Təxribat göstərişi haradan gəlmişdi? – POLİTOLOQLARDAN AÇIQLAMA

43

“Şimal qonşumuzdan idarə olunan “5-ci kolon”un hissələri, cənub qanşumuzdan idarə olunan “Allahu Əkbər” deyənlər…”

Qabil Hüseynli: “ Bu yürüş kortəbii şəkildə yarandı”

İlqar Vəlizadə: “Kiməsə maraqlıdır ki, yenə də Azərbaycanda vəziyyət qarışsın”

İyul ayının 14-dən 15-nə keçən gecə on minlələrlə vətəndaşımızın paytaxtın mərkəzi küçələrində orduya, dövlətə dəstək yürüşü keçirməsi təqdir olunsa da, sonda bir qrup şəxsin qanunsuz olaraq Milli Məclisin binasına soxulması bu yürüşün mahiyyətinə müəyyən qədər kölgə saldı. Elə buna görə, yürüşün baş tutması bir sıra suallar yaratdı. Maraqlıdır, gecə saatlarında on minlərlə insan biri-birini xəbərdar etmədən toplaşmışdı, yoxsa kimlərsə bu aksiyanı təşkil etmişdilər? Həmçinin, xalq orduya, dövlətə dəstəyini ifadə edirdisə, bir qrup insan niyə zorla parlamentin binasına daxil olurdu?

“İçəridəəyyən qara qüvvələr də var idi ki..”

Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli hesab edir ki, bu yürüş kortəbii şəkildə yarandı: “Sadəcə olaraq xalq Tovuzdakı erməni vandalizminə, barbarlığına etiraz əlaməti olaraq ordumuza dəstək nümayiş etdirdi və ona görə də kiminsə təşkilatçılığı ilə “Azadlıq meydanı”nı, “Neftçilər” prospektini bu şəkildə doldurmaq mümkün olmazdı. Amma içəridə müəyyən qara qüvvələr də var idi ki, həmin qara qüvvələr vəziyyətdən öz xeyirləri üçün istifadə etməyə çalışdılar və qismən ona nail oldular”.

“Parlamentə hücum edən adamlar ən ağılsız adamlardır ki…”

Q.Hüseynli qeyd etdi ki, ümumiyyətlə, əhalinin saf niyyətli, vətənpərvər dairələri də, müxtəlif dövlətlərə xidmət edən agentura şəbəkəsi də var: “Bəzən onu “5-ci kolon” adlandırırıq və fürsətdən yararlanıb, ölkənin daxilində qarışıqlıq törətməyə çalışırlar. Belələrinə adam nifrətdən başqa bir duyğu bəsələyə bilmir. Parlamentə hücum edən adamlar ən ağılsız adamlardır ki, kimlərinsə əlində alətə çevrilirlər. O biri tərəfdən də bunların başında duran adamların başqa bir dövlətin casus şəbəkəsinin üzvləri olduğuna şübhə ola bilməz. İçərilərində bəziləri “Allahu Əkbər”, bəzilər də daha provakativ şüarlar səsləndirirdi. Ona görə də onların hərəkətlərinin haradan qaynaqlandığını təxmin etmək çətin deyildi. “Allahu Əkbər” qışqıraraq parlamentə daxil olanlar dini kəsimin nümayəndələri idi. Azərbaycanda dini kəsimin siyasiləşmiş təbəqəsinin isə bizim yaxın qonşularımızdan hansı ölkələr tərəfindən istiqamətləndirildiyi çoxdan bəllidir”.

“Ziyalılar da onlara qoşulsaydı, bu prosesi idarə etməyə çalışsaydı, o daha yaxşı olardı”

Q.Hüseynli nəzərə çatdırdı ki, yürüşdə çoxu cavan, təhsilli admalar idi: “Əgər oxlokratiya deyilən kütlə psixologiyası onları idarə edəcəksə, onlar heç  meydana çıxmasa yaxşıydı. Hər halda, dövlət axırda məcbur oldu ki, təhlükəsizlik qüvvələrini meydan sürsün və onların vasitəsilə bu adamları zərərsizləşdirsin. Amma bəli, ziyalılar da onlara qoşulsaydı, bu prosesi idarə etməyə çalışsaydı, o daha yaxşı olardı. Çünki kütlə psixologiyasını idarə etmək elə də asan deyil. Amma kütləni cuşa gətirən, məhvərindən çıxaran səbəblər var idi. Sözsüz ki, o dediyim casus şəbəkəsinin rolu öz təsirlərini göstərdi. Bəli, şimal qonşumuzdan idarə olunan “5-ci kolon”un hissələri, cənub qanşumuzdan da idarə olunan “Allahu əkbər” deyənlər var”.

Q.Hüseynli hesab edir ki, bundan sonra atəşkəs Tovuz bölgəsində təmin ediləcək: “Amma Azərbaycanın Ermənistanla, ermənilərlə qisası qiyamətə qalmayacaq. Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün mütləq yeni yollar fikirləşmək məcburiyyəti qarşısında qalıb”.

“Milli Məclisdə dağıntılar etmək, divarları sındırmaq nəyə lazımdır?”

Politoloq İlqar vəlizadə isə dedi ki, o, yürüşdən sonra erməni mətbuatını izləyib: “Əsas aparıcı erməni saytları bu xəbəri əsas tutaraq, müxtəlif mülahizələr söyləməyə başlamışdılar. Bəzi mülahizələrdə yazılır ki, “sərhəd regionunda vəziyyətdən asılı olmayaraq, biz başqa daha böyük işlər görə bildik. Yəni Azərbaycanın daxilində iğtişaşlar yarandı. Burada daxil siyasi sabitlik pozulmağa başladı. Bizim üçün hadisələrin nəticələri əsas o ola bilər”. Əgər ermənilər bunu bu cür təqdim edirsə, deməli, bu, onların vəziyyətə olan müəyyən qiymətidir. Onlar üçün bu, məqbul olan bir haldır. Onlar bunu gözləyirdilər. Burada bir həqiqət var ki, 90-cı illərdə də belə hadisələr baş verirdi. Biz dəfələrlə şahidi olmuşuq ki, müxtəlif siyasi qruplar hakimiyyətə gələndə Qarabağ kartından istifadə edərək, bunu edirdilər. O çirkin oyunlar haqqında sizin də xəbəriniz var. Mən o vaxtı gənc oğlan idim, hər şey göz qabağında idi.  Yenə deyirəm, bu oyunları biz də, cəmiyyətdə görürdü. Bu hadisələr məni 90-cı illərə apardı. Biz əlbəttə ki, həmrəyik. Hətta qeyri-qanuni səslənsə də, karantin rejimini pozaraq çoxlu sayda insanın küçələrə axınını da başa düşmək olar. Çünki bu, içimizdə olan hisslərdi, bunu cilovlamaq mümkün deyil. Amma gedib Milli Məclisdə dağıntılar etmək, divarları sındırmaq, orada hansısa şüarlar səsləndirmək nəyə lazımdır? Kimə gərəkdir? Bəli, burada suallar meydana çıxır. Deməli, hansısa siyasi qruplar yaxud daxili hansısa maraqlı tərəflər var, istəyirlər ki, məsələ bu cür inkişaf etsin. Mən düşünürəm ki, istintaq gedir. Bu başdan konkret nəsə söyləmək, hansısa qrupları göstərmək çətindir”.

“Mən çox istəyərdim ki, bu istintaq açıq olsun”

İ.Vəlizadə qeyd etdi ki, xırda informasiyalardan hansısa mənzərə yaratmaq olar: “Məsələn, bir neçə gün bundan qabaq Rəhim Qazıyev səs yaymışdı ki, cəbhədə vəziyyət ağırdır. Bu informasiya müəyyən dərəcədə yayılmağa başlamışdı. Yaxşı, bəs Rəhim Qazıyevin arxasında kimlər dayanır? İş burasındadır. Yeri gəlmişkən, Rəhim Qazıyev 90-cı illərin proseslərinin fəal iştirakçısı idi, dəlillər əsasında türmədə yatmış adamdır. Onun arxasında kimlər dayanır? Deməli, kiməsə maraqlıdır ki, yenə də Azərbaycanda vəziyyət qarışsın, yenə də öz çirkin işlərini görsünlər. Bunlar üçün millət, vətən yoxdur. Onlar kreslo davası aparan insanlardır. Onların arxasında ola bilər ki, üçüncü qüvvələr, yəni xarici qüvvələr var. Onlar da maraqlıdır ki, burada vəziyyət qarışsın. Amma konkret nəsə demək, hansısa siyasi qüvvələrin adını çəkmək çətindir. Mən çox istəyərdim ki, istintaq zamanı bu istintaq açıq olsun, cəmiyyətə çatdırıla bilən məsələlər hamısı çatdırılsın ki, kimlər kimdir, nəçidir.

Milli Məclisə daxil olanlar  hamısı cavan uşaqlardır. Mən düşünmürəm ki, onların konkret siyasi məqsədləri olub. Amma necə ola bilər ki, bu uşaqlar bunu ediblər? Kim onlara bunu deyib? Nəyə görə, oranı sındırıblar? Biz o xırdalıqları bilməliyik. Bu suallara istintaq cavab verməlidir və bu, açıq informasiya olmalıdır”.

“Belə vəziyyətdə siyasi güclər səfərbər olunmalıdır”

İ.Vəlizadə onu da dedi ki, artıq açıq müharibə gedir və müharibənin öz qanunlar var: “Yəni bu məsələdə müxalifət ola bilməz. Belə vəziyyətdə  siyasi güclər səfərbər olunmalıdır, müəyyən həmrəylik göstərilməlidir. Yəni tabu olan məsələlər var ki, onlara toxunmaq olmaz. Hakimiyyətlə dava edirsən, onu başqa vaxta saxlamaq olar. İndi bu, yolverilməzdir. Mən düşünürəm ki, burada mənfi proseslərin qarşısını almaq üçün ziyalılar, ictimaiyyətdə sözləri keçərli insanlar öz sözlərini deməlidirlər, ortalığa mövqelərini qoymalıdırlar. Demirəm, pafoslu sözlər olmalıdır. Amma yazılmamış müəyyən qaydalar var. Bu qaydalara hamımız əməl etməliyik. Ondan sonra ola bilər ki, cəmiyyətdə müəyyən səfərbərlik olunsun. Bəzi fəallar deyirlər ki, şəhərdə reklam lövhələri var, boş lövhələrin əvəzinə, şəhid olmuş bizim qəhrəmanların şəkilləri yerləşdirilməlidir. Belə şeylər olmalıdır. Səfərbər olunmuş cəmiyyətdə hər hansı bir müxalif fikir o saat seçiləcək. Yəni siyasi müxalif yox, ümumi vəziyyətə müxalif dayanan adamlar kimdir, onları ifşa edə bilərlər, onların onda imkanları olmaz ki, hansısa pozucu, destruktiv hərəkətlər etsinlər”.

Şamo EMİN, Hurriyyet.org