Salam, xoş gəlmisiniz.

"Müəllimə sübut etmək istəyirlər ki, onun maaşı artıb"

2019-09-04 20:39:20

"Müəllimə sübut etmək istəyirlər ki, onun maaşı artıb"

Azərbaycanda son illərdə müəllimlərin maaşlarının bir neçə dəfə artırıldığı deyilsə də, bir çox müəllim hazırda aldığı məvacibdən gileylidir.

Təhlilçilərin hesablamalarından görünür ki, inflyasiya və müəllimlərin bir stavkasının 6 saat artırılmasından sonra, bir neçə ildir ki, artdığı deyilən maaşlar əslində heç artmayıb - dörd il əvvəl müəllimlərin maaşı 300 dollar civarında idi və bu gün də məbləğ eyni olaraq qalır.

Artım var kimi görünür, lakin əvvəllər müəllimlərin bir stavkaya görə olan məvacibi 12 saat üçün hesablanırdırsa, indi bu rəqəm 18 saat üçün hesablanır, bunu təhsil məsələləri üzrə təhlilçi Nabatəli Qulamoğlu deyir.

Hurriyyet.org xəbər verir ki, BBC News Azərbaycanca əməkdaşı Səadət Akifqızı bəstəkar Cavanşir Quliyevlə müsahibəsində "müəllim 800 manat maaş alır" arqumentini, söhbət etdiyi bir müəllimə istinadən səsləndirdikdən sonra oxucularımızdan çoxlu şərhlər almışıq və həmin şərhlərdə müəllimlərin bu məbləğdə maaş almasının doğru olmadığı qeyd olunur.

"Mən 546 manat maaş alıram və ölkədə yüksək maaş alan müəllimlər kateqoriyasındanam", - Mingəçevir məktəblərindən birində təxminən 40 ildir coğrafiya müəllimi işləyən Esmira Axundova deyir.

O, BBC News Azərbaycancaya bildirib ki, "bu maaşı diaqnostikadan yüksək bal toplaması, sinif rəhbərliyi və iş təcrübəsinə görə" ala bilir.

Bəs, müəllimlərin maaşı necə hesablanır?

Bu suala birbaşa cavab vermək çətindir, çünki Təhsil Nazirliyinin özündə belə buna cavab yoxdur. Ən azı ona görə ki, nazilrik bu suala cavab verməkdən imtina edib.

"Bu sorğu şərh olunmayacaq", Təhsil Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər.

"Müəllimin iş təcrübəsi, sinif rəhbərliyi, təhsili, diaqnostik göstəriciləri maaşa təsir edən amillərdəndir. Üstəlik, onun çalışdığı məktəbin təmayül istiqaməti də dərs yükünün ağırlığına və əməkhaqqına təsir edir", - Esmira Axundova deyir.

Ayda bir stavka üçün 495 manat maaş alan müəllimin maaşının inflyasiyaya necə təsir göstərməsinə baxaq:

495 AZN bu günkü məzənnə ilə 291 dollara bərabərdir.

2015-ci ildə isə bir stavka üçün maaş 288,5 dollar olub.

"Hələ 288,5 üzərinə də yazı işlərinin pulu gəlirdi o vaxt. O zaman da yazı işləri məvacibin ən azı 10 faizini təşkil edirdi. İndi isə bu yoxdur. Faktiki olaraq, görünür ki, burada ... müəllimə sübut etmək istəyirlər ki, onun maaşı artıb, ancaq bu artım da deyil, yerində də saymaq deyil, bu azalmadır", - 2015-ci ildə müəllim işləmiş Qulamoğlu deyir.

Ölkədə 3 ilədək iş stajı olan müəllimlərin stavkası 385 manatdır. On səkkiz illik əmək təcrübəsi olan müəllimlərin stavkası isə 495 manatdır.

Dərs saatlarının azlığı

Təhlilçinin vurğuladığı digər bir məsələ isə "ölkədə müəllimlərin bir çoxunun ən azı bir stavka (18 saat dərs yükü) almalı olduğu halda, 13-14 saat, bəzi hallarda isə cəmi 11 dərs saatı ala bilməsidir".

"Bəzi bölgələrdə məktəblərdə yalnız bir-iki müəllim bir stavkadan 2-3 saat artıq dərs deyə bilir. Ən çox dərs yükü bölgələrdə, əsasən, 13-14 saatdır. Yəni, bunu da nəzərə aldıqda, müəllimin 2015-16-cı ilə qədər aldığı əməkhaqqı ilə bu günki məvacibi arasında fərq minusladır, artım yoxdur".

Təhlilçi hesab edir ki, bu məsələdə valyutanın illik inflyasiyası da nəzərə alınmalıdır.

"Bir il ərzində hər bir valyuta 1,5 faiz inflyasiya edir. Bu illər ərzində baş vermiş inflyasiyanı da nəzərə almalıyıq, çünki bu da müəllimin əməkhaqqına təsir edib".

Nabatəli Qulamoğlu "Azərbaycanda dövlət məktəbində müəllimin 700-800 manat maaş almasının texniki olaraq mümkünsüz" olduğunu deyir.

"Ucqar dağ kəndində bir müəllim bir stavkadan cəmi 3 saat artıq dərs götürə bilirsə, Bakı məktəblərində müəllimlərin dərs saatlarını təxmin etmək mümkündür, çünki paytaxtda müəllim sıxlığı var. Əgər dövlət məktəblərində "mən 700-800 manat məvacib alıram" deyə bilən müəllim varsa, çıxsın ortaya, biz də sorğulayaq görək o, bu pulu necə alır? Bu maaşı almaq üçün bir müəllimin 34 saat dərs yükü olmalıdır. Ölkədə isə belə bir dərs yükü yoxdur. Maraqlıdır, bu qədər maaş alıram deyən müəllimin işlədiyi məktəbin direktoru müəllimlər arasında dərs bölgüsünü necə aparıb ki, həmin şəxs bu qədər saat hesabı əldə edə bilib? Şəhər məktəblərində bu qədər müəllim çoxluğu ilə bir müəllimə 34 saat dərs verən kimdir? Fantastikadır".

Təhlilçinin dərs saatlarının az olması fikirlərini Mingəçevir məktəblərindən birində müəllimə işləyən Esmira Axundova da təsdiqləyir, lakin o deyir ki, bəzi hallarda əksinə də ola bilər:

"Bəzi məktəblərdə bəzi fənləri tədris edən müəllimlərin sayı çox, dərs saatları isə azdır. Elə fənn də var ki, müəllim sayı azdır, dərs saatı çox. Müəllimin iş təcrübəsi, sinif rəhbərliyi, təhsili, diaqnostik göstəriciləri maaşa təsir edən amillərdəndir. Üstəlik, onun çalışdığı məktəbin təmayül istiqaməti də dərs yükünün ağırlığına və əməkhaqqına təsir edir", - Esmira Axundova deyir.

Müəllimlərin maaşı nə qədərdir?Fotonun müəllifi MƏHƏRRƏM ZEYNALOV

Ölkənin şimal məktəblərindən birində fizika fənninin tədrisi ilə məşğul olan Fidan Əhmədova isə 16 ildir ki, dərs yükünün iyirmi saat olmasını arzulayır.

Çalışdığı illər ərzində Fidan Əhmədovanın dərs yükü, özünün dediyinə görə, heç zaman 18-20 saat olmayıb. "On üç - on dörd saatımız olanda bayram olur biz fizika müəllimləri üçün", - o deyir.

Fidan Əhmədova öz əməkhaqqının necə hesablandığını izah edir.

"Hər bir dərəcə üçün stavka müəyyənləşdirilib. Tutaq ki, mənim stavkam 400 manatdır. Mənim 15 saat dərsim varsa, stavkanı bölürük 18-ə, çünki diaqnostikadan keçən müəlimlər üçün bir stavka 18 saatdır. Dörd yüzü bölürük 18-ə. Bu olur bir saatın pulu. Sonra onu vururuq 15-ə, təxminən 333 manat alınır. Bu isə 15 saatın puludur. Daha sonra 333 manatdan minimum əmək haqqını, qalan məbləğdən isə təxminən 20 faizi vergini çıxırıq. Nə qalsa bayaq kənara qoyulan hissəni də üstünə qaytarırıq olur maaş. Ancaq burada bir məqam da var, bu müəllimin təcrübəsi, sinif rəhbərliyi, mükafatları da varsa, o zaman əmək haqqı bir qədər artıq olacaq".

On beş - on altı illik stajı olan bir müəllim üçün bu maaş azdır, o belə hesab edir.

"Bu pulla dolanmaq olarmı? Qışda təkcə qaz pulu orta hesabla 110-115 manat gəlir. Təsəvvür edin, həkimə getmək lazım gələndə bankdan kredit götürürük. Maaşımın yarısını banka kredit ödəyirəm hər ay".

Fidan Əhmədova deyir ki, 2018-2019-cu tədris ilində onun əməkhaqqı 370 manat olub.

Təhsil Nazirliyinin müəllimlərin məvacibini onlayn hesablamaq üçün olan səhifəsində müəllimlər yalnız özləri öz məlumatlarını dəqiq daxil etməklə nə qədər maaş ala biləcəklərini hesablaya bilərlər.

Prezident İlham Əliyev 2019-cu ilin iyunun 18-də bir sıra sahələr üzrə əməkhaqlarının artırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin də əmək haqqı sentyabr ayının 1-dən orta hesabla 20 faiz artırılacaq.

Bu 20 faiz maaş artımı qiymət artımının fonunda müəllimlərin iqtisadi vəziyyətini yaxşılaşdıra biləcəkmi? Bu sualın cavabını müəllimlər yalnız növbəti aylarda biləcəklər.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru