Səxavət Məmmədov Dövlət Teatrını ŞƏXSİ MÜLKÜNƏ ÇEVİRİB

22

Mədəniyyət nazirliyi incəsənət idarəsinin rəisi İsmayıl Hüseynov isə ona hamilik edir

Çağdaş Azərbaycan mədəniyyətinin inkişafında Mingəçevir Dövlət Dram Teatrının xüsusi rolu var. 1968-ci ildə yaranan sənət ocağının milli teatr sənətimizdə özümlü yeri olması və 50 illiyi münasibətilə prezident İlham Əliyev tərəfindən 2018-ci ildə xüsusi sərəncam verilmişdir. Bütün bunlara baxmayaraq, mədəniyyət nazirliyinin apardığı “direktor teatrı” tipli yarıtmaz siyasətin sonucu olaraq, Mİngəçevir Dövlət Dram Teatrı gerizəkalı fedoal düşüncəsinin bir parçasına çevrilib. Faktiki olaraq direktor Səxavət Məmmədovun teatr sənəti ilə heç bir ilgisi olmasa da, bu sənət ocağını şəxsi “obyekti”nə çevirməsi göz önündədir. Dəfələrlə ölkə KİV-ləri tərəfindən problemlər qabardılsa da, sonucda mədəniyyət nazirliyi incəsənət idarəsinin rəisi İsmayıl Hüseynovun gözəgörünməz “sehrli çubuğu” sayəsində Səxavət Məmmədov qanunsuz əməllərindən əl çəkməyib, biznesini çiçəkləndirməyə nail olub.

Mingəçevir Dövlət Teatrı necə “obyekt”ə çevrilib?

Direktor Səxavət Məmmədov dövlət müəssisəsi olan teatrın həyətində çayxana, avtodayanacaq, maşınyuma, reklam mətbəəsi açmaqla yanaşı, teatrın binasının yarısını şəhər mədəniyyət idarəsinə icarəyə veribdir. Bu qədər əldə olunan gəlirlərin kimin cibinə axması “görünən dağa bələdçi lazım olmaz” şərtlərinə uyğunlaşdırlıb. Faktiki olaraq, bu “obyektlər”dən Səxavət Məmmədov ayda orta hesabla beş min manat gəlir əldə edir.
Direktor Səxavət Məmmədovun peşəkar teatr, dramaturgiya, aktyor sənəti, rejissor və digər yaradıcılıq sahələrindən uzaq olmasına baxmayaraq, Mingəçevir Dövlət Dram Teatrının direktoru kimi teatrın “Bədii Şurası”nı iflis vəziyyətinə salıb. Çünki,  Səxavət Məmmədov uzun illər Mingəçevirdə toyxanalarda video çəkən operatorun yanında kabel daşıyan olub. Bununla yanaşı, Yevlax istiqamətində şəhərin girişində restoranda çayçı işləyib. Əldə etdiyi qazancın hesabına ictimai-iaşə sahəsində peşəkar biznesmenə çevrilib. Biz əsla kimsənin özəl həyatına, biznesdə qazandığı  uğurlara müdaxilə etmək fikrində deyilik. Hər bir insanın fərdi istedadı sayəsində qazanclı olmasına normal yanaşırıq. Ancaq, Dövlət Teatrını şəxsi gəlir mənbəyinə çevirmək, oranı “sexovşik” təfəkkürü ilə idarə etmək, mədəni həyatımızın parçası olan sənət ocağında belə bir rəzalətin hökm sürməsinə yol vermək doğru deyil. Peşəkar teatr mühitindən və ixtisasca bu sahədən uzaq olan birinin mədəniyyət nazirliyi, özəlliklə incəsənət idarəsinin rəisi İsmayıl Hüseynov tərəfindən müdafiə olunması bütün anlaşılmazlıqların təməlidir. Direktor Səxavət Məmmədovun yarıtmazlığı ucbatından Mingəçevir Dövlət Dram Teatrının 30-a yaxın aktyorundan 3-4 nəfərinin İncəsənət Universitetini bitirməsi, digərlərinin fərqli ixtisaslar üzrə təhsilli olması göz önündədir. Ona görə də biz bütün yazılarımızda “dövlət teatrları dərnəyə çevrilib” deyəndə bu faktı nəzərə alaraq fikrimizi söyləmişik. Mədəniyyət nazirliyinin incəsənət idarəsinin rəisi İsymayıl Hüseynov tarixçidir və teatr mühitindən faktiki olaraq bilgisi yoxdur. Dövlət teatrlarına olan münasibəti də buradan qaynaqlanır.

Rejissorsuz Dövlət Teatrının acınacaqlı aqibəti

2018-ci ilin noyabr ayından bu yana Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru, nə də sıravi rejissoru yoxdur. Faktiki olaraq, böyük teatr ənənələrinə malik 52 yaşlı teatr rejissorsuz qalıb. Teatrlarda rejissor ştatlarının dolayı yolla ləğvi və sadəcə müqavilə əsasında tamaşaların hazırlanması prinsipi mədəniyyət nazirliyinin teatr mühitinə son illərdə vurduğu sarsıdıcı zərbələrdən biridir. Nazirlik ilk dəfə 2010-2016-cı illərdə Dövlət Akademik Milli Dram Teatrında belə bir təcrübəni həyata keçirmişdi. Belə ki, teatrın 6 tanınmış rejissorunu işdən azad etməklə, yaradıcılıq və təsərrüfat işləri tamamilə bir nəfərin əlində cəmlənmişdi. Bu qocaman mədəniyyət ocağının yaradıcı kollektivinin dirənişləri sayəsində nazirlik məcbur olaraq, geri çəkildi. Ancaq, belə bir neqativ teatr siyasətini bölgə teatrlarında davam etdirmək şakərindən əl çəkməyib. Buna örnək olaraq, Mingəçevir Dövlət Dram Teatrını göstərmək olar. Baş rejissoru və ya bədii rəhbəri olmayan teatrda peşəkar teatr sənətindən uzaq Səxavət Məmmədov adlı bir bürokratın və işbazın at oynatması üçün şəraitin yaradılmasının  başlıca səbəbkarını isə, mədəniyyət nazirliyinin incəsənət idarəsinin rəisi İsmayıl Hüseynovun simasında bulduq.  Səxavət Məmmədov vaxtilə Mingəçevir Politexnik İnstitutunu, İsmayıl Hüseynov isə, BDU-nun tarix fakültəsini bitirib. Hər ikisinin peşəkar teatr sənəti ilə bağlı olmadıqları da göz öünündədir. Peşəkar rejissorların və aktyorların çalışdığı teatrda nə qədər problemlər yaşanılsa da, yaradıcılıq baxımından sənət məsələsinə görə mübahisələr qismən zəif olur. Mingəçevir Dövlət Dram Teatrının baş rejissorsuz və ya tamamilə rejissorsuz qalmasından məmnun qalan isə, direktor Səxavət Məmmədov və onun himayədarı İsmayıl Hüseynovdur. Beləcə teatrın Bədii Şurası yaradıclıq və sənət baxımından heç bir hüquqa sahib deyil. Bu iki bürokrat hələ də anlamırlar ki, teatr kollektiv sənətdir. Bəzən bölgə teatrlarının, xüsusilə Mingəçevir Dövlət Dram Teatrının üzünü “ağardan” tamaşalar qoyulur. Bu da dəvətli rejissorların sayəsində. Xalq artistləri Vaqif Əsədov, Zülfüqar Abbasov, əməkdar incəsənət xadimi Bəhram Osmanov və əməkdar artist Xəzər Gəncəlinin  teatrda qoyduqları tamaşalar elə buna örnəkdir. Halbuki, teatrın öz baş rejissoru və rejissorları olsa, bu həm də yerli teatr mühitinin inkişafına təkan ola bilər.

Aktyorsuz Dövlət Teatrı sindromu

Bu gün etiraf etmək gərəkdir ki, mədəniyyət nazirliyinin səbatsızlığı, qeyri peşəkarlığı ucbatından, Füzuli, Ağdam, Qazax, Gəncə, Şəki, Mingəçevir, Lənkəran, İrəvan və digər dövlət teatrlarında peşəkar aktyorluq təhsili olanların siyahısını artıq barmaqla saymaq olar. Çünki, mədəniyyət nazirliyinin yürütdüyü “direktor teatrı” siyasətinin sonucu olaraq, belə bir acınacaqlı mənzərə yaranıbdır. Nazirlikdə isə teatrlara sənət baxımından sorumlu olan İsmayıl Hüseynovun ixtisasına görə bu sahə ilə bağlı heç bir ilgisi yoxdur. Ona görə də, dövlət teatrlarının saxlanılması, hər il büdcədən milyonlarla vəsaitin ayrılması siyasətini qorumaq üçün, həvəskarların teatrlara axını müşahidə olunur. Əslində belə bir duruma bölgələrdə yaşayanlar üçün “işsizlik” probeminin həlli kimi də yanaşmaq olar. Mingəçevir Dövlət Teatrı da belə bir aqibəti yaşayır. Çünki, direktorun özü ixtisasca texnikdir və onun işi texniki avadanlıqların təmiri üzrədir. Direktor Səxavət Məmmədov tarixdə ilk dəfədir ki, öz ixtisasını incəsənətə tətbiq edib. Beləliklə onun adının “Ginnessin Rekordlar Kitabı”na düşməsi hər an gözlənilir. Teatrın nəzdindəki kitabxanada işləyən və bu sahə üzrə təhsil almış mütəxəssislər əslində aktyor ştatı ilə təmin olunublar. Bundan əlavə, teatrda müxtəlif sahələr üzrə təhsil almış ştatlı aktyorlar da vardır. Mingəçevir Dövlət Dram Teatrının ştatında olan aktyorlardan 3-4 nəfəri Mədəniyyət və İncəsənət Universitetini bitiriblər. Direktor Səxavət Məmmədov incəsənət sahəsinin mütəxəssisi faktını rəsmiləşdirmək üçün, ikinci ixtisas kimi 7 ildir Mədəniyyət və İncəsənət Universitetində qiyabi təhsil alır və hələ ki, oranı bitirə bilməyib.

“Direktor Teatrı” probleminə nə zaman son qoyulacaq?

Bu gün Azərbaycanda bütün sahələrdə kadr və struktur islahatlarına başlanılıbdır. Təbii olaraq, belə bir addımlar cəmiyyət tərəfindən də təqdir olunur. Mədəniyyət sahəsində isə, korrupsiya hallarının qarşısının alınması ilə bağlı atılan addımlar nə qədər təqdir olunsa da, peşəkar sənət baxımından hər hansı ciddi addımlar atılmır. Bunun tipik örnəyi Leonid Brejnev dönəmindən qalma, inzibati amirlik metodu ilə idarəetmənin karikaturasına çevrilmiş “DİREKTOR TEATRI” anlayışıdır. Azərbaycan mədəniyyətinin fəlakətli durumda olmasının səbəbi nazir Əbülfəs Qarayevin Leonid İliç Brejnevin “mürgülü siyasəti”nin davamçısı olmasıdır. Ona görə də nazirlik belə bir duruma düşüb. Bu piramidanın daşları yuxarıdan aşağıya doğru həndəsi silsilə kimi kollaps böhranı ilə üz-üzə qalıb. Mədəni mühit nəfəs almaq sindromunu yaşayır. Hətta istedadlı dramaturqlar, rejissorlar və aktyorlar bunun aradan qaldırılmasında acizdirlər. Çünki, inzibati amirlik metodunun qalığı “direktor teatrı” siyasəti davam edir. Belə bir durumda təbii olaraq, mədəniyyətin, özəlliklə də teatrların inkişafından söz ola bilməz. “Direktor Teatrı” siyasətinin tipik karikaturası Mingəçevir Dövlət Dram Teatrı isə, tamamilə bərbad durumdadır. Burada bütün gəlirlər sadəcə iki nəfərin, yəni direktor və mədəniyyət nazirliyindəki himayədarı üçündür. Məktəblilərin qış və yaz tətillərində direktorun basqısı altında məcbur qalan aktyorlar 40-45 senas tamaşalar oynayırlar. Bütün gəlirlər isə bir nəfərin, yəni direktorun maraqlarının təminatına sərf olunur.
Mingəçevir Dövlət Dram Teatrı bölgə teatrları arasında yeganə mədəniyyət ocağıdır ki, tamaşaçı salonu, səhnəsi, digər texniki vasitələri ilə bütün standartlara cavab verir. Min dəfələrlə təəssüflər olsun ki, teatrın bu imkanları yarıtmaz “direktor teatrı” adlı sindroma pərçimlənib. Ona görə də, teatrda neçə nəfərin yaradıcı və ya texniki sahələrdə işləməsi qeyri müəyyənliklə müşahidə olunur. Çünki, şəffaflıq yoxdur. Bu da öz növbəsində korrupsiya əməllərinə gətirib çıxarır. “Direktor Teatrı” sindromunun alt qatında yer alan məmurların gizli maraqlarının səbəbləri elə bu prosesə bağlanıb.  “Direktor Teatrı” həm də dövlət mülkiyyətinin mədəniyyət feodallarının şəxsi mülkü anlayışına çevrilməsinə səbəb olub. Necə ki, Mingəçevir Dövlət Teatrında bunu hər an müşahidə etmək mümkündür.

Ənvər BÖRÜSOY, sənətşünas    

Hurriyyet.org