Salam, xoş gəlmisiniz.

“İSA HƏBİBBƏYLİNİN BELƏ FAKTI VARSA, PROKURORLUĞA MÜRACİƏT ETMƏLİDİR“

2017-10-10 11:07:55

“İSA HƏBİBBƏYLİNİN BELƏ FAKTI VARSA, PROKURORLUĞA MÜRACİƏT ETMƏLİDİR“

Sərdar Cəlaloğlu: “Səttar Mehbalıyevlə, İsa Həbibbəyli Vasif Talıbovun təəssübkeşi olmaqda şitini çıxardırlar”

“Ümumiyyətlə, bu insanların təhqir nədir, böhtan nədir, bu haqda heç anlayışları yoxdur”

“Biz hakimiyyəti elə bunlara görə tənqid edirik...”

 “Əgər Sərdar Cəlaloğlunun Vasif Talıbovla bağlı hansısa başqa fikri varsa, bunun üçün karikatura çəkməyə ehtiyac yoxdur”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” sərəncam imzaladı. Həmin sərəncamla oxunması zəruri olan kitabların siyahısı da təsdiq edildi. Hansı ki, bu siyahıda 30 kitabın adı yer alır.

Xatırladaq ki, həmin ərəfədə istər mətbuatda, istər də sosial şəbəkələrdə  Vasif Talıbovun bu sərəncamı ciddi müzakirə mövzusuna çevrildi. Belə ki, əksəriyyət Naxçıvan MR Ali Məclisi sədrinin kitab oxunması ilə bağlı sərəncamını təqdir etsə də, lakin oxunması zərəruri olan kitabların konkret siyahısının verilməsi və xüsusən də bunların sayının 30 kitabla məhdudlaşması ciddi tənqidlərə səbəb oldu. Öz növbəsində tanınmış karikaturaçı Gündüz Ağayev də V.Talıbovun məlum sərəncamını satirik dillə tənqid etdi.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, G.Ağayevin “Azadlıq” radiosunun sifarişi ilə çəkdiyi karikatura azadliq.org saytında dərc olunduqdan bir neçə həftə sonra, istinad olunaraq “Hürriyyət” qəzetinin sonuncu əyləncə səhifəsinin “karikatur baxış” bölümünə yerləşdirilib. Bu karikaturada heç bir təhqir elementi və yaxud aşağılayıcı ifadə yer almasa da, maraqlıdır ki, həmin gündən etibarən Vasif Talıbova yarınmaq üçün bir-biri ilə yarışa çıxan bəzi deputatlar “Hürriyyət”in rəhbərliyinin, ən əsası da qəzetimizin təsisçisi Sərdar Cəlaloğlunun ünvanına kəskin ittihamlar səsləndirməkdədir. Bunlardan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev daha çox canfəşanlıq göstərir.

Təbii ki, biz “Hürriyyət” olaraq heç bir təhqirə yol vermədiyimizdən, hazırda özünümüdafiə üçün hansısa addımlar atmaq fikrindən də uzağıq. Ən azı ona görə ki, Milli Məclisin mövcud tərkibində təmsil olunan deputatların şəxsiyyəti cəmiyyətə çox yaxşı bəllidir. Və həmin tərkibdə təmsil olunan bir, yaxud iki millət vəkili olar ki, hansısa qəzetin fəaliyyətinə irad tutmaq və yaxud hansısa redaktora tövsiyyə vermək üçün mənəvi haqqı olsun. Bu deputatlar isə, şübhəsiz, İsa Həbibbəyli və Səttar Mehbalıyev deyil.

Ən maraqlısı isə odur ki, bir təsisçi olaraq “Hürriyyət”in yaradıcılıq işinə heç bir halda müdaxilə etməyən ADP sədri Sərdar Cəlaloğlu da sözügdən deputatların hədəfinə çevrilib.  Hətta belə demək olar ki, “Hürriyyət” qalıb bir tərəfdə, İ.Həbibbəyli və S.Mehbalıyev ADP sədrinin üzərinə hücuma keçib və nə qədər gülməli olsa da, onu “yad qüvvələrin sifarişini yerinə yetirməkdə” ittiham ediblər. Odur ki, sözügedən ittihamlarla bağlı ADP sədrinin mövqeyini öyrənməyə çalışdıq. Yeri gəlmişkən, S.Cəlaloğlu müsahibə alınan tarixədək “Hürriyyət”də dərc olunan karikatura ilə tanış olmadığından, özümüzlə qəzetin bir nüsxəsini də aparmışdıq ki, nəyə görə ittiham hədəfi seçildiyindən xəbərdar olsun…

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeberlenti/37695-bu-karikaturaya-verdiyi-qiymt-sa-hbibbylinin-akademikliyini-ubh-altna-alr.html)

- İsa Həbibbəyli Sizi xarici qüvvələrə xidmət göstərməkdə də ittiham edir. “Yad ölkələrdəki məkrli niyyətli xüsusi dairələrin pul kisəsindən asılı olan, mümkün olan bütün vasitələrlə “himayədarlarının” etimadını qazanmaqdan, bu yolda lazım gələrsə ölkəsinə və xalqına qara yaxmaqdan çəkinməyən qruplardan fərqli bir addım gözləmək sadəlövhlük olardı” – deyə bildirir…

- Əvvəla, bu cinayətdə ittihamdır. Siyasi partiyanın və yaxud da qəzetin xarici dövlətlərdən maliyyələşməsi Azərbaycan qanunlarına ziddir. Əslində, İsa Həbibbəyli bizə böhtan atır, özü də ağır bir cinayətdə ittiham edir. Azərbaycan hökuməti ölkədəki bütün siyasi partiyaların, siyasi liderlərin, o cümlədən qəzetlərin maliyyəsi üzərində total nəzarət həyata keçirir. Əgər bu gün hansısa bir partiya sədrinin, xaricdə ya daxildə, hansısa bir bank hesabında 5 manat pulu olduğunu bilirsə, Sərdar Cəlaloğlunun hansı xarici dövlətdən maliyyələşdirildiyini də bilməlidir. İsa Həbibbəylinin belə bir faktı varsa, prokurorluğa müraciət etməlidir.  Mən özüm də qəzet vasitəsilə prokurorluğa müraciət edirəm ki, İsa Həbibbəylinin bu ittihamı mütləq araşdırılsın. Əgər doğrudan da biz, “Hürriyyət” qəzeti xarici dövlətlərdən maliyyələşirsə, haqqımızda cinayət işi qaldırılsın. Yox, əgər bu deyilənlər böhtandırsa, onda mən İsa Həbibbəyliyə sadəcə olara “ayıb olsun” demək istəyirəm. Əgər sən alimsənsə, arqumentin qurtarıbsa, şər atma. İnsan şərbaz olmaz, ağzına gələni, bilmədiyi şeyi danışmaz və başqasına böhtan atmaz. Bunların hamısı şər və böhtandır. İsa Həbibbəyli hökumətə bu qədər yaxındırsa, hökumətin bu qədər qeyrətini çəkirsə və bilirsə ki, biz də müxalifətik, xaricdən maliyyələşirik, əlində olan faktları mütləq Azərbaycan Respublikası Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə verməlidir. Çünki xarici dövlətlərdən maliyyələşmə Azərbaycan qanunlarına ziddir və Azərbaycan dövləti üçün real bir təhlükədir.

- Onda sual oluna bilər ki, xaricdən maliyyələşmirsinizsə, bəs necə fəaliyyət göstərirsiniz?

- Biz İsa Həbibbəylidən fərqli olaraq ümumiyyətlə nə daxildən, nə də xaricdən maliyyələşmirik. Maliyyələşsəydim, indiyə qədər yazdığım onlarla kitabım var ki, onları çap edərdim. Onda İsa Həbibbəyli də görərdi ki, mən onun kimi elmi institutda işləməyə-işləməyə ondan 10 dəfə çox elmi yaradıcılıqla məşğul olan bir adamam. Sadəcə, mənim bu kitabları çap etmək üçün vəsaitim yoxdur. Ona görə də, İsa Həbibbəyli böhtan atır. Bu böhtana görə də mən ona “ayıb olsun” deyirəm. Və bir daha Respublika Prokurorluğuna müraciət edirəm ki, ADP və “Hürriyyət” qəzetinin xaricdən maliyyələşməsi məsələsini araşdırsın. Əgər bu fakt düz çıxmayacaqsa, onda İsa Həbibbəylini ən azı Azərbayan qanunlarına görə böhtançı kimi məsuliyyətə cəlb etsin ki, heç olmasa bir daha belə böhtanı başqalarına da atmasın.

““

- Yeri gəlmişkən, Səttar Mehbalıyevin “simasızlıqda” ittiham etməsi ilə bağlı nə deyə bilərsiniz?

- Əvvəla, o karikaturanı nə mən, nə də bizim qəzetin rəssamı çəkib. Bu karikaturanın bizim qəzetdə getməsinə də mən göstəriş verməmişəm. Digər tərəfdən, Vasif Talıbova qardaşım oğlunun dəfnini təşkil etdiyinə, Qarabağ qazisi kimi qardaşıma çox böyük diqqət və qayğı göstərdiyinə görə ömrümün sonuna kimi minnətdaram. Düzdür, borcları da var, amma bəzi yerlərdə həm qardaşımın şəhid olan oğluna, həm də 24 il yataqda yatan qardaşıma borclarından da artıq bu və ya başqa şəkildə köməkliklər ediblər. Bu köməkliyi də mən unuda bilmərəm. Çünki o köməkliklər olmasaydı, bəlkə də qardaşım daha tez dünyasını dəyişərdi. Ona görə də mənim Vasif Talıbova qarşı heç bir şəxsi qərəzim ola bilməz. Əgər Sərdar Cəlaloğlunun Vasif Talıbovla bağlı hansısa başqa fikri varsa, bunun üçün karikatura çəkməyə ehtiyac yoxdur. Mən Heydər Əliyev, İlham Əliyev və başqaları haqqında istədiyim vaxt düşündüyüm, düzgün hesab etdiyim fikri deyə bilirəmsə, eləcə də Amerika, Türkiyə, Rusiya haqqında düzgün hesab etdiyim fikri ifadə edə bilirəmsə, Vasif Talıbovdan nə qorxuram, nə çəkinirəm, nə da ehtiyat edirəm...

O ki qaldı simasızlığa, ümumiyyətlə bu Səttarın özü simasızlığın nə olduğunu bilirmi? Mən öz simamı öz dilimlə ifadə edirəm. Mən müxalifətəm, Azərbaycan iqtidarının yanlış siyasətini tənqid edirəm. Bəs sən kimsən? Tutduğun vəzifəyə, daşıdığın mandata uyğun bir adamsan. Saxta mandatla gedib parlamentdə oturmusan. Simasızlıq budur. Sən millət vəkili kimi seçilməmisən, amma özünü millət vəkili kimi aparırsan. Sən uzun illərdir ki, Həmkarlar İttifaqları Konfederasiyasının başında durursan, amma səni kimsə seçməyib. Sən təyin olunmusan. Bax, simasızlıq budur. Orda seçilən bir adam oturmalıdır, amma sən seçilmiş adam deyilsən. Simasızlıq budur.

İkincisi də, sən ağzına gələni niyə danışırsan? Bu karikaturanın, qəzetdə çıxan materialın mənə nə aidiyyatı var ki, sən məni təhqir edirsən? Sən guya millət vəkili, Həmkarlar İttifaqları Konfederasiyasının sədrisən. Sən tutduğun vəzifənin, daşıdığın mandatın məsuliyyətini başa düşmürsən. Sən Azərbaycan Konstitusiyasına, qanunlarına tüpürürsən. Ağzına gələni danışırsan. Simasızlıq budur. Yəni bir insan bilmədiyi bir fakta görə başqasını ittiham edirsə, bu əsl simaszılıqdır. O karikatura əgər cinayətdirsə, sən sözünü birinci o karikaturanı çəkənə - “Azadlıq” radiosuna de. İkincisi, kimsə bunu qəzetdə çap edibsə, onun haqqında nə isə fikrin varsa, onun özünə de. Sərdar Cəlaloğlunu niyə bura qatırsan? Bunun məsələyə nə dəxli var? Həmkarlar İttifaqları Konfederasiyasındakı fəaliyyətini yoxlasalar, sənin kim olduğunu Azərbaycanda hamı bilər. Sənin orda sədr kimi apardığın işlərdən bizim xəbərimiz yoxdur ki?! Biz bilmirik ki, sən nə işlərlə məşğulsan?! Simasızlıq budur ki, Həmkarlar İttifaqları Konfederasiyasının sədri kimi sosial ehtiyacı olanlara kömək etməli olmağına rəğmən, sənin orda nələr etdiyindən bizim xəbərimiz var. Sən elə bilmə ki, “kəklik başını soxub qarın içinə, arxasından xəbəri yoxdur”.

- Sizə elə gəlmir ki, məhz hakimiyyəti tənqid etdiyiniz üçün İsa Həbibbəyli və Səttar Mehbalıyevin hücumuna məruz qalmısınız?...

- Biz hakimiyyəti elə bunlara görə tənqid edirik. Bu adamlar hakimiyyəti təmsil edirlər. Bilmirlər ki, söhbət nədən gedir... Mən özüm də naxçıvanlıyam. Əgər “hə da bə” demək təhqirdirsə, mənim anam da, dədəm də elə danışırdı, bütün tayfamız da, mən də elə danışıram, dediyim kimi, xaricdəki nəvələrim də elə danışır... İndi bu təhqirdirsə, birinci mənim özümə təhqirdir də. Mən özüm-özümü təhqir edirəm? İndi biz şəkililərin ləhcəsində danışanda, onları təhqir edirik? Əksinə şəkililər uğunub gedirlər. İnsan öz ləhcəsi, öz dili, öz mədəniyyəti ilə fəxr etməlidir. “Hə da bə” niyə təhqir olmalıdır axı?! İndi bakılılar “həri” ifadəsi işlədir. Azərbaycan dilində “həri” deyilən söz var? “Hə” əvəzinə “həri” deyirlər də. Bu təhqirdir? “Həri” təhqirdirsə, onda elə “hə da bə” də təhqirdir. Ümumiyyətlə, bu insanların təhqir nədir, böhtan nədir, bu haqda heç anlayışları yoxdur. Özləri o qədər çirkabın içindədirlər, o qədər qaranlıq oyunlardadırlar ki, elə bilirlər Sərdar Cəlaloğlu da hansısa bir oyun oynayır. Mənə Vasif Talıbov və yaxud da İlham Əliyev haqqında bir fikir demək lazım olarsa, bunu öz adımla, açıq şəkildə, siyasi dillə ifadə etmək imkanına və gücünə malikəm. Əksinə, mən Vasif Talıbovun o qərarını eşidəndə, düzdür 30 kitab məsələsini düzgün hesab etmirəm, amma o qərarı partiyada izah etdim ki, görün Azərbaycanda vəziyyət nə yerdədir ki, idarə edənlər vətəndaşlara zorla kitab oxutdurmağa məcbur olublar. Görün Azərbaycan vətəndaşları nə qədər nadanlıqda, nə qədər cəhalətdədir. Cəlil Məmmədquluzadə də elə “Molla Nəsrəddin” jurnalının birinci nömrəsində deyir ki, sizi deyib gəlmişəm ey xoruz döyüşdürənlər. İndi də bu qərar “barlarda, küçələrdə yatan gənclər, ey ucuz əyləncələrə gedən gənclər gəlin kitab oxuyun” – deməkdir. Sadəcə olaraq Vasif Talıbovun məqsədi ilə vasitəsi arasında ziddiyyət olduğuna görə, o karikaturaya gətirib çıxarıb. Görünür, bu da məsləhətçilərin yanlışıdır. Mən inanıram ki, Vasif Talıbov nə o kitabların siyahısını tutub, nə də ümumiyyətlə 30 kitab oxumağın zəruriliyi onun ağlının məhsuludur. Bunu köməkçiləri düşünüb. Görünür, onlar da savadsız adamlardır. Heç o kitabların nə görə seçildiyini izah edə bilməzlər. Tutaq ki, orda elə kitab var, tarixi janrdadır, kimsə onu oxumaq istəmir. Sən məcbur edə bilməzsən ki, kimsə onu oxusun. Bəs, bunun mexanizmi nədən ibarətdir. Deyir ki, bu kitabı oxu. Mən oxumamışam, onu nədən biləcəklər? Bu baxımdan deyirəm ki, məqsəd düzgündür, amma məqsədə gedən yolda yanlış addımlar atılıb.

Karikaturaya gəldikdə, bütün dünyada prezidentlərin də, spikerlərin də, deputatların da hər yerdə karikaturası var. Çörçildən tutmuş Hitlerə, Stalindən tutmuş Leninə qədər. Karikatura bir bədii janrdır. Müəyyən bir ifadəni daha çox satirik çatdırmaq üçündür. Bu, əslində Azərbaycanın faciəsinin bu karikaturasıdır. Gör vəziyyət nə yerdədir ki, adamlara kitab oxumaq əmr edilir. Göstəriş verilir ki, gedin bu 30 kitabı oxuyun. 30 kitabı oxuyan adam savadlı sayıla bilər? İnsan gərək ən azı 3-4 min kitab oxuya ki, orta səviyyəli dünyagörüşü yarana. İndi tutaq ki, Naxçıvan məmurlarının hamısı 30 kitabı oxudu. O məmurlar bu 30 kitabla hara gedib çıxacaqlar? Bu baxımdan karikaturanın təhqir hesab edilməsi gülüncdür. Mən elə bilirəm ki, Vasif Talıbov da bundan heç də narahat deyil. Amma bu adamların yaltaqlıqlarına baxın ki, Vasif Talıbovun özü buna reaksiya vermir, bunlar ondan qabaq ortaya düşüblər. Hətta ola bilər ki, heç o karikaturanı görməyiblər, bilmirlər ki, söhbət nədən gedir. Mahiyyət etibarilə bu karikatura nəyi göstərir? O karikatura Vasif Talıbovdan daha çox orda “daha nəyi oxuyum” deyən adamın karikaturasıdır. İnsan əmrlə kitab oxyur. İnsan özü başa düşmür ki, müsəlman üçün ölənə qədər oxumaq Allahdan gələn əmrdir. Bütün dünyada da sivil insanlar oxumaqla məşğuldur. Odur ki, bu karikatura oxumayan hər bir Azərbaycan vətəndaşının bütün gün tində durub avaraçılıq edən, narkotiklə məşğul olan və yaxud da adını alim qoyub, amma ömründə bir dənə kitab oxumayan adamların karikaturasıdır. Bu vasif Talıbovun karikaturası deyil. Vasif Talıbov deyir ki, kitab oxuyun da. Vaxtilə Orconokidze haqqında Leninin bir sözü vardı. Deyirdi ki, Orconokidze rus olmaqda şitini çıxarıb. İndi Səttarla, İsa Həbibbəyli də Vasif Talıbovun təəssübkeşi olmaqda şitini çıxardırlar. Birincisi, heç kəs Vasif Talıbovu təhqir etməyib, təhqir etmək fikri də yoxdur. Orda sadcə olaraq Azərbaycandakı çox acı bir reallıqdan söhbət gedir. Əgər bu təhqir olsaydı, Cəlil Məmmədquluzadə deyirdi ki, Rusiya karikaturaları çarı xoruz şəklində göstərir, biz İran şahının karikaturasını verə bilmirik. Cəlil Məmmədquluzadənin belə bir söz var. Bunu İsa Həbibbəyli çox yaxşı bilir. Əgər Çar Rusiyası vaxtından Cəlil Məmmədquluzadə çarı xoruz şəklində çəkirdisə və çar buna görə onu edam etmirdisə, indi İsa Həbibbəyli, və Səttar Mehbalıyevin o karikaturaya görə hay-küy salması, söyüş və böhtanları nəyə lazımdır? Belə çıxır ki, sən 100 il bundan əvvəlki çarın tolerantlığından 10 dəfə az tolerantsan. Bu, onu sübut edir. Və yaxud öz dövründə Hitlerin, dünyanın əksər ölkələrində prezdientlərin, dövlət başçılarının karikaturalarını çəkirdilər. Onda elə onlar həmin karikaturanı çəkən rəssamı edam edərdilər.

Karikatura tənqidin bir formasıdır. Kimisə ya sözlə, ya da şəkillə tənqid edirsən. Bəs mənim bura nə aidiyyatım var? Sən məni niyə təhqir edirsən? Deməli, mən bu qəzetin sahibiyəm deyə, bu qəzetdə gedən hər şeyə mən cavabdehəm? Onda belə götürək ki, İlham Əliyev Azərbaycan dövlətinin başçısıdır, bütün vətəndaşların fəaliyyətinə görə cavabdeh olmalıdır? Mənim bu qəzetin sahibi olmam o demək deyil ki, bu qəzetə total nəzarət həyata keçirirəm. O baxımdan, bu adamların ikisinin də əməlləri yarınmağa, Vasif Talıbova yaltaqlıq etməyə, onun rəğbətini qazanmağa xidmət edir.

- Sərdar bəy, ümumiyyətlə Vasif Talıbovla şəxsi tanışlığınız var?

- Vasif Talıbov məni çox yaxşı tanıyır. Hələ Azərbaycan Xalq Hərakatından yaxşı tanıyır. O, Naxçıvan Trikotaj Fabrikində işləyirdi, mən də AXC-nin rəhbərlərindən biri idim. O bilir ki, mən elə adam deyiləm, kiməsə deyəm ki, filankəsə söz at, belə et və s. Əgər Vasif Talıbovun əməli, hərəkəti mənim xoşuma gəlməsə, çıxaram qəzetdə ən kəskin siyasi dillə fikilərimi ifadə edərəm. Mənim kariktura çəkdirməyə nə ehtiyacım var? Ona görə də, maraqlıdır ki, bu adamlar nəyə görə “Azadlıq” radiosu haqqında bir kəlmə demir. Bu karikaturanın müəllifi həmin radiodur. Bizim qəzet götürüb onu tirajlayıb. Düz tirajlayıb, səhv tirajlayıb... Mən orda səhv görmürəm. Orda qeyri-adi bir şey yoxdur. Orda Vasif Talıbovu xan şəklində çəkiblər, guya bu onların qəlbinə dəyib. Bu da karikatura janrının üslublarından biridir. Bu İsa Həbibbəyli alimdir, Səttar da özünü alim hesab edir, amma bunlar o məsələni qaldırmırlar ki, görün Azərbaycanda vəziyyət nə yerdədir ki, vətəndaş dövlət rəhbərlərinin əmri ilə kitab oxuyur. Bu biabırçılıqdır. Gör Azərbaycanı nə günə salmısan ay İsa Həbibbəyli, ay Səttar! Gör dövləti nə günə salmısınız ki, vətəndaşlar kitab oxumaq üçün dövlətdən icazə alırlar. Söhbət bundan gedir.

Ayxan İLDIRIMTÜRK


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru