Şirvan ədəbi-mədəni mühitinin iki dahisinin obrazını ekranda canlandıran istedad

7 May, 2020, 13:28
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ramal Əhmədzadə: “Fəxr edirəm ki, Seyid Əzim Şirvani və Aşıq Şakirin obrazlarıni ifa etmişəm”

Bu yaxınlarda “Şirvan Aşıq Məktəbi”nin görkəmli nümayəndələrindən biri olan ustad Aşıq Şakir haqqında çəkilmiş “Bir ömrün təntənəsi” bədii-sənədli filmini seyr etdim. Aşıq Şakirin erkən yaşlarını ifa edən gənc marağımı cəlb etdi. O, sanki uzun illərdir səhnə görmüş və kamera qarşısında çəkilməkdə peşəkar aktyorlar qədər təbii və canlı şəkildə rolunun öhdəsindən gələn biri olaraq təsir bağışladı. “Nizami” kino mərkəzindən ayrılandan sonra, ertəsi gün sənət dostum və filmin ərsəyə gəlməsində böyük zəhməti olan Ağayar Ağayevə bu gəncin barəsində yazı hazırlamaq fikrimi dedim.

Kiçik bir xatırlatma: Ramal Əhmədzadə ABC Kollecinin 7-ci sinfində oxuyur. Həmçinin IT Step Akademiyasinin tələbəsidir. IT texnologiyalari ilə maraqlanir . Rus, ingilis və türk dillərində sərbəst danışır, alman dilini öyrənir. İdmanın cüdo növü ilə məşğul olur. Eyni zamanda mütailə etmək və sənətlə məşğul olmaq kimi üstün keyfiyyətlərə malikdir.

– Ramal, necə oldu ki, kino və incəsənət sahəsinə bu qədər marağın yarandı?

– Mən ziyalı ailəsində anadan olmuşam. Ailəmizin, xüsusilə də atamın çoxlu sayda ziyalı dostları var. Atam texniki sahə üzrə mütəxəssis olsa da, dostlarının arasında incəsənət adamları var. Atamın yaxın dostları arasında istedadlı aktyor və sənətkar Ağayar Ağayevin xüsusi yeri var. Ağayar müəllimin sayəsində mən ilk dəfə bədii ekrana ayaq açdım. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvani haqqında 2017-ci ildə çəkilən filmdə onun uşaqlıq çağını mənə həvalə edəndə günlərlə özümə gələ bilmədim. Hətta gecələr rahat yata bilmirdim.

– Bunun səbəbi nə idi?

– Həyəcandan.

– Necə yəni?

– Mən adi bir məktəbli, Azərbaycan ədəbiyyatının klassiki Seyid Əzim Şirvaninin obrazını necə canlandıracağam, deyə özümə çoxlu suallar verirdim. Sağ olsun, Ağayar müəllimi. O, olduqca səbr və təmkinlə rolumu izah edir və sözləri necə tələffüz etməyi mənə öyrədirdi. Axı, adi və ya ədəbi dildə danışıq tərzindən savayı, həm də səhnə danışığı qaydaları da var. İntonasiya ilə sözləri düzgün deməyi saatlarla məşq edirdim. Klassik ədəbiyyatımızda yer alan əruz janrında şeir demək mənim üçün bir əzaba dönmüşdü. Film çəkilib qurtarandan sonra, özüm özümə çox təəccüb etdim. Hətta yol gedəndə, məktəbdə, məşqlərdə və evdə Əzim rolunu necə oynadığım gözlərimin önündən getmirdi .

– Deyəsən Aşıq Şakir haqqında çəkilən film sənin üçün bir qədər rahat oldu?

– Bu dəfə ilk filmdə olduğu kimi, çəkiliş boyu daxili həyəcanım mənimlə yan-yana idi. Çünki, müasir teatr və incənəsənət sahəsində canlı korifeyləri kimi dəyərləndirilən xalq artistləri Nurəddin Mehdixanlı, Nazpəri Dostəliyeva, Əli Nur, eləcə də əməkdar artislər Elxan Quliyev, Novruz Qartal, Rövşən Kərimduxt və digər sənət xadimlərindən Ağayar Ağayev, Elnar Qarayev, Zilli Namazov, Sima Şabanova, Mithət Aydın, Nərgiz Məmmədzadə, Vasi Məmmədov, Amil Dadaşov və başqaları ilə eyni filmdə rol oynamaq mənim üçün qürurverici oldu.

– Bəs filmin rejissoru və digər yaradıcı heyətlə çəkiliş zamanı çətinliyin olmadı ki?

– Quruluşçu rejissor Ruslan Paşa, quruluşçu operator Fahir Səmədoğlu və digər sənət adamları mənimlə olduqca həssas davranırdılar. Onların göstərdiyi nəvaziş, səbr və təmkin mənə qol-qanad verirdi. Ona görə də daxili sərbəstliyimin sayəsində çəkilişlər zamanı heç də çətinliklər çəkmədim. Xalq artistləri Nurəddin Mehdixanlı, Nazpəri Dostəliyeva, Əli Nurun, eləcə də Ağayar müəllimin mənimlə mehriban davranışları, sənətlə bağlı zəngin təcrübələrindən sanki tamamilə onların qayğısı ilə əhatələnmişdim.

– Ailənizdə sənin filmə çəkilməyinə necə yanaşdılar?

– Hamı qarşılıqlı anlayış göstərdi. Çünki, onların tək istəyi övladlarının əldə etdiyi uğurlardan qürur duymaqdır. Bir də ki, bizim ailədə övlad-valideyn münasibətləri daha çox dostluq şəraitinə bağlıdır. Əslində valideyn övladı ilə keçmişin qalığı kimi, feodalizmdən irəli gələn qayda-qanunlarla münasibətdə olanda orada heç bir zaman anlaşma olmur. Hər şey daha çox saxtakarlıqla, qorxu və təlaşlar içində əhatələnir. Amma, dostluq münasibətləri olan yerdə bütün sirrini və dərdini ən yaxın dost kimi paylaşmaq tərzi daha üstün xarakterik xüsusiyyətləri ortaya qoyur. Anam və atam mənə belə bir tərbiyə verib.

– Qayıdaq film məsələsinə. Yəqin bundan sonra, yeni təkliflər ortaya çıxacaq

– Bu barədə əvvəlcədən heç nə deyə bilmərəm. Hələlik başa düşdüyüm bir şey var ki, ailəmizdə hamı iki filmdə oynadığım rollarımdan razıdırlar. Həm də ona görə ki, Azərbaycan ədəbiyyatının və aşıq sənətinin korifeyləri olmuş bu iki dahi şəxsiyyətin uşaqlıq illərinin rollarını ifa etmək mənə qismət olub. Hər iki filmin çəkilişindən sonra və elə indinin özündə belə, milli tarixi keçmişimizə, klassik ədəbiyyatımıza, xüsusilə Şirvan mədəni mühitinə məndə olan maraq daha da artıbdır.

– Niyə məhz Şirvan ədəbi və mədəni mühiti?

– Əslim- köküm Şamaxıdandır. Fikrimizcə hər bir insan ilk öncə mənsub olduğu bölgənin, daha sonra isə bütövlükdə vətənimiz Azərbaycanın tarixi, ədəbi və mədəni mühitinin dəyərlərini öyrənməyə borcludur. Aşıq Şakirlə bağlı filmin Ağsuda çəkilişləri  zamanı yerli əhalidən, xüsusilə aşıqlardan, zurna, balaban və qaval ifaçısı olan  sənətkarlardan onun haqqında çox şeylər öyrəndim. Onların söylədikləri faktlar və hadisələrin heç biri nə kitablarda, nə də internet resurslarında yoxdur. Aşıq Şakirin dahiliyi ilə bağlı elə filmin çəkilişləri zamanı daha çox bilgi əldə etdim. Ona görə də çəkiliş zamanı Aşıq Şakirin erkən dövrünü oynamaq çətin olmadı. Çəkiliş meydanına hər dəfə gələndə psixoloji baxımdan özümü tam rahat hiss edirdim. Aşıq Şakirlə bağlı yerli sakinlərin söhbətləri zamanı Aşıq Bilal və digər dahi ustadlarımızla ilgili  zəngin məlumatlar əldə etdim.

– Aşıq Şakirin yaradıcılığında yer alan qoşma, gəraylı, ustadnamə, dodaqdəyməz, təcnis, gözəlləmə və başqa janrlar haqqında məlumatlar əldə edə bildinmi?

– (gülür…) O qədər də yox. Aşıq Şakirin şəxsən özünün bəstələdiyi və bu günün özündə belə, hamı tərəfindən sevilə-sevilə dinlənilən “Kəndimiz”, “Maral”, “Telli sazım”, “Nə bağ bildi , nə də bağban”, “Şirvan şikəstəsi”, “Döymə Kərəm”, “Bakı”, “Bala nərgiz”, “Qırx il”, “Etibarlı dost”, “Kərəmi”, “Şirvan şikəstəsi”, “Gəraylı”, “Sarı torpaq”, “Müxəmməs”, “Təcnis”, “Dilqəmi” və başqa havaları çox dinlədim. Hər mahnısında sanki, insan ruhu yaşayır. Bir də xalqımızın milli musiqisinin ənənələri ilə uzlaşan melodiyalara valeh oldum.

– Seyid Əzim Şirvani və Aşıq Şakirin erkən çağlarını canlandırdığın, bir-birindən fərqli obrazların qalerayasında bu gün özünü necə hiss edirsən? Heç yadına düşürmü Şirvan ədəbi-mədəni mühitinin bu iki dahi sənətkarının obrazlarını necə yaratdın?

– Tez-tez yadıma düşür. Ailəmizdə, qohumlar, dostlar, eləcə də məktəb yoldaşlarım  bu filmlərdən sonra, mənə qarşı daha ciddi münasibət göstərirlər. Bu, həm də böyük məsuliyyət deməkdir.

– Yəqin orta təhsili bitirəndən sonra, incəsənət sahəsinə üz tutacaqsan?

– Bu barədə fikirləşməmişəm. İndiki halda dərslərimi daha dərindən mənimsəməyi üstün tuturam. Əzbərçilik deyil, elmi baxımdan bütün fənnləri dərindən öyrənmək istəyirəm. Çünki, indiki dönəmdə universallıq istənilən elmin əsasları deməkdir. Həvəsim texniki elmlərədir. Memar olmaq istəyirəm. Bu, həm də seçdiyim peşəni gələcəkdə mənimsəməkdə çətinlikərin aradan qaldırılması üçün vacib şərtlərdən biridir.

Ənvər Yusifoğlu,

Sənətşünas

P. S. Beləliklə, Ramal Əhmədzadə ilə söhbətimizi bitirib ayrılıram. Ölkəmizdə onun kimi çoxlu istedadlar var. Onların üzə çıxması üçün mühit yaradılıb. Bizlər istedadlı gənclərimizə daim dəstək olmalıyıq. Çünki Azərbaycanın əsl gələcəyi və inkişafı istedadlarımızın taleyinə bağlıdır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93