Rejissor Rza Rzayev yazır:”CANINDAN QORXMAMA NÜMUNƏSİ”

26

 

Canımı sıxanı canım çıxa-çıxa yazıram.

Deyirlər, dünya yumrudur, erməni qızının göstərdiyinə baxanlar dünyanın yumru olduğunu bir daha görmüş olurlar.

Sovet dönəmi bizim də ölkədə bu yolda olanların çoxu ermənilər idi, yollarımız təzələnəndən, yəni müstəqillik qazanandan sonra bu peşə ilə məşğul olanların sayı çoxaldı, altda qalanı altdan satanlar indi insanların gözü qarşısında müstəqil hərəkət edirlər, çoxu da erməni qızından fərqli olaraq çoxunu yoldan çıxarıb özlərinə yol yoldaşı etdilər.

Bu erməni qızı dünya şöhrətlidir, məşğul olduğu peşə ən axırıncı yol sayılır. Bu yolda dünya şöhrətli olmasında nə millətindən, nə də dövlətindən kömək ummayıb.

Başını aşağı salıb bütün tərəfləri ilə “of” demədən çalışıb, altda canı çıxa-çıxa can qoyub, üstünə gələnləri dövlətinə, millətinə xidmət etməyə məcbur edib.

Adamın bəlli məqsədləri var, tutduğu işin adı da bəlli, bunu da açıq edir, gizlətmir, adam alnıaçıq gəzir, onun alnını açıq edən açıb ortaya qoyduğu deyil, millətinə, dövlətinə olan münasibətidir.

Erməni qızı ilə eyni yolda olanlarımızı müqayisə etmək istəmirəm, mənası yoxdur, heç müqayisəyə də gəlmirlər, amma çox məmurlarımızın əməllərinin adı ilə erməni qızının peşəsinin adı, məzmunu eynidir.

Bizim bəzi məmurlarla erməni qızının fərqli cəhətləri də var, erməni qızı düşdüyü yolda əsas yoluna sadiqdir, qazandığını millətinin, dövlətinin yolunda qoyur, bizim məmurların çoxu isə yollarında yolsuzluq ilə məşğuldurlar,  o qədər ki, dövlətin yardımına da göz dikdilər və göz qoyanın gözündən lap düşdülər.

Erməni qızı dövlətinin və millətinin  məqsədlər toplusunu əzbər bilir, bizim məmurların çoxu isə məqsədlər toplumuzun üzünü heç açmayıb, bəziləri heç üzündən oxuya da bilmir.

Bizdə bəzi adamlara vəzifə verirlər, deyirlər “Get, dövlətə, millətə xidmət et!”. Adamlar vəzifə tutan kimi, milləti, dövləti unudurlar, özünəxidmətlə məşğul olurlar.

Vəzifə alan kimi, erməni qızının yol yoldaşlarından bir neçəsini boğazlayırlar, xalqın boğazından kəsib onların boğazına tökürlər, çox vaxt da yoldan çıxardıqlarını yola verə bilmirlər – yanlarında gözü kölgəli qalırlar, qaldıqları yerdən başlaya bilmirlər, qalıqları qalır, qalığın əvəzini ya ev, ya da maşın almaqla ödəyirlər.

Son günlər həbs edilən icra başçılarının və müxtəlif sahələrdə çalışan məmurların kamera qarşısında qızarmış sifətlərini, qulaqlarını, yəqin ki, çoxları gördü, adamlar “qırmızı işığı” keçdikləri üçün kameraya düşmüşdülər.

Hər biri kamera qarşısında bulaşıq əməllərindən ağızdolusu etirafda bulundu. Niyə belə açıq etirafda bulunur bu adamlar?

Çünki adamlar canlarında itdən qorxan kimi qorxurlar. Bilirlər ki, yığdıqları pul içəridə də işləyəcək, orada da istədikləri kimi yaşayacaqlar, təki ölüm-itim olmasın, canları sağ olsun, – olanlar unudulacaq. Baş verənlərə görə cəmiyyət onları bir azdan qınamayacaq, yenə məclislərdə çoxluq onları görən kimi, ayağa qalxacaq, təki cibləri dolu olsun.

Bu məsələnin daha qorxulu tərəfi də var. Belə yüksək vəzifə tutan məmurlar təsadüfən düşmən əlinə keçsələr, canlarının qorxusundan bütün dövlət sirlərimizi satarlar.

Yaxşı ki, belələri düşmən əlinə ancaq təsadüfən düşə bilərlər, Allah üzümüzə baxıb ki, belə təsadüflər çox da baş vermir.

Ərəb baharı, baharda solan ərəb liderlərinin aqibəti, Səddam Hüseyn, açıq döyüşə girməli, açıq döyüşdə ölməli olduğu halda qaçıb quyuya girdiyi, hansı vəziyyətdə  tutulduğu, nə günə salındığı da gözlərimizin önündədir. Gözə girməli olduğu halda gözdən düşdü.

Səddam Hüseyn açıq döyüşdə ölməyi seçsəydi, düşmən İraqdan çıxacaqdı, bir daha kimsə İraqla müharibə etmək haqda düşünməyəcəkdi, çünki xalq Səddam kimi açıq döyüşdə ölməyi seçəcəkdi…

Qanlı 20 Yanvar da çoxumuzun yadındadır, 20 Yanvara qədər özünü qəhrəman kimi aparanlar, millətin gözündə qəhrəman olanlar, onların çoxu 20 Yanvardan sonra millətin gözündən itdən düşən kimi düşdülər, Xalqı meydanda tək qoydular, qorxularından siçan deşiyin satın aldılar və sonrakı məğlubiyyətlərinin əsasını qoydular.

Can şirin şeydir, amma bu şirinin umrunda olmayanlar da var.

Və Böyük Heydər Əliyev – həmişə Birinci olan, yenə də Birinciliyin göstərdi, xəstə halı ilə necə cəsur, məğrur, iradəli, əzmli olduğunu bir daha sübut etdi. 1-cilər tərəfindən yaddan çıxarılmağa və unutdurulmağa çalışılan Birinci, Bakıya yeridilən Sovet ordusunun bir hissəsindən qorxanların əksinə olaraq, Qızıl Ordunun mərkəzində, Moskvada, bu əmrin verildiyi məkanda əmr verənlərə etiraz etdi, ölümünü, fiziki məhvini gözə aldı – ölümün üzərinə yeridi. Bu addımı sonrakı qələbələrinin ilkin əsası oldu!

Və Stalin – düşmən bir addımlıqda dayanmışdı, ayaqlarını yerə döyürdü, Stalin də iki ayağını bir başmağa dirədi, kabinetini tərk etmədi, hələ üstəlik parad da keçirtdi – almanlar üzərində qələbəsinin təməlini qoydu.

 İlqar Mehdiyev – yəqin, yenə çoxumuz unutmuşuq. Cəbrayılda icra hakimiyyətində işləyirmiş, düşmən Cəbrayıla hücum edəndə şəhəri tərk etmir, döyüş ərazisinə gedir və əsir düşür, düşmənin bütün işgəncələrinə dözür, düşmən bayrağına düşmənin gözü qarşısında tüpürür canı bahasına, onurğa sümüyü sındırılır, Milli Qəhrəman adı qazanır.

Və Vilayət Eyvazov – bugünün daxili işlər naziri, məmurlar çoxluğunun mövqe bildirməyə tərəddüd etdiyi anda az qüvvə ilə sinəsini məlum partiyanın qisasçı hissəsinin önünə verdi, heç vaxt təsadüfi seçilmədiyini, əldə etdiyi uğurları haqq etdiyini göstərdi və gələcəkdəki bütün uğurlarının təməlini atdı.

Və İsa Qəmbər – çoxlarının Böyük Heydər Əliyevin qarşısında səhvlərini etiraf etdiyi, bəraət almaq istədiyi anda, o, Böyük Heydər Əliyevlə məclisdə söz güləşdirdi, vaxtsız vaxtda vaxt qazandı.

Və Əli Kərimli – bütün təhdidlərə rəğmən, az qüvvə ilə məlum gün çıxmayan gündə, evindən çıxdı, sonda tək qalsa da, sona qədər getdi, sona qədər fiziki təzyiqlərə dözdü, qatı və barışmaz müxalifətçi olduğunu bir daha sübut etdi, xal qazandı.

Və Əli İnsanov – bir çox nazirlər kimi, eyni səbəbdən həbs olundu, amma fərqli həbs həyatı yaşadı, ömürlük həbs həyatını gözə aldı, əfv dilənmədi, özünü sığortaladı.

Və Mübariz İbrahimov – 30 ilə yaxın atəşkəs dövrü, ordumuzun müxtəlif səbəblərdən keçə bilmədiyi istehkamları keçdi, ordumuzun etmək istədiyini təkbaşına etdi, Xalq Qəhrəmanı oldu.

Və prezident İlham Əliyev – çox şeyi gözə alaraq gözünü qırpmadan atəşkəs dövründə, atəş açan düşmənə atəşlə cavab verilməsini əmr etdi, Aprel döyüşlərini başladı, öz gücünü düşmənə göstərdi və sonra da islahatlara başladı, TV-ekranlara qayıtdı ağ köynəkdə, qolunu çırmaladı… Və… Və…

Və Polad Həşimov – cəbhədə əsgərləri ilə birlikdə düşmənə qan uddurdu, ilk şəhid generalımız oldu, ürəyimizə dağ çəkdi.

Və Böyük Ərdoğan – dediyi və verdiyi sözləri sonacan tutdu, Müsəlman və Türk dünyasının Lideri olduğunu bir daha sübut etdi, ordusunu Azərbaycana göndərdi.

Və Tovuz hadisələri – düşməni ürəkləndirmişdilər, xalq uzun illərdən sonra paytaxt küçələrinə çıxdı, səsini başına atdı, səsi çatmayan yerlərə səsini çatdırdı, düşməni susdurdu.

Və Fuad Qəhrəmanlı – Fuadla siyasi baxışlarım fərqli olsa da (siyasətlə praktik olaraq məşğul olmuram, amma siyasi mövqeyim və dəyişməyən sifətim var), ailəsini və Fuadı çox yaxından tanıyıram, eyni rayondanıq, Fuadla eyni məktəbdə oxumuşuq, bizdən bir sinif aşağıda oxuyurdu. Fuad uşaqlıqdan dediyi sözə inanan, dediyindən dönməyən idi. Fuad dəfələrlə həbs həyatı yaşayıb, tutduğu yoldan dönməyib, təkrar həbslər onu qorxutmayıb.

Təkrar həbslər hakimiyyətə müxalif olan qüvvələrin tərəfdarları üçün stimul yaradır, məqsədli olaraq həbs xofu ortadan qaldırılır, təkrar həbslər gizli qüvvələr tərəfindən buna hesablanıb.

Fuad, hər şeyə rəğmən, tutduğu yoldan dönmürsə, liderini satmırsa, göstərdiyi əzmə, iradəyə görə ona hörmətlə yanaşmaq lazımdır.

Gerçəklik budur ki, adam ömrünün yarısını içəridə keçirdi. Adi bir şilləyə görə yerində cənab İlham Əliyevi sata biləcək yüz minlərlə hakimiyyət tərəfdarları, məmurlar toplusu Fuadın dönməzliyindən nümunə götürsələr, yaxşı olar.

Və kamera qarşısında özlərində olmayanlar (məmurlar) İlqarın və Fuadın yerinə olsaydılar, nələr etmiş olardılar – təsəvvür etmək belə vahiməlidir.

Və bu məmurlar nə etməli idilər – belə halda ən azı etdiklərini etiraf etməməli idilər, ən azı, deməli idilər ki, “Anlaqlı olmamışam, psixikam pozulub, kefli olmuşam, nəşəli olmuşam, bir sözlə, bu halların necə baş verdiyindən xəbərsizəm, videodakı mən deyiləm” və s. və i.a.

…Və can bu qədər şirin olmamalı idi.

Və ” Dolu” filminə 2013-2014-cü illərdə regionlarda baxış olanda yaradıcı heyət ilk olaraq həmin rayonlarda olan “Şəhidlər Xiyabanı”nı ziyarət edərdi, bundan xəbər tutan icra başçıları ya özləri gələr, ya da müavinlərini göndərərdilər. Bir rayonda isə başçı gəlməli idi, rayonun bütün vəzifəli şəxsləri xiyabanda idi və müavin gəldi, üzünü bizə tutub dedi:”Başçı indi gələcək, qabaqda gedəcək, siz də ondan 5 metr arxada”. Hamı razılaşan kimi idi, dözmədim, etiraz etdim: “Birincisi, başçı nə vaxt istəyir, özü gəlib şəhidləri ziyarət edər, ikincisi, biz niyə başçıdan 5 metr arxada getməliyik, terrorçuyuq?! Üçüncüsü də, bizim aldığımız tərbiyə imkan verir ki, yaşca bizdən böyüklərə yol verək”. Səsim də bir az ucadan çıxırdı, hörmət etdiyim şəxslər məni sakitləşdirdilər, amma başçı ilə birlikdə şəhidləri ziyarət etməkdən imtina etdim…

Adət üzrə, başçılar yaradıcı heyətə qonaqlıq verərdilər, həmin gün həmişəki kimi stolun lap axırında oturmuşdum, görünməz olum, başçı sağlıq dedi, bir az “xod getmək” istədi, baş verən hadisəni çatdırmışdılar ona, Sayın qulağına nə dedisə, quzu kababının ən yaxşı yerini öz qabağından götürüb mənə təklif etdi və dedi ki, o belə tapşırıq verməyib.

Və başçının quzunun ən yaxşı yerindən olan, özü üçün gətirilən kabab tikəsini mənə verməsinin səbəbi onun yanlış hərəkətinə etiraz etməm olmuşdu.

Və etiraz etməsən, kimsə öz qabağındakı ən yaxşı tikəni sənə verməyəcək.

Və quzu ətinin ən yaxşı yerindən olan kabab tikəsini yemək istəyənlər çoxdu.

Və ölkədə inqilab, qiyam istəyənlər də var…

Və inqilab, qiyam baş verə bilər – inqilab, qiyam istəməyənləri adam yerinə qoymasalar.

Və xalqın, millətin istəyini etirazsız, inqilabsız, qiyamsız öyrənmək və yerinə yetirmək lazımdır.

Və etiraz etdiyimə görə, mənə hədiyyə kimi verilən o tikəni yemədim./strateq.az/