“Təəssüf ki, bəzi işçilərin məsuliyyətsizliyi…” – “Azneft”dən ittihamlara cavab

1

“Azneft” İstehsalat Birliyinin (İB) dəniz obyektlərində çalışan işçiləri, eyni zamanda SOCAR-ın digər qurumlarının və podratçı təşkilatların əməkdaşları növbə dəyişən zaman xüsusi ayrılmış otellərdə yerləşdirilir, həkim yoxlamalarından keçirilir və iş yerinə yola salınırlar.

Bunu “Azneft” İstehsalat Birliyinin (İB) mətbuat katibi Nail Rəhimzadə neftçilərin sosial məsafə gözləmədiyini, maska taxmadığını əks etdirən görüntülərlə bağlı Modern.az-ın sorğusunu cavablandırarkən bildirib.

N.Rəhimzadə qeyd edib ki, otellərdə qaldıqları müddətdə əməkdaşların temperaturu hər gün 3 dəfə yoxlanılır:

“Onlar tibbi maska və gündəlik 3 dəfə yeməklə təmin edilirlər. Bundan əlavə “Azneft” İB-nin səlahiyyətli nümayəndələri tərəfindən yoxlamadan keçən, növbə dəyişən işçilərlə daim söhbətlər aparılır, maarifləndirmə işləri həyata keçirilir, sosial məsafənin saxlanılmasının, qoruyucu vasitələr, o cümlədən tibbi maskadan istifadənin vacibliyini bildirilir”.

Qurum rəsmisinin sözlərinə görə, “Azneft” İB olaraq bu kimi təşkilatı işləri görmək və maarifləndirmə aparmaq onların üzərinə düşürsə, qaydalara əməl etmək işçilərin məsuliyyətindən irəli gəlir:

“Təəssüf ki, bəzi işçilərin məsuliyyətsizliyi, öz, eləcə də başqalarının sağlamlığına qarşı biganə münasibəti nəticəsində sosial məsafənin saxlanılmamasına, tibbi maskadan istifadə edilməməsi hallarına rast gəlirik. Ancaq “Azneft” İB-nin səlahiyyətli nümayəndələri karantin qaydalarına əməl edilməsi ilə bağlı vəziyyətə daim nəzarət edir və bununla bağlı işçilərə müvafiq tövsiyələr, xəbərdarlıqlar edirlər”.

Qeyd edək ki, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabından “Neft daşları”nda çalışanların maskasız, sosial məsafə gözləmədiklərini əks etdirən fotosunu ictimailəşdirib.