SƏKKİZ BALACA ŞƏHİD

SƏKKİZ BALACA ŞƏHİD

Yeni dövrdə Azərbaycan uğrunda verdiyimiz ilk şəhidlərin balaca oğlan uşaqları olduğunu bilirikmi?

Sanki cənnət mələkləri kimi heç bir günahı olmayan, hələ günah etmək qabiliyyətinə, günah etmək gücünə malik olmayan səkkiz azərbaycanlı balası heç bu dünyaya gəlməyib...

Tarix - onu unudanları ağır cəzalandırır. Biz unutduqca, tarixin cəzası daha da ağırlaşmaqda davam edir

Bizim başımız rus mədəniyyətini öyrənməyə, rus ziyalılarını sevməyə qarışdığından, Sibir çöllərində dondurucu soyuqda aclıqdan və xəstəlikdən can verən Azərbaycanın dahi sənətkarlarından - cavidlərimizdən, cavadlarımızdan, NKVD həbsxanalarında məhkəməsiz güllələnən müşfiqlərimizdən xəbərimiz olmadı...

(Elegiya)

Düşmənini tanımayan və ya tanıyıb, ona nifrət edə bilməyən xalqlar düşmənlərinin yemi olmağa və onlar tərəfindən hər cür cəzaya məruz qalmağa layiqdirlər...

Cənubi Azərbaycan türklərinin gənc, istedadlı yazıçısı, “Balaca qara balıq” hekayəsinə görə beynəlxalq Qran Pri mükafatına layiq görülmüş Səməd Behrəngi Azərbaycanın birliyini istədiyinə, özünü türk kimi dərk etdiyinə görə, İran kəşfiyyat orqanları tərəfindən Azərbaycanı sərhəd kimi ayıran Araz çayında boğularaq öldürülmüşdür. Arazın suyu neçə-neçə Səmədlərin qanına boyanmışdır...

Bu, o tərəfdə (Güneydə) Azərbaycan türklərinə qarşı rejimin apardığı vəhşiliklərdən yalnız bir fraqmentdir. Minlərlə Azərbaycan türkü sadəcə “Mən türkəm” dediyinə görə izsiz-soraqsız yox edilmişdir.

Bu tərəfdə isə rus-erməni ittifaqı Azərbaycan türklərinə divan tutmaqdan bir an da olsun çəkinməmişlər. Hətta azərbaycanlı olan başqa etnik qrupların nümayəndələrinə də türklərə olan münasibəti göstərməklə, həm də bütünlükdə müsəmanlara qarşı öz düşmənçiliklərini sərgiləmişlər. Məhz buna görə əsrin əvvələrindəki müharibənin adı “erməni-müsəlman davası” kimi tarixə düşmüşdür...

Rus-erməni birliyi tarix boyu xalqımıza qarşı insanlıq adına yaraşmayan cinayətlər törətmiş, qadın, qoca, uşaq demədən hamıya divan tumuşdur. Belə vəhşiliklərin biri də hələ SSRİ-nin dağılmağa başladığı 80-ci illərin axırlarında, 20 yanvar Bakı qırğınından və 92-ci il Xocalı soyqırımından bir neçə il əvvəl Kəlbəcərdə törədilmiş hərbi cinayət olmuşdur... Kimsə bilirmi, o vaxtlar nə olmuşdur? Bu gün xalqımızı rusların bizə dost olduğuna inandırmaqda dəridən-qabıqdan çıxan sapı özümüzdən olan baltalar, ya da xalqı biabırçı təslimçilik sülhünə hazırlmağı öhdəsinə götürərək, dövlətinə, vətəninə və millətinə xəyanət edənlər, görəsən, bu hadisəni necə dəyərləndirirlər?! Yeni dövrdə Azərbaycan uğrunda verdiyimiz ilk şəhidlərin balaca oğlan uşaqları olduğunu bilirikmi? Düşmənlərin gələcəyimizi hədəfə alan əməllərindən xəbərimiz varmı? Onların intiqamını almağı düşünürükmü?

Nə vaxt ki, Azərbaycan bayrağında səkkiz güşəli ulduzumuz gözümə dəyir, dərhal yadıma səkkiz balaca şəhidimiz düşür: Məmmədov Sahib Sultan oğlu (10 yaşında), Salmanov Ramiz Tofiq oğlu (8 yaşında), Valehov Anar Qardaşxan oğlu(7 yaşında), İbişov Cahid Telman oğlu (10 yaşında), Əsgərov Səxavət Dəmir oğlu (14 yaşında), Əsgərov Natiq Məhəmməd oğlu (14 yaşında), Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaşında), Orucov Azər Zakir oğlu (7 yaşında). Sanki ulduzumuzun hər küncündə o şəhid balalarımızdan birinin ruhunun oturduğunu və millətimizi xəta-baladan qorumaq üçün Allaha dua etdiklərini hiss edirəm.

Bəlkə də Azrərbaycanda çox az adam bu haqda nəsə bilir, bilənlərin bəziləri demək olar ki, xatırlamaq istəmir, bəziləri isə artıq çoxdan unudub. Sanki yaxın tariximizdə belə bir dəhşətli cinayət olmayıb. Sanki cənnət mələkləri kimi heç bir günahı olmayan, hələ günah etmək qabiliyyətinə, günah etmək gücünə malik olmayan səkkiz azərbaycanlı balası heç bu dünyaya gəlməyib...

Tariximiz boyu düşmənlərimiz bizə qarşı törətdikləri cinayətlərə görə, əslində, bizim unutqanlığımıza borcludurlar. Məhz bu unutqanlıq bizi düşmənə qarşı sərvaxt olmağa, vaxtında səfərbər olmağa imkan verməmiş və hər yeni fürsətdə düşmən öz düşmənçiliyini asanlıqla və müqavimətsiz həyata keçirmişdir. Maonun belə bir fikri var: “Xalqlar xeyirlə şəri, dostla düşməni bir-birindən ayırmağı bacarmayana qədər düşdükləri böhranlı vəziyyətdən (məncə, həm də düşdükləri qəflətdən) çıxa bilməzlər”. Bizim xalqımız dostunu düşməndən, xeyri şərdən ayıra bilmir, buna görə, hələ də bir millət olaraq milli böhranda və qəflətdəyik. Birləşmək, həmrəy olmaq, bir-birimizi sevmək, dəyərlərimizə, tariximizə, mədəniyyətimizə və bir-birimizə sahib çıxmaq problemimiz kəskin olaraq qalmaqdadır.

Əsrin əvvələrində - 1918-ci ildə erməni-rus birliyinin 60 min azərbaycanlını genosidə məruz qoyduqdan iki il sonra, olanları unudaraq, öz müstəqilliyimizdən imtina edib, “xoşbəxt gələcəyimizi” bizi genosidə məruz qoyanlarla bir yerdə olmağımızda gördük. Bu birlikdə düşmənlərimiz bizi özümüzün əlimizlə daxildən məhv etməyə başladı. Hərdən bir bəhanə ilə - gah kollektivləşmə adı ilə, gah mədəni inqilab adı ilə, gah da anti-sovet təbliğatı bəhanəsi ilə -1937-ci ildə 75 min azərbaycanlı ziyalısını - xalqını düşünən, onun azadlığı uğrunda mübarizə aparan milli təfəkkürlü insanlarımızı qurban verdik...

Düşmən bizə qarşı hər yerdə, hətta qardaş Türkiyədə də öz düşmənçiliyindən əl çəkmədi. Sovetlərin əlindən qaçmağa və Türkiyə ərazisinə keçməyə nail olmuş 300 millətçi ziyalımız Stalinin təzyiqi ilə geri qaytarıldı, elə türk qardaşlarımızın gözü önündə sovet sərhədində məhkəməsiz gülləyə düzüldü...

Sonrakı dövrlərdə də böyük şəxsiyyətlərimiz ya diş ağrısından, ya apendisit əməliyyatından, ya da bu kimi gülünc səbəblərlə məhv edildi. Millət başsız qaldığına görə idi ki, Bakıda mart qırğınına başçılıq etmiş Şaumyan “xalq atası”, xalqı bu qırğından xilas etməyə cəhd etmiş bütün ziyalılarımız “xalq düşməni” kimi tanındı.

Bizim gecə-gündüz ittifaq büdcəsini qız və gəlinlərimizin, tələbə gənclərimizin qul əməyi ilə doldurmağa başımızın qarışdığı vaxtlarda ermənlər bizim topraqları ələ keçirmək planları cızırdı. Azərbaycan 15 dəfə qul əməyinə görə keçici qırmızı bayrağa layiq görüldüyü il Ermənistan rəhbərliyi millətçiliyi açıq-aşkar inkişaf etdirdiyinə görə töhmətləndirilirdi. Bizim başımız rus mədəniyyətini öyrənməyə, rus ziyalılarını sevməyə qarışdığından, Sibir çöllərində dondurucu soyuqda aclıqdan və xəstəlikdən can verən Azərbaycanın dahi sənətkarlarından - cavidlərimizdən, cavadlarımızdan, NKVD həbsxanalarında məhkəməsiz güllələnən müşfiqlərimizdən xəbərimiz olmadı. Biz Ağcaqum çölündə güllələnən 26 Bakı xainlərinin xatirəsinə yas tutduğumuz vaxtlarda Qazaxıstan çöllərində millətimizin ölümə tərk edilmiş qaymaqları olan din xadimlərimizin, alimlərimizin, böyük sənət adamlarımızın kütləvi məhv edilməsindən bixəbər qaldıq.

Yaddaşı olmayan bir xalq dəfələrlə eyni düşmən tərəfindən amansızcasına cəzalanmağa haqq qazanır, necə ki, biz o haqqı qazanmışdıq.

Qul kimi işlətdilər, “qoyun” dedilər. Hüquq vermədilər, “qanunsevməz” dedilər. Ağalıq etdilər, “nökər” dedilər. Bizi bizdən iyrəndirdilər. Onların gözündə gah Qafqaz tatarı, gah farsdandönmə, gah da azərbaycanlı olduq. Bizdə sümüklərimizə qədər işləmiş milli yarımçıqlıq kompleksi formalaşdırdılar. Beyinlərimizi yuyub, manqurt, zombi etdilər, tariximizdən, mədəniyyətimizdən, dinimizdən qopardılar. Özümüz özümüzdən iyrənməyə başladıq. Özümüz olmaqdan utandıq, başqası olmağa cəhd etdik. Öz milli adlarımızı Telmanlarlara, Hamletlərlə, Esmiralarla əvəzlədik. Uşaqlarımıza gah Kolxoz, gah Kombayn, gah Aprel, gah Noyabr adı qoyduq və bunu bizə məcbur etdilər.

Tarix - onu unudanları ağır cəzalandırır. Biz unutduqca, tarixin cəzası daha da ağırlaşmaqda davam edir.

1989-cu il, 14 iyul Kəlbəcər şəhəri. Küçədə 10-12 yaşlarında səkkiz oğlan uşağı - böyük tordan xəbəri olmayan səkkiz “balaca qara balıq”, onların taleyi üzərində qurulan məkrli oyunlardan bixəbər, başları öz uşaq oyunlarına qarışmış halda oyun oynayırdılar. Onlardan kimi həkim olub xəstələri sağaltmaq, kimi müəllim olub uşaqlara dərs vermək, kimi polis olub asayişi qorumaq, kimi zabit olub sərhəddə keşiş çəkmək, kimi kosmanavt olub göyə qalxmaq, kimi mühəndis olub yol çəkmək körpü salmaq, kimi alim olub açılmamış elmi sirləri açmaq, kimi də geoloq olub Kəlbəcər dağlarının altında yatan sərvətləri üzə çıxarmaq arzusu və ümidi ilə yaşayırdılar. Onlar öz kiçik oyunlarını oynadıqları vaxtda Azərbaycanla bağlı Moskvada, İrəvanda, Avropanın paytaxtlarında daha böyük oyunlar oynanılırdı...

Birdən göydə vertalyot göründü. Az keçmədi, vertalyot uşaqlardan bir az aralıqda yerə yendi. Uşaqlar öz oyunlarına ara verdilər. İndiyə kimi bu qədər yaxından vertalyot görməmişdilər. Uşaq marağı onlara hakim kəsildi. Oyunlarını yarımçıq qoyub, qaça-qaça gedib yaxınlıqdakı təpəyə çıxdılar…

(Ardı var)

Sərdar CƏLALOĞLU