“Rusiyanın Suriyada və Liviyada fəallaşması bizi narahat edir” – NATO-nun baş katibi

4

Hurriyyet.org xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Şərqi Aralıq dənizində və xüsusilə də Suriya və Liviyada fəallaşmasından narahat olduqlarını bildirərək, Liviyada BMT-nin liderliyi ilə sülh cəhdlərini dəstəklədiklərini bildirib. Stoltenberq bu sözləri NATO-nun müdafiə nazirlərinin sammitindən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

Türkiyənin “Anadolu Agentliyi”nin müxbirinin “NATO Liviyanı və xüsusilə də beynəlxalq ictimaiyyət və BMT tərəfindən tanınan Liviya hökumətini  necə dəstəkləyə bilər? Ölkənin şərqindəki qeyri-qanuni qilahlı qüvvələrin lideri Xəlifə Həftərin əlindən xilas edilən Terhune şəhərindəki kütləvi məzarlar barəsində fikriniz nədir?” suallarının cavabında Stoltenberq deyib: “Liviyada vəziyyət çox təhlükəli olmaqda davam edir. Kütləvi məzarlar barəsindəki hesabatlar bizi dərindən narahat edir və BMT-nin bununla bağlı istintaq çağırışını dəstəkləyirəm”.

NATO-nun Liviyada sülh üçün Berlin prosesini və BMT nəzdindəki cəhdləri dəstəklədiyini bildirən Stoltenberq, məsələnin Müdafiə Nazirləri Sammitində də gündəmdə olacağını  vurğulayıb.

Stoltenberq deyib: “NATO eyni zamanda Rusiyanın həm Suriya, həm də Liviyada olmaqla Şərqi Aralıq dənizində fəallığının artmasından narahat olur. Vəziyyəti yaxından izləyirik”.

Hurriyyet.org