Salam, xoş gəlmisiniz.

“Əsas müxalifət partiyalarının liderləri ilə İlham Əliyevin özü görüşməlidir” - ARİF HACILI

2020-03-14 10:31:00

“Əsas müxalifət partiyalarının liderləri ilə İlham Əliyevin özü görüşməlidir” - ARİF HACILI

 “Bu, tanışlıq görüşü yox, ölkənin idarəçiliyinə, mövcud problemlərin həllinə, milli problemlərin müzakirəsinə bağlı bir görüş olmalıdır”

“...Burada hər hansı bir siyasi islahatdan söhbət gedə bilməz”

“Rusiya televiziya kanallarının birində elan olundu ki, Rusiyameylli olmayan hər hansı bir siyasi partiyanın Azərbaycan parlamentində təmsil olunması mümkün deyil...”

Prezident İlham Əliyevin martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışı bir neçə aspektdə olsa da, çoxpartiyalı sistemin inkişafı ilə bağlı fikirləri daha çox diqqət çəkdi və bu, sosial şəbəkələrdə, siyasi kluarlarda ciddi müzakirələrə səbəb oldu. Bu arada,  ölkə başçısının bəzi müxalif partiyaların ünvanına səsləndirdiyi “marginallaşmış”, “dərnək tipli” ifadələr də sosial şəbəkələrdə geniş müzakirə edilməkdədir.

Prezidentin “indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz” fikri göstərir ki, çoxpartiyalı sistemin inkişafı istiqamətində addımlar davam edəcək. Amma maraqlıdır ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə görüşlərini  Müsavat Partiyasının başqanı Arif Hacılı siyasi islahat hesab edirmi?

“Hürriyyət”in bu və digər suallarına cavab almaq üçün Arif Hacılı ilə söhbətləşdik.

- Belə iddia da yoxdur. Çünki  Ədalət Vəliyev özü demişdi ki, bu görüşlərdə məqsəd siyasi partiya rəhbərləri ilə tanış olmaqdır.

- Ancaq prezident İlham Əliyev bunu siyasi islahat kimi qeyd edib.

- Burada hər hansı bir siyasi islahatdan söhbət gedə bilməz. Bu, sadəcə Prezident Aparatının bir şöbəsi vasitəsilə siyasi partiyaları nəzarətə götürmək və ya siyasi partiyalara təzyiq etmək məqsədilə həyata keçirilən görüşlər kimi dəyərləndirilə bilər. Çünki siyasi partiyalarla dialoq, ümumiyyətlə, çoxpartiyalı sistemdə islahatların aparılması üçün yalnız şöbə müdiri ilə tanışlıq görüşləri həyata keçirmək yox, ilk növbədə Konstitusiyaya əməl etmək, ikincisi, bir sıra Konstitusiya dəyişiklikəri, demokratik islahatlar həyata keçirmək lazımdır. Azərbaycanda isə son dövrlərdə Konstitusiya və qanunlara edilən dəyişikliklərin əksəriyyəti neqativ dəyişikliklərdir. Bir qayda olaraq bu dəyişikliklər avtoritar rejimin möhkəmlənməsinə, demokratik azadlıqların məhdudlaşdırılmasına xidmət edir.

- Arif bəy, Ədalət Vəliyev sizi də görüşə dəvət etmişdi, ancaq getmədiniz. Daha doğrusu, onun Müsavat Partiyasının qərargahına gəlməyini  istədiniz, o da gəlmədi. Sizin bu addımınızı dəvətdən imtina kimi qəbul etmək olarmı?

- Mənim bu məsələyə yanaşmam kifayət qədər məntiqlidir. O bildirmişdi ki, mənimlə tanış olmaq istəyir. Mən də bildirdim ki, əgər mənimlə tanış olmaq istəyirsə, Müsavat Partiyasının qərargahına gəlsin, orada tanış olaq. Mən görüşdən imtina etmədim. Ancaq söhbət çoxpartiyalı sistemin inkişafından gedirsə, məsələn, İlham Əliyev çoxpartiyalı sistemin inkişafından danışırsa, əsas müxalifət partiyalarının liderləri ilə Yeni Azərbaycan Partiyasının lideri kimi, o, özü görüşməlidir və bu tanışlıq görüşü yox, ölkənin idarəçiliyinə, mövcud problemlərin həllinə, milli problemlərin müzakirəsinə bağlı bir görüş olmalıdır.

- Belə məlum olur ki, Ədalət Vəliyevlə görüşlərin perspektivini görmürsünüz...

- Axı, hakimiyyət tərəfindən belə bir iddia da yoxdur. Ədalət Vəliyev bildirir ki, o, sadəcə siyasi partiya rəhbərləri ilə tanış olmaq istəyir. Ədalət Vəliyevin kimlərləsə tanış olmaq istəməsi ölkənin siyasətinə hansısa şəkildə təsir edə bilərmi?

- Prezident İlham Əliyev çıxışında görüşdən imtina edən şəxsi nəzərdə tutaraq “Hər halda, uduzan biz olmayacağıq”-dedi. Sizcə, burada uduzan kim olacaq?

- İlham Əliyevin davranışlarından Azərbaycan uduzur. Ən kədərli mənzərə bundan ibarətdir.

- Ancaq uduzan tərəfin kim olacağını qeyd etmədiniz...

- Uduzan tərəf Azərbaycandır. Faktiki olaraq Azərbaycanda avtoritar rejimin möhkəmlənməsi, ildən-ilə daha çox Rusiyanın nəzarəti altına düşməsi, Rusiyadan idarə olunan “5-ci kolon”nun Azərbaycanın bütün hakimiyyət strukturlarını ələ keçirməsi istiqamətində fəaliyyətini artırması, Azərbaycanda demokratik institutların sıradan çıxarılması, bütövlükdə cəmiyyətin zəiflədilməsi, korrupsiyanın və rüşvətxorluğun inkişafı nəticə etibarilə Azərbaycanın məğlubiyyətinə gətirib çıxarır. Məhz bu səbəblərdən biz, Qarabağ problemi də daxil olmaqla, qlobal problemlərimizi həll edə bilmirik.

- Prezident çıxışında “Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır” deməklə, hansı mesajları verir və burada Müsavat Partiyası özünün yerini və rolunu görürmü?

- Azərbaycan cəmiyyətinin siyasi mənzərəsini Müsavat Partiyası olmadan təsəvvür etmək mümkün deyil. Bütün təzyiqlərə, təqiblərə baxmayaraq, Müsavat Partiyası Azərbaycanın əsas siyasi partiyalarından biri olaraq qalır və Azərbaycan cəmiyyətində kifayət qədər ciddi nüfuza malik olan əsas siyasi partiyadır. Elə keçirilən son seçkilərdə də Müsavat Partiyası ən çox namizədlə iştirak etdi. Keçirilən etiraz aksiyalarında da Müsavat Partiyası öndə idi. Bu aksiyada saxlanılanların, Mərkəzi Seçki Komissiyasına, Apellyasiyaya və Ali Məhkəməyə verilən şikayətlərin sayına görə də Müsavat partiyası öndə idi. Eyni zamanda biz 60 seçki dairəsindən namizədimizlə seçkilərdə iştirak edirdik və namizədlərimizin iştirak etdiyi dairələrin  əksəriyyətində seçkilərdə könüllü olaraq iştirak edən şəxslərin əksəriyyəti Müsavat Partiyasının namizədlərinə səs vermişdi. Yəni Azərbaycanda siyasi partiyanın gücünün müəyyənləşdirilməsi üçün azad və ədalətli seçkilər keçirilməliydi. Hətta indiki avtoritar rejim şəraitində bütün təzyiq və təqiblərə baxmayaraq, Müsavat Partiyası yenə də Azərbaycanın əsas siyasi partiyasi statusunu qoruyub saxlayır və Azərbaycan hakimiyyətinin, ölkədə müxalifəti sıradan çıxarmaq istiqamətində apardığı siyasətə ən ciddi müqavimət göstərən siyasi partiya Müsavatdır.

- Amma Müsavat Partiyası böyük siyasi partiya olsa da, bir nəfər də olsun namizədi parlamentə düşmədi...

- Bu, hakimiyyətin seçimi oldu, xalqın seçimi olmadı. Bəzi açıqlamalardan məlum olur ki, bu, yalnız hakimiyyətin də seçimi deyil. Azərbaycana qarşı düşmən siyasəti yeridən, Azərbaycanın 20 faiz ərazisinin işğal altında saxlanması üçün Ermənistanla hərbi ittifaqda olan Rusiyanın iradəsi də burada mühüm rol oynayır. Rusiya televiziya kanallarının birində elan olundu ki, Rusiyameylli olmayan hər hansı bir siyasi partiyanın Azərbaycan parlamentində təmsil olunması mümkün deyil. Rusiya Dumasında əsas fraksiyalardan birinə rəhbərlik edən Vladimir Jirinovski də bəyan etdi ki, məhz onlar Azərbaycanda Rusiyameylli olmayan siyasi partiyanın parlamentə buraxılmamasını təmin eidblər. Bu seçkilərdə iştirak edən partiyalardan parlamentə buraxılmayan partiya Müsavat Partiyasıdır. Rusiyameylli olmayan Azərbaycanyönmlü siyasət yeridən və Rusiyanın Azərbaycana yönəlik siyasətinin Azərbaycanın milli maraqlarına zidd olduğunu daim aşkar şəkildə ifadə edən də Müsavat Partiyasıdır. Yəni həm Rusiya televiziyalarının analitikləri, eyni zamanda Rusiya siyasətində Putinin deyə bilmədikləri sözləri ifadə edən Jirinovskinin bəyan etidiyi partiya məhz Müsavat Partiyasıdır. Bu da onu göstərir ki, Müsavat Partiyası yalnız Azərbaycan hakimiyyətinə qarşı yox, eyni zamanda Azərbaycana düşmən olan ölkələrin anti-Azərbaycan siyasəti yürüdən siyasi qüvvələrinə qarşı da mübarizə aparır. Belə bir ağır, çətin, mübarizə şəraitində, qeyri-bərabər imkanlar şəraitində apardığımız mübarizəyə baxmayaraq, Müsavat Partiyası bütün dünyada Azərbaycanın əsas aparıcı siyasi partiyası kimi qəbul olunur. Müsavat Partiyası istər Avropada, istər post-Sovet məkanında, istərsə də Türkiyədə Azərbaycanın əsas siyasi partiyası kimi qəbul olunur və Rusiya siyasətçilərinin də Azərbaycanda məhz Müsavat Partiyasına xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Azərbaycan hakimiyyəti də, Azərbaycana düşmən olan və siyasət yürüdən xarici qüvvələr də Azərbaycanı Rusiyanın təsiri altından çıxaracaq, onun problemlərini həll edib, müstəqil, hüquqi, azad bir cəmiyyəti olan bir dövlətə çevirmək gücündə olan siyasi partiyanın Müsavat Partiyası olduğunu çox yaxşı bilirlər.

- Fikrinizdən belə məlum oldu ki, indiki parlamentin fəaliyyətinə də Rusiya nəzarət edir.

- Mənim fikrimdən belə məlum olmadı. Bu, Rusiyanın televiziya kanallarında analitiklərin açıq şəkildə dediyi fikirlərdir, eyni zamanda Vladimir Jirninovskinin açıq şəkildə ifadə etdiyi bir fikirdir. Jirinovski daha irəli gedərək bildirdi ki, məhz Rusiyanın tapşırığı ilə Müsavat Partiyası parlamentə buraxılmayıb. İlham Əliyev Paşinyana cavab verdi, onun Azərbaycana qarşı olan fikirlərinə öz münasibətini bildirdi, ancaq Jirinovski çox ciddi bir bəyanat verib və Rusiya televiziyalarında bu mövzu geniş şəkildə müzakirə olunur. Hətta bu mövzuda dəfələrlə çıxış etməsinə baxmayaraq, İlham Əliyevin bu mövzuya toxunmaması da onu göstərir ki, Jirinovskinin dediyi və Rusiya televiziyalarında analitiklərin verdiyi açıqlamalarda deyilən fikir həqiqətdir.

Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93