SEVGİ NƏDİR?

9 May, 2020, 15:54
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

CANLI ORQANİZMLƏRDƏ FƏRQLƏR VƏ DƏYİŞMƏLƏR

(“Fəlsəfi  söhbətlər” silsiləsindən)

Təqribən 275 milyon il bundan qabaq təbiət canlı aləmdə bölünüb, artma üsulunu əvəz etmək qərarına gəldi. Bu irəliyə doğru çox nəhəng bir addım idi. Çünki artıq əvvəlki üsul inkişafı təmin edə bilmirdi. Nəticədə canlı aləmdə məməlilər yarandı və  bu da böyük artıma səbəb oldu. Lakin az sonra bunun da böyük çatışmazlıqları üzə çıxdı. Belə ki, hər iki cinsdə prosesə çox da böyük maraq yox idi, həm də doğulanlar valideynlər tərəfindən o qədər də müdafiə olunmurdu. Xüsusən fiziki cəhətdən daha nəhəng və güclü olan erkəklər yeni nəslə tamamilə biganə idilər. Nəticədə canlı məməlilər arasında  yaşamaq və artıb-çoxalmaq  sual altına alındı Bu isə məməlilər aləmində təkamül yolu ilə  inkişafı təhlükəyə məruz qoydu.  Bu zaman kainatda ən nadir, ən ağlasığmaz, ən mürəkkəb, ən sirli və ən cazibədar bir yenilik baş verdi. Yenicə ayağa qalxıb milyon illərlə dördayaqlı olan saysız-hesabsız indi adlandırıldığı kimi  insan növlərinin  erkəklə dişisi arasında  SEVGİ adlanan bir hadisə baş verdi.

Mən belə düşünürəm ki, bu artıq beyinləri həcm etibarilə digər bütün canlıların beyinlərindən hədsiz dərəcədə böyük olan və düşünmə və təfəkkür kimi müstəsna üstünlüklərə sahib olan insanlara təbiətin, daha doğrusu  ZƏRURƏTİN  bir hədiyyəsi idi ki,  fani ömür kimi bir acı qismətin əvəzinə verilmişdi.  Bu, ona görə qəti şəkildə belədir ki, əslində iki cür mahiyyət daşıyan sevgi kütləvi halda yalnız ailə yaratmağa xidmət edir, tək-tək nadir hallarda isə böyük zəkalarda çox güclü şəkildə özünü göstərirdi. Təsadüfi deyil ki, bu günün özündə də böyük əksəriyyət  evlənəndə demək olar ki sevgisiz keçinirlər. Böyük zəkalarda və böyük istedadlı yaradıcılarda isə bu hiss hədsiz dərəcədə güclü olub onları bütün ömürləri boyu tərk etmir. Yəni sıravi adamlarda evlənmək vərdiş, tək-təklərdə isə güclü bir impulsa çevrilir.

Mən  ölümdən qorxmağıma ətrafdakı tanış-bilişlərdə və dostlarda isə bu qorxunun olmamasına uzun zaman təəccüb etmişəm və nə qədər fikirləşmişəmsə bunun səbəbini dərk edə bilməmişəm.  Nəhayət bir gün – yəni  təxminən 40 yaşımdan sonra dahi Otto Vayningerin “Cins və xarakter”  əsərində oxuyanda  ki  “yalnız ölməzlik eşqi ilə yaşayanlar ölümdən qorxur” – hər şey mənə aydın oldu.

Elə zənn edirəm ki, SEVGİ adlı ümumbəşər fenomeninin nə olduğuna azca da olsa  aydınlıq gətirirəm və bu da arif adamlar tərəfindən layiqincə qiymətləndiriləcək.

Aydınıdır ki  ZƏRURƏT bu işi lazım olanda görüb.  Amma o zaman  belə bir fundamental sual meydana çıxır: bu dəyişikliyİ ZƏRURƏT kənar göstərişləmihəll edib və ya orqanizmin özü tərəfindən hiss edilib yerinə yetirilir? Yəni məsələn qızın oğlana nisbətən zahiri cazibədarlığını, gözəlliyini, üzünün təmizliyini (tüksülüyünü) həll edən xromosomun genlərdə əmələ gəlməsi necə baş verib? Axı başqa – məsələn,  it, pişik, canavar, çaqqal və digər  saysız məməlilərdə bu fərq – yəni erkəklə dişinin zahiri fərqi gözəllik və cazibədarlıq planında elə də nəzərə alınmayıb. Əgər bu fərq kənar qüvvə tərəfindən yerinə yetirilirsə, bəs niyə məsələn canavar kimi ali bir canlılara tətbiq edilməyib. Yəqin ona görə ki  buna ehtiyac olmayıb. Belə ki, erkək canavar öz funksiyasını – yəni dişiyə olan maraq və qayğısını ən yüksək şəkildə yerinə yetirir – yəni dişini qoruyur və başqalarının ona yanaşmasına imkan vermir və eləcə özü də başqalarına maraq göstərmir. Çox maraqlıdır ki,  BU MƏSƏLƏLƏRDƏ BİR ÇOX MƏMƏLİLƏR İNSANLARDAN  QAT-QAT ƏXLAQLI, MƏNƏVİYYATLI OLUB YÜKSƏKDƏDİRLƏR. Bu çoxdan sübut olunub. Məsələn, bir çox illər heyvanların  həyatını müşahidə edən onların xarakterini əla bilən  Kanada yazıçısı Seton-Tompson qeyd edir ki, bir dəfə bir dişi iti aparıb canavarların məskəninə buraxırlar. Bu zaman həmin ərazidə yaşayan bir dəstə canavar erkəkli-dişili ovdan qayıdırmış. Onlar itin iyini hiss edib özünü də uzaqdan görəndə erkəklər itə doğru qaçırlar. Bu zaman  “ərinin” qaçdığını görən dişi canavar irəli sıçrayıb erkəyə çataraq ona badalaq vurur və erkək kəlləmayallaq aşır, sonra isə ayağa duraraq dayanır və artıq itə heç bir maraq göstərmir. Müəllif yazır ki erkək qətiyyən itə doğru cinsi hissin təsiriylə qaçmırdı. Onu itə doğru qaçmağa məcbur edən yalnız maraq olub. Və bunu bilən dişi canavar ona toxunub sanki deyir:  “nə edirsən?”  Və erkək ayılıb dişiyə qoşulub yuvasına gedir.

Əvvəllər qeyd etdiyimiz kimi iki ayaq üstə yenicə qalxan bu çoxnövlü məxluqlarda artım çox çətin alınırdı.  Əvvələn ətraf ət yeyən yırtıcılarla dolu idi və onların hamısı bu aciz məxluqun bir növ ovçuları idilər. Çünki hamısı fiziki cəhətdən  bu ilk insanlardan qat-qat üstün idilər. Nəticədə cinsi həvəsin də zəif olduğunu, dişilərin cazibəsiz olduqlarını da  nəzərə alsaq  insan artımı çox zəif gedir və bəlkə də əksinə alınırdı, yəni insanlar sayca azalırdılar. TƏBİƏT  və ya ZƏRURƏT isə  onlar üçün böyük GƏLƏCƏK  nəzərdə tutduqlarına görə çıxış yolunu axtarıb nəhayət iki-üç böyük yeniliklə problemi həll etmiş oldu. Onlar təkamülə əmr etdilər ki, həmin ilk insanların beyinlərinin həcmini artırmaqla dişilərinə də əlavə bir üstünlük versin – yəni beyin və gözəllik. Erkəklərə beyin, dişilərə gözəllik vermək üçün təkamül yəqin ki əvvəllər olduğu kimi çox da fikirləşmədi. Lakin hələ bu az idi. Erkək dişini himayə etməliydi, çünki dişinin özünü qorumaq imkanları sıfıra bərabər idi. Bununla da insanlara SEVGİ adlı kainatda yeganə yenilik olan bir hiss bəxş olundu. Bu on milyard illərdən bəri mövcud olan (fizika elminin dünənki qənaətlərinə görə) kainatda bəlkə də ən diqqətəlayiq, ən gözəl, ən dadlı bir yenilik, bir hiss idi ki,  insanlara hədiyyə edilmişdi.  Və bugünkü vəziyyət göstərir ki, onların da hmısına yox, yüzdə və ya mində birilərinə.

Beləliklə, bildik ki kainat üzüyünün ən qiymətli qaşı olan HƏYATIN özünün də üç brilyant qaşı var – yəni qaşın içində qaş. Bunlar hansılardır? SEVGİ, SEKS və ACLIĞIN DƏF OLUNMASI.  Bunların da əlbəttə, ən göz qamaşdıranı sevgidir.  Kainatda ondan böyük kəşf yoxdur.

Bütün bunlar bu və ya digər dərəcədə bütün xalqlara və bütün insanlara xasdır. Lakin məncə insanı bir fərd, bir şəxsiyyət kimi digərlərindən fərqləndirən, onlardan yüksəyə qaldıran və sevgidən də üstün olan  AZADLIQ  hissidir. Çünki  sevgi az da olsa insanları bərabərləşdirir, eyniləşdirir və bir kökə, bir mənşəyə aparır. AZADLIQ isə  yalnız və yalnız tək-tək nüsxələr üçündür.  Burda bir qəribə haşiyə ağlıma gəlir. Höte və Bethovenin müqayisəsi. Höte də dahi idi, Bethoven də. Lakin Höte Veymar kralının köləsi idi,  Bethoven isə saya almayanı. Məsələ bunda idi ki, Höteni nəticə müti etmişdi- yəni villalarda cah-cəlal içində yaşamaq imkanı. Bethovenin azadlıq eşqi isə ona aclıq və səfalət bəxş etmişdi.  Arif oxucular bu cəhətdən məni də bu gün qab dibi yalayan və milyonlar qazanan qələm sahibləri ilə də müqayisə edə bilər.

Qeyd etmək lazımdır ki, bugünkü dünyada artıq həyatın cövhəri olan və yalnız qüdrətli insanlara nəsib edilən bu hisslər bu gün nadir hadisələrdir. Onların daşıyıcıları hələ də varmı? Dahi olasan və üstəlik həm də azad, əyilməz və sarsılmaz. Hörmətli oxucum, belə şəxsiyyərlər varmı? Harda olursa-olsun, kimdir onlar?

Əgər pədərlər və xələflər olmasaydı, kim bilir etnosumuz bu gün bütün sahələrdə dünyaya meydan oxuyan neçə dahi Üzeyir bəylər bəxş edərdi!

Əlisa NİCAT


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93