Salam, xoş gəlmisiniz.

"Rusiya elə bir bataqlığa saplanıb ki...” – Millət vəkili Patruşevin səfərini şərh edir

2019-09-11 10:58:13

 

"Rusiya elə bir bataqlığa saplanıb ki...” – Millət vəkili Patruşevin səfərini şərh edir

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana və Azərbaycana səfəri siyasi külislərdə birmənalı qarşılanmadı. Hər kəs bu səfərin səbəbləri barədə müxtəlif fikirlər irəli sürdü.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyevlə budəfəki söhbətimizin məğzində elə bu səfər dayanırdı. Millət vəkilinin Ovqat.com-a müsahibəsini təqdim edirik:

-Qüdrət bəy, söhbətimizə Nikolay Patruşevin Ermənistana və Azərbaycana səfərindən başlamaq istərdim. Bu səfərdə nə məqsəd güdülürdü?

-Hazırda Rusiyada iqtisadi vəziyyət və əhalinin sosial durumu günü-gündən pisləşir, narazılıq artır. İnsanlar artıq küçələrə çıxır, çoxsaylı həbslərə baxmayaraq, etiraz edirlər. Digər tərəfdən, qonşu ölkələrdə, xüsusilə Ukraynada baş verən demokratikləşmə prosesi Rusiya cəmiyyətinə ciddi təsir göstərir. Belə bir vəziyyətdə Ermənistanla Azərbaycan arasında münaqişənin alovlanması qətiyyən Rusiyanın maraqlarına cavab vermir. Rusiya münaqişənin dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır. Bu yaxınlarda mətbuatda Yeltsinin müşavirinin fikirləri ilə tanış oldum. Deyir ki, Qarabağ probleminin həllinə nail olmaq üçün 3 nəsil dəyişməlidir. Bunu rus ictimai fikrinə, eyni zamanda bizə aşılayırlar. Çünki problem çözülmədikcə, həm Azərbaycan, həm də Ermənistan Rusiyadan asılı vəziyyətdə qalır. Patruşevin səfərinin əsas məqsədi də məncə bununla bağlı idi.

Bununla belə, səfəri faydalı hesab edirəm. Belə səfərlər zamanı Azərbaycan daha qətiyyətli şəkildə Rusiyadan tələb etməlidir ki, özünün forpostu adlandırdığı Ermənistana təsir göstərsin, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.

-Dediyiniz kimi, Rusiya problemin 3 nəsil sonra həllini düşünürsə, belə çıxır ki, Qarabağın tam erməniləşməsini istəyir. O zaman Rusiya problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə razılaşarmı?

- Mən hər zaman deyirəm ki, ermənilərin təkcə Dağlıq Qarabağda deyil, həm də işğal olunmuş ətraf rayonlarda məskunlaşdırılması Ermənistanın sülh danışıqlarına barmaqarası baxdığını göstərir. Danışıqlarda iştirakla sadəcə Azərbaycan ictimaiyyətinə yalan ümidlər verirlər. Mənim fikrimcə, konfliktin uzanması Dağlıq Qarabağı bizdən daha da uzaqlaşdırır və biz bu bölgəni yavaş-yavaş itiririk. Ona görə də hər zaman hökuməti bu istiqamətdə daha çevik və daha cəsarətli siyasət yürütməyə çağırıram.

-Maraqlıdır ki, səfərdən əvvəl Azərbaycana məxsus bir qırıcı təyyarə qəzaya uğradı. Bir çoxları bu hadisənin qəza deyil, Rusiya tərəfindən törədilmiş təxribat olduğunu iddia etdilər. Verilən rəsmi informasiya da sanki iddiaları təsdiqlədi. Daha sonra Patruşev Azərbaycana səfər etdi. Bu məqam mənim yadıma Mollanın bir lətifəsini salır. Lətifəsi bizdən uzaq, bir gün oğlunu döyəndən sonra iş dalınca göndərən Molladan niyə belə etdiyini soruşurlar. Cavab verir ki, pulu itirməsin deyə, əvvəl döyürəm. Pulu itirəndən sonra kötəyin nə xeyri var? Partuşevin səfəri də, sizcə, buyruqdan əvvəl vurulmuş kötəyə bənzəmirmi?

-Sizin söylədiyiniz bir ehtimaldır. Qəzanın baş verməsi barədə çoxsaylı ehtimallar ola bilər. Məsələn, hadisə baş verən zaman mənim ağlıma gələn ilk ehtimal təyyarənin köhnə olması ilə bağlı oldu. Biz o təyyarələri Ukraynadan alanda (səhv etmirəmsə, 18 ədəd idi), Milli Məclisdə mən bununla əlaqədar məsələ qaldırmışdım. Demişdim ki, bu təyyarələr çox baha alınıb: az qala təzə təyyarə qiymətinə. Halbuki, bu təyyarələr əsaslı təmirdən sonra Azərbaycana verilib. Bilirsinizmi, əsaslı təmir zamanı təyyarələrin mühərrikləri dəyişdirilə, təyyarə modernləşdirilə bilər, amma onun gövdəsi eynilə qalır. Hər bir metalın isə istifadə dövrü var. O dövr keçdikdən sonra həmin texnikanın hazırlandığı material öz keyfiyyətini itirir. Yəni onu modernləşdirməyin heç bir mənası qalmır. İnkişaf etmiş xarici dövlətlər bu cür köhnə təyyarələri əridib yeyinti sənayesi üçün konserv qabı düzəldirlər. Onların ərinmiş metalından yeni təyyarə gövdəsi hazırlamırlar. Çünki istifadə dövrü keçmiş metaldan təyyarə düzəltmək çox təhlükəlidir. Belə təyyarələr ən adi manevrlərdə ikiyə bölünə bilərlər.

Köhnə MİQ- 29 hərbi təyyarələrinin qəzaya uğraması faktı təkcə bizdə baş verməyib. Müxtəlif zamanlarda Rusiyada da, Ukraynada da, Qazaxıstanda da, Polşada da bu cür hadisələr yaşanıb. Ona görə də mən müxtəlif versiyalar arasında daha çox təyyarənin köhnəliyini qəzanın əsas səbəbi kimi görürəm. Sözsüz ki, digər versiyalar da istisna olunmamalıdır. Qəzanın əsl səbəbi “qara qutu” açılanda ortaya çıxacaq. Düşünürəm ki, sizin səsləndirdiyiniz fikir də bir versiyadır, lakin az inandırıcıdır.

-Amma Müdafiə Nazirliyinin rəsmi açıqlaması bu şübhəni xeyli qüvvətləndirdi. Açıqlamadan belə anlaşıldı ki, qəza bir yad cismlə toqquşma səbəbindən baş verib...

-“Qara qutu” oxunmadan MN bu açıqlamanı necə verə bilər? Mən rast gəlməmişəm.

-Bəlkə “qara qutu”nu oxuyub yayıblar bu məlumatı?

-“Qara qutu” oxunmayıb, axı.

-Hər halda “qara qutu”nu tapdıqdan sonra bu məlumatı yaydılar.

-Ola bilər. Amma “qara qutu”nun oxunması barədə ictimaiyyətə heç bir açıqlama verilməyib. Hətta harda – bizdə, yoxsa Rusiyada oxunacağı da bəlli deyil. Son ekspert rəyi olmayana qədər qəti fikir bildirmək olmaz. MN-nin bu bəyanatı ilə tanış deyiləm. Orda qəzanın səbəbi birmənalı şəkildə bəyan olunur?

-Bəli, qəzanın bir toqquşma nəticəsində baş verdiyi birmənalı şəkildə bəyan edilir. Amma təyyarəyə çarpılan nəsnənin nə olduğu konkret göstərilmir. Quş və ya quş dəstəsi olma ehtimalına diqqət çəkilir. Ekspertlər isə fəslin və gecənin o çağında quşların Xəzər dənizi üzərində uçmasını az inandırıcı hesab edirlər...

- Müdafiə Nazirliyi konkret ekspert rəyi olmadan belə açıqlama verməlidir. Əgər veribsə, bu, yanlışdır.

-Niyə bizim rəsmilər ciddi mövzularda bu qədər mübahisəli açıqlamalar verməkdən xoşlanırlar? Axı, bu cür məsuliyyətsiz çıxışlar bir deyil, iki deyil, vaxtaşırı səsləndirilir...

-Əgər söhbət Müdafiə Nazirliyindən gedirsə, mən dəfələrlə demişəm ki, Müdafiə nazirinin digər sivil olkələrdəki kimi mülki şəxslər arasından seçilməsi daha doğru olar. O siyasi baxımdan kifayət qədər hazırlıqlı, yaxşı təşkilatçılıq qabiliyyətinə malik olmalıdır. Dünyanın əksər ölkələrində də belədir: Baş Qərargah rəisi hərbçi, Müdafiə nazir isə mülki şəxs olur, siyasi vəzifəsindən doğan səlahiyyətlərini və tapşırıqları yerinə yetirir. Azərbaycan da bu modelə keçsə və ordu professional əsgərlərdən təşəkkül tapsa, daha güclü orduya malik olarıq.

-Hərbdən söz düşmüşkən, NATO Baltik dənizində əsgəri təlimlərə başlayıb. Rusiya isə təhlükəsizlik çəmbərini Cənubi Qafqazda gücləndirir. Petruşevlə rəsmilərimizin danışıqlarında əsas mövzunun təhlükəsizlik məsələsi olduğu rəsmən etiraf olundu. Cənubi Qafqazda Rusiyanın təhlükəsilik maraqlarını təhdid edən nə baş verir ki, bunu möhkəmləndirməyə ehtiyac görürlər?

-Məncə, Rusiya bütün istiqamətlərdə çalışır. Bu günlərdə Rusiya prezidenti Putinlə Yaponiya Baş naziri Abe arasında danışıqlar oldu. Bir müddət əvvəl isə Türkiyə prezidentinin Rusiyaya, Putinin Fransaya səfəri oldu. Son bir aya nəzər salanda görürük ki, Rusiya çox aktiv şəkildə beynəlxalq arenada öz imicini bərpa etmək, ona qarşı tətbiq olunan sanksiyaların təsirini azaltmaq, mümkün qədər yeni konfliktlərə cəlb olunmaqdan qaçmaq istəyir. Suriyada onsuz da elə bir bataqlığa girib ki, problemin həlli hələ üfüqdə görsənmir. Eynilə Türkiyə də...

Patruşevin Azərbaycan səfərinin əsas məqsədlərindən biri həm də Türkiyə-Azərbaycan yaxınlaşmasının Ermənistana pisixoloji təsirini azaltmaq cəhdi ola bilər. Sirr deyil ki, Azərbaycanla Türkiyə strateji müttəfiqdir və Ermənistanın hər iki dövlətə ərazi iddiaları var. Bu da Türkiyə və Azərbaycanın birgə hərəkətə keçməsi üçün münbit şərait və hüquqi əsas yaradır. Üstəlik, Türkiyənin indiki prezidenti Rəcəb Tayib Ərdoğan da Süleyman Dəmirəl deyil. Bilirsiniz ki, Süleyman Dəmirəm Qərb dairələrindən son dərəcədə asılı birisiydi, Qərbin razılığı olmadan heç bir addım atmırdı. Ərdoğan isə xarakteri olan adamdır. Onun öz prinsipləri, ciddi xarizması var. Mən inanmıram ki, Dağlıq Qarabağ uğrunda müharibə başlasa, vaxtilə Süleyman Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayacaq. Məncə, bu halda Türkiyə konkret addımlar atacaq. Rusiyada da bunu çox gözəl başa düşürlər və konfliktin yenidən alovlanmasını istəmirlər. Əks halda, Türkiyə ilə münasibətləri ciddi şəkildə pozula bilər. Məlumdur ki, Rusiya Türkiyədən dəyəri milyard dollarlarla hesablanan böyük layihələr alıb – AES -lərin tikintisindən tutmuş Avropaya neft və qaz nəqlini nəzərdə tutan kəmərlərin çəkilməsinə, S-400 silahlarının alınmasına qədər. Türkiyə indiki dövrdə Rusiya üçün bir nəfəslikdir.

İran üçün də eyni sözləri demək olar. Rəsmi Tehran da indiki çətin vəziyyətində regionda əlavə gərginliyin zühur etməsini arzulamır. Azərbaycan yaranmış bu vəziyyətdən maksimum səviyyədə yararlanmalı, Rusiyadan tələb etməlidir ki, ya sən özün bu məsələni yoluna qoy, ya da geri çəkil, Ermənistanla problemi özümüz həll edək.

-Maraqlı bir mövzuya toxundunuz. Güman edirsiniz ki, Patruşevin səfərində Türkiyə amilinin də mühüm rolu var. Qəribədir ki, Patruşevin hər səfəri Türkiyə Hava Qüvvələrinin Bakıda keçirdiyi təlimlərə təsadüf edir. Bundan əvvəlki gəlişində də Türkiyə qırıcıları Bakı üzərində təlim uçuşları keçirirdi, bu dəfəki səfərində də. Bunlar təsadüfdürmü, yoxsa region üzərində əsrlər boyu davam edən Türk-Rus rəqabətinin təzahürümü?

-Düşünmürəm ki, bu iki hadisə arasında hansısa əlaqə var. Çünki Türkiyə və Gürcüstanla Azərbaycanın hərbi təlimlər keçirməsi öncədən planlaşdırılmışdı. Patruşevin səfəri isə Paşinyanın sərsəmləməsindən sonra gündəmə gəldi. Hansı ki, Paşinyan “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatını verməklə faktiki olaraq Azərbaycana meydan oxumuşdu...

-Yəni deyirsiniz ki, Rusiya öz cızığını keçən dəcəlinin ipini yığmaq üçün Patruşevi bölgəyə göndərmişdi?

-Yox, təkcə Paşinyana görə gəlməmişdi, sözsüz ki. Müzakirələrdə Dağlıq Qarabağ məsələsi ilə yanaşı, İran-ABŞ gərginliyinin də müzakirə olunduğunu güman edirəm. Hazırda Fars körfəzində, Hörmüz boğazında kifayət qədər ciddi vəziyyət yaranıb. Böyük Britaniya, ABŞ oraya böyük hərbi qüvvə yeridib. İran da, ərəb ölkələri də eyni şəkildə hərbi hazırlıq içərisindədirlər. İsrail İrana qarşı sərt addımların atılmasını tələb edir. Yəni İran ətrafında vəziyyət olduqca gərgindir və İran bizim yaxın qonşumuzdur. Orada böyük müharibənin alovlanması bizdən də təsirsiz ötüşməyəcək. Mümkündür ki, müharibənin dağıdıcı təsirindən qaçan çox sayda insanlar Azərbaycana və Ermənistana sığına, əksəriyyəti isə Rusiyaya gedə bilər. Çünki Cənubi Qafqaz ölkələri o qədər insanı yerləşdirmək gücündə deyil. Rusiya daha böyük dövlət olduğu üçün qaçqınların oraya üz tutması mümkündür. Bu da Rusiyada onsuz da çətin olan sosial vəziyyəti bir az da gərginləşdirə bilər. Məhz bu səbəbdən Rusiya bölgədə baş verən proseslərə laqeyd qalmaq istəmir. Patruşev bu məsələləri də müzakirə etmək üçün regiona səfər edə bilər.

-Belə çıxır ki, çoxdan gözlənilən ABŞ-İran müharibəsi yaxınlaşır...

-Müharibənin olub-olmayacağını birmənalı şəkildə demək mümkün deyil. Amma bu müharibənin baş vermə ehtimalı böyükdür və ciddi dövlətlər bütün ehtimallara hazır olmalıdır. Düzdür, ABŞ İranla müharibə etməkdə çox da maraqlı görünmür. Sadəcə təzyiq etməklə onu öz mövqeyinə gətirmək istəyir. Əsas niyyəti budur ki, İranla ikitərəfli saziş imzalayaraq, onun nüvə silahı yaratmaq imkanlarını tam aradan qaldırsın, Rusiyadan, Çindən uzaqlaşdırsın. Amma bunun nə dərəcədə baş tutacağını söyləmək mümkün deyil. Düşünürəm ki, ABŞ istədiyinə nail olmadığını görəndə müharibə başlaya bilər. Nəzərə alsaq ki ,ABŞ prezidentinə yəhudi lobbisinin təsiri böyükdür və kürəkəni də yəhudidir, İsrail isə İranla müharibə tərəfdarıdır, bu ehtimal daha da artır.

-İran-ABŞ müharibəsi başlayarsa, Rusiyanın mövqeyi necə ola bilər? Özünüz də dediyiniz kimi, İrana təzyiqlərin əsas səbəblərindən biri də onu Rusiyadan ayırmaqdır. Rusiya İranı tək buraxarsa, onu ABŞ-ın qucağına atar və özü təklənər. Moskva buna gedərmi?

-Elə bilirəm, bu suala ən yaxşı cavabı Putin verib. Açıqlamalarından birində Rusiya prezidenti aydın şəkildə “biz heç kim üçün yanğınsöndürən maşın deyilik” deyə, İrana mesaj göndərmişdi. Düşünürəm ki, İran rəsmiləri də bu mesajı alıblar və bundan sonrakı siyasətlərini həmin mesaja uyğunlaşdıracaqlar. Çünki bu müharibə başlayarsa, sadəcə, İranın ABŞ qarşısında nə qədər duruş gətirə bilcəyindən danışmaq olar. Nəticə isə bəllidir: İranın dünyanın super gücü ilə savaşdan qalib çıxması mümkünsüzdür.

Söhbətləşdi: Heydər Oğuz

Ovqat.com


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru