Tofiq Bəhramov məşhur epizodla bağlı niyə “Stalinqrad” deyib?

13

“Eurosport.ru” saytı Azərbaycanın dünyaca məşhur hakimi Tofiq Bəhramovla bağlı maraqlı məqalə dərc edib.

FIFA dərəcəli keçmiş referinin DÇ-1966-nın final oyununda Almaniya millisinin qapısına vurulan qolu hesaba almasından bəhs olunan yazıda onunla bağlı maraqlı əhvalata da toxunulub.

“Hakimlərin əfsanəvi səhvləri: Bəhramov dünya çempionatında Almaniyanın qapısına vurulan qolu sayıb və deyib: “Stalinqrad” başlıqlı məqaləni olduğu kimi təqdim edirik:

Futbolun İkinci Dünya Müharibəsi ilə inanılmaz əlaqəsi

Azərbaycanlı FIFA hakimi Tofiq Bəhramov DÇ-1966-da hesaba aldığı qol sayəsində futbolun tarixinə düşüb. Həmçinin Stalinqrad əfsanəsi də onun adı ilə bağlıdır.

Bəhramov İngiltərə – Almaniya finalında yan xətt hakimi təyin olunmuşdu. Görüşün əsas vaxtı heç-heçə (2:2) başa çatmışdı. Əlavə vaxtda britaniyalı Ceffri Herst qeyri-adi zərbə ilə qapını nişan aldı. Top tirə dəyib qapı xəttinə düşdü və oradan meydana sıçradı. Baş hakim epizodu görmədi və Bəhramova yönəldi. O isə inamla başını yellədi və “Qoldur” dedi. Herst daha bir qol vurdu. İngilislər isə tarixlərində yeganə Dünya Kubokunu qazandı.

Bəhramov 1993-cü ildə dünyasını dəyişib və ölümündən sonra adı Stalinqrad döyüşü ilə əlaqələndirilib. Əhvalata görə, ölümündən bir qədər əvvəl, hakimdən 1966-cı ildə verdiyi qərarın düzgünlüyü barədə soruşulduqda, o, jurnalistlərə bir sözlə cavab verib: “Stalinqrad”.

Bəhram Bəhramov

Tofiq Bəhramovun oğlu Bəhram Bəhramov əvvəlcə bu məlumatı qəti şəkildə təkzib edib. O, 2015-ci ildə faşizm üzərində qələbənin 70 illik yubileyi ilə əlaqədar bunları deyib: “Stalinqrad? Hansı Stalinqrad? Bütün bunlar cəfəngiyyatdır. Stalinqrad döyüşü vaxtı atamın 16-17 yaşı olub. Başa düşmürəm, belə bir şeyi düşünmək kimə lazımdır. Bunu fikirləşmək üçün insanın əla fantaziyası olmalıdır. Ümumiyyətlə, futbolun bu müharibəyə və xüsusən Stalinqrada hansı aidiyyatı ola biləcəyini başa düşə bilmirəm. Şəxsən mənim üçün göstərici odur ki, matçdan sonra almanların kapitanı Uve Zeeler şəxsən atama yaxınlaşıb və qol olduğunu etiraf edərək ondan üzr istəyib”.

Əslində Stalinqrad döyüşünün başa çatmasına 3 gün qalmış gələcək hakimin 18 yaşı tamam olub. 2018-ci ildə Bəhramovun oğlu ritorikanı dəyişdi. Görünür, vətənpərvərliklə bağlı əfsanə xoşuna gəlib: “Stalinqrad döyüşü II Dünya Müharibəsi tarixində dönüş nöqtəsi kimi tanınır. Bu, dünyanın hekayəsidir, əsl həqiqətdir. DÇ-1966-nın finalında vurulan qol kimi. Buna görə atam Stalinqradı xatırlayıb”, – B. Bəhramov deyib.

 

Tofiq Bəhramov vuruşub?

Xeyr. Nə Stalinqradda, nə də bir başqa döyüşdə. Bəhramov 1943-cü ildə Bakı birinciliyində “Burevestnik”də debüt edib. Bir il sonra Bakı “Dinamo”suna yüksəlib və SSRİ çempionatının B klasında oynamağa başlayıb. Sonra isə uşaqlıq arzusu gerçəkləşib və “Neftçi”yə keçib.

Bəhramovun futbolçu karyerası 1950-ci ildə zədə səbəbindən başa çatıb. Həmin vaxt o, hakim olmağa qərar verib və dünya çempionatının finalına kimi yüksəlib. \\Report