“Şübhələr var ki, Lukaşenko Putinlə görüşdə ciddi güzəştlərə gedə bilər”

14

Şahin Cəfərli: “Son hadisələrdən, xüsusən də Kremlin Lukaşenkoya açıq dəstəyindən sonra Belarus xalqı arasında Rusiyanın nüfuzunun azalmasını müşahidə edirik”

Məhəmməd Əsədullazadə: “Rusiya və Belarusun birləşməsi Belarusda böyük çaxnaşmaya və etirazlara gətirib çıxara bilər”

Fəzail Ağamalı: “Mənə elə gəlir ki, proses belə davam edərsə, Belarusu da Ukraynadakı vəziyyət gözləyə bilər”

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya rəsmi səfərə gedib. Bu, böyük etirazlara səbəb olan 9 avqust prezident seçkilərindən sonra Lukaşenkonun ilk rəsmi səfəridir. Səfər çərçivəsində o, Rusiya prezidenti Vladimir Puitinlə Soçidə görüşəcək. Görüş təkbətək olacaq. Belarusda ciddi şübhələr var ki, Lukaşenko Putinin inteqrasiya barədə tələblərini qəbul edə bilər. Bəs görəsən, politoloqların Rusiya və Belarus arasında keçirilən Soçi görüşündən hansı gözləntiləri var?

“Lukaşenko indiyə qədər hakimiyyətdə qala bilibsə, bunu Rusiyanın dəstəyinə borcludur”

Beləliklə, bu və bu kimi digər suallarla müraciət etdiyimiz siyasi şərhçi Şahin Cəfərli “Hürriyyət”ə açıqlamasında Lukaşenkonun Rusiyaya səfərinin xüsusi əhəmiyyət daşıdığını bildirdi: “Belarusdakı son hadisələrdən sonra Lukaşenko hakimiyyətinin mövqeləri xeyli zəifləyib.

Söhbət onun ölkədaxili mövqelərindən gedir. Seçkilərdən sonra kütləvi xalq hərəkatı başlayıb və hələ də davam edir. Əgər Lukaşenko indiyə qədər hakimiyyətdə qala bilibsə, bunu Rusiyanın dəstəyinə borcludur. Çünki Qərb Lukaşenkonun son seçkilərdə qələbəsini tanımadı. Lukaşenkonu tanıyan yalnız böyük dövlətlərdən Çin və Rusiya oldu. Düzdür, Çin regiona uzaq məsafədə yerləşir. Lukaşenko rejiminə dəstək verən əsas dövlət Rusiyadır. Bu baxımdan, Lukaşenkonun Rusiyaya səfəri xüsusi əhəmiyyət daşıyır”.

Siyasi şərhçinin sözlərinə görə, şübhələr var ki, Lukaşenko Putinlə görüşdə hansısa ciddi güzəştlərə gedə bilər: “Bilirsiniz ki, 1999-cu ildən Rusiya-Belarus İttifaq dövləti var. Faktiki olaraq, həmin ittifaq dövləti haqqında müqavilə indiyədək Belarus dövləti tərəfdən iddia olunmayıb. Həmin müqavilədə Rusiya və Belarusun sıx inteqrasiyası nəzərdə tutulub. Burda faktiki olaraq, iki dövlətin birləşməsindən söhbət gedir. Bu vaxta qədər Lukaşenko “müstəqilliyimiz və suverenliyimizdən imtina edə bilmərik” deyirdi. Amma son seçkidən sonra onun mövqeləri xeyli zəiflədi. Qeyd etdiyimiz kimi, Putinin Lukaşenkoya dəstəyi, onun üçün həyati əhəmiyyət daşıyan məsələdir. Ona görə də Belarusda ciddi şübhələr var ki, Lukaşenko Putinin inteqrasiya barədə tələblərini qəbul edə bilər. Bununla da Belarusun müstəqilliyini qurban verə bilər. Düşünürəm ki, ola bilsin hansısa güzəştlər olsun, amma indiki mərhələdə Rusiya və Belarusun birləşməsi baş tutan deyil. Bu mərhələdə baş tutmayacaq. Amma Rusiya istəyir ki, Lukaşenkonu tədricən bu güzəştlərə sürükləsin. Bu baxımdan, görüş maraqlıdır. Lukaşenkonun güzəştləri “hansı həddə qədər olacaq” deyə ciddi maraq mövzusudur. Sözsüz ki, Belarus xalqı Rusiyayla birləşməyin əleyhinədir. Düzdür, Rusiyayla münasibətlərin yaxşı səviyyədə saxlanılmasını istəyirlər. Amma son hadisələrdən, xüsusən də Rusiyanın Lukaşenkoya açıq dəstəyindən sonra Belarus xalqı arasında Rusiyanın nüfuzunun azalmasını müşahidə edirik. İnanıram ki, Belarus xalqı Rusiyayla sıx inteqrasiyaya gedilməsini qəbul etməyəcək. Əslində, maraqlı vəziyyət yaranır. Əminəm ki, xalq Belarusiyanın müstəqilliyinin və suverenliyinin əldən verilməsini qəbul etməyəcək”.

“Soçi görüşündə Putin Lukaşenkoya tam dəstəyini ifadə edəcək, onun təhlükəsizliyinin təmin olunması da müzakirə oluna bilər”

“Artıq Lukaşenko öz hakimiyyətini qoruyub saxlamaqda “Putinə necə minnətdar olmağı” haqqında düşünür. Belarusla Rusiya arasında maliyyə, hərbi-texnika sahəsində müqavilələrin imzalanması gözlənilir. Əsasən, Belarusun bundan sonrakı vəziyyəti müəyyənləşdirmək və hazırkı prezidentin hakimiyyətdə qalması üçün Soçidə tərəflər arasında danışıqların başlanması gözlənilir”. Belə bir açıqlama ilə çıxış edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, poitoloq Məhəmməd Əsədullazadə isə “Hürriyyət“ə açıqlamasında, Rusiya və Belarusun birləşməsinin Belarusda böyük çaxnaşmaya və etirazlara gətirib çıxara biləcəyini dedi.

O, Soçi görüşündə Lukaşenkonun buna getməsinin inandırıcı görünmədiyini də əlavə etdi: “Belarusiyada keçirilən prezident seçkilərindən sonra görürük ki, Qərblə Rusiya arasında Belarus uğrunda kəskin mübarizə gedir. Hələ ki, proseslər Rusiya və Lukaşenkonun xeyrinədir. Çünki baxmayaraq ki, etirazlar davam edir, hakimiyyətdən devrilmir. Xalqın bir hissəsi Minsk meydanlarında Lukaşenkoya “get” şüarı ilə etirazlar keçirir. Görürük ki, Lukaşenkoya qarşı etirazçılara müəyyən dərəcədə maliyyə yardımı edilir. Eyni zamanda, müxlifətin koordinasiya şurası da dəstəklənir. Amma bu proseslərə baxmayaraq, Rusiya konkret şəkildə Lukaşenkonun yanındadır. O, güc strukturlarına dəstək verməklə mövcud hakimiyyətini qoruyub saxlayır. Artıq Minsklə Moskva arasında geniş diplomatik əlaqələr, əvvəlki dövrlərdən daha da inkişaf etməyə başlayıb”.

Politoloq bu qənaətdədir ki, gələcək dönəmlərdə vahid dövlətin və ittifaqın yaradılması da müzakirə edilə bilər: “Düşünürəm ki, belə olan təqdirdə Belarusda çox ciddi etirazlar baş qaldıra bilər. Artıq Belarus cəmiyyəti siyasiləşib. Soçi görüşündə Putin Lukaşenkoya tam dəstəyini ifadə edəcək. Onun təhlükəsizliyinin təmin olunması da müzakirə oluna bilər. Çünki Lukaşenkonun hakimiyyətdə qalması Belarusda siyasi və iqtisadi gərginliyə səbəb ola bilər. Putin və Lukaşenko da fərqindədirlər ki, Belarus xalqı onu qəbul etmir. Çünki onlar düşünür ki, Qərb tərəfindən Belarusda müxtəlif təxribarlara yol verilə bilər. Bu baxımdan, bütün bunları müzakirə etmək üçün Soçi görüşü nəzərdə tutulub. Hesab edirəm ki, Rusiya və Belarusun birləşməsi, Belarusda böyük çaxnaşmaya və etirazlara gətirib çıxara bilər. Soçi görüşündə Lukaşenkonun buna getməsi də inandırıcı görünmür. Çünki burda Belarusun müstəqilliyi və suverenliyi ortada qala bilər. İndiki situasiyada buna gedilsə, daha da kütləvi şəkildə etirazlar baş qaldıracaq. Hətta vətəndaş  müharibəsinə də gedib çıxa bilər. Çünki Lukaşenko daim Belarusun müstəqilliyini önə çəkir. O, eyni zamanda çıxışlarında Belarusun müstəqilliyi uğrunda canından belə, keçəcəyini bildirib. Sadəcə, o  öz hakimiyyətini qorumaq istəyir. O birləşmə olacağı halda, böyük etirazların olacağının da fərqindədir. O, indiki vəziyyətdə bu riskə gedə bilməz”.

“Rusiya hər zaman Belarusu öz caynağında saxlamaq üçün ən müxtəlif fürsətlərdən isitfadə edib”

Mözvu ilə bağlı “Hürriyyət“ə açıqlama verən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə Belarusda baş verənləri qarşısı alınmaz proses kimi qiymətləndirdi: “Belarus ətrafında çox ciddi proseslər gedir.

Qərb birmənalı olaraq istəyir ki, Avropanın az qala mərkəzində yerləşən Belarusda olan vəziyyəti öz nəzarəti altına keçirsin. Eyni zamanda, Rusiyanın təsiri altından çıxartmaq istəyir. Qərb belə etməklə, MDB ölkələrini Rusiyanın nəzarəti altından  çıxartmaq istəyir. Bununla da Rusiyanın sıxışdırılacağı nəzərdə tutulur. Eyni zamanda, Rusiyanın strateji maraqlarına ciddi zərbələr vurmuş olur. Əlbəttə ki, Belarusu Avropanın mərkəzi dövləti kimi demokratikləşdirməyə çalışırlar. Mən Belarusda bir neçə dəfə olmuşam. Orda çox yüksək nizam-intizam var. Həm də Lukaşenko digər sovet dövlətlərindən fərqli olaraq, hakimiyyətə gəldiyi dövrdən Belarusun iqtisadiyyatını qoruyub saxladı, eyni zamanda onu inkişaf etdirə bildi. Belarusda anarxist qüvvələrin hərəkətinə imkan verilmədi. Digər tərəfdən, Rusiya Belarusu öz təsir dairəsindən çıxmasına imkan vermək istəmir. Məhz Lukaşenkonun son vaxtlar Rusiyaya qarşı çox sərbəst hərəkətlərində və onun Rusiyaya qarşı münasibətlərində qeyri-səmimi olduğunu müşahidə edirəm. Hətta Lukaşenko çətin duruma düşəndə Azərbaycana da müraciət edib. Çox cüzi faizlə Azərbaycandan kredit götürüb. Bununla da özünü böhranlı vəziyyətdən çıxarda bilib”.

Deputatın sözlərinə görə, Rusiya hər zaman Belarusu öz caynağında saxlamaq üçün ən müxtəlif fürsətlərdən isitfadə edib: “Son vaxtlar Lukaşenkonun daha sərbəst hərəkəti və xarici siyasəti Rusiyanın maraqlarına zidd olduğu üçün Avropayla münasibətlərində istinad divarı qoyub. Bu da müxlifəti stimullaşdırdı. Hələ ki, proses gedir. Son məlumata görə, Belarusun müdafiə naziri artıq NATO tanklarının Belarusun sərhədinin yaxınlığında olduğunu bildirib. Bundan sonra Belarusda çox ciddi proseslər başlayır. Ola bilsin ki, qısa müddətdə Rusiya öz istəyinə nail oldu. Məncə, Lukaşenkonun uzun müddət prezident olması mübahisəli görünür. Baxmayaraq ki, o Azərbaycana qarşı rəğbət bəsləyir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın maraqlarına xidmət edən addımlar atır. Lakin məsələ tək Lukaşenkoyla həll olunmur. Burda Belarus xalqının iradəsindən söhbət gedir. Mənə elə gəlir ki, hazırda qüvvələr nisbəti bərabərdir. Hər halda proses davam edir. Sonda Qərb, ya da Rusiya Belarusu caynağına keçirəcək. Mənə elə gəlir ki, proses belə davam edərsə, Belarusu da Ukraynadakı vəziyyət gözləyə bilər. Belarus Polşa, Baltikyanı respublikalar, Macarıstan, Moldova və Ukraynayla həmsərhəddir. Belarusda proses artıq başlayıb və bu qarşısıalınmaz bir prosesdir”.

Sonda onu da əlavə edək ki, rusiyalı analitiklərin fikrincə, Putin-Lukaşenko görüşündə əslində Belarusun suverinliyinə son verilməsi üçün “yol xəritəsi” hazırlanacaq. Daha əvvəl irəli-geri addımlar ataraq, Rusiyanın bu planından yayınmağa çalışan Lukaşenko isə artıq dalana dirənib və hazırda onun hakimiyyətdə qalmaq üçün Belarusun suverenliyini Rusiyaya güzəştə getməkdən başqa yolu qalmadığı iddia olunur.

YƏHYA