Salam, xoş gəlmisiniz.

Əsl şair ölmür, ay Şair Alxasov!

2020-02-13 14:31:00

Əsl şair ölmür, ay Şair Alxasov!

Keçən ilin  dekabr ayının  son günlərində, başda  kurator cənab Habil Əzməmmədov  olmaqla,  Prezident Administrasiyanın məsul  işçiləri  Qusarda vətəndaşları  qəbul edəndə müraciət edənlər arasında mən də olmuşam.

İcra başçısı  Şair  Alxasovun  iş  fəaliyyətini dəqiq fakt  və arqumentlərlə  tənqid  edəndə,  səmərəli təkliflər irəli  sürəndə  icra başçısı  heç kəsin  gözləmədiyi  halda  mənə yaxınlaşıb  azğıncasına ünvanıma “Sən ölməli adamsan, tüpürüm  sənin  üzünə” kimi  çox  kobud, məsuliyyətsiz  sözlər işlətmışdir. Hələ  bu azmış kimi, Tayson  yumruğunu sıxaraq üstümə  hücum etmək  istəyəndə  cənab H.Əzməmmədovun  ciddi təkid və iradından  sonra məndən əl çəkmişdir.

İcra Bbaşçısına cavabım belə oldu:  Onda  bütün  məsuliyyət üzərinizə  düşəcək  və unutma ki,  əsl şair ölmür, ay məmur Şair Alxasov!

Vətəndaşla belə rəftar yolverilməzdir. Bunu sağlam  məntiqlə  heç cür anlaya və qəbul edə bilmədim. PA məsul işçilərindən başçının  qanunsuz  davranışı barəsində ölçü götürmələri xahiş etdim.

Belə dözülməz hərəkət və qoçuluq əvvəllər də bir neçə dəfə  təkrar olunmuş , məni camaatın gözü qarşısında haqsız olaraq qəbuldan qovmuş polislə hədələmişdir. Xalq şairi Qabilin haqlı sözlərini xatırlayıram: “Qovulmaq təhqirin ən dəhşətli, ən dözülməz şəklidir.Təsəvvür edin ki, bir adamı, hətta haqlı olaraq bir məclisdən, qonaqlıqdan, iclasdan, yığıncaqdan, toydan, yasdan  qovanda əgər o adam adamdırsa,  buna tab gətirə bilməz.

Bunu ölənəcan heç kimə bağışlamır. Hələ mən haqlı olaraq qovulan adamı demirəm,o ki qaldı haqsız qovulan ola”.

O hadisədən  bərk təşviş,  həyəcan və sarsıntı keçirdim və xeyli müddət Qusar rayon  Mərkəzi Rayon Xəstəxanasında müalicə almalı oldum.

“Min il yaşasam da ölməyəcəyəm” deyən dahi şair Nizami Gəncəvi necə də  haqlı idi. “Yüz il yaşasan da dünəndən ölmüsən sən” söyləyən şair Səməd Vurğunsa yəqin bu zaman yerində olmayanları nəzərdə tuturdu. Bu  mənada Çexovun məşhur “Məmurun ölümü” əsərindəki Çervyakovun acı taleyi də düşündürücüdür.

“Öldürmək” Şair Alxasovun çoxdankı şakəridir. Statistikaya görə Azərbaycanda ən yüksək ölüm əmsalı Qusar rayonundadır. Havası  məlhəm, suyu loğman, kurort təbiətli cənnətməkan Qusarın əzrayıl yuvasına dönməsini necə başa düşək?  Bu məsələdə səhiyyə demək olar ki,  gücsüzdür. Əsl səbəblər öyrənilməlidir .Bəzi əsas nüanslar araşdırılmalı, “boz sifətlərin” doğurduğu “ağ ölümlər” təhlil olunmalıdır. Hələ rayonda boşanmaların,kəndlərin boşalmasının, adamlarda inamsızlığın, etibarsızlığın, bir-birindən şübhələnməyin, şəkkaklığın artmasından yazmıram. Bunlar ciddi məsələlərdir və aydınlaşdırılmalı,aradan götürülməlidir.

Məmur- vətəndaş münasibətləri insanların  yaşayışında xüsusi yer tutduğunu  cənab prezident İlham Əliyev dəfələrlə  vurğulamışdır: “Mən bu məsələ  ilə bağlı öz fikirlərimi  dəfələrlə demişəm, bu gün  də deyirəm, bunu hər  kəs bilsin, eşitsin və nəticə çıxarsın.  Məmumurlar xalq üçün yaşayırlar, əksinə deyil, Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək  göstərilməlidir, yekəxanalıq etməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə  üzvləri  nümunə olmalıdır.

Məmur, bax  belə olmalıdır, dediyim kimi.  Mən hər bir dövlət  məmuru, ya icra  başçısı  ya başqa vəzifəyə  təyin edəndə  göstəriş  verirəm ki,  get insanlara  qulluq et,  xidmət göstər, dövlətə xidmət et, təmiz  işlə. Amma əfsuslar olsun ki, bəziləri  nəticə  çıxarmırlar. Onların cəzası verilir, veriləcək”.

Doğrudan da məmur unutmasın ki, vətəndaşla necə davransan, Allah da səninlə elə davranacaq. Məmur  gərək  şikayətçilərin  müraciətlərindən bezməsin. Fani dünyanın iki günlük  sultanlığı  üçün axirətin   bitib tükənməyən  rəzalətinə necə dözmək olar ?

    “Bizim  dövlət  siyasətimizin  mərkəzində Azərbaycan  vətəndaşıdır. Hər şeyi Azərbaycan  vətəndaşı üçün edirik. Hər bir  icra başçısını mən vzifəyə  təyin edərkən  onu qəbul edərkən  ona bir neçə əsas istiqaməti göstərirəm .İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət . Gedin insanlara arxa  durun, gedin köməklik  göstərin, gedin insanlara hörmət edin.Amma bəzi hallarda mən bunu görmürəm” (Prezident İlham Əliyevin sözlərindən).

Bu cür ifadələr  bir daha onu göstərir ki, prezidentin  siyasətinin  başlıca  istiqaməti Azərbaycan xalqının  rifahına, problemlərin  yüksək  səviyyədə həllinə yönəlib  və  prezident üçün adi  bir vətəndaşın hüquqları istənilən  bir məmurun  səlahiyyətlərindən  üstündür.

Bu, bütün  icra sturukturlarında  işləyənlər  üçün  çox ciddi  xəbərdarlıqdır  və  bundan    nəticə çıxarmayanlar nəyinki vəzifədən gedəcək, onlar  xoşagəlməz  ciddi  cəzlarla  üz-üzə  qalacaqlar.

Bəzi  icra başçılarına  elə  gəlir ki, güya  Prezident onlara  “xüsusi missiya”  qismət etdiyindən  sadə vətəndaşlar onlara korkoranə baş  əyməli, ayağının  tozu olmalı, hər bir əmrinə müntəzir dayanmalı, mənliyinin ayaqlar altına  atılmasına  razı olmalıdırlar.

Bu arada ölməz şairimiz, həmişəyaşar qələm əhli Əliağa Kürçaylının  “Başçılar”  (Söhbət icra başçılarından gedir) şeirini xatırlayıram:

..... Bədən çəllək,

Ağıl gödək,

Hökm eləyir başın üstə.

Xasiyyəti dəli inək.

Hərəkəti təsadüfdür, yoxsa qəsdən,

Heyrət alır uşağı da.

Təsadüfdür onun başçı olmağı da ,

Başçı var ki, ölməlidir,

Zülm eləyir yaşayaraq.

Vəba yayır,taun  yayır.

Ölümünü xalq istəyir, arzulayır.

Bürkü vaxtı əsən sərin külək kimi,

Bir xəstəyə dərman kimi ...

Qəhət olmuş çörək kimi,

Azadlığa fərman kim.

Ey  adı Şair, peşəsi  inşaatçı Alxasov! Allahın dərgahında  peyğəmbərlərdən  sonra gələn həqiqi şairlərsə  dünyanın ən humanist, mələk xasiyyətli, günahsız bəndələrdir. Onlardan  nə cinayətkar, nə resedivist,  nə də tiran çıxıbdır.

Sonda  şeirimi dinləyin:

Nəsimini haqdı deyə soyublar,

Rüdəkinin gözlərini oyublar,

Sənə niyə Şair adı qoyublar,

Şəhriyar, nə Söhrab  Tahir deyilsən,

Sən şair deyilsən, şair deyilsən.

Şairlər yurdudur bu ana torpaq,

Şeirlə alışır burda hər ocaq.

Sən şeir deməyə mahir deyilsən,

Sən şair deyilsən, şair deyilsən.

Aşığa deyərlər : bəs sazın hanı?

Qəlbləri oxşayan avazın hanı ?

Şairsən, bəs sözün, bəs yazın hanı?

Sən yazı- pozuya qadir deyilsən.

Sən şair deyilsən, şair deyilsən.

Tarixi xatırla, bir də sal yada,

Şair el yolunda düşübdür oda.

Sən niyə şairi verirsən bada,

İstedad, təb, ilham, sair deyilsən,

Sən şair deyilsən, şair deyilsən.

Saray şairləri  çox görmüşük, çox,

Özünə saraylar tikənisə yox.

Əsl şair yaranıb  gözü, könlü tox,

Taledən şükürlü şakir  deyilsən,

Sən şair deyilsən, şair deyilsən .

Şairin sözünü bilə bilməzsən ,

İlahi kəlməni hələ bilməzsən.

Şair tək ağlayıb, gülə  bilməzsən,

Sən “ağlar-güləyən” Sabir  deyilsən,

Sən  şair  deyilsən, şair deyilsən.

Əyriyə-əyridir, düzə-düz deyən,

Astarı tanıyı, üzə-üz deyən.

Allahı düşünüb, doğru söz deyən,

Zəlimxan, Qasım bəy Zakir deyilsən,

Sən şair deyilsən, şair deyilsən.

Həsən Xasıyev, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərini üzvü, şair, respublikanın Fəxri mədəniyyət işçisi.

11.02.2020

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93