TƏKZİB

TƏKZİB

Noyabrın 1-də Hurriyyet.org saytında “Azərbaycanın yeni “qumar kralı” - Cavid Qurbanov mərc oyunlarına nəzarəti ələ aldı” sərlövhəli yazı dərc olunmuşdu. Həmin yazıda Türkiyənin haberler.com portalına istinadən “Turkcell” şirkətinin "Azerinteltek”dəki paylarını satışa çıxardığı haqda informasiya verilmişdi. Qeyd olunurdu ki, şirkət 51 faizlik səhmini "Azerinteltek”də yüzdə 24,5 faiz paya malik olan "Baltech Investment LLC”-yə 19 milyon 530 min 177 avroya (təxminən 38 milyon manat) satıb.

Türkiyədəki mənbələrimizdən Hurriyyet.org-a verilən başqa bir məlumat əsasında isə, "Baltech Investment LLC” şirkətinin gerçək sahibinin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov olduğunu vurğulamışdıq.

Sözügedən yazı saytımızda dərc olunduqdan sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi nümayəndələri redaksiyamıza zəng açaraq, "Baltech Investment LLC” şirkətinin Cavid Qurbanova heç bir aidiyyatı olmadığını bildirdilər. Bizim əlimizdə də bu şirkətin C.Qurbanova aid olduğunu təsdiq edən hər hansı rəsmi sənəd olmadığından, elə həmin gün yazını saytdan çıxardıq.

Məqalə dərc olunarkən qarşı tərəfin mövqeyini öyrənmək imkanmız məhdud olduğundan və sonradan bu məlumatın gerçək olması rəsmən təsdiqini tapmadığından, həmin informasiyanı təkzib edir, oxucularımıza və C.Qurbanova üzrxahlığımızı çatdırırıq.

Hurriyyet.org