“Rəsulzadənin Novxanıdakı abidəsini bir neçə dəfə ziyarət etmişəm” – Aydın Mirzəzadə

26 May, 2020, 21:09
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Mayın 28-də müsəlman şərqində ilk parlamentli respublikanın – Azərbaycan Demokratik Respublikasının qurulmasının 102-ci ildönümü tamam olacaq. Həmin gün ənənəvi qaydada ictimai-siyasi təşkilatların bir hissəsi Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcək. Qeyd edək ki, son illərdə hakimiyyətin Rəsulzadəyə münasibəti xeyli dərəcədə dəyişib. Təkcə Ermənistanın Baş nazirinin M.Ə.Rəsulzadəyə çamur atmaq cəhdinə Azərbaycanın hakim partiyası daxil, bütün cəmiyyətin sərt və tutarlı cavab verməsi buna əyani sübutdur. Amma Rəsulzadənin yubileylərinin qeyd olunması barədə Prezident Sərəncamı, Cümhuriyyət qurucusunun keçdiyi yolun araşdırılması, əbədiləşdirilməsi istiqamətində atılan addımlar artıq M.Ə.Rəsulzadəyə haqq etdiyi münasibətin yüksək səviyyədə ifadəsidir.

Bəs hakim düşərgə bu il hansı tədbirləri planlaşdırır?

“Rəsulzadə Almaniya ilə əməkdaşlıq etməyib, o tərəfdə vuruşmayıb”

 

28 Mayda Rəsulzadənin abidəsi ziyarət olunsa, bunun özü həm də düşmənlərə cavab olmazmı? Deputat, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadədən ilk olaraq bu suala cavab istədik:

– Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixində görkəmli rolu olan şəxslərdən biridir. 1918-ci ildə müstəqil Azərbaycan dövlətinin yaradılmasında bir qrup ziyalının içərisində o da iştirak edib və Cumhuriyyət süqut etdikdən sonra xaricdə müstəqil dövlətçilik ideyasını yayanlardan biri olub. O baxımdan Azərbaycanda xatırlanır, fəaliyyətinə qiymət verilir. Düzdür, Ermənistan tərəfi bu gün onun haqqında qərəzli və obyektivlikdən uzaq olan imic formalaşdırmağa çalışır. Bu isə cənab Prezidentin faşist Nijdeyə Ermənistanın paytaxtında böyük bir abidənin qoyulması ilə bağlı söylədiklərinə reaksiyadır. Amma çox gülünc bir reaksiyadır. Ona görə ki, Nijde faşist olub. O, Almaniya tərəfindən SSRİ qoşunlarına qarşı vuruşub. Buna görə də, müharibədən sonra layiqli cəzasını alıb. Amma Rəsulzadə Almaniya ilə əməkdaşlıq etməyib, o tərəfdə vuruşmayıb. O, sadəcə olaraq, Azərbaycanın müstəqilliyinin yolunu axtarıb. Görəndə ki, bu yol deyil, o zaman Türkiyəyə qayıdıb, öz fəalliyyəti ilə məşğul olub. Azərbaycanda ona hörmət var. Cənab Prezidentin sərəncamı ilə onun yubileyi qeyd edildi. Bakının bir guşəsində onun abidəsi var. Onun adına küçələr var, adı həmişə Cumhuriyyət tarixində xatırlanan bir şəxsdir. Hər bir azərbaycanlı onun adını tanıyır. Onun abidəsinin ziyarət edilməsinə gəldikdə, mən partiyanın adından danışa bilmərəm. Belədə isə Rəsulzadənin irsinə onun fəaliyyətinə hörmətlə yanaşırıq.

 – Aydın bəy, maraqlıdır, şəxsən siz Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət etmisiniz?

– Bəli. Onun Novxanıdakı abidəsini bir neçə dəfə ziyarət etmişəm. Reklam etməmişəm. Amma ziyarət etmişəm. Qəbirstanlıqda, səhv etmirəmsə, onun atasının qəbri var. O qəbri ziyarət etmişəm. Abidəsini də ziyarət etmişəm, atasının qəbrini də. Düzdür, mən dini ayinləri dəqiq bilmirəm, Quran oxutdura bilməmişəm, molla olmayıb. Amma ziyarət etmişəm. Onun şəxsiyyətinə hörmətlə yanaşan Azərbaycan vətəndaşlarından biriyəm. Onun da müstəqil Azərbaycan quruculuğunda xidmətləri olub. O da müstəqil Azərbaycan üçün çalışan ziyalılardan biri olubdur. Onun adı da tariximizdə hörmətlə çəkilən şəxslərdən biridir.

“Onun məzarının Azərbaycana köçürülməsi fikrinə münasibətim müsbətdir”

 

Sualları YAP ideoloqlarından biri, deputat Aydın Mirzəzadə ...

-Məhəmməd Əmin Rəsulzadənin məzarının Azərbaycana köçürülməsi fikrinə münasibətiniz necədir?

-Müsbətdir. Amma bu məsələyə hərtərəfli baxılmalıdır. Yəni qohumlarının və yaxud ardıcıllarının rəyi nəzərə alınmalıdır. Eyni zamanda onun da, digərlərinin də son mənzillərinin Azərbaycana gətirilməsinə hərtərəfli baxılmalıdır. Bir var kimsə vəsiyyət eləyə… Necə ki, Lütfizadə vəsiyyət etdi və o gətirildi, Müslüm Maqomayev vəsiyyət etdi, gətirildi, Azərbaycanda dəfn edildi. Bir də var ki, artıq onun bununla bağlı vəsiyyəti yoxdur və ümumiyyətlə, araşdırılmalıdır. Mən pis baxmıram. Amma hesab edirəm ki, nə vaxtsa Azərbaycan paytaxtının mərkəzi yerlərinin birində Cumhuriyyət qurucularının abidə kompleksi olmalıdır. Əlimərdan bəy Topçubaşovun, Həsən bəy Ağayevin, Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Məhəmməd Əmin Rəsulzadənin, Şıxlinskinin bir kompleks şəkildə abidəsinin olmasını da istəyərdim.

-Bəs Rəsulzadənin məzarı köçürülərsə, harada dəfn olunmasını istərdiniz?

-Azərbaycanda ən hörmətli yer olaraq mən Fəxri Xiyaban görürəm. Düzdür, hər kəsin dəfn olunduğu yer əzizdir, hörmətəlayiqdir. Əgər nə vaxtsa bu məsələ həll olunarsa, əlbəttə ki, Fəxri Xiyabanda dəfn olunmasını mən düzgün hesab edirəm. Təəssüf edirəm ki, Məhəmməd Əmin Rəsulzadə adını bir partiya çərçivəsində saxlamağa, bu adı özününküləşdirməyə və yaxud ancaq bir qrup insanın bucağı altında baxmağa cəhdlər də var.

– Vəsiyyətdən bəhs etdiniz. Məhəmməd Əminin dünyasını dəyişən zaman üç dəfə “Azərbaycan” deməsi elə onun vəsiyyəti deyilmi?

– Əlbəttə, qəbul oluna bilər. İstənilən halda, bu məsələ hərtərəfli araşdırılmalıdır. Bəzən görürsən ki, kiminsə qəbri artıq tarixən haradasa yerləşib, ona toxunmamaq üçün qəbri orda qalır, hörmətlə yanaşılır. Məsələn, Türkiyəyə səfər edən ziyalılarımızın böyük bir qisminin vaxtaşırı onun qəbrini ziyarət etdiyi, onu hörmətlə andığı barəsində məlumat oxuyuram. Bəzən görürsən ki, kiminsə qəbri haradasa qalır və ona toxunulmur. İstənilən halda, əgər məsələ qalxarsa, o məsələyə hərtərəfli baxılmalıdır.

– Təcrübə də var. Vaxtilə Hüseyn Cavidin nəşi Sibirdən Heydər Əliyevin təşəbbüsü ilə Vətənə gətirildi. Əbülfəz Elçibəy Türkiyədə vəfat etdi, dövlət səviyyəsində dəfn prosesi həyata keçirildi…

– Mən sizə deyim ki, hər ikisi böyük hörmətlə dəfn olundu. Əbülfəz Elçibəyin qəbirüstü abidəsi götürüldü, onun ailəsinə status verildi. Yəni, prinsipcə onun da müasir Azərbaycanın qurulmasında xidmətləri olub. Bu baxımdan dövlət ona öz hörmətini bildirdi.

– Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı təşəbbüslər var. Onun Bakıda vaxtilə yaşadığı evin ərəb şirkətinə icarəyə verilməsi də illərdir müzakirə mövzusudur. Elə həmin mənzildə muzeyin yaradılması yaxşı olmazmı? Bu məsələyə necə baxırsınız?

– Normal. Bu məsələ həll oluna bilər. Tarixi şəxslərdən biridir, Azərbaycanda milli dövlətçiliyin qurulmasında xidməti olan insanlardan biridir. Yəni, mən ona görə də bu təklifə normal baxıram, müzakirə oluna bilər.

– Yəqin xatırlayırsınız, Rəsulzadənin Gəncə şəhərində qoyulmuş büstünə sayğısız münasibət olmuşdu. Məlumat var ki, onun Zaqataladakı abidəsi də baxımsız vəziyyətdədir. Belə faktlara münasibətiniz necədir?

– Azərbaycan tarixində görkəmli yer tutan insanların hamısına hörmətlə yanaşılmalıdır və onların adına olan abidələrə, lövhələrə, ünvanlara, hesab edirəm ki, hörmət nümunəsi göstərmək hər kəsin borcudur. Hesab edirəm ki, kiminsə bir səhv hərəkəti ümumiləşdirilə bilməz. Belədə isə Məhəmməd Əmin Rəsulzadə yüzlərlə, minlərlə dəyərli azərbaycanlı kimi tarixə öz adını yazıb və indiki nəsil onların adını hörmətlə xatırlayır.

– Elə işğalçı ölkənin Baş nazirinin münasibəti də bunu deyir…

– Əlbəttə.

Elşad Paşasoy,
Musavat.com


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93