Səfalı yaylaqlardan Pirallahı adasına...

Səfalı yaylaqlardan Pirallahı adasına...

İstər miladdan əvvəl, istərsə də son iki min ildə bəşər tarixini ələk-vələk etsən də bizim millətə tay tapmaq müşkül məsələdir. On minlərlə insan həlak olub, dədə-baba torpaqlarının yarısı gedib, külli-aləmdə arsızlığımızla (bizim alimnümalar buna tolerantlıq deyirlər) ad çıxarmışıq. Başımız yeyib-içməkdən, boş-boşuna söz güləşdirməkdən, haramzadalıqdan ayılmır ki, ayılmır. Əyyami qədimdən onu da bilirik ki, qövmin, dövlətin işi çətinə düşəndə silaha sarılıb ayağa duranlar şəcərəli zadəganlar, qeyrətli kübarlar, ağızlarından od püskürən savadlı din xadimləri olublar. Rəiyyət də onlara baxıb qeyrətə gəlib... Rəiyyət görəndə ki, sərvət-saman sahibi olan-qalanını haqq işi uğrunda mübarizəyə sərf edib, vətən, din-iman naminə ölümə gedirsə, o da xariqələr yaradıb, tərəddüd etmədən hər əzaba qatlaşıb.

Sovet hökuməti bizdə demək olar ki, əsl-nəcabətli bütün kübarların, klassik təhsil almış ziyalıların kökünü kəsdi. Son otuz ildə bizdə formalaşmış, külli miqdarda sərvət toplaya bilmiş vampir xislətli böyük bir zümrə indi kübarlıq iddiasındadır. Bər-bəzəkli imarətlər, villalar ucaldırlar, eləsi var ki, qapısında on-on beş qapı qulu, xadimə, qaravaş saxlayır, dünyanın ən bahalı kurort və əyləncə yerlərində istirahət edir, heyvani istək və ehtiraslarını cilovlamır. Öz aralarında yeyib-içəndə cariyə gününə saldıqları qadınların sayı ilə qürrələnirlər. Bu tüfeylilər kübarlığı astarından başa düşürlər. Çünki belə böyüyüblər, ataları keçmişdən nə əxz etmişdilər ki, bunlar da bir şey qansınlar. 70 il ərzində rəsmi ideologiya, yaltaq şair və yazıçılar, millət qatillərini tərifləməklə professor, akademik olan naqislər yetişən nəslə inadla bunu təlqin ediblər:

Şahlar, xanlar, əmirlər, bəylər nadan, arvadbaz, küt, zəhmətkeş xalqın düşməni, din xadimləri əxlaqsız, cahil, milləti ayıltmağa qoymayan qara qüvvə.

Mən isə deyirəm, əsl cahil, əsl əxlaqsız, millətin əsl düşməni bizim indiki rüşvətxor məmurlar, titullu ideoloqlardır. Din xadimlərini qınamıram, onları elə günə qoymayıblar ki, ikicə kəlmə söz deyə bilsinlər.

Hələ bunu qırağa qoyub başqa məsələdən danışmaq istərdim. İqtidarın qeyri-rəsmi ruporu sayılan qəzetlərin birində bizim generallar barədə maraqlı bir məlumata rast gəldim. Onu da deyim ki, ötən əsrin 50-ci illərində küçədə, ictimai yerdə qırmızı lampaslı şalvar geymiş generala rast gəlmək qeyri-mümkün idi. İşdir şayəd, biri görünsəydi hamı ona tamaşa edərdi.

İndi isə maşallah göz dəyməsin, elə bir təntənəli tədbir yoxdur ki, orada generallar səf çəkib durmasınlar. Zərrəbinlə dünya xəritəsinə baxsan Azərbaycanı güc-bəla ilə taparsan. Di gəl generalların sayına, burada biz çoxundan qabaqdayıq.

Bunun mənə dəxli yoxdur, ölkənin prezidenti var, külli ixtiyar sahibidir, kimi istəsə general edər, kimi istəsə əmiraxur. İndi bəziləri soruşa bilər, bu əmiraxur nəmənədir, bu haradan çıxdı? Bu suala cavabı ancaq və ancaq məşhur hərşeyşünas fazili-dövran Fazil ağa Mustafa verə bilər. Belə qəliz şeylər rəiyyətin girəcəyi kol deyil. Bizim general-polkovniklərin furajkalarının kokardalarına, mundirlərinin bər-bəzəyinə baxanda göz qamaşır. Elə bil neçə hərbi səfəri uğurla başa vurmuş əfsanəvi marşallardır. Bununla da işim yoxdur, general polkovnik özü bilər nə geyinər.

Məni maraqlandıran bu cənabların sinələrini bəzəyən saysız-hesabsız orden-medallardır. Bunlar indiyə qədər nə ediblər axı?

Bəlkə Səfəvi imperiyasının əfsanəvi qorçu alayının bahadırları kimi düşmən səflərini məhv ediblər? Bəlkə Ermənistanın lap içəri mahallarında intiqam reydləri keçirib düşmənin bazalarını dağıdıb saysız-hesabsız canlı qüvvəsini cəhənnəmə göndəriblər? Bəlkə Rusiyada ermənilərlə birgə biznes qurub, kefə baxan bizim binamusların neçəsini boğazından asıblar?

Məmləkətin tən yarısı yox, biabırçı məğlubiyyətləri, irz-namusun təhqir olunmasını adı epizodik döyüşdə əldə olunmuş kiçik uğurla ört-basdır etmək üçün dəridən qabıqdan çıxırıq. Vallah, billah, mən utanıram!

Axı Moskva bu kiçik uğuru da bizə çox gördü, açıqdan-açığa bizə bildirdi ki, həddinizi aşmayın. Bu əsl həqarət idi! Normal ölkələrdə zabit sərəfinin dəyərini bilənlər, milli təəsübkeşliyi hər şeydən üstün tutanlar ya üzə durardılar, ya raport yazıb işdən çıxardılar. Bizdə isə nə formalaşmış əsl zabit zümrəsi var, nə də qeyrətli iqtidar. Nə qədər oğul həlak oldu, yaralandı, Moskvanın həqarətini, bizi alçaltmasını konsertlərlə, heyvərə məddahların çərənləməsi ilə ört-basdır etməyə çalışan iqtidar nüfuzunu itirdi. Əzizlərini, doğmalarını itirənlər yana-yana qaldılar, tam biganələşmiş, keyləşmiş toplumun isə tükü də tərpənmədi.

Uzaq tarixə ekskurs

Eradan əvvəl 374-cü il, konsul Tit Manliy Torkvatın başçılığı ilə Roma ordusu səfərdədir, o düşmən üzərinə gedir. Düşərgə salınanda konsul əmr verir, heç kim cürət edib qırağa çıxmamalı, düşmənlə təmasa girməməlidir. Çox keçmir konsulun oğlu dözməyib özü ilə bir neçə süvari götürərək ətrafı gəzmək fikrinə düşür.

Elə bu zaman qəzayi-nəhsdən düşmən ordusunun sərkərdəsi də məiyyəti ilə qarşıdan çıxır. Heç demə, o da döyüşün baş verəcəyi yeri qabaqcadan öyrənmək istəyirmiş. Uzun sözün qısası, əvvəlcə çənə-boğaz başlayır, sonra da rəqiblər silaha əl atırlar.

Konsulun oğlu qısa çarpışmada rəqibini öldürüb, zirehli paltarını, əlbisəsini götürüb sevinclə düşərgəyə qayıdıb atasına məlumat verir, legionerlər onu alqışlayır, konsul isə susur, heç oğlunun üzünə də baxmır. Bir dəqiqə keçməmiş konsul döyüş şeypurlarının çalınmasını əmr edir.

Legionerlə səf-səf düzülürlər, sakitlik çökür. Mən burada konsulun bütün çıxışını yox, onun bəzi fraqmentlərini verəcəyəm: – Bir ata kimi qürur hissi duyuram,

düşmənin sərkərdəsini öldürmüsən, igidliyin hər təqdirə layiqdir. Biz konsullar dövləti, onun müqəddəs qanunlarını təmsil edirik. Romanın gücü də, qüdrəti də onun pozulmayan, hamı tərəfindən qorunan, yerinə yetirilən qayda-qanunlardadır. Sən isə müharibı zamanı nəinki qoşun başçısının əmrini, hətta Romanın bütün qanunlarını vecinə almadın. Cəzan ağır olacaq, yeganə balamsan, mən ata üçün bu dözülməz ağır dərddir. Sağ qalmağın dövlətin, qanunların təhqir olunması deməkdir. Əminəm ki, oğlum kimi göz qırpmadan, qorxmadan layiq olduğun cəzanı kişi kimi qarşılayacaqsan...

... Cavan döyüşçünün boynu vurulur. Qanunun aliliyi naminə doğma balasının öldürülməsini əmr edən Torkvatın adı tarixə düşüb. Onun qətiyyəti əsrlər, qərinələr boyu Roma üçün örnək oldu.

Min il ərzində Roma imperiyasını qələbədən qələbəyə aparan, onun təhlükəsizliyini təmin edən ordusunun gücü üç amildən asılı idi, zəhmət, şücaət və bir də silah.

Bütün tarixi məxəzlərdə bu düstur latın diluində belə verilib: “Opus, virtus, arma”. Bizim iqtidarın gülməşəkər “savadlı” ideoloqları buradakı dərin mənanı aça bilərlər.

(Ardı var)

Firuz HAŞIMOV