Salam, xoş gəlmisiniz.

TÜRKİYƏDƏ DEMOKRATİYANIN QƏLƏBƏSİ! - "CHP-nin iri şəhərlərdə qələbə qazanması AKP üçün siqnaldır"

2019-04-02 11:27:24

TÜRKİYƏDƏ DEMOKRATİYANIN QƏLƏBƏSİ! - "CHP-nin iri şəhərlərdə qələbə qazanması AKP üçün siqnaldır"

Nəzakət Məmmədova: "Türkiyə məhz Ərdoğanla 2023-cü il planlarını həyata keçirməyə müvəffəq olacaq"

Qubad İbadoğlu: "Ölkə həyatında xüsusi əhəmiyyət kəsb edən şəhər bələdiyyələrinə rəhbərlik sahəsində vəziyyət AKP üçün heç də ürəkaçan deyil"

Elxan Şahinoğlu: "Kürdlərin yaşadıqları bölgələrdə PKK-nın siyasi qanadı sayılan HDP-nin az səs toplaması AKP-nin uğuru sayıla bilər"

Ramiyə Məmmədova: "Türkiyə özünü əsl kapitalist dövləti kimi göstərdi, iqtisadi maraqlar ideoloji maraqları üstələdi"

Məhəmməd Əsədullazadə: "Növbəti seçkilərdə MHP AKP-dən ayrılarsa, AKP iqtidardan gedə bilər"

Bildiyiniz kimi, martın 31-də Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilib. İlkin məlumatlara görə, seçkilərdə AKP ilə MHP-nin yaratdığı "Cümhur İttifaqı" ümumilikdə 51,67 faiz səslə Türkiyənin 81 bölgəsindən 52-də bələdiyyə başqanlığını qazanıb. CHP, İYİ Partiyası, Səadət Partiyası və Demokratik Partiyanın qurduğu "Millət İttifaqı" isə 37,53 faiz səs toplayıb. Qeyd edək ki, partiyalar üzrə ümumi nəticə belədir: AKP 44,42 faiz, CHP - 30,07 faiz, İYİ Partiyası 7,46, MHP 7,25, HDP 4,22, Səadət Partiyası 2,68, digər siyasi partiyalar isə 1 faizdən az səs toplayıb. Türkiyənin ən böyük və önəmli şəhəri olan İstanbula gəlincə, CHP-nin namizədi Əkrəm İmamoğlu 48,79 faiz, AKP-nin namizədi Binəli Yıldırım isə 48,51 faiz səs toplayıb.

"Cümhur İttifaqının qarşısında yaradılan kirli cəbhə məğlubiyyətə məhkum edildi"

Bu arada, Əkrəm İmamoğlunun sözlərinə görə, Türkiyə Yüksək Seçki Qurumunun (YSQ) sədri verdikləri sayı təsdiqləyib. "Başladığımız ilk andan etibarən YSQ-nın adını tələffüz edərkən sonsuz etibarımızı dilə gətirərək nəticələri təqib etdiyimizi söyləmişdim" deyən Əkrəm İmamoğlu YSQ-ya vəzifəsini icra etdiyi üçün təşəkkürünü bildirib: "Ümid edirəm, ən qısa müddətdə nəticələr təsdiqlənər. Yan-yana gəlməyi bacarmalıyıq. Yoxsa bu ölkənin hər insanı ürəyində bizi mühakimə edər". Ankaradakı seçkilərə gəlincə, nəzərinizə çatdıraq ki, AKP-nin baş katibi Fatih Şahin Ankaradakı səsvermə məntəqələrinin bir çoxlarında etibarsız səslərin hesablandığını və qanun pozuntularının aşkarlandığını bəyan edib: "Ankarada səs verilən 12 min 158 sandığın bir çoxunda etibarsız səslər və qanunsuzluqlar müəyyən etmişik. Qanuni haqlarımızı sonuna qədər istifadə edəcək, ankaralı yerlilərimizin iradəsinin dəyişdirilməsinə icazə verməyəcəyik".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində, Ankarada "balkon" çıxışında çatışmayan cəhətlərin müəyyən edilməsi və yoluna qoyulması ilə bağlı fəaliyyətə başlayacaqlarını vurğulayıb: "Qardaşlarım, onu unutmayın ki, hər olanda xeyir vardır. Ankarada mahalların çoxu Cümhur İttifaqındadır. Millətimiz 15-ci dəfə bizi seçkidə birinci etdi". Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı da seçkinin nəticələri ilə bağlı mövqeyini ifadə edib. Belə ki, "Milli iradə öz hökmünü verdi" deyən MHP liderinin sözlərinə görə, artıq oyun boşa çıxdı: "Vətəndaşlarımız hər hansı təzyiqə və maneəyə məruz qalmadan iradələrini ortaya qoya bildi. Seçki qutusundan çıxan nəticələrə hörmət edirik. Demokratiyaya bağlıyıq. Seçim nəticələrinə Cümhur İttifaqı ruhu damğa vurdu. Cümhur İttifaqının qarşısında yaradılan kirli cəbhə məğlubiyyətə məhkum edildi".

"AKP daha çox səs faizi ilə qalib gəlsəydi, o zaman Ərdoğanın 2023-cü il hədəflərinə çatması xeyli asan olardı"

 

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, AKP bəzi ərazilərdə CHP-yə uduzsa da, ümumilikdə öz mövqelərini müəyyən qədər saxladı, qələbə qazandı: "Əlbəttə ki, əvvəlki illərdə AKP daha üstün idi. Lakin bu seçkinin də əsas qalibi AKP-dir. Bildiyiniz kimi, bu il Azərbaycanda da bələdiyyə seçkiləri keçirilməlidir. Sözsüz ki, Türkiyə bələdiyyə seçkiləri ilə bağlı təcrübəsi böyük olan ölkədir. Bizdə isə bələdiyyələr formal xarakter daşıyır, onların elə bir səlahiyyəti yoxdur. Türkiyədə isə bunun əksinə olaraq bələdiyyələrin kifayət qədər səlahiyyətləri var. Bu səbəbdən də bələdiyyə seçkiləri az qala parlament seçkiləri qədər önəmli sayılır. Məlumdur ki, Türkiyədə parlament və prezident seçkiləri olub. Hazırda AKP 2023-cü ilə hədəflənən siyasət yürüdür. Buna görə də bələdiyyə seçkiləri 2023-cü ilə hədəflənən layihələrin icrası üçün kifayət qədər önəmli idi. Hesab edirəm ki, AKP daha çox səs faizi və daha artıq bələdiyyələrdə qalib gəlsəydi, o zaman Ərdoğanın 2023-cü il hədəflərinə çatması xeyli asan olardı. Lakin bu dəfə əvvəlki illərə nisbətən AKP-nin mövqelərinin bir qədər zəifləməsinin şahidi olduq".

"Seçkilər göstərdi ki, Türkiyədə demokratiya ölməyib, yaşayır və inkişaf edir"

Getdikcə AKP-nin yorulduğunu etiraf etməyin vacibliyini vurğulayan politoloqun fikrincə, bu seçkilərdə Türkiyə iqtidarı qalib gəlsə də, bu, mütləq qalibiyyət olmadı: "AKP 2002-ci ildən bəri hakimiyyətdədir. Odur ki, artıq siyasi yorğunluq hiss olunur. Yəni AKP artıq enişə doğru gedir. Prezident seçkiləri zamanı da ikinci tura qaldılar, Ərdoğan birinci turdan qalib gələ bilmədi. Düzdür, bu dəfə də AKP qalib gəldi. Ancaq bu, mütləq, əvvəlki illərdə olduğu kimi rahat qalibiyyət olmadı. Yəni AKP artıq qalibiyyətini ciddi səs çoxluğu ilə əldə edə bilmir. Belə davam edərsə, o zaman 2023-cü il hədəflərini həyata keçirməkdə çətinliklərlə üzləşə bilər. Hesab edirəm ki, AKP vəziyyəti nəzərə alaraq müəyyən dəyişikliklər etməlidir. Yəqin ki, AKP bundan nəticə çıxardacaq. Çünki artıq cəmiyyətin özündə də bir yorğunluq yaranıb. Düşünürəm ki, CHP-nin bir çox iri şəhərlərdə qələbəni təmin etməsi, əslində AKP üçün bir siqnaldır. Lakin buna rəğmən, hesab edirəm ki, Türkiyə məhz Ərdoğanla 2023-cü il planlarını həyata keçirməyə müvəffəq olacaq. Onu da qeyd edim ki, AKP istəsəydi seçkiləri saxtalaşdırıb mütləq qələbəsini təmin edə bilərdi. Lakin bunu etmədi. Bu da onu göstərdi ki, bütün deyilənlərə rəğmən, Türkiyədə demokratiya ölməyib, yaşayır və inkişaf edir. Yəni bu seçkilər demokratiyanın real göstəricisi oldu".

"Müxalifətin bələdiyyə seçkilərində uğurunun başlıca səbəbi seçkilərdə birgə iştirakla izah olunur"

 

"Hürriyyət"in məlumatına görə, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetində dərs deyən iqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, Türkiyə və Ukraynadakı seçkilərin nəticəsi bölgədə demokratiyaya keçid sahəsində gedən proseslərə yeni rənglər qatmaqdadır. O, bildirib ki, 99 faiz səslərin sayılmasından sonra partiyalar baxımından ümumi nəticə AKP-nın xeyrinə olsa da, ölkə həyatında xüsusi əhəmiyyət kəsb edən şəhər bələdiyyələrinə rəhbərlik sahəsində vəziyyət hakim partiya üçün heç də ürəkaçan deyil: "Belə ki, CHP ölkənin paytaxt bələdiyyəsi - Ankara ilə yanaşı, böyük şəhərlərdən - İzmir, Eskişəhər, Adana, Antalya, Mersin, Aydın, Muğla, Hatay kimi turistlər üçün cəlbedici olan bələdiyyələrə də nəzarət edəcək. İstanbul böyük şəhər bələdiyyəsinə gəlincə, burda nəticələr şübhələr yaradır, çünki keçmiş baş nazir Binəli Yıldırımla CHP-çi namizəd Əkrəm İmamoğlunun nəticələri bir-birinə çox yaxındır. Demək olar ki, hər ikisi 47 faiz ətrafında səs toplayıb. Odur ki, İstanbul şəhər bələdiyyəsi üzrə nəticələrə yenidən baxılacaq".

Qubad İbadoğlunun sözlərinə görə, müxalifətin bələdiyyə seçkilərində uğurunun başlıca səbəbi seçkilərdə birgə iştirakla izah olunur: "Bununla yanaşı, bu seçkinin maraqlı nəticələrindən biri də müxalifət bloku daxilində milliyyətçilərin önə çıxmasıdır. Bundan başqa, müxalifətin paytaxt bələdiyyəsinə nəzarəti ələ keçirməsi gələcəkdə siyasi qüvvələr nisbətinin onların xeyrinə dəyişməsində əhəmiyyətli rol oynaya bilər. Bu ilin sonunda da Azərbaycanda da bələdiyyə seçkiləri planlaşdırılır. Bu məqsədlə büdcədən ayrılacaq vəsaitin həcmi 53 milyon 900 min manatdır. Ölkə və regionların idarəçiliyinə statusu və səlahiyyəti olmayan bələdiyyələr 20 il bundan əvvəl yaradılsa da, hələ də yerli icra hakimiyyətlərinin altqurumu kimi fəaliyyət göstərir. Bakıda şəhər bələdiyyəsi statusunun olamaması bu seçkilərə siyasi və ictimai marağı daha da azaldır. Azərbaycan hakimiyyəti isə ətrafda baş verənlərdən nəticələr çıxarmır. Bununla da nəinki siyasi prosesləri, xüsusilə də paytaxt və respublika tabeli şəhərlərə xaricdən sərmayə cəlbini əngəlləyir və bütövlükdə regionları sosial-iqtisadi inkişafdan saxlayır".

"Ərdoğanın İstanbulla bağlı böyük layihələri var idi, bu layihələləri isə CHP bələdiyyə başçısı ilə reallaşdırmaq çətin olacaq"

“Vaşinqton Qurbanqulı Berdiməhəmmədova cəsarətli qərar verməyə çağırış edir” - ELXAN ŞAHİNOĞLU

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərinin ən böyük süprizi hakim Ədalət və İnkişaf Partiyasının İstanbulda cüzi fərqlə olsa belə, məğlubiyyətlə üzləşməsidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbul uğrunda var gücüylə yarışdığını deyən politoloq bunun səbəbsiz olmadığını qeyd edib: "İstanbul hər mənada Türkiyənin yarısı deməkdir. Buna görə də Ərdoğan gün ərzində İstanbulda o mitinqdən bu mitinqə tələsir, namizədi Binəli Yıldırımın qələbəsinə çalışırdı. Olmadı. Üstələg, Ankara da əldən getdi. Bu gələcəkdə Əroğana müəyyən problemlər yaradacaq. Çünki Ərdoğanın İstanbulla bağlı böyük layihələri var idi. Bu layihələləri İstanbulun CHP bələdiyyə başçısı ilə reallaşdırmaq çətin olacaq. Buna baxmayaraq, AKP ilə MHP ittifaqı say etibarilə bələdiyyələrin çoxunda qələbə qazandı. Kürdlərin yaşadıqları bölgələrdə PKK-nın siyasi qanadı sayılan HDP-nin az səs toplaması AKP-nin uğuru sayıla bilər. Məsələn, Hakkari 1990-ci illərdən bu yana PKK uzantılarının qalası sayılırdı. Hakkaridə AKP-nin namizədi HDP namizədi üzərində böyük fərqlə qələbə çaldı. Bunun səbəbi odur ki, kürdlərin yaşadıqları bölgələrə qəyyum bələdiyyə başçıları təyin olunmuşdular. Onlar yerli insanların dəstəyini qazanmaq üçün çox iş gördülər və bununla kürdlərin inamını qazandılar. O da sübut olundu ki, bələdiyyələr yaxşı işlədikləri halda kürdlər yaxşı bələdiyyə başçısını PKK uzantılarından üstün tuturlar".

"CHP-nin Ankara və İstanbuldakı uğurunun arxasında bu şəhərlərdə yaşayan kürdlərin səsləri də əhəmiyyətli rol oynadı"

Elxan Şahinoğlunun fikrincə, bələdiyyə seçkisində MHP-nin həm AKP ilə birgə, həm də ayrılıqda uğur qazandığını söyləmək olar: "CHP ilə koalisiyada olan İYİ Partiyası isə uğur qazanmadı. CHP ilə koalisiyada olan Səadət Partiyası da xüsusi fəallığı ilə seçilə bilmədi. AKP və MHP koalisiyası ilə mübarizədə bütün yük CHP-nin üzərində qaldı. Buna rəğmən, hazırda Türkiyənin siyasi sistemində iki qütb formalaşıb. Birinci qütbdə AKP və MHP koalisiyası yer alıb, ikinci qütb CHP ətrafında fortmalaşıb. Ancaq bunu iki partiyalı siyasi sistem adlandırmaq olmaz. Çünki birinci qütb sağçı və millətçi qüvvələrin birliyidirsə, ikinci qütbdə sollar, sağlar, dinçilər, hətta PKK uzantıları yer alıb. Sonuncu ilə bağlı onu demək lazımdır ki, Türkiyədəki kürdlərin səsləri parçalanıb. Əgər 2000-ci illərdən başlayaraq kürdlərin səsləri PKK-nın siyasi qanadları ilə AKP arasında bölünürdüsə, bu bələdiyyə seçkilərində uzun illərdən sonra CHP-yə də ciddi pay çatdı. Məsələn, CHP-nin Ankara və İstanbuldakı uğurunun arxasında bu şəhərlərdə yaşayan kürdlərin səsləri də əhəmiyyətli rol oynadı. Halbuki, keçmiş illərdə bu şəhərlədə kürdlərin səslərinin əsas hissəsi AKP-nin payına düşürdü. Görünür, AKP-nin millətçi MHP ilə koalisiyası kürdlərin bir hissəsinin səsinin hakim partiyadan qopmasına səbəb olub".

"Böyük şəhərləri itirən AKP reytinqinin yenidən yüksəlməsi üçün var gücüylə çalışmalıdır"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, bələdiyyə seçkilərinin nəticələri AKP-yə və Ərdoğana ciddi mesaj idi: "Türkiyədə növbəti seçki 4 ildən sonra keçiriləcək. Ancaq bu müddətdə hakim partiya üçün çətin olacaq. Böyük şəhərləri itirən AKP reytinqinin yenidən yüksəlməsi üçün var gücüylə çalışmalıdır. Türkiyə iqtisadiyyatındakı çalxalanmalar və inflyasiya seçicilərin hakim partiyadan qaçışını gücləndirə bilər. Ona görə də hakim partiya və Ərdoğan qarşısında dayanan əsas vəzifə iqtisadiyyatda və sosial problemlərin həllində ciddi dönüş yaratmaqdır. Əks halda birləşən müxalifət gücünü artırmaqda davam edəcək".

Türkiyədəki bələdiyyə seçkilərinin Azərbaycanda diqqətlə müşahidə edildiyini vurğulayan politoloq bildirib ki, bunun əsas səbəbi Türkiyənin Azərbaycanın strateji müttəfiqi olmasıdır: "Ona görə də Türkiyədə bələdiyyə seçkilərində hansı siyasi qrupların qələbə qazanması Azərbaycan üçün əhəmiyyətlidir. Çünki bir gün həmin güclər parlamentdə və prezident seçkilərində də uğur qazana bilərlər. İkincisi, Türkiyədəki mövcud bələdiyyə sisteminin və statusunun öyrənilməsinə, gələcəkdə Azərbaycanda tətbiqinə ehtiyac var. Azərbaycanda da bu il bələdiyyə seçkiləri keçiriləcək. Ancaq Türkiyədən fərqli olaraq Azərbaycandakı bələdiyyə seçkilərinə maraq azdır. Bu durumu dəyişmək və idarəetmədən kənar qalan müxtəlif siyasi qrupların bələdiyyə seçkilərində iştirakını təmin etmək Azərbaycan üçün də vacibdir".

"Bu seçkidə partiya olaraq uğuru MHP və CHP əldə etdi, AKP-yə isə millət böyük mesaj ünvanladı"

Картинки по запросу Ramiyə Məmmədova

"Hürriyyət" xəbər verir ki, beynəlxalq münasibətlər üzrə ekspert Ramiyə Məmmədovanın fikrincə, AKP-nin MHP ilə birlikdə koalisiya şəklində qələbə qazanması hakim partiyanın imicinə ziyan vurdu: "Mojaritar sistemli Türkiyə aralarında hər 1 səs üçün mübarizəyə girmişlər. Türkiyə özünü əsl kapitalist dövləti kimi göstərdi, iqtisadi maraqlar ideoloji maraqları üstələdi. Prezidentin cıxışları, "Türkiyəni həm iqtisadi, həm də siyasi baxımdan gömməyə calışan daxildəki və xaricdəki düşmənlərimizlə mübarizə aparmaqda yardım istəyirəm" sözləri belə, nəticə vermədi və AKP ən böyük maraqları olan paytaxt Ankaranı, ardınca İzmir, Antalya şəhərlərini itirməyə başladı. İstanbul üstündə mübarizə hələ də davam edir. Türkiyə bu seçkilərdə iki yerə bölündü - CHP-çilər və AKP ilə MHP-çilər. İYİ Partiya CHP ilə koalisiyada olsa belə, mövcud vəziyyətdə bir şey əldə etmədi, eynisini Səadət Partiyası haqda demək olar. AKP-nin ən böyük uğurlarından biri Türkiyənin şərqindən aldığı səslərdir. Bu bölgələrdə AKP-nin aldığı səslər 60 faizi üstələdi. Əslində, bu seçkidə partiya olaraq uğuru MHP və CHP əldə etdi, AKP-yə isə millət böyük mesaj ünvanladı. Seçkidə ən böyük qələbəni isə Türkiyə xalqı əldə etdi. Belə ki, hər zaman olduğu kimi öz siyasi gücünü və əzmini göstərməklə millətin xeyrinə olmayan hər bir qərarın hakimiyyətdə kimin olmasından asılı olmayaraq, hər anda dəyişdirəcəyini göstərdi".

"CHP və AKP millətçilər olmasa idi, heç biri təkbaşına seçkilərdə kifayət qədər səs qazana bilməzdi"

Похожее изображение

Türkiyədə keçirilən bələdiyyə seçkilərinin artıq hakim partiyanın siyasi dayaqlarının zəiflədiyini göstərdiyini vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, AKP MHP ilə birgə "Cümhur İttifaqı" təsis etməsəydi, o zaman İstanbul və digər böyük şəhərlərdə məğlub olacaqdı: "Hazırda Türkiyədə prezident institutu güclü olduğu üçün əsas siyasi hakimiyyət Ərdoğanın əlindədir. Bələdiyyə sistemi əvvəlki illərə baxanda bir qədər zəiflədilib. Növbəti seçkilərdə MHP AKP-dən ayrılarsa, AKP iqtidardan gedə bilər. CHP və İYİ Partiyanın Ankarda və digər şəhərlərdə qələbə çalması onu göstərir ki, bu ittifaq getdikcə yeni uğur qazanır. Bir məsələni də qeyd edim ki, CHP və AKP millətçilər olmasa idi, heç biri təkbaşına seçkilərdə kifayət qədər səs qazana bilməzdi. Hər iki partiya millətçilərə borcludur".

Türkiyədə xalqın artıq dəyişikliklərdə maraqlı olduğunu iddia edən politoloq bildirib ki, AKP-nin təkbaşına seçkilərdə məğlub olması aydın görünür: "Hesab edirəm ki, növbəti seçkilərdə MHP AKP-dən ayrılarsa, Türkiyə tarixində böyük dəyişikliklər ola bilər. Ərdoğan bundan sonra çalışacaq ki, xalqın siyasi dəstəyini qazanmaq üçün yeni açılımlara getsin. Amma islahatlar da səmərə verməyə bilər. İYİ Partiya və CHP Türkiyədə növbəti seçkilər dönəmində həlledici bir səs ala bilər. Hər iki partiya bu seçkilərdən sonra ittifaqlarını daha da möhkəmləndirəcək. Ərdoğanın keçmiş dostları - baş nazir Əhməd Davudoğlu və eks-prezident Abdullah Gül, Abdullatif Şener partiya təsis edərlərsə, CHP və İYİ Partiya ilə müttəfiqliyə gedə bilərlər. Bu da Türkiyədə yeni dəyişikliklər deməkdir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93