“Təəssüf edirəm ki, Azərbaycan hökuməti belə bir çətin vaxtda özünü doğrulda bilmədi” – NEMƏT ƏLİYEV

6 Aprel, 2020, 16:58
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Hökumətin elektrik enerjisindən istifadə limitini 100 kilovat artırmasına dair qərarı sanki gözdən pərdə asmağa xidmət edir”. Hurriyyet.org xəbər verir ki, bu sözləri iqtisadçı Nemət Əliyev deyib.

“Sanki əhalinin gözünə kül üfürmək məqsədi güdülüb”

Əliyevin sözlərinə görə, heç olmasa qış ayları olsaydı, bəlkə düşünmək olardı ki, elektrik enerjisindən istifadədə o limit həddini aşan əhali koteqoriyasının sayı çoxdur: “Bəlkə də oradan əhəmiyyətli dərəcədə bu xalqa nəsə kömək etmək olardı. Amma artıq qış ayları geridə qalıbdır və hökumət özünün təsdiq etdiyi tədbilər planında elan edir ki, o limit güzəşti aprel, may aylarını əhatə edəcəkdir. Bu da bütövlükdə ölkə üzrə 10 milyon manatdı. Yəqin ki, bunu qış aylarındakı limit çərçivəsinə uyğun hesablayıblar. Aprel, may aylarında da havalar isinir, elektrik enerjisindən istifadəyə təlabatın kəskin şəkildə aşağı düşəcəyi gözləniləndir. Deməli, bu rəqəm 10 milyondan aşağı olacaq ki, yuxarı olmayacaq. Bundan da böyük villası olanlar, özləri üçün xüsusi kamfort təşkil edənlər faydalana biləcəklər. Hər bir halda, şəxsən məndə yaranan fikir bundan ibarətdir ki, burada sanki əhalinin gözünə kül üfürmək məqsədi güdülüb. Bunu niyə ediblər? Çünki başqa ölkələr də koronavirusun yaratdığı mənfi təsirlərini azaltmaq üçün müxtəlif tədbirlər keçirirlər. Hətta sanki yarışa giriblər. Nə dərəcədə xalqın qulluğunda durmağa hazır olduğunu nümayiş etdirən proqramlarla çıxış edirlər. Belə bir məqamda çox təəssüflər olsun ki, Azərbaycan hökuməti bu cəhətdən özünü doğrulda bilmədi”.

“Limiti keçənlər üçün 4 manatlıq yardımdan söhbət gedir”

N. Əliyev qeyd etdi ki, hökumətin tədbirlər planında  heç 1 milyona yaxın əhali əhatə olunmur: “Daha çox diqqəti çəkən 600 min nəfərdir. Onun da təxminən 250 mini işsizdir. Amma nəzərə alaq ki, Azərbaycanda 5 milyondan bir az artıq əmək qabiliyyətli əhali var. Təsəvvür edin ki, hökumətin bu yöndə təqdim etdiyi həmin o plan cəmi 1 milyonu əhatə edir. Demək 4 milyon kənarda qalıb. O gördüyü tədbirlər planı da bu ağır dövrdə xalq olan münasibətin digər ölkələrlə müqayisədə nə qədər zəif olduğunu sanki ört-basdır etmək məqsədi güdür. İndi əhaliyə ünvanlanmış hansı tədbiri həyata keçirir? Belə çıxır ki, bir dənə o limiti tətbiq edir ki, o da əhalinin kasıb təbəqəsini əhatə etmir. Orada da limiti keçənlər üçün 4 manatlıq yardımdan söhbət gedir. Ona görə, mən çox təəssüf edirəm ki, Azərbaycan hökuməti belə bir çətin vaxtda özünü doğrulda bilmədi, xalqa yarıtmaz münasibətlə diqqəti cəlb etdi”.

“1 milyondan çox təsərrüfat subyektindən 334 mini hökumətin yardım proqramından faydalana biləcək”

N.Əliyevinn fikrincə, müqaviləsiz işləyənlər də dövlətin məsuliyyətidir: “İndi bunlar nəticələrdir. Hökumətin təqdim etdiyi tədbirlər planı 44 min sahibkarlıq subyektində 300 min muzdlu işçini əhatə edir. Orada çalışanlar müqavilə ilə çalışırlar. Bir də vergilərin ödənilməsində iştirak etmiş 290 min fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardır. İlk baxışdan deyirsən ki, böyük bir rəqəmdir. Cəmi 334 min sahibkar edir, amma Azərbaycanda təxminən 900 mindən çox fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kimi qeydiyyatdan keçmiş təsərrüfat subyekti var. Bütövlükdə kiçik, orta və iri müəssisə şəklində qeydiyyatdan keçənlərin sayı isə 146 mindir. 900 minin də üzərinə 146 min gələndə 1 milyondan çox sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmiş müəssisə və təşkilatlar edir. Təsəvvür edin ki, bu qədər təsərrüfat subyektindən 334 mini hökumətin o yardım proqramından faydalana biləcək. Bu da 1 miyondan çox həm fərdi sahibkar, həm də kiçik, orta və böyük müəssislər kimi qeydiyyatdan keçmiş təşkilatların 20%-i edir. Adama sual verərlər ki, belə bir çətin vaxtda koronavirusun yaratdığı bu təhlükədən bütün müəssisələr zərər görübsə, o zaman sən hansı əsas və arqumentlə onun 80%-ni kənarda saxlayırsan? Bunun heç cür izahı yoxdur. Bunun normal izahını tapmaq lazımdır. Çox təəssüf ki, Azərbaycan hökuməti elliklə hamının yanında dayana bilmədi”.

“Nəinki müqaviləsiz işləyən işçilər, əhalinin işləməyən hissəsinə də Azərbaycan hökuməti yardım etməlidir”

N. Əliyev hesab edir ki, nəinki müqaviləsiz işləyənlərə, bütövlükdə əhaliyə yardım göstərilməlidir: “Bunların təqdim etdiyi siyahıdan bəlli olur ki, təsir dairəsinə düşənlərin sayı 2 milyon 300 min nəfərdir, amma ondan 600 mini çıxmaq lazımdır. Çünki elə orada yazılıb ki, 600 min nəfərin işlədiyi qeyri-dövlət sektorundakı müəssisələrlə söhbət aparmaq lazımdır ki, işçiləri ixtisar etməsinlər. Yəni onlara pul yardımı verməkdən söhbət getmir. Amma onların özlərinin də yardıma ehtiyacı var. 600 mini çıxanda 1 milyon 700 min qalır, onun da 900 mini dövlət, büdcə təşkilatından maliyyələşənlərdir. Onu da çıxanda 800 min qalır. İlham Əliyevin ayırdığı 1 milyard manat və Dövlət Sosial Müdafiə Fonduna toplanmış vəsaitlər deməli, bu 800 min nəfəri əhatə edir, amma yenə deyirəm, 5 milyon əmək qabliyyətli adam var. Hələ 15 yaşa qədər olan uşaqları bir tərəfə qoyuram. Çünki onsuz da Azərbaycanda uşaq pulu verilmir. Onların sayı 2 milyon 300 nəfərdir. Onlar oradan kənarda qalıblar. 5 milyon əmək qabiliyyətli insanın da bunu 800 mininə tətbiq etdi, geridə qalanlar hamısı kənarda qaldı. Amma koronavirusun vurduğu zərbə bütün əhali koteqoriyasını öz təsiri altına alıb. Ona görə də nəinki müqaviləsiz işləyən işçilər, əhalinin işləməyən hissəsinə də Azərbaycan hökuməti yardım etməlidir. Bir halda ki, dövlət öz vətəndaşına deyirsə ki, “evdən bayıra çıxma”. Bu sözü deyən hökumət gərək, həmin insanları zəruri qida maddələri, yeməklə, içməklə təmin etsin. Bunun da yolu pul yardımından keçməlidir. Gərək, hökumət bunu edəydi, amma etmədi. Ona görə, bizim əvvəldən mövqeyimiz bundan ibarət idi ki, konkret kim təsir alıtına düşüb, kim düşməyib, bunun müəyyən edib bir tərəfə gətirə bilməyəcəklər. Çünki uzun müddətdir ki, bu hökuməti tanıyırıq. Ona görə, lap əvvəldən bu mövqeni ortaya qoyduq ki, Azərbaycan hökuməti adambaşına yardım proqramı üzərində düşünməlidir, onun ölçülərini və çərçivəsini müəyyən etməlidir ki, gücü nəyə çatırsa, bunu hamıya münasibətdə təsdiq etsin”.

“Belə bir dövrdə “Azal”a, Azərbaycan Dəmiryollarına pul ayırmağa nə ehtiyac vardı?!

“Dövlət başçısının ayırdığı 1 milyard manatla bağlı kimdən soruşursanız soruşun, hamının birmənalı cavabı olur ki, həmin o pullar yenə də öz çevrəsindən, yaxınından olan biznes strukturlarına veriləcək, orada çalışan adamların vəziyyətinin yaxşılaşdırılmasına sərf olunacaq, əhali yenə kənarda qaldı. Məsələn, belə bir dövrdə “Azal”a, ya da Azərbaycan Dəmiryollarına pul ayırmağa nə ehtiyac vardı? Metropolitenə niyə pul ayrılmalıdır?! Doğrudur, bunlar da zərər görürlər. Amma bunlar uzun müddət dövlətin büdcəsi üzərində oturub yeyən təşkilatlardır və onların Azərbaycan xalqına da elə bir faydası olmayıbdır. Məsələn, “Azal”  bu gün uçuşlar həyata keçirirmi? Yox. Demək xərci də yoxdur. Orada ən yaxşı halda işləməyən əməkdaşlara dövlət tərəfindən əməkhaqqlarını vermək olar. Hərçənd ki, “Azal” həm də kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Bu illər ərzində yeyib, toplayıb, dağıdıb. Axı, bunu necə fikirləşmək olar?! Əgər bu boyda təşkilatın özünün məhdud sayda olan işçilərinin orta aylq əməkhaqqısını verməyə gücü çatmırsa, o zaman belə bir təşkilatı saxlamağın nə mənası var? Yəni bu kimi ziddiyətli sualların sayını artımaq mümkündür”,-deyə iqtisadçı əlavə etdi.

 Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93