“Sivil toplumla rəsmi şəxslər arasında təcili müzakirələrin başlamasına böyük ehtiyac var” – RÖVŞƏN AĞAYEV

2

“Cənubi Qafqaz üçün nəzərdə tutulan bütün inkişaf layihələri digər 2 ölkəyə gedir”

“Siyasi partiyalarla PA rəsmisinin görüşlərinin sonunda nələrin baş verəcəyi barədə nəsə deyə bilmərəm. Amma bir vətəndaş cəmiyyəti təmsilçisi olaraq sivil toplumla rəsmi şəxslər arasında təcili müzakirələrin başlamasına böyük ehtiyac var”. Hurriyyet.org xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib.

R.Ağayev  qeyd edib ki, 90-cı illərin başlanğıcından son 7-8 il əvvələdək bir çox sahələrdə vətəndaş cəmiyyətinin fəallığına və keyfiyyətli fəaliyyətinə görə region ölkələri içərisində öndə olan Azərbaycan bu gün bütün istiqamətlərdə autsayderdir.

“Nüfuzlu və peşəkar ictimai rəy liderlərinin yetişdirilməsinə şərait yaradılmalıdır”

Ağayev hesab edir ki, görüş və müzakirələrin bir mövzusu olmalıdır: “Vətəndaş cəmiyyətinin şəffaf və azad fəaliyyəti üçün bütün maneələr aradan qaldırılmalı, Gürcüstan və Ermənistanda olduğu kimi bütün nüfuzlu beynəlxalq təşkilatların ölkənin inkişafı üçün layihələr həyata keçirməsinə, yeni nəsil nüfuzlu və peşəkar ictimai rəy liderlərinin yetişdirilməsinə, onların hər cür leqal töhfə verməsinə şərait yaradılmalıdır”.

“Müxtəlif beynəlxalq təşkilatların və ekspertlərin töhfəsi universitet təhsilimdən daha çox olub”

R.Ağayev onu da nəzərə çatdırıb ki, Cənubi Qafqaz üçün nəzərdə tutulan bütün inkişaf layihələri digər 2 ölkəyə gedir: “Çəkinmədən deyirəm ki, şəxsən mənim (eləcə də şəxsən tanıdığım xeyli insanımızın) mütəxəssis kimi yetişməyimdə Azərbaycanın inkişafına və demokratikləşməsinə dəstək verən ən müxtəlif beynəlxalq təşkilatların və ekspertlərin töhfəsi universitet təhsilimdən daha çox olub”.

Şamo EMİN, Hurriyyet.org