Sərdar Cəlaloğlu: “Pandemiya çox böyük psixoloji şok yaradıb” – MÜSAHİBƏ

25 Aprel, 2020, 16:13
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Hər bir cəmiyyətin koronavirusa verdiyi reaksiya, həmin cəmiyyətin sosial-iqtisadi həyat modelini üzə çıxartdı”

 Pandemiya dünyanı öz “qəfəsinə” salıb. Bu durumun ayrı-ayrı cəmiyyətlərin problemə baxışına, sosial davranışlarına hansı yeniliyi gətirəcəyi maraqla izlənir. Eləcə də, ekspertlər pandemiyanın yaratdığı psixoloji şok vəziyyətini, cəmiyyətlərin yaşadığı çətinlikləri önə çəkir. Pandemiya dönəminin yaratdığı virtual həyat və sosial şəbəklərin aktivliyi də birmənalı deyil. Virtuallıq və insanların psixologiyasında buraxacağı izlər yeni mövzu olaraq meydana çıxır.

Bu və ya digər məsələlərlə bağlı “Üç Nöqtə”yə müsahibə verən Azərbaycan Demokrat Partiyasının(ADP ) sədri Sərdar Cəlaloğlu bir sox nüanslara aydınlıq gətirib.

“Kapitalizmin məruz qaldığı böhranlar Azərbaycan üçün xarakterik deyil”

– Sərdar müəllim, cəmiyyətlərin koronavirus pandemiyasına verdiyi reaksiya onun hansı xarakterini üzə çıxartdı və necə hesab edirsiz, cəmiyyətlərin bu karantin ərəfəsində öz gücünü ortaya qoya bilməsi üçün ona kurs verən resurslar nə dərəcədə aktivdir?

– Pandemiya ayrı-ayrı ölkələrin öz arzularından çox, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri ilə idarə olunur. Bu baxımdan bütün məsuliyyət də bu təşkilatın üzərinə düşür. Ona görə Amerika Ümumdünya Səhiyyə Təşkilatını ittiham elədi, onu ayırdığı pullardan məhrum elədi. Dövlətlərin bu prosesdəki rolu özünün daxili resursları ilə Ümumdünya Səhiyyə Təşkilatının qərarlarını nə dərəcədə icra etməsindən və dövlətlərin iqtisadi cəhətdən koronavirus dönəminə dözməsindən asılıdır.  Dünyanın ən güclü dövlətləri olan Amerika, İngiltərə və digər Avropa dövlətləri virusun şiddətli davam etməsinə baxmayaraq, artıq müəyyən bir yumşaldıcı tədbirlər görməyə hazırlaşırlar. Bu da onların iqtisadiyyatının uzunmüddətli karantin rejiminə dözə bilməməsi ilə bağlıdır.  Ekspertlərin mülahizələrinə görə, artıq Hind-Çin yarmadasında iqtisadi həyat stabilləşdiyi halda, dünyanın iqtisad güc mərkəzləri Avropa və Amerika iqtisadi cəhətdən gerilməyə məruz qalmışdır. Neftin qiymətinin sıfıra düşməsi bunun bariz nümunəsidir. Azərbaycan kimi ölkələrdə belə bir bitkin iqtisadi sistem olmadığına görə kapitalizmin məruz qaldığı böhranlar Azərbaycan üçün xarakterik deyil.  Zatən Azərbaycanda neftdən asılı olmayan nəhəng iqtisadiyyat yox idi. Ona görə də sadəcə olaraq neftin aşağı düşməsi nəticəsində Azərbaycan ciddi itkilərə məruz qaldı.

Xalqların koronavirusa münasibətinin özü çox maraqlıdır. Bəzi ölkələrdə, xüsusən də Amerikada əllərində silah çıxıb küçələrdə virus rejiminin ləğv olunmasını istəyirlər. Bəzi ölkələrdə, məsələn, Braziliyada prezidentin başçılığı ilə bu rejimin tətbiqinə etiraz edirlər. Bəzi ölkələrdə isə demək olar ki, əhalinin koronavirus karantin rejiminə xitam qoyub. Bu da faktiki olaraq həmin ölkələrdəki xalqların azadlıq istəklərinin nə qədər yüksək olmasını göstərir. Hətta ölüm təhlükəsində belə Amerika vətəndaşları öz fəaliyyətlərinin məhdudlaşdırılmasının qəti əleyhinədirlər. Amma Azərbaycanda buna o qədər də reaksiya yoxdur. Bu baxımdan da dediyiniz kimi, hər bir cəmiyyətin koronavirusa verdiyi reaksiya, həmin cəmiyyətin sosial-iqtisadi həyat modelinin nədən ibarət olduğunu üzə çıxartdı. Və yaxud da hər bir xalq, hər bir cəmiyyət, dövlət özünün sosial-iqtisadi modelinə uyğun koronavirusa reaksiya verir.

“Koronavirusa qarşı çox ciddi psixoloji reaksiya var”

– Xalqların pandemiya ilə bağlı  yanaşmalarını qeyd etdiniz. Necə hesab edirsiz, bu, hansı psixoloji təsirlərin nəticəsində ortaya çıxır?

– Pandemiya dünyada çox böyük psixoloji şok yaradıb. Bir çox ölkələrdə insanlar koronavirusun onların həyatını təhdid etdiyini düşünürlər və çox ciddi şəkildə bilinməyən bir təhlükənin təsiri altında yaşayırlar. Uzun müddət belə yaşamaq olmaz və təbii ki, bu, psixologiyada ağır fəsadlar qoyacaq. Bir azdan intiharların sayı artacaq, cinayətlərin sayı artacaq, daha fərqli hadisələr müşahidə edəcəyik. Məsələn, bu yaxınlarda  Kanadada 1 nəfər 18 nəfəri öldürüb sonra ələ keçib. İndi onun psixoloji vəziyyətinin nə dərəcədə olduğunu araşdırmaq lazımdır. Görünən budur ki, koronavirusa qarşı çox ciddi psixoloji reaksiya var.

“Virtual aləm demokratiyanın inkişafına böyük zərəbə vurdu”

 – Hazırda virtual həyatda yaşayırıq. Bu virtuallıq sosiallaşmada hansı töhfəsini verə bilər və hansı yeni mədəni ənənələri yaradır?

 – Virtual aləmin meydana çıxması demokratiyanın əsas şərti olan iştirakçılığı aradan qaldırıb. Faktiki olaraq, virtual aləm demokratiyanın inkişafına böyük zərəbə vurdu. Çünki vətəndaşlar faktiki olaraq iştirakçılıqdan çəkindilər. Sosial şəbəkələrdəki aktivlik isə demokratiyanın tələb etdiyi birbaşa iştirakçılıqdan fərqlənir. Virtual aləm arzu və xəyallarda yaşayan insanların ordusunu yaratdı. Halbu ki insanlardan öz həyatlarına konkret müdaxilə etmək, öz talelərində iştirak etmək tələb olunur. Digər tərəfdən, çox yanlış olaraq belə bir fikir formalaşıb ki, guya sosial şəbəkə insanların biliyinin, savadının artmasına səbəb olub. Sosial şəbəkə nəhəng informasiya verə bilir. Virtual aləmdə olan insanlar, başqalarından fərqli olaraq daha çox informasiya alırlar, amma bilikləri olmur. Çünki savad informasiyanın işlənməsindən meydana çıxır. Sosial şəbəkədə olan insanlar aldıqları informasiyaları qətiyyən işləmək imkanlarına malik olmurlar. Ən ciddi problem, sosial şəbəkədə informasiya xaosuna düşməkdir. Yəni insanlar sosial şəbəkəyə daxil olanda istənilən sahə üzrə milyonlarla informasiya almaq imkanı qazanır. Sosial şəbəkə təhsil sistemində olduğu kimi, insanlara nizamlı, ardıcıl tədricən çətinləşən nəsə öyrətmir. İnsanlar eyni vaxtda sanki həm 10-cu, həm də 1-ci sinifdə oxuyurlar. Yaxud, həm ali məktəbin verdiyi, həm də ibtidai təhsilin verdiyi informasiyaları alırlar. Bu, həmin informasiyalardan həm istifadə etmək qabiliyyətini aşağı salır, həm də insanların özündə müəyyən düşüncəsizlik yaradır. Bu da insanların zombiləşməsinə gətirib çıxarır. Çünki virtual aləm idarə olunur. Orda  müəyyən dairələr var ki, onlardan informasiya və böyük sosial qrupları idarə etmək üçün istifadə olunur. Məsələn, hansısa bir proqramın, hansısa bir şəxsin, informasiya agentliyin özünün şəxsi abunəçiləri var. Əslinə baxsan, sosial şəbəkədəki abunəçiliklə, bank müştərilərinin arasında heç bir fərq yoxdur. Hansı ki, bankın müştərisi olmaq o bankın qulu, köləsi olmaq deməkdir. Çünki bankdan kredit götürəndən sonra bankın razılığı olmadan azad hərəkət edə bilmirsən və nəticədə sən bankın köləsinə çevrilirsən. Onun icazəsi olmadan yaşayış yerini dəyişə bilməzsən, əmlakın üzərində hüquqların məhdudlaşır və sairə. Eyni ilə buna uyğun olaraq sosial şəbəkədə də abunəçilik adamları müəyyən mənada həmin abunəni təşkil edənlərin əlinin altındakı informasiya kölələrinə çevrilirlər. Onlar əvvəlcə bir neçə maraqlı informasiya ilə müəyyən bir auditoriya yığıb, sonara onlardan istədikləri kimi istifadə etməyə başlayırlar. Məsələn, baxıram ki, sosial şəbəkədə insanın beynini dumanlandıran çoxlu yalan məlumatlar var. Bunlar bir tərəfdən daha çox müştəri cəlb edir, digər tərəfdən heç bir əsası olmayan yalan məlumatlardır. Belə  görünür ki, insanlar virtual aləmdə daha çox yalan, şaiyələrlə idarə olunur. Bu da  yanlış, aşağı keyfiyyətli idarəetmədir və insanları  real gerçəkliklərdən qopartmağa hesablanıb. Məsələn, koronavirusla bağlı belə fikir yayırlar ki, bunu hansısa gizli qüvvələr edib. Bunlar özləri insanları mübarizədən, öz həyatları ilə bağlı aktiv qəraralar qəbul etməkdən məhrum edir. Əgər sən hansısa bir gizli qüvvənin hücumu altındasansa, nə edə bilərsən? Çünki o qüvvənin nə olduğunu bilmirsən. Bu baxımdan virtual aləm məsələsi çox ciddi problemdir. Bunun müsbət tərəfi budur ki, bütün sərhədlər yuyulur: dövlət sərhədləri, siyasi, ideoloji sərhədlər yoxdur. Düzdür, Şimali Koreya kimi bəzi ölkələrdə belə sərhədlər müəyyən edilib. Amma dünyanın əksər ölkələrində rejim nə qədər anti-demokratik olsa da, virtual aləmi o qədər də qapatmır. Nəticədə vətəndaşlar informasiya sərhədlərini genişləndirirlər. Amma bu Virtual aləmin azadlığı, ictimai-siyasi həyatda insanalara heç bir azadlıq vermir.

– Sərdar müəllim, siz də qeyd etdiyiniz kimi, bir çox hallarda ekspetlər sosial şəbəkə, virtuallaşma ilə insanların robortlaşmasına ixtisaslaşan bir prosesin getdiyini də önə çəkirlər. Belə qeyd olunur ki, bugünkü pandemiya bundan əvvəl başlanan sosial şəbəkələrin aktivləşdirilməsi, virtuallaşmanın nəticəsidir və sanki hansısa bir ssenari əsasında davam edir. Nə baş veriri? Sonrakı gediş nə ola bilər?

 – Sosial şəbəkələrlə pandemiyaların əlaqələrini müqayisə eləsək, pandemiya sosial şəbəkələrin xeyrinə işlədi. Pandemiya insanları evlərinə həbs edəndən sonra adamların sosial şəbəkədə olma müddəti 100 dəfə artıb. İnsanlar faktiki olaraq sosial şəbəkələrin əsirinə çevrilib. Digər tərəfdən, dediyim kimi, burda beyinlərin yuyulması işi aparılır. Xüsusilə də sosial şəbəkələrdə koronavirusla bağlı olduqca nəhəng informasiyalar var. Həm də virtual aləm milyardlarla gəlir gətirən biznesin bir formasına çevrilib. Burda milyardlarla pul dövriyyə edir. Bunun özü tamamilə yeni formanın – virtual iqtisadiyyatın meydana gəlməsinə səbəb olur. Necə ki, vaxtilə idman və konsertlər nəhəng maliyyə resurslarını udurdu, indi də virtual aləm o missiyanı oynamağa başlayır. Məsələn, böyük bir zavodu olan adam bir artıstin, bir futfolçunun bir ildə qazandığı pulu qazana bilmirdi. Halbu ki istehsalı təşkil etməklə həm cəmiyyətə xeyir verirdi, həm insanlara iş yeri açırdı və sair. Yalnız fərdlərin üzərində qurulan gəlirlərin nəhəng ölçülərdə artması faktiki olaraq iqtisadiyyatın digər sahələrində tənəzzülə gətirib çıxartdı. Hətta İtaliyada çox maraqlı hadisə oldu: bir həkim dedi ki, yaxşı çağırın gəlsin artistlər virusa qarşı mübarizə aparsın. Adi vaxtda bir artistə verdiyiniz pulu İtaliyanın bütünlükdə həkimlərinə vermirsiniz. İndi buna uyğun olan informasiya idarəçiliyi  iqtisadiyyatına keçmişik və sosial şəbəkələr çox nəhəng informasiya iqtisadiyyatı yaradıb. İsanlar burda çox nəhəng pullar qazanırlar və bunun da müqabilində idarəçilərin kölələrinə çevrilirlər.

“Biz gördük ki, emossional şok vəziyətində insanların müdafiə etdiyi dəyərlər öz mahiyyətini itirir”

– Bəs, Azərbaycan insanının pandemiya dövründə sosial mədəniyyətində nələr baş verir, yardımlaşma, bir-birinə dəstəklə bağlı hansı dəyərləri önə çəkmək olar?

– Əvvəla Azərbaycan cəmiyyəti pandemiyadan qabaq da ağır sosial-iqtisadi vəziyyətdə idi. Ona görə də bu yardımlaşma aşağı səviyyədədir. Hətta Avropanın inkişaf etmiş ölkələrində də biz gördük ki, emossional şok vəziyətində insanların müdafiə etdiyi dəyərlər öz mahiyətini itirir. Məsələn, Avropa Birliyi ölkləri  İspaniya və İtaliya çox nəhəng təhlükə qarşısında qaldığı bir vaxtda, ora göndərilən sosial, tibb vasitələri Almaniyada saxladı, Amerikada əl qoydu. Avropa Birliyi həmin ölkələrə heç bir yardım göstərmədi. Eləcə də vətəndaşlar mağazalara hücum edərək, ehtiyaclarından artıq ərzaq yığdılar. Bu onu gösətrir ki, emossional şok vəziyyətində insanların adi vaxtlarda müdafiə etdiyi dəyərlər öz mənasını itirir. Çox nadir hallarda bəzi insanlar o yardımlaşma, həmrəylik və sair dəyərləri saxlayır, yerinə yetirir. Bax, adam başa düşmək istəmir ki, bu rejimi pozması həm xəstəliyin uzanmasına, milyonlarla insanların evlərində qalmasına səbəb olacaq, həm də başqa insanların sağlamlığını da riskə atacaq. Ona görə də adamlar ən müxtəlif formalarda bu rejimi pozmaq üçün bəhanələr axtarırlar. Burda hansı həmrəylikdən söhbət gedə bilər. Digər tərəfdən karantin elə bir rejimdir ki, burda istəsən də həmrəylik nümayiş elətdirə bilməzsən. Yəni qonşudan qonşuya getmək qadağandırsa, küçəyə çıxıb yardım etmək qadağandırsa, nə etmək olar. Ümumiyyətlə, istər koronavirus, istərsə də vulkan, təbii fəlakətlər zamanı yaranan psixoloji şok, insanların normal düşünməsinə, normal davranmasına imkan vermir. Ona görə də düşünürəm ki, Azərbaycandakı indiki vəziyyət psixoloji şokun yaratdığı vəziyyətə uyğundur. Biz burada qeyri-adi dərəcədə insani dəyərlərin aktual olduğunu, digər toplumsal dəyərlərin fəallaşacağını düşünməməliyik və gözləməməliyik. Vaxtilə küçə itlərinə həddən artıq həssaslıq nümayiş etdirən Avropa bu gün minlərlə insanın ölümünə laqeydlik nümayiş etdirib, bir-birinə dəstək vermirsə, bu o deməkdir ki, doğurdan da psixoloji şok, siz dediyiniz o dəyərlərin həyata keçirilməsinə imkan vermir. Burda həddən artıq çoxtərəfli problemlər var. Düzdür, biz buna tibbi problem kimi baxırıq, amma pandemiya, təbii fəlakətlər, zəlzələlər yalnız təbiətin doğurduğu problem deyil, bu daha çox sosial məsələdir. Daha çox dəyərlər problemidir, daha çox iqtisadi problemdir. Əgər pandemiyada cəmi 100 min nəfər ölübsə, adi vaxtda avtoqəzalardan milyonlarla adam ölür. Avtoqəzada bu qədər adam ölsə də, iqtisadiyyata ziyan dəyməz, amma bu koronavirus görün dünya iqtisadiyyatını necə darmadağın etdi.

Tahirə


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93