Sahil Babayev: “Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub”

22

 

“2020-ci ilin ilk yarısında nəzarət tədbirləri nəticəsində 54,8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib”.

Bunu Milli Məclisin iclasında “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev söylədi.

Nazir bildirdi ki, Dövlər Sosial Müdafiə Fondunun əməkdaşlıq etdiyi əsas bankların siyahısına da dəyişiklik edilib və onlara ödənilən vəsait 900 min manat azaldılıb: “Bu günə qədər 19 növ təminat, 30-a yaxın təqaüd elektronlaşdırılıb. Cari ildə daha 4 müavinətin elektronlaşması gözlənilir. Aparılan islahatlar əsasında ölkəmiz minimum pensiyanın məbləğinə görə MDB ölkələri sırasında birinci yerdədir”.

S.Babyevin sözlərinə görə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkə başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır: “Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub: “2020-ci ilin 6 ayının göstəricilərinə görə yaşa görə pensiyanın məbləği 307, ailə başçısının itirməyə görə isə 308 manata yüksəlib. MDB ölkələri ilə müqayisədə ölkəmizdə pensiyanın alıcılıq qabiliyyətinə görə birinci yerə yüksəlib”.

Nazir qeyd etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4784,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır: “Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunub”.

Nazir qeyd etdi ki, dürüstləşmə ilə cari ilin əvvəlinə Dövlət Sosial Müdafiə Fondunun hesabında formalaşan 197,2 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla – cəmi 238,0 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləği 238,0 milyon manat azaldılır: “Bu vəsait isə dövlət büdcəsi vasitəsilə pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldiləcək”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyuldu və ilk oxunuşda qəbul edildi./Musavat.com/