Salam, xoş gəlmisiniz.

ƏSRLƏRİN MUSİQİ ƏSRARI

2017-04-21 12:24:55

ƏSRLƏRİN MUSİQİ ƏSRARI

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeberlenti/25562-tagiyevin-miri-papagi-v-muasir-hacilar.html)

...İndi bəziləri üçün təəccüblü də olsa, bir məsələni açmaq istə­yirəm. Hələ III əsrdə Vətənimizdə musiqi “Mani işarələri” deyilən yazı sistemi ilə qorunub saxlanılır və nəsildən-nəsilə əmanət kimi ötürülürdü. Yüzlərlə melodiya bu yazı sisteminin sayəsində tam ba­kirə halda əsrləri adlaya bilirdi. Atəşpərəstlik dövrünün misilsiz mədəniyyəti qarşısında əyilməyə məcbur olmuş ərəblərin heç də hamısı islamın təlimini bütün də­rinliyi ilə mənimsəməmişdi. Hətta bəzi hallarda işğal olunmuş ərazi­lərdəki mədəniyyət örnəkləri bə­dəvi ərəbin qısqanclığının qurbanı olurdu.

İnsan səsinin, musiqinin kağız üzərində həkk edilməsi ərəblərə möcüzə kimi görünürdü. Özü də bunu edən kim olsa yaxşıdır, atəş­pərəstlər, yəni məcuslar, əcəmilər!

Bir çox mədəni abidələr kimi, müsiqinin yazılması üçün əsrlər boyu istifadə olunmuş Mani yazı sistemi üzərinə “kafir əməli” möhürü vurulmuş və o, izsiz-tozsuz itib yox olmuşdu.

Amma haqq batmır, əsrlər ke­çir, Azərbaycanın böyük oğlu Səfiəddin Urməvi (1230-1294) əcda­dının əmanətinə ikinci həyat verir, mükəmməl tabulatura sistemi, da­ha doğrusu, not yazısını yaradır. Müasir ərəb tarixçiləri nadan bə­dəvilərin törətdikləri əməllərindən danışmağı sevməsələr də, amma utanmadan türk Səfiəddin Urməvini də “ərəb alimi” kimi qələmə ve­rirlər.

İndi mədəniyyət tariximizdən söhbət açan tədqiqatçı “Rahi- Şəhdiz” deyəndə ancaq bu sözlə­ri yaza bilir: klassik ədəbiyyatda muğam şöbələrindən birinin adı, ya da gözəlləmə. Vəssalam! Müa­sir xanəndələrimiz bu musiqi əsə­rini nəinki oxuya bilirlər, bəlkə heç adını da eşitməyiblər. Vaxtilə bit­kin əsər olmuş “Rahi-Şəbdiz” Mani xətti ilə qərinədən-qərinə­yə keçmiş, sonra da digər yüzlərlə dəstgah kimi tarixin dolanbac yol­larında itib-batmışdır. Mənşə eti­barilə azəri türkü, fars və başqa alimlər, sənətkar və bəstəkarlar ali bir mədəniyyətin varisləri olduqla­rını gözəl dərk edirdilər. Mənəvi aləmlərinə görə bədəvi ərəbdən qat-qat yüksəkdə duran bu böyük ictimai təbəqə, İslamı daha dərin­dən və həssaslıqla qavramış, onun nigəhbanına çevrilmişdi.

VII əsrdən başlamış Şüubiyyə hərəkatı öz qədim mədəniyyət, elm və incəsənətini yenidən dirçəldib, ona keçmiş şöhrətini qay­tarmaq istəyənlərin hərəkatı idi. İslami təməllər üzərində yaranmış bu hərəkat eyni zamanda təşəxxüslü ərəblərə hərbi cəhətdən məğlub olsa da, lakin mənən on­lardan çox uca durduqlarını sübut etmək istəyənlərin cavabı idi.

İnsafən demək lazımdır ki, bu işi ilkin başlayan farslar olsa da, onun əsl aparıcı qüvvəsi türklər, ələlxüsus, azəri türkləri olublar. İslam dünyasının möhtəşəm abi­dələrindən biri olan “Kitab-əl-Əqani”də əsl-nəcabətləri tər-təmiz azərbaycanlı olan üç böyük sənət­kar - Musa Şəhabət, İsmayıl İbn Yasar, Əbül-Əbbas əl-Əmə barə­də geniş söhbət açılması heç də təsadüfi deyil.

(“Kitab-əl-Əqani” kimi möhtəşəm elmi-əbədi əsərin üzərində il­lər boyu tədqiqat işləri aparmış, xalqımızın böyük övladlarının ad­larını, əsərlərini min ilin arxasın­dan çıxararaq bizlərə çatdırmış fə­dakar şərqşünaslarımıza böyük ehtiramını bildirirəm). İstər Üməyya, istərsə də şan-şöhrətli Əbbasi xilafəti dövründə musiqi mədəniy­yəti sahəsində əldə olunmuş bü­tün nailiyyətlər qeyri-ərəb sənət­karların adı ilə bağlı olub.

Bizim işimizi çətinləşdirən amillərdən biri də İslamın qələbə­sindən sonra ərəbcə yazılmış bü­tün mənbələrdə qeyri-ərəblərə ümumi bir adın verilməsi olub: ”Əcəm”, vəssalam. İndi ayır görüm, söhbət kimdən gedir, farsdan, ya türkdən?!

Xilafət dövrünün ən adlı-sanlı ifaçılarından biri sayılan İbrahim İbn-Məhən-əl-Mosulini (742-844) götürək. Atasının Məhən, babası­nın Bəhmən olması sübut edir ki, onun ərəblərlə heç bir əlaqəsi yoxdur. Çünki hər iki ad Aran və İranda geniş yayılmış atəşpərəst adları idi. “Nədim” isə rütbədir, hökmdara, ya da xəlifəyə yaxın olan adamlara aiddir. Dəqiq məlumdur ki, gənc yaşlarında, o dövrün gözəl şəhərlərindən biri ol­muş Mosulda yaxşıca keyfə bax­mış İbrahimə dost və yaxınları hə­mişə “Mosuli” deyə müraciət ediblər.

Müasirlər yazırdılar ki, İbrahim musiqi təhsilini əcəmlərdən alıb. Ud çalmaqda, bəstəkarlıqda heç kim onunla bəhsə girməzdi. Sonralar Avropanın musiqi mədəniy­yətinin inkişaf etməsində mühüm rol oynamış Əndəlis vokal məktə­binin banisi Ziriyab da İbrahimin yetirməsi olub.

İbrahimin oğlu İshaq (767- 850) istedadı sayəsində İslam dünyasının iftixarına dönmüşdü. İndii görün, Əbbasi xəlifələri bu əcəm balası üçün nələr deyiblər.

Əl-Məmun: “İshaq musiqişü­nas olub bu dərəcə tanınmasaydı, onu qazi təyin edərdim”.

Əl-Vasiq: ’’İshaq nə zaman hüzurumuzda çalıb-oxusa, hər dəfə­sində nüfuz və qüdrətimin artdığı­nı hiss edirəm”.

Əl-Mütəfəkkil: “İshaqın ölümü ilə dövlətim şərəf və zinətdən məhrum oldu”.

Ancaq Azərbaycan ifaçılıq sə­nətinə xas olan zil pərdədə gəziş­məni ərəb dünyasına İshaq İbra­him oğlu gətirmişdi. Xilafət dövründə yeganə sənətkar idi ki, ona fəqih (şəriət bilicisi) libası geymək hüququ verilmişdi. O dövrdə bu, böyük şərəf sayılırdı.

(Əsrlər keçəcək, ulu Nizami bütün fiqh kitablarında “Cəmal-ədin” - Dinin gözəlliyi kimi ali epitetə layiq görüləcək).

743-cü ildə Məkkədə vəfat et­miş görkəmli müğənni və bəstəkar Ubeydüllah ibn-Sureyc də əcəm övladı olub. “İslam qamusu”nun verdiy məlumata görə, ibn-Süreyc, Kəbənin yenidən inşa etdiril­məsi və ətrafında tikinti işlərinin aparılması üçün İrandan Məkkəyə gətirilmiş sənətkarlarla həmişə tə­masda olub, bilmədiyi, ya da unutduğu havaları onlardan öyrənirmiş. Onun mərsiyələrə bəstələdiyi havalar nəsildən-nəsilə şifahi yolla verilib.

Uzun illər xəlifə sarayının bə­zəyi olmuş bu əcəm oğlunun mu­siqi yaradıcılığı ərəb ifaçıları üçün həmişə örnək olmuşdur. Təkcə onu demək kifayətdir ki, islamın beş böyük müğənnisindən biri əl- Qariz onun tələbəsi idi. Mənim məqsədim Üməyya, Əbbasi sa­raylarında musiqi ifaçılığı, bəstəkarlıqla məşğul olmuş bütün sə­nətkarların adlarını sadalamaq, onların əməllərini vəsf etmək de­yil. Azərbaycanın bir-iki fədakar fi­loloq-şərqşünası, üç azərbaycanlı şairin adlarını əsrlərin zülmətin­dən dartıb çıxara bilmişlərsə, niyə biz, özümüzə bir az əziyyət verib şüubiyyə cərayanı vüsət alan vaxtda xilafətdə ad-san qazanmış musiqiçilərimizin, bəstəkar və xanəndələrimizin adlarını doğma xalqımıza qaytarmayaq. Cahiliyyə dövründə müğənnilik ancaq qadın­ların işi idi. Ancaq islam qələbə çalandan sonra, dünənki köçəri bədəvilər qədim məmləkətlərin cah- cəlallı saraylarına sahib olandan sonra kişilər də musiqi ilə məşğul olmağa başladılar. Qədim ərəblə­rin vokal sənəti tək bir qina üstündə bərqərar idi.

Şer hansı əhval-ruhiyyəni özündə əks etdirirdisə, o tərzdə də oxunurdu. Ton, interval, melodiya anlayış­ları burada yox idi.

Şərq dünyasının böyük mütəfəkkiri Fərabi hələ onda aksioma kimi göstərmişdir ki, qina ilə əsl musiqini bir-birilə qarışdırmaq olmaz. Bütün musiqi alətlərini İrandan, Soqdianadan, Arandan əxz etmiş ərəb, bu ölkənin sənət­karlarına Allahın müqəddəs “Qu­ranından və poeziya nümunələ­rindən başqa heç nə verə bilməz­di. Bütün külli-aləm də bilir ki, isla­mın sonrakı fütuhatı, islam mədəniyyətinin misilsiz nailiyyətləri türk və İran xalqlarının adı ilə bağ­lıdır. Vlll-X əsrlərdə ifaçılıq, şerlə musiqi vəhdəti məsələləri, musi­qidə vəzn qaydaları, xanəndəlik sənəti haqqında yüzlərlə risalə ya­zılmışdı. 792-ci ildə vəfat etmiş Xəlil ibn-Əhməddən başlamış, 997-ci ildə gözlərini əbədi yum­muş Yusif əl-Xorəzmiyə qədər ne­çə-neçə türk, fars, ərəb mütəfəkki­ri sələflərin əmanəti olan Şərq musiqisinin tədqiqinə ömürlərini sərf ediblər. Nəhayət, ravilər demişkən, meydan Səfiəddin Urməviyə yetişdi.

1230-cu ildə Azərbaycanın ən gözəl yerlərindən birində dünyaya gəlmiş bu dahinin musiqi sahə­sində gördüyü işlərini heç bir şeylə ölçmək mümkün deyi. Təkcə onu deyə bilərəm ki, türk-islam aləmi nə əvvəl, nə də sonra Urmə vi səviyyəsində ikinci bu şəxsi ye­tirə bilmədi. Avropanın intibah dövrü titanları ilə bəhsə girişə bi­lən bu adamın yaradıcılığı haqqın­da bizdə çox az material çap olu­nub.

Mərhum bəstəkar Əfrasiyab Bədəlbəylinin təbiri ilə desək, Urməvi ”XIII əsr azəri milli musiqi məktəbinin təşəkkül prosesini ba­şa çatdırmış, səmərəli fəaliyyəti ilə Şərq musiqi aləminin keçmiş və gələcəyi arasında hüdudları müəyyən etmişdir”. Müasir türk tədqiqatçısı Yılmaz Öztunanın fikrincə, “türk musiqi elmini sistemləşdirən və günümüzə qədər eyni cizgidə gəlməsini” təmin edən Urməvi olub. Urməvini yetirən Niza­minin fəxrlə vəsf etdiyi mədəni irs olub. Hələ eranın əvvəllərindən etibarən musiqi ifaçılığını elm sə­viyyəsinə qaldıra bilmiş bir xalq Urməvini şərqə bəxş edə bilərdi. Onun Bağdadda ən çox məşğul olduğu, işlədiyi yer on mindən ar­tıq nadir kitabi özündə qoruyan ”Dar-əl-kütub” binası idi. Maraqlı­dır ki, binanı inşa edən, böyük əzab-əziyyətlə ora kitabları yığan Səbur ibn-Ərdəşir idi. “Səbur” sözü ’’Şapur“ adının ərəbləşdirilmiş formasıdır. Hər halda, nə Səbur (Şapur), nə də Ərdəşir ərəb adları deyil.

(Ardı var)

Firuz Haşımov

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93