Solğun mədəniyyət mövsümünün akkordları

30 İyul, 2020, 13:44
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Covid-19 bəlası 8 aydır bəşəriyyəti öz ağuşuna alıb. O da bəllidir ki, zamanla bu üzücü xəstəliyin dərmanı tapılacaq. Süni qida sənayesinə əlvida demək üçün artıq dünyanın özü buna hazırdır. Ölüm dışında bu ağırlıqların çözüm yolu artıq kimsəni rahatsız etmir. Ancaq ölmüş və itirilmiş Yunan və Misir mədəniyyətləri əsla bir daha geri dönməyəcək. Pompey zəlzələsindən 800 il sonra romalılar özlərində təpər tapıb, xarabalıqlar üzərində renosansı bərpa edə bildilər. Zatən Azərbaycanda da belə bir durum yaşanılıb. 1551-ci ildə qurulan əzəmətli imperiya I Şah Abbasın dönəmində, yəni 1598-ci ildən sonra kərpic-kərpic çökməyə başladı. Bir ucu Dehli, o biri ucu isə Tiflis-Dərbəndi özündə birləşdirən bu nəhəng dövlətin xarabalıqları üzərində bizlər onun sönmüş ocağının külü ətrafında baş sındırırıq. Çünki, yeddi min illik mədəni sistemimiz əldən gedib. Dahi Üzeyir Bəy Hacıbəyli bunun mifolegemlərini bərpa edərək, yenidən güclü və təpərli ola biləcəyimizin düsturunu ortaya qoydu. Ona görə də, 1908-ci ildən 1991-ci ilə kimi Qafqaz, Orta Asiya, Volqaboyu, Uralboyu, Ön Asiya və Balkanda mədəni isrimizin dəyərlərinin zənginliyi ilə bizimlə eyni genetik kodları daşıyan toplumlar da bu prosesin bütövlüyü içində idilər.

1991-ci ildən başlanılan faciənin 2020-ci ildəki astar üzü

Keçmiş Sovetlər Birliyi dağılan kimi, bizlər ancaq torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə səfərbər olduq. Mədəniyyətimizin təməl prinsiplərinin qorunması və onun inkişafı üçün heç bir ciddi addımlar atılmadı. Bunun suçlusu mədəniyyət naziri olmuş  Polad Bülbüloğlu və Əbülfəs Qarayevdir. Onlardan biri atası Bülbülün, digəri əmisi Qara Qarayevin adının əbədiləşdirilməsinin qayğısına qalmışdılar. Mədəniyyətimizin teatr sahəsi demək olar ki, tamamilə çökübü. Min dəfələrlə təəssüflər olsun ki, belə bir yarıtmaz durum hələ də davam edir.
Bir zamanlar Azərbaycan Milli Teatrının böyük bir enerji ilə cəmiyyətdə özümlü yerə malik olmasının başlıca sirri Ədil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov (Akademik Milli Dram Teatrı), Şəmsi Bədəlbəyli (Akademik Musiqili Teatr), Həsən Ağayev (Gəncə Teatrı), Baxşı Qələndərli (Naxçıvan və İrəvan teatrları), Vaqif Abbasov və Hüseynağa Atakişiyev (Şəki Teatrı), İldırım Cabbar və Zülfüqar Abbasov (Mingəçevir Teatrı), Oruc Qurbanov və Mərahim Fərzəlibəyov (Sumqayıt Teatrı) və Baba Rzayev (Lənkəran) kimi istedadlı rejissorların bu sənət ocaqlarında baş rejissor statusu ilə bir-birindən parlaq tamaşalar hazırlamasında idi. Son illərdə Mədəniyyət Nazirliyi tərəfindən ortaya atılmış “direktor teatrı” anlayışı bütün bu uğurları tapdaqlar altına atdı. Ona görə də Azərbaycan teatr sənəti ölgün durumdadır. Çünki, nazirlik teatr sənətinə aidiyyatı olmayan, ixtisasca tarixçi İsmayıl Hüseynov adlı bir bürokratı bu sahə üzrə baş sorumlu görəvinə gətirmişdir. Ona görə də, teatrlarda istedadsız aktyorlar və ya teatr sənətinə bağlı olmayanları “direktor teatrı” siyasətinin başında otuzdurub. Bunun örnəyi: Uzun illər Gənc Tamaşaçılar Teatrında sıravi bir aktyor kimi çalışan və heç bir parlaq obrazları ilə yadda qalmayan Mübariz Həmidov indi Sumqayıt Dövlət Teatrının direktoru kimi bəsit teatr siyasətini yürüdür. Mingəçevir Dövlət Teatrının direktoru Səxavət Məmmədov ixtisasca mühəndisdir və teatr sənətindən bəsit anlayışı belə yoxdur. Ömrü boyu Gəncə Dövlət Teatrında epizodik rollar oynasa da, sənətdə imzası olmayan Bala Qasımov direktor statusu ilə bu qocaman teatrda 12 ildir at oynadır. “İrəvan Dövlət Teatrı”nın direktoru ixtisasca aktyor olsa da, ömrü boyu sənətdə heç bir uğur qazana bilməyən İftixar Piriyev digər teatrların rəhbərlərindən fərqli olaraq, bu teatrın rejissoru, baletmeystri, xormeystri, rəssamı, dramaturqu və baş rolların ifaçısı statusu ilə də fəaliyyət göstərir. Nazirliyin təqdimatı ilə yeganə direktordur ki, ayda 500 manat prezident mükafatı alır. Halbuki, prezident tərəfindən bu mükafat maddi imkanları zəif olan istedadlı aktyorlar üçün nəzərdə tutulub. Bu siyahını uzatmaq olar. Məhz bu amillərə görə hər ötən il ərzində teatrlarımız dram dərnəyi səviyyəsinə enir.

Mədəniyyət naziri vəzifəsini tutacaq bürokratın menyüsünə   

Ölkə prezidentinin 2018-ci il aprel ayından başlatdığı kadr və struktur islahatlarının bu qədər gecikməsinin əsil səbəbi hakimiyyətin bütün sahələrində uzun illərdir kök salmış köhnəqafalı, korrupsiya və rüşvətxorluq, traybalizm və nepotizm siyasətini yürüdən mərmurlar ordusunun yarıtmaz fəaliyyəti olmuşdur. Mədəniyyət Nazirliyində Cahangir Məmmədov (kino), İsmayıl Hüseynov (incəsənət), muzey işi və sektorları, xalq yaradıcılığı və sektorları, regional idarələrin koordinasiyası, təhsil müəssisələri,  dövlət qulluğu və kadr məsələləri, iqtisadiyyat və planlaşdırma, nazirliyin aparatı və digər strukturları faktiki olaraq iflic durumunda olublar.
Bu ilin may adında DTX tərəfindən aparılan xüsusi əməliyyat tədbirləri zamanı o da bəlli oldu ki, nazirliyin şöbələri və onlara tabe olan sektorları milli mədəniyyətimizin inkişafı ilə bağlı neçə illərdir heç bir iş görməyiblər. Onlar sadəcə tutduqları vəzifələri sayəsində öz şəxsi mənfəətləri üçün çalışıblar. Əgər baş vermiş bu neqativ halları diqqətlə incələsək, bəlli olacaq ki, həndəsi silsilə şəkllində yuxarıdan aşağıya doğru bütün idarə və müəssisələr korrupsiya qaydalarının şərtləri ilə çalışıblar. İstənilən teatrda “ölü canlar”ın və tamaşalara ayrılmış büdcənin, qastrollar və festivallara görə dəyirman kimi üyüdlərək yeyilən milyonlarla vəsait “direktor teatr” ideyasının başında duranların tablosu canlanır. Başqa nazirliklərə görə mədəniyyət sahəsində vəsaitlər cüzi görünə bilər. Ancaq burada adi korrupsiya əməli sənət və yaradıcılıq mühitinə çox ciddi zərbələrin vurulması deməkdir. Bu gün yaradıcılıq potensialı tükənmiş bəzi sənət adamları öz ayıblarını gizlətmək üçün utanmadan belə deyirlər: “Onsuz da dünyanın hər yerində teatr mühitində boşluq mövcuddur. Azərbaycan teatrı da bu boşluğun qurbanlarından biri olaraq görülür”. Tamamilə yalnış və iftiralarla dolu hədyanlardır. Əslində “direktor teatrı” at oynatdıqca peşəkar yaradıcılıq mühiti də olmayacaq. Bizlər bunun fərqinə varmadıqca, qeyd etdiyimiz yalanlara hər kəs inanacaq. Teatrlarda baş rejissor və ya bədii rəhbər aparıcı statusa malik olmalıdır ki, əsil yaradıcılıq mühiti ortaya çıxa bilsin. Teatrlarda formalizmi aradan qaldırmaq üçün, hər teatrın nəzdində ayrıca “Teatr Studiyası” yaradılmalıdır ki, orada yeni nəsil yetişə bilsin və təcrübə qazansın. Hər teatrda ildə fərqli rejiossorlar tərəfindən 3-4 tamaşa hazırlanmalıdır ki, peşəkarlıq və yaradıclııq rəqabəti mühiti formalaşa bilsin. Nazirliyin nəzdində teatrşünaslardan ibarət xüsusi qrup fəaliyyət göstərməlidir ki, ölkənin bütün teatrlarında tamaşalara ən düzgün qiymətin verilməsi, teatr mühitinin inkişafı təbii axarı ilə inkişaf etsin.

Teatrlarda bütün direktorlar istefaya göndərilərsə…

Çağdaş dünya mədəni sistemi inzibati amirlik metodu ilə deyil, menecer-texnokratiya   düzəni idarə olunur. Peşəkar yaradıcılıq isə, birbaşa teatrın bədii rəhbəri və ya baş rejissorunun öhdəsində olur. Del arte, feer, fliaki, buffonada, moralite, müzikl, soti, pastoral, misteriya, rok-opera, sənədli-vizual, impersiv, interaktiv, inklüziv, estrada, monodram, rəqs teatrı, meydan və digər janrlarda tamaşaların hazırlanması, onun mədəni hadisəyə çevrilməsi çox vacibdir. Təəssüflər olsun ki, çağdaş Azərbaycan teatrı postsovet nostalgiyasının təsirindən çıxa bilmir. Bunun əsil günahkarı “direktor teatrı” siyasətinin olmasıdır. Halbuki, teatrlarda mədəniyyəti bilən peşəkar menecer siyasəti yürüdülsə, ictimai, sosial və sinergetik baxımdan bütün sorunlara cavabları asanlıq tapıla bilərik. “Direktor teatrı” siyasəti davam etdikcə, ölkəmizdə elan edilən reformların heç biri baş tutmayacaq. Teatrlarda bu problem öz həllini tapmadıqca, mədəniyyətimizin digər sahələrində də əvvəlki durğunluq anlayışı yaşamaqda davam edəcək.
Bar German, Marqaret Valman, Deninq Konstantasiya, Mixael Kelman, Leon Viktor (Avstriya), Allen Lüis, Berd Antoniya, Herbert Birbom Tri, Lindo Delroy, Kin Çarlz, Piter Bruk, Donnellan Deklan (İngiltərə), Bonn Ferdinand, Braun Alfred, Vekvert Manfred, Bram Otto, Hayner Göbbels, Yurgen Qoş, Qrim Helmut, Drezden Adolf, Klever Edit, Langhoff Volfqanq,  Payman Klaus, Rayh Bernhard (Almaniya), Allio Rene, Anen Roje, Barro Jan-Lui, Veber Jak, Hatti Arman, Dassen Jül, Janti Filipp, Jüve Lüi (Fransa) və sair Avropanın ünlü rejissorlarının sayəsində onların rəhbəri olduqları teatrlar çağdaş dünya teatrına yeni nəfəs gətiriblər. Menecerlər isə həmin tamaşaların reklamını peşəkar səviyyədə qurmaqla uğurlara uğurlar gətirə bildilər.
İftixar Piriyev, Səxavət Məmmədov, Bala Qasımov, Mübariz Həmidov kimi direktorlar öz bəsit düşüncələri heç bir teatra uğur gətirə bilməzlər. Onları dünyaca ünlü olan “London Kral Teatrı”na direktor və ya menecer təyin etsələr uzağı iki saatın içində bu mədəniyyət ocağını iflas edərlər.
Öncələr də qeyd etdiyimiz kimi, mədəniyyət nazirliyinin xüsusi “informasiya bankı” olmalıdır. Kimin baş rejissor, rəssam, bəstəkar, menecer və sair sahələrdə fəaliyyət göstərə biləcəyini bu bankın sayəsində müəyyənləşdirmək mümkündür. Bizə daxil olan bigilərə görə “direktor teatrı” çetesinə daxil olanlar yeni mədəniyyət naziri postunda kimin oturacağına deyil, öz vəzifələrini necə qoruyacaqları ilə bağlı son iki ayda “yol” axtarışına çıxıblar. Bölgə teatrlarının direktorları hətta Bakıda özləri üçün “arabulucu”lar da tapıblar. Yeni himayədara arxalanaraq, dövranlarını sürdürmək başlıca prinsip olaraq görülür. Çünki, orta əsrlərin feodalizm düşüncəsi ilə yaşayan bu məmurları ilgiləndirən “komfortlu həyat” düzənini mümkün qədər qorumaq instinkti onların məramı deməkdir. Yeni mədəniyyət naziri “direktor teatrı” siyasətinə qarşı çıxmasa, deməli Azərbaycanda baş verən kadr və struktur islahatlarına inam öləcək.

Ənvər BÖRÜSOY, sənətşünas


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93