Salam, xoş gəlmisiniz.

"SƏSİMİ NƏ VAXT EŞİDƏCƏKLƏR, MƏN ÖLƏNDƏN SONRA?" - REPORTAJ

2018-07-26 17:09:43

"SƏSİMİ NƏ VAXT EŞİDƏCƏKLƏR, MƏN ÖLƏNDƏN SONRA?" - REPORTAJ

Bərdə rayon sakini: “Dərdimi dinləyəcək məmur tapa bilmirəm”

“Haqlı olduğumu heç kimə sübut edə bilmirəm”

Onunla Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Hospitalında görüşdük. Rəngi sapsarıydı. Yaralı ayağını çəkə-çəkə çətinliklə gəzirdi. Dedi Hospitala gətiriləndə daha pis vəziyyətdə olub. Huşu başında deyilmiş. Əsəbdən qanda şəkərin faizi yüksək həddə çatıb. Nəticədə ayağında qanqrena başlayıb. Bir tərəfdən dializ, digər tərəfdən ürəyi onu tamam taqətdən salıb.

Bizimlə görüşmək istəyinin bircə səbəbi vardı. Halal haqqını hər kəsə duyurmaq. Torpaq üçün vuruşduğunu, Qarabağ savaşında sağlamlığını itirdiyini əlaqədar qurumlara, ona laqeydlik göstərib qəbuluna düşə bilmədiyi kəslərə çatdırmaq.

“Binanın damından özümü atmaq istədim”

“Dəfələrlə intihar eləmək istəmişəm. Sonuncu dəfə burda binanın damına çıxıb özümü atacaqdım. Həkimlər halımı görüb iynə vurdular. 15 saat üzüqoyulu yatdırdılar ki, sakitləşim. Belə həyat olar? Haqlı olduğumu heç kimə sübut edə bilmirəm. Axı niyə? Mən bu adamlara nə pislik eləmişəm?”

“Səsimi nə vaxt eşidəcəklər, mən öləndən sonra?”

Cavadov Faiq Məmməd oğlu. Redaksiyamızdan mədəd uman bu şikayətçi deyir ki, 1993-cü ildə Ağdərə uğrunda döyüşlərdə iştirak edib. Amma bugünədək Qarabağ əlili olması haqda sənəd ala bilmir: “93-cü ildə Ağdərə rayonunda gedən döyüşlərdə iştirak eləmişəm. Bir neçə dəfə xəsarət almışam. Amma döyüşlərin birində bədənimin üç yerindən yaralandım. Qolumdan, ayağımdan, başımdan xəsarət aldım. Məni Bərdə rayon xəstəxanasına çatdıranda huşsuz vəziyyətdə idim. Elə bilirdim gözüm çıxıb. Ondan sonra bədənimdə izləri və fəsadları qaldı. Hazırda şəkər xəstəsiyəm, infakt keçirmişəm, böyrəklərimin ikisi də sıradan çıxıb. Üstəlik məhkəmə mənim müharibə əlili olduğumu da təsdiqləyib. Amma Mərkəzi Sosial Tibbi Ekspert Komissiyası bunu qəbul eləmir. Bəs, nə vaxt qəbul edəcək? Mən öləndən sonra?”

Qeyd edək ki, müsahibimiz uzun illər Bərdə rayonunda polis kimi çalışıb. Müharibə zamanı da cəbhəyə polis əməkdaşı kimi qatılıb. Bu səbəbdən də nazirliyin xüsusi həkim komissiyası onun “Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma” alması haqda rəsmi qərar çıxarıb. Amma buna rəğmən qərar hələ də öz həllini tapmayıb: “2003-cü ildə məni ümumi əlilliklə bağlı pensiyaya çıxarıblar. Halbuki mən Qarabağ əlili olmalıyam. Axı bunu haqq eləyirəm. Niyə haqqımı danırlar? Bu haqda Daxili İşlər Nazirliyinin rəsmi sənədi var. Bu sənədi internet vasitəsilə Mərkəzi Tibb Sosial Ekspertiza Komissiyasına göndərmişəm. Amma oranın rəhbəri İlqar Qasımov müraciətimə əhəmiyyət vermir.

“Məmur laqeydliyi Qarabağ savaşını bizə unutdurur…”

Mən orda ona görə güllə qabağında dayanmışdım ki, bu gün mənə belə etinasız, biganə münasibət göstərsinlər? Bütün günü efirlərdə “Qarabağı belə alacağıq” deyirlər. Onlara demək istəyirəm, Qarabağda canını fəda edən insanları görməzdən gəlirlərsə, onların əlilliyini qəbul eləmirlərsə, hansı savaşdan danışırlar? Əvvəlcə içimizdəki, həkim komissiyasındakı laqeyd adamlarla mübarizə aparmaq lazımdır, sonra başqalarıyla”.

Şikayətçi bildirir ki, məsələ ilə bağlı Mərkəzi Tibb Sosial Ekspertiza Komissiyasının rəhbəri İlqar Qasımovla şəxsən görüşüb: “Onunla görüşmək üçün çox cəhd elədim. Dəfələrlə səhər saat 9-dan gedib qapısında gözləmişəm, amma işə gəlməyib. Yalnız bir dəfə görüşə bildim. Onda da dedi ki, mənlik heç nə yoxdur. Dedi sənədləri email ünvana göndər. Göndərdim. Yenə də heç bir nəticəsi olmadı. Mənə cavab yazdı ki, “müalicəyə ehtiyacı var”. Əlbəttə var. Qoy, məni sağaltsın, mən əlilliyimi ona bağışlayıram…

…Anlamıram, onun həmin sənədləri oxumağa savadı çatmır, yoxsa məni ələ salır? Necə ola bilər ki, Daxili İşlər Nazirliyinin polkovniki Samir Quliyevin imzaladığı sənədi heçə saysın? Məhkəmənin qərarına heçə saysın? Hansı ölkədə məhkəmənin qərarını belə münasibət bəsləyirlər?”

“Təqaüdüm ancaq yavan çörəyimə çatır…”

“278 manat təqaüd alıram” deyən müsahibimiz aldığı məbləğin ehtiyaclarının bir qismini belə ödəmədiyini bildirir: “O təqaüd ancaq mənim yavan çörəyimə yetir. Mən dünən Sosial Təminat Nazirliyinə getmişdim. Xahiş elədim ki, məni Sahil Babayevlə görüşdürsünlər. Amma məni qəbul eləmədilər. Dedilər get, ay yarımdan sonra çağırarıq. Onlar anlamır ki, ayağım çürüyür. Yüksək şəkər, xəstə ürək, yaramayan böyrəklə mən gündə Bakıya necə gəlim? Axı məni niyə incidirlər? Dərdimi kimə deyim, heç biri dinləmək istəmir. Bu məsələdə haqlı olduğumu sübut etmək üçün təkcə məhkəmə prosesim 3 ay çəkdi. Bütün sənədləri topladım. Poliklinikada bütün kartalara baxdıqdan sonra, nəhayət, mənim savaşda yaralandığım haqda qərar çıxarıldı. İndi də bu komissiya mənim ömrümü yeyir”.

“Tüpürüm belə yaşamağa!”

Müsahibimiz söhbət əsnasında şəraitsiz evindən və xəstə övladından da danışdı: “Uçuq-yıxıq bir evim var. Orda da rəhmətə gedən qardaşımın iki balası, bacımin ailəsi bir də mənim ailəm birgə yaşayırıq. Üç ailə bir evə sığınmışıq. İki qız övladımdan biri də əlildir. O, mən müharibədə olanda həyat yoldaşım ona boyluydu. Stress və həyəcandan uşaq xəstə doğuldu. Mənim məmurlar kimi evim, bağım, villalarım yoxdur. Aldığım heç özümə yetmir. Xəstə uşağın dava-dərmanını nə ilə alım? Xəcalətimdən onun üzünə baxa bilmirəm. O qədər cana doymuşam ki, o gün dama çıxıb özümü 5-ci mərtəbədən atmaq istəyirdim. Həkimlər nevrapotoloq çağırdılar, iynə vurub güclə özümə gətirdilər. Tüpürüm belə yaşamağa. Bu həyat deyil ki… Sağlam olsam, gedib mən də çörəyimi qazanaram. Heç kimə də möhtac olmaram. Ayağım çürüyüb gedir. Ayağımı amputasiya eləmək istəyirdilər, qoymadım. Niyə belə oldu? Çünki komissiyanın laqeydliyinə, insafsızlığına əsəbiləşdim, stress keçirdim. Şəkərim 520-yə qalxdı. İki gün reanimasiyada huşsuz vəziyyətdə qaldım. İndi indi özümə gəlirəm. Hemodializ şöbəsinə məni qadınlar arabada aparıb gətirirlər. Xəcalətimdən yerə girirəm. Axı niyə məni, bir ailə başçısını, üstəlik vətən üçün savaşan bir adamı bu dərəcədə aciz vəziyyətə salırlar?

Altunay, Hurriyyet.org

P.S. Şikayətçinin söylədikləri ilə bağlı Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Xidməti ilə əlazə cəhdimiz alınmadı. Növbəti sayımızda bir daha mövzuya qayıcağıq.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru