Salam, xoş gəlmisiniz.

Rusiya XİN-in Departament rəhbərinin “DQR” nümayəndəsi ilə görüşü - MOSKVA İLƏ BAKI ARASINDA DAHA BİR QALMAQAL?

2018-05-19 14:27:46

Rusiya XİN-in Departament rəhbərinin “DQR” nümayəndəsi ilə görüşü - MOSKVA İLƏ BAKI ARASINDA DAHA BİR QALMAQAL?

Ötən gün Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev rəsmi Bakının diplomatik kanallarla Rusiya tərəfinə sərt etiraz bildirəcəyi barədə bəyanat yayıb. Bəyanata əsasən Rusiya ilə diplomatik münasibətlərdə yaranmış növbəti problemin səbəbi bu ölkənin Xarici İşlər Nazirliyinin 4-cü MDB Departamentinin direktoru Aleksey Pavlovskinin mayın 17-də Suxumidə separatçı Abxaziya rejiminin “xarici işlər nazirliyinin” yaradılmasının 25 illiyi münasibətilə təşkil edilən qəbul zamanı digər qondarma “respublikanın”-“DQR”in “xarici işlər nazirliyinin” nümayəndəsi ilə bir masa arxasında oturmasıdır.

Gürcüstanın separatçı Abxaziya bölgəsinin “xarici işlər nazirliyinin” yaradılmasının 25 illiyi münasibətilə Rusiya xarici işlər naziri Sergey Lavrov təbrik göndərib (Həmin tərbrik Rusiya XİN-in rəsmi saytında yer alır), XİN-in 4-cü MDB Departamentinin rəhbəri Pavlovski isə şəxsən abxaz separatçılarını təbrik etmək üçün Suxumiyə gedib.

Əlbətdə, Abxaziyanın Rusiya tərəfindən de-fakto ilhaq edildiyini və bunun hələlik “Abxaziya respublikasının” Moskva tərəfindən rəsmən tanınması formasında təqdim olunduğu nəzərə alınarsa yüksək rütbəli rusiyalı diplomatın Suxumiyə getməsi və orada hansısa yubiley mərasimlərinə qatılması təəcüblü deyil. O ayrı məsələdir ki, cənab Pavlovski Rusiya XİN-də MDB respublikaları ilə münasibətləri kurasiya edir, amma Abxaziya “respublikası” ilə ikitərəfli hökumətlərarası komissiyanın da üzvüdür, bu statusda vaxtaşırı olaraq Suxumiyə gedir. Yəni Moskvada 2008-ci ilin məlum hadisələrindən sonra Abxaziya və Cənubi Osetiyanı da MDB respublikaları ilə eyni statusda görməyə başlayıblar.

İndi isə Rusiya XİN-in yüksək vəzifəli nümayəndəsi daha da irəli gedib, Suxumidə qondarma Abxaziya rejiminin rəhbəri Raul Hadjimbanın təşkil etdiyi qəbulda “DQR xarici işlər nazirliyinin” nümayənəsi ilə eyni masa arxasında oturub. Əlbətdə, “müstəqilliyi” təkcə Rusiya və hansısa cırtdan ada dövləti tərəfindən tanınan “respublikanın” rəhbərinin təşkil etdiyi qəbulda Dnestryanı bölgənin “xarici işlər naziri” də yer alıb. Və bu fakt Moldova, Gürcüstan və Azərbaycan ərazilərində yaradılmış qondarma “respublikaların” haradan kurasiya edildiyini bir daha nümayiş etdirmiş olur. Gələcəkdə bu qondarma “respublikalar” klubuna Ukraynanın şərqində yaradılmış iki “xalq respublikasının” da qoşulmasına zəmin hazırlanır.

Amma bu da ayrı mövzudur və indiki halda Rusiya ilə diplomatik münasibətlərə ləkə gətirən görüş faktına rəsmi Bakının münasibətinə diqqət yetirmək lazım gəlir. XİN rəsmisi Hikmət Hacıyev bildirir ki, Rusiya tərəfdən bu addım regionda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimad yaradılmasına heç cür kömək etmir. Və bu cür addımlar regionda onsuz da mürəkkəb olan vəziyyətin daha da kəskinləşməsinə aparır.

Haqlı narahatlıqlardır, amma rəsmi Bakının məsələyə publik reaksiyası nədən XİN sözçüsünün bəyanatı ilə məhdudlaşdı və diplomatik kanallarla etiraz bildirilməzdən, yəni nota təqdim olunması kimi standart diplomatik prosedurdan əvvəl nəyə görə XİN-in daha yüksək vəzifəli şəxsləri Moskvaya, Rusiyanın regional xarici siyasətində tarazlığı həmişə ermənilərin xeyrinə pozmağa çalışan, nəticədə dəfələrlə Azərbaycanla münasibətlərdə gərginliyə səbəb olan cənab Lavrovun ofisinə zəng vurmadı? Yaxud məsələyə xarici işlər naziri Elmar Məmmədyarov özü şəxsən münasibət bildirsəydi daha adekvat olmazdımı? Axı söhbət Rusiya XİN-in Azərbaycanla da münasibətləri kurasiya edən Departamentinin rəhbərinin qondarma rejimin nümayəndəsi ilə görüşündən, bir masa arxasında oturmasından gedir və bu bütün hallarda yolverilməzdir, diplomatik qalmaqaldır.

Belə görünür ki, cənab Məmmədyarovun daha vacib və təxirəsalınmaz işləri varmış. O, Fələstinlə İsrail arasında son qarşıdurma ilə əlaqədar İslam Konfransı Ölkələrinin Türkiyənin təşəbbüsü ilə İstabulda təşkil edilmiş nazirlər toplantısında iştirak edir. Və ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsini pisləyir, bunu beynəlxalq hüququn pozulması, “humanitar fəlakətə yol açan addım” adlandırır.

Əlbətdə, Məmmədyarov Fələstin məsələsinin “hərtərəfli və ədalətli həlli üçün” öz köməyini də təklif edir. Hansı ki, onun əsas prioriteti hər halda Qarabağ və Azərbaycan ərazilərinin artıq 30 ilə yaxındır ki, işğal altında qalması problemi olduğuna görə (ən azından buna ümid edirik) elə İstanbuldan da rusiyalı diplomatın Qarabağdakı qondarma rejimin nümayəndəsi ilə görüşü məsələsinə müdaxilə edə bilərdi.

Yaxud onun müavini, Aleksey Pavlovski ilə ikitərəfli diplomatik məsləhətləşmələr çərçivəsində müntəzəm işləyən Xələf Xələfov işə qarışmalıydı və rusiyalı diplomata zəng vurub etiraz bildirərdi. Bunlar isə baş verməyib./virtualaz.org/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93