Salam, xoş gəlmisiniz.

"Putinin təklifini yalnız bu şərtlə qəbul etmək olar" - Qüdrət Həsənquliyev

2019-10-10 10:28:55

"Putinin təklifini yalnız bu şərtlə qəbul etmək olar" - Qüdrət Həsənquliyev

“Rusiyanın bu təklifinə biz kiçik bir şərtlə müsbət cavab verə bilərik: yalnız müharibə bitəndən və Qarabağ üzərində Azərbaycan öz suverenliyini bərpa edəndən sonra”.

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Rosatom” Dövlət Korporasiyası tərəfindən Azərbaycanda Atom Elektrik Stansiyası (AES) tikilməsinə dair təklifinə münasibət bildirərkən deyib.

V.Putinin öz ölkəsinin marağından çıxış etdiyini xatırladan Qüdrət Həsənquliyev vurğulayıb ki, Rusiyaya pul və yüksək ixtisaslı mütəxəssislərinin xaricə qaçmaması üçün onların iş yerlərinin qorunub saxlanması lazımdır: “Təklifi əsaslandıran amillərdən biri AES tikintisi üçün bizim yetərincə vəsaitimizin olmasıdır. Digər tərəfdən, Azərbaycanda AES inşa ediləcəyi təqdirdə, stansiyanın istismarına və nüvə tullantılarının basdırılmasına görə bizim Rusiyadan asılılığımız artacaq. Buna baxmayaraq, hesab edirəm ki, biz bu təklifə kiçik bir şərtlə müsbət cavab verə bilərik: yalnız müharibə bitəndən və Qarabağ üzərində Azərbaycan öz suverenliyini bərpa edəndən sonra ölkəmizdə AES tikintisi mümkün ola bilər”.

Millət vəkilinin fikrincə, Rusiya üçün Qarabağ probleminin həlli “bir stəkan su içmək qədər asan”dır: “Əgər Rusiya razılaşarsa, o zaman iki reaktorun Naxçıvanda, ikisinin isə Qarabağda tikintisini sifariş edə bilərik. Ehtiyac olarsa, gələcəkdə onların sayını artırmaq da olar. Naxçıvandakı AES-dən Türkiyə, İran və Ermənistana elektrik enerjisi ixrac edərik. Ermənistandakı AES köhnəlib və istismarı təcili dayandırılmalıdır. Qarabağ azad olunandan sonra isə ora böyük investisiya qoymalıyıq, ona görə də enerjiyə təlabat dəfələrlə artacaq. Hər bir halda bununla bağlı referendum keçirilməlidir”.

BAXCP sədrinin qənaətinə görə, Qərbi Avropanın AES-lərdən imtina etdiyi bir vaxtda xalqımız yalnız Qarabağ naminə bu təklifi dəstəkləyə bilər.

Qüdrət Həsənquliyev digər variantlardan biri kimi, Rusiyadan Transxəzər neft və qaz kəmərlərinin çəkilişi üçün də dəstək istəməyin mümkünlüyünü dilə gətirib: “Rusiya payçı qismində çıxış etməklə yanaşı, həmin kəmərlərin çəkilişini də həyata keçirə bilər. Rusiya Qara dənizdə və Baltik dənizində belə layihələr həyata keçirir. Bir çoxlarına fantastik layihə kimi görünsə də, Çinin “Bir kəmər bir yol” təşəbbüsü çərçivəsində Xəzər dənizi üzərindən Azərbaycanı Türkmənistanla birləşdirəcək avtomobil və dəmir yolu çəkilişi məsələsini də gündəmə gətirmək olar. Bu istiqamətdə Xəzərin eni 196 km, dərinliyi isə ortalama 200 metrdir. Süni adalar yaratmaqla bunu etmək olar. Çinin bu sahədə böyük təcrübəsi var. Avropa İttifaqı, Çin, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan bu layihəyə investisiya qoya bilər. Siyasi baxımdan layihənin əhəmiyyəti çox böyükdür. Heç bir ekoloji problem yaratmır. Texniki baxımdan gerçəkləşdirmək mümkündür. Qalır iqtisadi səmərəlilik məsələsi. Hər halda mütəxəssisləri bu ideyanın müzakirəsinə cəlb etmək lazımdır”./strateq.az/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru