Salam, xoş gəlmisiniz.

“Qlobal şokların ölkə iqtisadiyyatına buraxılmaması üçün bufer zonalar yaradılmalıdır” - MƏHƏMMƏD TALIBLI

2020-03-25 17:16:00

“Qlobal şokların ölkə iqtisadiyyatına buraxılmaması üçün bufer zonalar yaradılmalıdır” - MƏHƏMMƏD TALIBLI

“Neftə dayalı inkişaf modeli seçib, adına analoqsuz inkişaf demək ağır dərddi”

Dünyada koronavirus pandemiyasının yayılması nefin qiymətinin kəskin enməsini gündəmdən çıxarıb. Ancaq məlumata əsasən, ABŞ-ın koronavirus pandemiyasına görə 2 trilyon ABŞ dolları həcmində yardım paketi ayırmasının dünyada neftə olan tələbi də dəstəkləyə bilməsi və bu sahədə birmüddətlik razılaşma əldə ediləcəyi ümidi ilə neftin qiyməti cüzi də olsa artıb. Artıq “Brent” markalı neft 28 dollara yaxındır. Görəsən, ABŞ-ın koronavirus pandemiyasına görə 2 trilyon ABŞ dolları həcmində yardım paketi ayırması həm də neftin qiymətinin artmasına hesablanıb? Hurriyyet.org-un bu və digər suallarına iqtisadçı alim Məhəmməd Talıblı aydınlıq gətirib.

Картинки по запросу "MƏHƏMMƏD TALIBLI"

-ABŞ koronavirusla bağlı atdığı addımlar onun dövlət kimi, kimliyini bir daha ortaya çıxarmış oldu. Dövlətin “atalıq” qayğısının necə dərkini bir daha sübut etmiş oldu. ABŞ sizin söylədiyiniz 2 trilyon dollarla kifayətlənmədi. ABŞ maliyə naziri Steven Mnuçin dedi ki, ABŞ höküməti olaraq hər adam başına 1000, hər uşağa 500 dollar ödənməsinə qərar vermişik. Hər iki partiya razılıq əldə edib. Əgər may ayına qədər koronarovirus aradan qaldırılmasa, yenidən yardımlar ediləcək. Bundan əlavə, biznesin dəstək proqramları da unudulmayıb. Kiçik biznes sahiblərinə 300 milyard dollar əlavə dəstək olunacaq. Digər iş və sahibkarlar üçün də əlavə 200  milyard dollar ayrılacaq. ABŞ hökuməti monetar siyasəti də unutmadı. FED maliyyə bazarının tənzimlənməsi üçün 700 milyard dollarlıq vəsaitin ayrılmasına qərar verib. ABŞ-ın bu addımları atması daxili faktorlarla bağlıdır. Neft qiymətlərinə hazırda təsir göstərən amillərdən biri ABŞ-ın iri neft istehlakçısı və idxalçısı olması ilə bağlı deyil, indi onun özünün 2015-ci ildən daha çox şist neftinin hasilatının genişlənməsi ilə bağlıdır. OPEK+Rusiya koalisiyasında neftin hasilatı ilə bağlı qərarsızlığı, dünyada ən böyük neft istehlakçısı olan Çinin iqtisadiyyatının hədsiz dərəcədə kiçilməsi və iqtisadi durğunluğu neftə tələbi əhəmiyyətli sürətdə aşağı salıb. Demək istəyirəm ki, bu cüzi qiymət artımı ABŞ-ın məlum virusla bağlı preventiv tədbirlərin miqyası ilə bağlı deyil. Daha çox qlobal meqotrendlərlə bağlıdır. Bu yardımlar neftin qiymətinin birbaşa yox, dolayı artımına səbəb olub. ABŞ neft hasilatını azaltmayıb, lakin iqtisadiyyata verdiyi dövlət dəstəyi hesabına əvvəlki tempinə qayıtmağa cüzi təsir var. İqtisadiyyatda reanimasiyadan çıxma, ayılma əlamətləri hiss olunur.

-Məhəmməd bəy, Azərbaycanın xam neftinin əsas bazarı İtaliyadır. İtaliya iqtisadiyyatı da koronavirusla əlaqədar dərin böhranla üzləşib. Dünyada neftə tələbatın kəskin azaldığı bir vaxtda Azərbaycan satış bazarında da problemlə üzləşə bilər?

-Doğrudur, Azərbaycanın ixracatında əsas dominant ölkə İtaliyadır. Ümumiyyətlə, təkcə İtalya olmasın, digər ölkələrə neft ixracatının 90 faizin üzərində olması onu deməyə əsas verir ki, neft qiymətlərinin aşağı düşməsi makroiqtisadi göstəricilərdə sabitliyi pozacaq. Dövlət büdcəsində defisitinin artması, xarici ticarət dövriyyəsinin kiçilməsi, tədiyyə balansındakı cari açıqların artması və s. indikatorları şərtləndirəcək. Biz dövlət olaraq aşağı səviyyəli, mən hətta deyərdim ki, zərərsizlik həddinə yaxın səviyyəyə belə hazır olmalıyıq. Etibarlı mənbələrin proqnozlarına görə, neftin 1 barelinin qiyməti hətta 20 dollara qədər düşə bilər. Hətta ondan da əvvəlki illərə gedib, yaxın tarixi xatırlayaq, 1998-ci ildə neftin qiyməti 9 dollar idi. Koronavirusla bağlı qlobal trendlər göstərdi ki, dünya iqtisadiyyatında ağlagəlməz ssenarilər hər an mövcud ola bilər. Bunların bir hissəsi yarana, bir hissəsi isə ümumiyyətlə, süni yaradıla bilər. Fors-major situasiyalara hazır olmalyıq. Qlobal şokların ölkə iqtisadiyyatına buraxılmaması üçün bufer zonalar yaradılmalıdır. Biz həmin zona olmadan dünyanın iqtisadi müharibəsində ənənəvi və primitiv üsullarla savaşırıq. Mən “neftin qiyməti 1 dollar olarsa, ifrat pessimist ssenarilərə hazırıqmı” sualına cavab tapmaq üçün bir yazı üzərində işləyirəm. Mənim fikrimcə, təbii resursla zəngin iqtisadiyyatın konstruksiyası elə qurulmalıdır ki, neftin qiyməti onun maya dəyərindən hətta 1 dollar yüksək satılanda belə, bunu zərərsizlik həddi, itki olaraq deyil, 1 dollarlıq əlavə gəlir kimi, qəbul edəsən. İqtisadiyyat hava şarı kimi deyil, lunapark tramvayı kimi enişli-yoxuşlu hərəkətdə olur. Neftlə şarı doldurmaq, onu hamar yola çıxarmır. Neftə dayalı inkişaf modeli seçib, adına analoqsuz inkişaf demək doğrudan da ağır dərddi.

-Neftin qiyməti ilə bağlı razılaşma əldə ediləcəyinə ümid edirsiniz?

-Neftin qiymətinin enerji bazarındakı oyunçuların arasında uzlaşdırılmasına az inamlıyam. Çünki OPEK-in əvvəlki monolitliyi yoxdur, aşağı neft satışına resurs ölkələri ayaq uydura bilmir, iqtisadiyyatlarına ənənəvi neft kanalı ilə dollar axınına öyrənmiş dövlətlər indi nəyin hesabına olursa-olsun qiymət artımına cəhdlər edirlər. Rusiya OPEK-in qərarından narazı qaldığı üçün koalisiyanı tərk edir. Çİn neft istehlakçısı kimi, hələ əvvəlki tempinə qayıdacağına az inamlıdır. Neftin qiymətinə təsir göstərən dominant faktor OPEK olub. Üç il bundan öncə, Rusiyanın bu təşkilatla əməkdaşlığı nəticəsində OPEK+koalisiya formatı meydana çıxdı. Təşkilatın davamlı olaraq hasilatın azaldılması ilə bağlı qərarına etiraz əlaməti olaraq Rusiya bu qapalı karteli tərk etdi. Aprel ayından başlayaraq OPEK-in əvvəlki üzvləri neft hasilatının artması ilə bağlı qərar verəcəklər. Deməli, bir tərəfdən OPEK hasilatı artırır, digər tərəfdən isə dünyada neft tələbi durmadan aşağı düşür. Bu baxımdan, neftin havayı qiymət zonasında bir neçə ay durması gözləniləndir. ABŞ-ın isə durumu fərqlidir. ABŞ neft idxalını artırmaq haqqında ümumiyyətlə düşünmür. Hazırda ABŞ-da gündəlik hasilat 13,1 milyon barel kimi rekord miqdara çatıb, ABŞ-ın neft ixracı 4,154 milyon barel təşkil edir və bu ölkə neft idxalını sürətlə azaldır. Bütün bunlar onu deməyə imkan verir ki, neftin qiymət artımından daha çox azalma templərinə dünya hazır olmalıdır.

-Amma bir neçə gün öncə, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov qeyd etdi ki, hazırda neft bazarındakı qiymətlər çox aşağıdır, Rusiya qiymətin daha yüksək olmasını arzulayır. O, həmçinin Moskvanın vəziyyəti yaxından izləydiyini və lazımi addımların atılması üçün fəaliyyət göstərdiyini bildirdi. Qiymətlərin artması üçün Rusiyanın fəaliyyətini müşahidə edirsiniz?

-OPEK dövlətləri bunu istəyir. Sadəcə əsas problemlərdən biri OPEK+Rusiya koalisiyasında neftin hasilat səviyyəsi ilə bağlı razılaşmanın olmamasıdır, ikinci mühüm faktor hasilat kvotası ilə bağlı qərarın dürüstcəsinə icra olunmamasıdır.  Rusiyanın ərəb ölkələrinə baxanda dözümlülük həddi nisbətən yaxşıdır. Maliyyə rezervləri, regional bazarlara məhsil ixracı və s. avantajları var. Lakin sanksiyalar və xarici borclanma da onu sıxır. Rusiyanın neftdən kənar sektorları Avropa İttifaqı ölkələri bazarını təsirləndirə bilməsə də, regional bazarlarda ağırlığı var. OPEK-dəki ərəb ölkələrinin bircə enerji silahları var - neft, vəssalam. Onların karbohidrogen ehtiyatları ilə zəngin ölkələr kimi neftin 1 barelinin çıxarılma dəyəri 5-10 dollar arasında dəyişir. Lakin necə maya dəyərindən 3-10 dəfədən artıq qiymətə satmaq həmin ölkələri qane etmir? Çünki bərbad iqtisadi sistemə malikdirlər. Rusiya onlarla müqayisədə mənə “kara baxanda kor yaxşıdır” məsələni xatırladır.

-Ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə aprelin 20-nə kimi xüsusi karantin rejimi, ticarət mərkəzlərinin bağlanması dolların alıcılığını da xeyli aşağı salır. Çünki idxal malları azalır. Ona görə də köçürmələr olunmur və dollara ehtiyac da olmur.  Hazırda ölkədən dollar çıxışının azalmasının ölkə iqtisadiyyatı üçün əhəmiyyəti varmı və bu, ucuz neft qiymətləri fonunda devalvasiya riskini azaldırmı?

-Dövlət büdcəsində neftin 55 dollarla götürülməsi zamanı onun 35-40 dollar olması da büdcə xərclərinin maliyyələşməsini tormozlamır. Sadəcə, neftin bu cür qiymət enişi neft sektorunda fəaliyyət göstərən transmilli şirkətlərin gəlirlərinə təsir edəcək və vergi ödəmələrini aşağı salacaq və neftin ixracatından əldə olunan dollar daxilolması azalacaq. Amma Neft Fondundan büdcəyə əvvəlcədən müəyyənləşdirildiyi transfertləri edəcək. Məsələn, ehtiyatda olan dollarla aktivlərin bir hissəsin manata çevrib, büdcəyə köçürəcək. Neft satışından əldə olunan gəlirlərin azalması Neft Fonduna daxil olacaq ehtiyatın daha az miqdarda gəlişinə təsir göstərəcək. Neft Fondunun büdcəsi bundan yan keçməyəcək. Dövlət büdcə daxilolmalarında proqnozdan aşağı səviyyədə daxilolmalar büdcə kəsiri həddini böyüdəcək. Bu hissənin qapadılması üçün dövlət borclanmalarına səbəb olacaq. Belə olan təqdirdə fiskal risklər artacaq. Lakin bir əmtəənin qiymətinin volatilliyi makroiqtisadi göstəriciləri (o cümlədən dövlət büdcəsini) bu dərəcədə təsirləndirə bilirsə, bu, artıq iqtisadiyyatın kənar şoklara həssaslıq dərəcəsini ifadə edir. Bu zaman xarici ticarət dövriyyəsi azalır, ÜDM kiçilir və milli gəlir azalır. Neftin qiymət dalğalanması epizodik olarsa, o zaman risklər keçici olacaq. Yox, əgər aprel-may aylarında aşağı indiki qiymət koridorunda neftin gəzişmələri olarsa, devalvasiya qaçılmaz olacaq. Yaxın günlər və həftələrə dövlət büdcəsinin müvazinəti buna dözəcək. Aylarla davam edən aşağı qiymət həddi isə dövlətin devalvasiya ilə bağlı qərar verməsinə səbəb ola bilər. Amma dövlətin 2015-ci ildə verdiyi devalvasiya qərarı ilə “dili”yanıb. Obrazlı desək, ağzı süddən yanan qatıqdan qorxar. Hara qədər mümkünsə, dövlət bundan yayınacaq, lakin dövlət büdcəsində ödəmə riskləri yaranacaqsa, onda buna məcbur olacaq.

 Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93