“Təcili Konstitusiya islahatları həyata keçirilməlidir…” – NATİQ CƏFƏRLİ

30 Aprel, 2020, 18:46
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Uzun illərdir ki, həm iqtidar, həm də müxalifətin bir hissəsi problemlərin sistemli olduğunu, sistemdən qaynaqlandığını anlamaq, bu haqda danışmaq istəmirlər. REAL yaranan gündən “sistem” sözünü işlətdiyinə görə təənələrə, tənqidlərə məruz qalıb, hətta lətifələr də qoşulub (Lətifə: Erkin Qədirli səhər əl-üzünü yuyur, güzgünün kənarına prezidentin şəklinin vurulduğunu görür və deyir ki, “bıy, bu sistemin şəklini bura kim vurub?!” – lətifə qoşanlar, güya, bizi ad çəkməkdən çəkindiyimizə eyham vururdular. Halbuki, biz həmişə problemlərin kökünü göstərmişik. Və nə qəribədir ki, o vaxt bizə vedrə bağlayanlar bu gün artıq müsahibələrində sistem problemlərindən danışırlar). Həm iqtidar, həm müxalifətin bir hissəsi illərdir “yaxşı oğlan” axtarışındadırlar, iqtidar problemlərə, “flan icra başçısı pisdir, yaxşı oğlan tapıb ora təyin edəcəyik – hər şey düzələcək” yanaşması göstərirdi, müxalifən bir hissəsi isə, “iqtidarın təyin etdiyi icra başçısı pisdir, biz təyin edən yaxşı olacaq”, prinsipi ilə məsələlərə yanaşırdılar. Hurriyyet.org xəbər verir ki, bu fikirlər REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərliyə məxsusdur.

“Problem A, B, C rayonunun İcra başçısında deyil”

“Biz isə ilk gündən deyirik ki, yaxşı, və ya pis icara başçısı olmur, doğru və ya səhv sistem olur. Biz həmişə deyirdik ki, ümumiyyətlə, İcra Başçısı institutu ləğv edilməlidir, hətta bunun yollarını da 2013-də yazmışıq. Yəni biz “yaxşı və ya pis insan”, yanaşmasında uzaq olub həmişə sistemin dəyişməsindən yana olmuşuq. Qısa bir haşiyə: 2011-ci ildə rayonların birində REAL görüş keçirirdi, bəzi müxalif partiyalarının üzvləri də görüşə gəlmişdilər. Biz məsələlərə yanaşmamızı danışdıq, bir nəfər orta yaşlı, həmin rayonda müxalif partiyalardan birinin yerli şöbəsinin sədr müavini dedi ki, danışdıqlarımızın çox hissəsini anlamasa da bəyəndi, REAL Hərəkatına üzv olmasını istədi. Amma dedi ki, nə vaxtsa REAL hakimiyyətə gəlsə, o, bu rayonun icra başçısı olmaq istəyir-söylədi ki, indi üzv olduğu partiyanın rəhbərləri ona məhz belə söz veriblər, əgər biz də söz versək REAL-a keçər. Həmən ona cavab verdim ki, qardaş, biz hökumət qursaq, icra hakimiyyəti institutunu ləğv edəcəyik, rayonları seçkili orqanlar idarə edəcək. Prezident isə bir neçə rayonu əhatə edən öz nümayəndəsini təyin edəcək ki, konstitusiyanın pozulmasının qarşısını alsın, həm də fövqaladə durumlar yarananda idarəçiliyi üstlənsin. Qardaş, etiraz etdi ki, ta nə oldu e, bəs biz illərdir müxalifət olub, onu gözləyirik ki, nə vaxtsa vəzifəyə gələcəyik, icra başçısı, səhiyyə və təhsil şöbəsinin rəisi olacağıq. Dedim, o zaman REAL sizə uyğun deyil, elə o partiyada üzv qalsanız yaxşıdı. Bu hadisəni ona görə bir daha xatırlatdım ki, problem A, B, C rayonunun İcra başçısında deyil, problem məhz sistemdə, İcra Hakimiyyətinə yüklənən nəzarətsiz gücdədir. Təyin olunmuşlar həmişə təyin edənin qarşısında məsuliyyətli olmağa çalışacaq, seçilmişlər isə seçicilərin –bu, əsrlərin sınağından çıxmış yoldur”,- deyə Cəfərli vurğulayıb.

“Parlamentin və hökumətin həm məsuliyyəti, həm də səlahiyyəti artırılmalıdır”

N. Cəfərli qeyd edib ki, başqa bir məsələ isə İcra Başçılarının, ümumiyyətlə, məmurların maaşlarındadır: “Çox aşağı rəsmi maaşları var. Sanki dövlət deyir ki, bilirəm bu maaşla dolanmayacaqsan, bu qədər səlahiyyət verirəm, get çap-tala və qazan! Məsələn, Biləsuvarın İcra Başçısının maaşı 1045 manatdır, vergisini və sosial müdafiəyə ödənişlərini çıxanda yerdə 800 manatdan bir az çox pul qalır. Hansı icra başçısı 800 manata dolana bilər və ya dolanır?! İstənilən rayonun və şəhərin icara başçısının yaşayışına, maşınına, dolanışığına baxın görəcəksiniz ki, heç birinin maaşla dolanmadığı aşkar görünür. Yaxşı, indi DTX bütün icra başçılarını həbs etsin?! Olmur axı belə, birdəfəlik məsələ kökündən həll edilməlidir, təcili  Konstitusiya islahatları həyata keçirilib yerliözünüidarə institutıları yaradılmalı, seçkili Mer institu təsis edilməli, ümumiyyətlə, idarəetmə islahatları sürətlə aparılmalı, Parlamentin və hökumətin həm məsuliyyəti, həm də səlahiyyəti artırılmalıdır. Yeni Konstitusiyaya keçici bölüm əlavə edilərək 5 il müddədində Parlament Respublikasına keçidlə bağlı addımlar da yazılmalıdır. İslahat, məsələlərə sistemli yanaşma məhz belə olur. Cəmiyyət olaraq, artıq siyasətdə “yaxşı adam” axtarışına son vermək lazımdır, yaxşı və ya pis insan yoxdu, yaxşı və ya pis sistem var”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93