“Təcili ölkənin bütün şəhidlərinin tam siyahısını əhatə edən elektron resurs yaradılmalıdır” – AZƏR MEHTİYEV

0

“Bu resursdakı bütün məlumatlar ictimaiyyət üçün tam açıq olmalıdır”

“Hər bir şəhid dövlətə çox baha başa gəlməlidir. O qədər baha ki, dövlət şəhid verməmək üçün əlindən gələn (və hətta gəlməyən) hər şeyi etsin”. Hurriyyet.org xəbər verir ki, bunu  iqtisadçı ekspert, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev deyib.

“Bütün bunlar illərlə təkrarlanır, illərdir ki, eyni şeyləri yaşayırıq”

“Başa düşürəm ki, müharibə şəraitində olan və torpaqlarının 20 faizi düşmən tərəfindən işğal olunan ölkədə şəhidlər də olacaq, qazilər də.  “Şəhidlik zirvədir!”- heç mübaliğəsiz bu, belədir. Ancaq illərlə hər dəfə cəbhədən şəhid xəbəri gələndə üzləşdiyimiz bir səhnə var: 18-20 yaşında şəhid olanların valideynlərinin və onların yaşadıqları evlərin məzlum (bu sözə görə üzr istəyirəm) şəkilləri, yaxud yetim qalmış şəhid balalarının fəryad yayan sifətləri… Bir də “vətənşüvənlər”in boğazdan yuxarı çağırışları… Eləcə də mövcud idarəçiliyə etirazlar… Bir-iki gün hərə bacardığı kimi bu hadisəni “yaşayır”, sonra hər şey əvvəlki axarına qayıdır. Sonra yeni şəhid xəbərləri və təkrarlanan səhnələr…Diqqət verirsinizmi, bütün bunlar illərlə təkrarlanır, illərdir ki, eyni şeyləri yaşayırıq. Sanki hamı tərəfindən qəbul edilmiş və hər kəsin öz rolunu təkrar-təkrar oynadığı bir ssenaridir. Hökumət bunu dəyişməkdə maraqlı görünmür, narazıların da dəyişməyə gücü yoxdur”,-deyə iqtisadçı ekspert əlavə edib.

“Şəhid ailələrinə ham maddi, həm də mənəvi dəstəklər artırılmalıdır”

A.Mehtiyev qeyd edib ki, mövcud qanunvericlikdə şəhid adının əbədiləşdirilməsi istiqamətində müəyyən tədbirlər və şahid ailələrinə bir sıra güzəştlər nəzərdə tutulur: “Məncə, bunlar yetərli deyil. Şəhid ailələrinə ham maddi, həm də mənəvi dəstəklər artırılmalı, daha ciddi dəstək mexanzimləri işə salınmalıdır. Bu dəstəklər hansısa məmurların hərəkətlərindən (yaxud hərəkətsizliyindən) asılı olmamalı, avtomatik işləmə mexanizmlərinə malik olmalıdır”.

“Onda açıq-aydın görünəcək ki, bu torpaqları VƏTƏNə çevirənlər kimlərdir”

Mehtiyev hesab edir ki, təcili ölkənin bütün şəhidlərinin tam siyahısını, hər biri haqqında geniş məlumatları (doğulma yeri, tarixi, valideynləri, şəhid olma tarixi və şəraiti, şəhid olarkən ailəsinin durumu və s.), habelə şəhid olduqdan sonra onun ailəsinə dövlət tərəfindən edilən bütün dəstək tədbirlərini, şəhidin ailə üzvlərinə dövlət dəstəyinin davamlılığını izləməyə imkan verən məlumatları (məsələn, ev təminatında dəyişiklik, övladlarının təhsilinin necə davam etməsi və s.) – konkret rəsmi sənədlərlə təsdiq olunmaqla – əhatə edən böyük bir elektron resurs yaradılmalıdır: “Bu resursdakı bütün məlumatlar ictimaiyyət üçün tam açıq olmalıdır. Onda açıq-aydın görünəcək ki, bu torpaqları VƏTƏNə çevirənlər kimlərdir, “vətən-vətən” qışqıra-qışqıra onu talayanlar kimlər..Daha bir çox şeylər mümkündür…

Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Şamo EMİN, Hurriyyet.org