ƏSL MƏSXƏRƏ QABAQDADIR… – Ramiz Mehdiyev haqda yazdığım məqaləyə görə xəcalət çəkirəm…

19 Mart, 2020, 11:54
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bu fəxri adları fikirləşib ortaya atanın ölənləri tünbətün düşsün. Pis, yaxşı, hər halda 50 il bundan əqdəm fəxri ada layiq görülmüş sənətkarı küçədə barmaqla göstərərdilər. “Bizim qonşumuzdur!”, “Əmi nəvəsidir, sağ olsun, başımızı uca edib!”, “Bu ada layiqdir, səhnəyə çıxması ilə camaatın ürəyini almağı bir olur!”, “Davranışına, ailəsinə də söz ola bilməz!” və s. bu kimi sözləri tez-tez eşidərdik.

Səhnəyə, ekrana çıxarılan əsərlər bir o qədər də tərifə layiq olmasalar da, mahnı repertuarı bərbad gündə olsa da, amma daxili bir mədəniyyət, ədəb-adab, tamaşaçıya, dinləyiciyə hörmət vardı. Doğma dədə-baba dilimiz indikindən min qat artıq hifz olunur, təmizliyi də qorunurdu. Ağızdan nəqafil çıxmış bir səhvin üstündə adamı işdən çıxarardılar.  Fəxri adlara layiq görülmüş indiki ifaçıların çoxunu onda heç  bədii özfəaliyyət dərnəklərinin qapısına yaxın qoymazdılar.

Birinci vitse-prezident hörmətli Mehriban xanım bizim ziqiymət muğam sərvətlərimizin dadına vaxtında çatdı. Məmləkətdə elə bir adam yoxdur ki, bu kişi qızının bizim klassik mədəniyyətimizin ləyaqətlə qorunması, təbliğ edilməsi sahəsində gördüyü nəcib fəaliyyəti təqdir edib ona minnətdarlığını bildirməsin.

Biz yaşlı nəsil istərdik ki, günlərin bir günü hörmətli Mehriban xanım telekanalları “balaqana” döndərmiş xalqın mənəvi aləmini şikəst edən tüfeyli sürüsünü efirdən qovsun. Artıq dözmək mümkün deyil! Məmləkətin yarısı düşmən əlində, yüzlərlə, minlərlə qız-gəlinin, uşağın, öldüsü-qaldısından xəbər-ətər yoxdur, o gün olmaz ki, düşmən əsgərlərimizn üzərinə güllə yağdırmasın, hörmətli prezidentimizin işi göz qabağındadır, nə qədər çalışırsa daxildəki vampir zümrəsinin kökünü kəsə bilmir və s. Belə əsnada toyxana avaralarının, klounların, əsl əxlaqı hamıya bəlli olan mütrifsifət yaramazların efirdə ağalıq etmələrinə dözmək olmaz.

Mən ucdantutma bütün proqramları, kanalları qaralamıram, bunların içində hamının bəyəndiyi, təqdir etdiyi verilişlər var. Amma bunlar çox azdırlar.  Doğrudanmı heç kim başa düşmək istəmir ki, hərbi məğlubiyyətə uğramış ölkədə teleradio proqram siyasətini hər yoldan keçənə etibar etmək fəlakətə gətirib çıxarar?!

Arsızların sürdükləri maşınlardan eşidilən “musiqiyə” fikir vermisinizmi? Lotuların əllərində olan studiyalarda  daha  o gözəl xalq mahnısı qalmayıb ki, onu tanınmaz günə salmasınlar.

İllərdən illərə, qərinələrdən qərinələrə paklığını, bakirəliyini qoruyub saxlaya bilmiş bizim xalq mahnıları sələflərin əmanətidir. Bu son otuz ildə hələ eşitmədim ki, biz titullu ictimai xadim, ya da alim yumruğunu stola vurub hərzəkalara layiq olduqları sözləri desin. Heç kim “pis kişi” olmaq istəmir….

…Zövqü olanlar çoxdan bilirlər ki, Şimali Qafqaz respublikalarının, gürcülərin rəqs ansamblının yanında bizimkilər çox sönük görünürlər. Mən binəva çoxdan sübut eləmişdim ki, bizim titullu xoreoqrafların millətin etnoqrafiyası sahəsində bilikləri sıfır səviyyəsindədir. Vaxtilə konservatoriya nəzdində fəaliyyət göstərmiş xüsusi kabinənin səyi nəticəsində yüzlərlə oyun havası nota alınmışdı. Bu barədə dəfələrlə yazmışam, məhəl qoyan da olmayıb. Bizim tanınmış xoreoqraflar həmişə bəstəkarların mahnılarına müraciət etməyə üstünlük veriblər. İndi gedib konservatoriya rəhbərliyindən vaxtilə min zəhmətlə yığılmış xalq havaları, rəqslər barədə soruşan heç kim cavab verə  bilməyəcək. Bizim rəqs mədəniyətimizin nə gündə olduğunu bilmək üçün Çeçenistan rəqqaslarının, ya da “Alan” ansamblının çıxışlarına bircə dəfə baxmaq kifayətdir.

Mən belə vaqiənin baş verəcəyini gözləyirdim

Ayın 8-də şəhərin düz mərkəzində bir ovuc infuzorinin çıxışı bir həqiqəti ortaya qoydu. Millətimizin dininə, imanına, mənəvi dəyərlərinə bütün müqəddəs ənənələrinə qarşı keşiş-mason dünyasının indiyə qədər hazırladığı planın əsas hissəsi reallaşdı!

Neçə illər ərzində düşmənlərimiz bizi dişlərinə vurub nəyə qadir olduğumuzu öyrənmişdilər. Onlar çoxdan bilirdilər ki, bizim bir atımlıq  barıtımız var, özü də Sabir demişkən, yay gəlməmiş qızırıq, çay gəlməmiş çırmanırıq. Söz güləşdirməkdən, mənasız yerə tarixə ricət edib, dahilərimizi gorbagor etməkdən başqa əlimizdən heç nə gəlmir.

Bircə anlıq yaxın keçmişə nəzər salıb hansı qəbahətlərə, qələtlərə yol verməyimizi yada salaq. Düşmən bütün bunlara baxıb öz nəticəsini çıxartdı, yəni, belə arsız tayfa ilə nə istəsək edə bilərik.

Olanları sadalayıram, heç kim inciməsin.

1. Bakıya xəbər çatır ki, Şuşa iki gün boş qalandan sonra düşmən əlinə keçib. Siyasi macəraçıların fitnə-feilinə uymuş qaragüruh Milli məclisin qarşısında atılıb-düşür, həbəş yallısı gedir. Hələ heç kim əsir götürülmüş qız-gəlinlərin, uşaqların, yaralıların ümumi sayını bilmir. Qibləsini unutmuş xalq ayağa qalxmır.

2. Yüzlərlə qız-gəlin cariyə kimi xarici ölkələrin əxlaqsızlıq yuvalarına sürüklənir. Bizim binamuslar laqeyd xalqın gözləri qarşısında Bakıda “göbək rəqsləri” , “Gözəllik müsabiqələri” təşkil edirlər. Şami-səhər “mordası” qəzet səhifələrindən, telekanallardan düşməyən bir deputatın, titullu boşboğazın, qələm sahibinin cınqırı da çıxmır!

3. Aylar, illər ötür böyük rəssam ordusu batal janrda bir tablo ortaya qoymur. Hərdən sərgi təşkil olunur, gedib tamaşa edirsən, realizmdən başqa hansı “izm”ə desən qulluq edən boyakarlıq işi var. Tamaşaçıları sarsıdan adi bir plakat da yoxdur.

4. Neçə-neçə tarixi şəxsiyyətin vayına oturmuş, ölüm-zülmlə doğma dilində danışmağı öyrənmiş rejissor Eldar Quliyev “Girov” adlı mənhus bir film çəkir. Mən bədbəxt yazıram ki, əgər Ermənistanda bir rejissor belə qələt eləsəydi onu xain kimi daşqalaq edərdilər. Bizdə isə hamı arsızlığa salıb susur…

5. Başqa bir nakəs Natavan haqqında film çəkir və baş rola “aləmə məşhur” Aygün Kazımovanı dəvət edir. Mən yazıram, cəfakeş Natavan Qarabağ camaatı üçün özünü oda-közə vurub, min həqarətə, əzaba dözüb. Bu öz yerində…  Amma yaxşı yadımdadır, müharibə illərində evlərə “qara kağız” gələndə, ya qəzada cavan həlak olanda nənələr, analar Natavanın dağları-daşları ağladan mərsiyə və qəsidələrini nalə çəkə-çəkə oxuyardılar. Mən mətbuat səhifəsində bu nakəs rejissordan soruşdum, ay nakəs, sənin Natavanla nə işin var, başına mövzu qəhətdir, ikincisi, öz külfətin barədə film çəksəydin Aygün Kazımovanı çağırardın?

6. Son on beş-iyirmi il ərzində Rusiyadan daha o sarsaq xalturaçı estrada tör-töküntüsü qalmadı ki, Bakıya gəlib külli miqdarda pul aparmasın. Hələ indiyə qədər nə bir saray ideoloqu, nə bir qələm sahibi bu estrada lotularının bizim gəncliyin mənəvi aləminə necə zərbə vurması ilə maraqlanmayıb.

“Fəvvarələr meydanı”nda baş vermiş binamus aksiyasının təməli indi yox, onlarla düşmən sekta, missioner rəsmi qeydiyyatdan keçəndən sonra qoyuldu.

Yadınıza salın, opera studiyasına, Nizami muzeyinə (!!) yığışanların yüz dollara dinlərini dəyişmələrini.

Bəziləri deyəcək ki, bu nə vaxt olub, bizim yadımızdan çıxıb. Əlbəttə ki, yadınızdan çıxacaq! Neçə ildir bir çox ölkələrdən it kimi qovulmuş “Yəhova şahidləri” adlı mənfur qurum ölkədə at oynadır.

Bunların təbliğatçıları günün günorta çağı həyasızlıqlarına salıb evlərə soxulurlar. Nə qədər yazarlar, nə qədər deyərlər? YAP-ın pul, çörək dərdi çəkməyən arsız ideoloqları görəsən bilirlər ki, bu missionerlər nə qədər qız-gəlini yoldan çıxarıblar? Mübariz Qurbanlının rəhbərlik etdiyi idarənin gücü ancaq bizim qorxudan səsi çıxmayan yazıq axundlara çatır.

… Azərbaycanlı qız üzərində seksual manyakın ağlına belə gəlməyən söz yazılmış plakat qaldırır, neçəsi də ona qoşulur. Bu oyunu hazırlayanlar, pul  buraxanlar yaxşı bilirdilər ki, heç kim hücum çəkib bu həşəratı şilküt etməyəcək. Çünki toplum artıq kütləşib, dədəsini üzünə də söysən, durub mal kimi baxacaq.

Martın 14-də “Space” telekanalında “Praym şok” adlanan proqrama baxdım. Mən hər dəfə qəzəb və nifrətimi bülövləmək xatirinə belə axmaq verilişlərə hərdən baxıram. Meyxana, əzilib büzülərək əndamlarını əsdirən, özlərini qadın hesab edən məxluqlar… və aparıcının bayağı, ikrah hissi oyadan cəfəngiyyatı…  Mən təəccüblənib  eləmirəm, əsl ziyalısı qəhətə çəkilmiş məmləkətdə belə də olmalıdır.  İqtidar kreslolarında arxayın oturan knyazlar da düşünürlər ki, camaatın zəndi-zəhləsini aparmış teleboşboğazları, Milli Məclisə ömürlük “propiska” olmuş deputatları qabağa verməklə gənc nəsli “dinə-imana” gətirəcəklər. Boş xülyadır!  Gənc ətrafında, evində, məhəlləsində baş verənləri çox gözəl izləyir, kimin nə ilə nəfəs aldığını bilir və nəticəsini də çıxarır.

İnternetin hökmfərma olduğu məkanda heç nəyi ört-basdır eləmək mümkün deyil. Ən avam adam da görür ki, rəhmətlik Sirusun təbirincə desək, vəzifəyə təyin olunmuş simasız quldur doyunca çapıb-talayır, milyonları, mal-mülkü qoltuğuna vurub aradan çıxır.

Camaatı da sakit etmək yolu tapılıb, onu görürsən ki, iqtidarın qeyri-rəsmi ruporuna çevrilmiş  “Yeni Musavat” qəzetində üç-dörd gün dalbadal “lov” xəbərlər dərc olunur.  Bir müddət bundan əvvəl avamlar bu tələyə düşərdilər: “Zalımın atasını yandırırdılar! Yediklərini burnundan gətirəcəklər!”,  “Buna da hökumət deyərlər!”, “Axıra qədər yeyə bilmədi!”, “Nəyi vardısa, hamısını aldılar!” və s.

…Sonra hər şey unudulur, ara sakitləşir, ordan-burdan eşidirsən ki, “Yeni müsavat”ın xüsusi tapşırıq əsasında yıxıb sürüdüyü məmur sakitcə çəkilib malikanəsinə, yığdıqlarını xımır-xımır yeyir. Nəinki oğul-uşağını, hətta yeddi arxasını da təmin etmiş belə dələduzun dünyayi-aləm vecinə də deyil.

Sərvəti-saman yığıb yavaşca sivişib aradan çıxanların sayını içəridə oturanlarla müqayisə etmək avamlıqdır. Bəzi məhbuslar  barədə zavallı rəiyyətin fikri belədir: ”Deyilənləri vaxtında tələb olunan yerə çatdırmayıblar!”, “Arvad-uşaqları qızışıb yuxarıdakılara acıq verirdilər!”, “Çox oturtmayacaqlar, əməlli  “tərlədib” buraxarlar!” və s.

…Yaxşı yadımdadır, Milli Məclisin qabağında bir-iki jurnalist rəhmətlik Ziya Bünyadovu söhbətə tutmuşdular. Hansısa cavan Murtuz Ələsgərovun Milli Məclisin sədri seçilməsini deyəndə, Ziya müəllim əlini başına vuraraq dilləndi: “Onda kül mənim başıma!”. Televizorda göstərilən bu səhnəyə saysız-hesabsız adam baxıb.

“Savab” əməlləri ilə ad qazanmış Elmira Axundovanın Ukraynaya səfir kimi göndərilməsini eşidəndə  mən də  Ziya müəllim kimi öz başıma qapaz vurdum: “Başına kül olsun qoca, həm dadlarına yetmək istədiyin bədbəxtlərin pulları batdı, həm sənin 195 manatlıq qocalıq təqaüdündən düz 20 ay iki min manat kəsib səni çörəksiz qoydular. Elmira xanım Kiyevə səfir gedir, sən də burada məhkəmənin hökmü ilə oğluna on min manat cərimə verməlisən, guya onu da təhqir etmisən? Kül başına qoca, on illər boyu özünü bu quruluş üçün şam kimi əritdin, hər əzaba qatlaşdın, bütün müxalifətlə üz-göz oldun, səni şərlədilər, infarktlar aldın, bu da sənin aqibətin!”

… İki il sərasər cənab Prezidentə, hörmətli birinci vitse-prezident Mehriban xanıma ərizələr yazdım. Yalvardım, yaxardım, yazdım ki, məni yaşayış minimumundan mərhum ediblər, heç olmasa bir məzar yeri verin, çünki bu ölkədə onu almaq üçün də pul lazımdır. Mənim bir günahım var,  sadəcə olaraq tələb etmişəm ki, dələduzlar müflis etdikləri adamların pullarını qaytarsınlar. Nə səs, nə səda…

Məəttəl qalası iş idi, onlarla ərizə, şikayətə “aldıq” cavabı da verilmədi. Elə bu günlərdə hörmətli Prezident çıxışlarının birində açıqdan açığa  bildirdi ki, aparatda olan nakəslər onunla xalq arasında maneələr yaradıb şikayətlərin qarşısını ala biliblər. 

Əli Həsənov kimi odioz fiqurun xəkəndazla bayıra atılması yaralarıma məlhəm oldu. Amma düçar olduğum bəla sağlamlığıma elə zərbə vurub ki, sağalmağa daha gümanım qalmayıb. O ki qaldı Ramiz Mehdiyevə, vaxtilə “Gündəlik Bakı” qəzetində onu bəzi atmacalardan, tənqidlərdən  qorumaq xatirinə yazdığım məqaləyə görə xəcalət çəkirəm.

(Ardı var)

Firuz Haşımov


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93