RUSİYANIN LİVİYA TƏLAŞI – Türkiyənin dəstəklədiyi Liviya ordusunun irəliləməsi Rusiyanı ABŞ-a “ağız açmağa” vadar etdi!

4

Hurriyyet.org xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Liviyada atəşkəsin təmin edilməsi üçün ABŞ-a müraciət edib. Rusiyanın xarici işlər naziri Vaşinqton iqtidarının Liviyada tərəflərə təsir eləməsinə müsbət yanaşdıqlarını, ABŞ-ın səyi ilə atəşkəs əldə edilməsindən razı qalacaqlarını bildirib.

Bəlli olduğu kimi, Liviyada Türkiyənin dəstəklədiyi qanuni Milli Barışıq Hökuməti qüvvələri Rusiyanın gizli şəkildə dəstəklədiyi (https://hurriyyet.org/xeber/abs-rusiyanin-heftere-desteyini-faktlarla-isbat-edib/)  qiyamçı Həftər qüvvələrini sıxışdırmaqdadır.

Hazırda, iki tərəf Liviyanın Rusiya üçün mühüm əhəmiyyət kəsb edən Sirte şəhəri uğrunda mübarizə aparır .

Rusiyanın “qırmızı xətt” adlandırdığı, Liviyada yerləşən Sirte şəhəri gözlənildiyi qədər qısa müddət ərzində Həftər yaraqlılarından təmizlənməyib. İddialara görə, Rusiya Sirteni NATO-nu cənubdan mühasirəyə almaq planının bir hissəsi hesab edir.

Sirte Binqazi ilə paytaxt Tripolinin arasında yerləşir.

Sirtenin strateji əhəmiyyəti Cufra hərbi hava bazasından şimalda yerləşməsi və bu iki məntəqə arasında 300 kilometrlik açıq düzənlik bir sahənin olması ilə bağlıdır.

Rusiya Şimali Afrikada Cufranı daimi baza olaraq əlində saxlamaq istəyir və beləliklə Aralıq dənizinin cənubunda mühüm bir istinad nöqtəsi yaratmağa çalışır.

Rusiyanın Cufraya Vaqner şirkətinin muzdlu hərbçiləri ilə yanaşı, 14 ədəd Miq-29 və Su-24 hərbi təyyarələri göndərməsinin səbəbi də budur.

ABŞ tərəfindən səsləndirilən iddialara görə, Rusiya Cufradan Suriyadakı Xmeymim bazası kimi faydalanmaq istəyir.

Rusiya Sirtenin Liviyanın Milli Barışıq Hökuməti tərəfindən ələ keçirilməyəcəyinə əmin olarsa, bir dəniz bazası qazanmış olacaqdır. Eyni zamanda qərb sərhədlərinə raket təhdidi olan NATO-nu cənubdan mühasirəyə almış olacaqdır.

Bu səbəbdən də Liviyanın baş nazirinin müavini Əhməd Muaytik Moskvaya səfər edərkən Rusiya rəsmiləri ona “Sirtenin qırmızı xətt olduğunu” bildiriblər.

Liviyanın sərvətlərindən istifadə edilməsi üçün Sirtenin alınması əsas şərtdir.

Liviyanın petrol ixracının 60 faizini tədarük edən “Petrol hilalı” bölgəsinə gələcək hər hansı bir hücuma qarşı “sərhəd zastavası” funksiyasını yerinə yetirməsi səbəbindən  qiyamçılar şəhəri əldən verməmək üçün əllərindən gələni edirlər.

Həmçinin, ölkəni iqtisadi və siyasi  birliyinin təmin edilməsi üçün şəhər qiyamçılardan və onların havadarlarından azad edilməlidir.

Moskva bu şəhərin itiriləcəyindən narahat olduğu üçün döyüşlərin bu yerdə dayandırılmasını, atəşkəs elan edilməsini, dolayısı ilə, Liviyanın parçalanmasını istəyir. Moskvanın Suriya və Liviyada apardığı parçalama və atəşkəs siyasətinə illərlə atəşkəs bölgəsində gənc övladlarını qurban verən, Ukrayna, Azərbaycan kimi parçalanmış ölkələr daha yaxşı bələddirlər.

Hurriyyet.org