Tərəflərin “Yay savaş”ı: SSRİ-nin bərpasına gedən yol

2

Azərbaycanla Ermənistanın dövlət sərhəddində iyulun 12-də atəşkəsin pozulması həm Azərbaycan, həm Ermənistan əhalisi üçün gözlənilməz oldu və ilk olaraq bu sual meydana çıxdı: atəşkəsin indi, həmin ərazidə pozulması kimə və nə üçün lazımdır?!

Əlimizdə olan ilkin məlumatlar onu deməyə əsas verir ki, atəşkəsin pozulmasında Ermənistan tərəfi maraqlıdır. Fikrimizi faktlarla, məntiqlə əsaslandıraq. Azərbaycan müharibəyə başlamaq istəsə, məntiqlə bunu daha perspektivli yerdə – Dağlıq Qarabağda etməyə çalışar ki, işğal olunmuş ərazilərinin heç olmasa bir hissəsini azad etsin, yaxud ən azından  Ermənistana və Qarabağdakı separatçı rejimə həddini bildirsin, onlara bu torpaqlarda rahat qala bilməyəcəklərini xatırlatsın. Digər tərəfdən, çox şübhəlidir ki, hadisə başlayan kimi Ermənistan hay-küy qaldıraraq bütün beynəlxalq təşkilatlara – ATƏT, AB, KTMT, AŞ və s. müraciət etdi. Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının təcili toplantısını çağırdı və bir çox vacib məqamları qeyd etdi, o cümlədən, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin hərbi attaşelərini hadiəsə yerinə aparılaraq yerindəcə insidentin baş vermə şəraitini onların diqqətinə çatdırılacağını bildirdi. Ermənistan hay-küy, həyəcan dolu məktublar göndərir, Azərbaycan isə prosesi əyani yolla izah edir, heç bir xüsusi ajiotaj yaratmır, panikaya qapılmır. Hay-küy, panika daha çox suçlu tərəfin öz əməlini ört-basdır etmə davranışı olduğuna kimsə şübhə etmir. Üstəlik, Azərbaycan tərəfi, şəxsən İlham Əliyev Ermənistanın “üçüncü tərəfə” müraciət etdiyini bildirdi. Üçüncü tərəf, böyük ehtimal KTMT-dir. Ermənistan Azərbaycanla sərhəddə süni surətdə vəziyyəti gərginləşdirməklə, KTMT qoşunlarının Ermənistan – Azərbaycan sərhəddinə gəlməsini, münaqişəyə cəlb olunmasını istəyir. Bu, Azərbaycanın  Qarabağda müharibə perspektivlərini heçə endirir.

“Üçüncü məsələ” KTMT-dir. Təbii ki, Ermənistan bunu özbaşına etmir, edə bilməz. Rusiyanın nəzarətində olan Ermənistan ordusu belə bir addımı Moskvadan icazəsiz edə bilməz.

Moskva niyə məhz indi bu avantürada iştirak edə bilər?! Qeyd edək ki, həmin avantüranın yeri və zamanı bu plan üçün ən uyğundur və labüddür. Belə ki, hələ bir neçə ay əvvəl də Azərbaycan Sərhəd Xidmətinin həmin istiqamətdə bir neçə hərbçisi şəhid oldu. Ötən il isə Gürcüstanla Azərbaycan sərhəddində Keşikçidağ insidenti yaşandı. Dağıstanla Azərbaycan sərhəddində düz bir ay əvvəl iyunun 12-də baş verən hadisələri hər birimiz xatırlayırıq. Gürcüstanla sərhəddə keşikçilərə ziyarətçi adıyla gələn naməlum qrup tərəfindən hücum olur, əsgərin silahı əlindən alınır, Ermənistanla sərhəddə atəşkəs pozulur, sərhədçilər öldürülür, daha sonra Rusiya ilə sərhəddə yenə də insident yaşanır və ən son olaraq iyulun 12-də Tovuzda son hadisələr baş verir.

Azərbaycanın Rusiyanın təsir dairəsində olan dövlət sərhədlərinin perimetri boyunca təxribatlardan tutmuş, odlu müharibəyə, artilleriya və tank atəşlərinədək dəhşətli hadisələr baş verir. Biz İranla sərhəddəki siyasi məqsədli insidentlərdən danışmırıq – sərhədçilərimizə bir müddət əvvəl atəş açılmasından tutmuş Qarabağla qanunsuz əlaqələrədək. Bunlar ayrı söhbətin mövzusudur.

Ermənistan KTMT-yə müraciət etdi və təcili toplantı tələb etdi, tələb yerinə yetirildi, lakin daha sonra təxirə salındı və vəziyyətin araşdırılacağı bəyan edildi. Qəribədir, Ermənistan müdafiə naziri, parlamentin sədri, XİN rəhbəri xarici mərkəzlərə teleqram vurur, birbaşa telefon açır, hay-küy salırlar. Ermənistanı bir-birinə qatan bu panikada bir nəfərin nə səsi eşidilir, nə mövqeyinə dair bir sənəd yayılır, nə də o, Təhlükəsizlik Şurasının iclasını çağırmır. Şuşada vaxtilə TŞ iclası keçirən Paşinyan Ermənistan sərhəddində baş verənlərlə bağlı hələ ki, susur. Paşinyan ya ordudakı vəziyyətə nəzarət edə bilmir, hadisə onun özü üçün də gözlənilməzdir, hərçənd bu, Ali baş komandan kimi onun məsuliyyətini azaltmır. Lakin bu sirr deyil ki, Ermənistan ordusu Rusiyanın nəzarətində olan mafiya tipli silahlı qüvvələrdir, Rusiyanın yeri gəlsə Paşinyanın özünü devirmək üçün ən güclü təzyiq vasitəsidir və Paşinyan ora nüfuz edə bilməyib, orada baş verən proseslərə nəzarət etmək iqtidarında deyil.

Yay müharibəsi kimə lazımdır?

Yay müharibəsi Ermənistan və Azərbaycanı Rusiyanın silahlı birləşmələrinin Azərbaycan – Ermənistan dövlət sərhəddinə yerləşməsi üçün lazımdır. Rusiya anlayır ki, Gümrüdəki  102 – ci ordu yalnız Türkiyə ilə sərhədi nəzarət altında saxlamağa imkan verir. Bəs NATO-nun Təlim Mərkəzinin yerləşdiyi, hər il yayda NATO-nun təlim keçdiyi Gürcüstan necə olsun?! Azərbaycan- Ermənistan sərhəddinin Qazax – Tovuz xətti hər üç Cənubi Qafqaz ölkəsinin sərhəddində dislokasiya olunub proseslərə nəzarət etmək üçün ideal yer deyilmi?! Artıq Putin SSRİ – ni bərpa edəcəyini açıq şəkildə ifadə edib, referendum keçirilib və çar daha 16 il hakimiyyətdə qalacaq. Özünün daha 16 il hakimiyyətdə qalmağa layiq olduğunu sübut etmək üçün ilk hərəkətlənməni Cənubi Qafqazdan başlamaq, orada KTMT qoşunlarını yerləşdirməklə zəfər qazanmaq pis başlanğıc olmazdı. Üstəlik ABŞ və NATO Qara dənizdə Rusiyaya hərbi demarş edir və Putinə bu referendum baha başa gələ bilər, belə olduğu halda indidən həm Qərbə demarş etmək, həm də sövdələşmə üçün Cənubi Qafqazda yerləşdirmə cəhdi etmək lazımdır. Biz hələ o klassik xırda səbəbləri demirik – Ermənistanda pandemiyanın yaratdığı sosial gərginlikdən diqqəti yayındırmaq, Paşinyanın və Əliyevin Moskvadakı Qələbə paradına getməkdən imtina etmələrinə revanş və s. motivləri istisna olunmur. Burada ATƏT-in də Rusiyanın əlində vasitə olan təşkilat olduğunu unutmamalıyıq.

ATƏT Soyuq müharibə dövründə 1975-ci ildə yaradılmış təşkilatdır və çox az beynəlxəlq təşkilatlardan biridir ki, Rusiya və ABŞ orada “yaxşı yola gedirlər”. ABŞ Rusiya ilə bağlanmış Soyuq müharibə dövründəki bir sıra müqavilələrdən imtina etmiş, hətta BMT strukturlarından tədricən çıxma yolunu tutmuşdur. Lakin ATƏT-lə bağlı belə bir problem yoxdur, o, Rusiyanı çox nadir hallarda tənqid edən bir təsisatdır. Ayrı-ayrı ölkələrdə seçkilərə müsbət rəy verməsində Rusiyanın böyük təsiri var, Rusiya bu təşkilatda nüfuzunu və təsir imkanlarını saxlayıb. Hətta Ukraynada ATƏT nümayəndəliyi üzvlərinin Rusiya Baş Kəşfiyyat İdarəsinin zabitləri olması barədə məlumatlar yayılmışdı. Rusiya MDB məkanındakı bir sıra proseslərə – seçkilər, sülhyaratma və s. ATƏT vasitəsilə təsir edir. Belə bir şəraitdə, Azərbaycandan ən yüksək səviyyədə – prezident Əliyevin dilindən Minsk qrupunun ünvanına sərt tənqid səslənir. Üstəlik, bu o dövrdür ki, İlham Əliyev “Damokl qılıncı”nı Azərbaycandakı 5 – ci kolonun başı üzərində yelləyərək, Rusiyaya bağlı siyasi və hərbi elita başçılarını hakimiyyətdən uzaqlaşdırmaqda israrlı görünür. Ən son bu yaxınlarda Məmmədyarovun kontorunda baş verənlər bunun bir nümunəsidir.

Konsulluq XİN rəhbərinin başçılıq etdiyi vahid sistemə daxildir, deməli, orada baş verən istənilən qanun pozuntusuna görə əsas məsuliyyət bilavasitə nazirin üzərinə düşür. Ümumiyyətlə, Konsulluq idarəsi hər zaman XİN sistemində xüsusi yeri olması ilə seçilib, korrupsiyalaşmış diplomatik sisteminin ən çox çirkaba batan hissəsi olub və görünür, buna görə də nazirin vəzifədən uzaqlaşdlrılması əməliyyatı oradan başlayıb. Heç kimə sirr deyil ki, XİN başçısı sovet dövründə diplomat kimi yetişmiş kadrdır, Moskvaya bağlı şəxsdir və hazırda Azərbaycan diplomatiya idarəsi Smolensk meydanında Lavrovun başçılıq etdiyi Rusiya diplomatiya orqanlarının sanki Azərbaycan üzrə rezidenturası funksiyasını yerinə yetirir. Lavrovun Bakıya ötən ilki səfəri zamanı Azərbaycan və Rusiya XİN arasında məsləhətləşmələrə dair müqavilənin imzalanması da bunu sübut edir.

Aydındır ki, Rusiya böyük qlobal iddiaları olan daha güclü dövlətdir və Azərbaycanın məsləhətinə ehtiyacı yoxdur burada məsləhət alan tərəf qismində Azərbaycan çıxış edə bilər. Suveren bir ölkənin diplomatiya idarəsinin bu cür sənədə qol çəkməsi alçaldıcı addımdır. Azərbaycan XİN rəsmiləri, nəinki nazirlər, hətta mətbuat katibi  səviyyəsində belə M.Zaxarovadan məsləhət almaq üçün Moskvaya səfər edirlər. XİN naziri normal ölkədə bu cür rüşvət qalmaqalından sonra istefa verməli idi, artıq bütün körpülər yanıb.

Məsələnin siyasi tərəfi daha qorxuludur ki, Azərbaycan XİN Rusiyaya dövlət sirri təşkil edən məlumatları ən yüksək səviyyədə ötürüb. Onlar faktiki Rusiyanın rezidenturası rolunda çıxış ediblər. Qərbə inteqrasiyanın baş tutmaması, Avropa Birliyi ilə Assosiasiya sazişinin imzalanmaması və ölkənin işıqlı gələcəyini təmin edəcək istənilən addımın qarşısının alınmasında XİN-in böyük rolu olduğu şübhəsizdir. Prezident görünür islahatın bütün sahələri əhatə etdiyini cəmiyyətə göstərmək üçün, yaxud da Azərbaycan daxilində hakimiyyətə iddialı bir neçə qrupla iş aparan Rusiyanın təsirini azaltmaq üçün ona bağlı şəxslərdən qurtulmağa çalışır ki, onlardan biri rusdilli, kosmopolit düşüncəli, nəinki vətənpərvərlik ritorikasında danışmağı, ümumiyyətlə Azərbaycan dilində danışmağı belə özünə rəva görməyən Məmmədyarovdur. ATƏT-ə və Məmmədyarova qarşı savaş açan Azərbaycan prezidenti Qordi düyününə çevrilmiş Qarabağ düyününü açmaq istəyir, amma o düyünü bağlayan əllərlə yox. Çünki problemi yaradan Rusiyadır, onunla həmrəy olan Minsk qrupudur, deməli, onlarla Qarabağ məsələsini həll etmək mümkün olmayacaq. İlham Əliyev bu statatus-kvoya etiraz etdi, dərhal Ermənistan ordusu hərəkətə keçdi.

İlham Əliyev nə demişdi: “O ki qaldı, Minsk qrupunun bəyanatına, biz bunlardan başqa bəyanatlar, konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik. Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Yaxşı, nə qədər olar?  Nədir bunların bəyanatında əsas tezis – hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun. Ona görə biz onlardan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik”.

Bəli, Minsk qrupuna prezidentin diplomatik ritorikadan uzaq, açıq demarşından sonra Azərbaycana odlu silahlarla təzyiq başladı. Həm də təkcə Tovuzda yox, həm də Naxçıvanda. Aya Sofyanı məscid elan edən, İlham Əliyevə Vatikan səfərindən sonra təsbeh bağışlayan Rəcəb Tayyib Ərdoğanın Türkiyəsini Qars müqaviləsinə görə qarantı olduğu Naxçıvanla bağlı mürəkkəb vəziyyətə sürükləmək, eyni zamanda Liviyada müzəffər türk ordusunun qələbələrindən narahat olaraq onu Rusiyaya güzəştə getməyə məcbur etmək, Türkiyəni bir neçə cəbhədə savaşa sürükləmək. Bütün bunlara əsaslanaraq, bir şeyi inamla demək olar: SSRİ-nin bərpası, Putinin 2036-cı ilədək prezidentliyinin sonrakı gedişatı xeyli dərəcədə Azərbaycan – Ermənistan sərhəddindən başlayacaq.

Müəllif: Nəzakət Məmmədova

Correct.az