hurriyyet.org xəbər verir ki, bu sualla hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında çıxış edib.

“Bu maddə Nazirlər Kabinetinə bugünkü Qərarı qəbul etməyə səlahiyyət vermir”

Ə.Həsənov diqqətə çatdırıb ki, Qərarda “Sanitariya epidemioloji salamatlıq haqqında” Qanunun 25-ci maddəsinin üçüncü hissəsinə istinad edilir: “Orada deyilir ki, “Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər”. Zənnimcə, bu maddə Nazirlər Kabinetinə bugünkü Qərarı qəbul etməyə səlahiyyət vermir. Niyə?

1. Göründüyü kimi, hökumətlə bərabər baş dövlət sanitariya həkimləri də xüsusi əmək rejimi tətbiq də bilər. Amma xüsusi vurğulanır ki, “özlərinin səlahiyyətləri daxilində”. Nazirlər Kabinetinə harada belə səlahiyyət verilib?

2. Maddədən görünür ki, söhbət “müvafiq ərazilərdə və ya obyektlərdə” xüsusi əmək rejiminin tətbiqindən gedir. Yəni problemin olduğu yerdə. Bütün ölkə üzrə yox.

3. Ən əsası isə söhbət xüsusi əmək rejimindən gedir. Yəni elə əmək rejimi olmalıdır ki, problemin həllinə kömək olsun. Nazirlər Kabineti isə əməksizlik rejimi elan edib. Yəni Əmək Məcəlləsi ilə nəzərdə tutulmadığı halda, bir neçə günü qeyri-iş günü elan edib. Bu, artıq tamam başqa şeydir”.

“Bu Qərar ilk növbədə sahibkarların marağına toxunur”

Həsənov onu da vurğulayıb ki, Qərarın mahiyyətini şübhə altına almır: “Zəruridir, amma hər şeyi qanuna uyğun etmək lazımdır. Özü də nəzərə alaraq ki, bu Qərar ilk növbədə sahibkarların marağına toxunur. Onlar fəaliyyət göstərə bilməyəcək, amma işçilərinə əmək haqqı, kreditorlarına (əsasən banklara) isə borclarını ödəməlidirlər. Buna görə də paralel olaraq sahibkarlara ən azı kreditlərin və vergilərin ödənilməsində güzəştlər tətbiq edilməlidir”.

 Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93