Tramp Çinə qarşı yeni qərarını açıqladı

0

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Honq Konq muxtariyyətinə qarşı tətbiq edilən Milli Təhlükəsizlik Qanunu ilə əlaqədar Çini ittiham edən qanun layihəsini təsdiqləyib və Honq Konqa qarşı imtiyazları ləğv edən prezident fərmanını imzalayıb.

ABŞ prezidenti deyib: “Bu gün Çini Honq Konq xalqına qarşı siyasi təzyiqlərinə görə ittiham edən qanun layihəsini və prezident fərmanını imzaladım.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, Tramp deyib: “Bu gün təsdiq elədiyim qərar Honq Konqun azadlığını əlindən alan şəxslərin və təşkilatların məsuliyyət daşıması üçün yeni vasitələr təmin edir”.

Tramp Honq Konqdakı vəziyyəti yaxından müşahidə elədiklərini və vəziyyətin yaxşı olmadığını qeyd edərək deyib: “Honq Konq xalqının azadlığı əlindən alınıb və artıq azad bazarda rəqabət apara bilmir. Bir çox insanın Honq Konqu tərk edə biləcəyindən şübhələnirəm”.

ABŞ ilə Honq Konqun sıx əməkdaşlıq etdiyini və Honq Konqun əvvəllər bir çox imtiyazlara malik olduğunu qeyd edən Tramp deyib: “Honq Konqun imtiyazlarını ləğv edən qərarı imzaladım. Honq Konqa indi Çin ərazisi ilə eyni şəkildə davranacağıq. Heç bir ayrı-seçkilik və xüsusi iqtisadi üstünlük olmayacaq”.

Tramp İngiltərə hökumətinin Çinin “Huawei” şirkətinin 5G sistemindən uzaqlaşdırma qərarından məmnun olduğunu bildirib, Ümumdünya Səhiyyə Təşkilatı və Ümumdünya Ticarət Təşkilatını “Çinin kuklası” adlandırıb.

Tramp deyib: “Çin koronavirusu gizlətdiyi və bu virusu bütün dünyaya yaydığı üçün məsuliyyət daşımalıdır. Bu epidemiyanı lap əvvəldən dayandıra bilərdi. O zaman bunu asanlıqla etmək olardı”.

Hurriyyet.org