“Türkiyə-Azərbaycan birgə təlimləri davam edir”

12

“Hərbi bazalarla bağlı danışıqlar genişlənib…”

Türkiyə Liviya təlim mərkəzi qurur. Nazir Hulusi Akar mətbuata açıqlamasında bu barədə sualı cavablandırarkən deyib ki, “Liviyalı qardaşlarımıza müxtəlif təlim mərkəzlərində nizami bir ordu qurmağa kömək edirik”.

“DefenceTurk” saytının yazdığına görə, razılaşmada Qətərin Liviyada qurulacaq hərbi təlim müəssisələrini maliyyələşdirməsi nəzərdə tutulur. Misratada üçtərəfli koordinasiya mərkəzi yaradılacaq və müqaviləyə əsasən Türkiyə Misratada dəniz bazası quracaq.

Ankara Azərbaycanda da belə təlim mərkəzi, yaxud geniş statuslu hərbi bazalar qura bilərmi? Xatırladaq ki, avqustun birinci ongünlüyündə Azərbaycanla birgə hərbi təlimlərdə iştirak edən Türkiyə hərbçilərinin və onların idarə etdiyi hərbi texnikanın hələ də Azərbaycanda olduğu bildirilir.

Mütəxəssislərin fikrincə, Azərbaycanla Türkiyə arasındakı müqavilələr, iki ölkə arasında istənilən siyasi və hərbi əməkdaşlıq aparmağa imkan verir. Yəni, əgər Azərbaycan rəsmi müraciət edərsə,Türkiyə müvafiq siyasi və diplomatik prosedurlardan sonra bu addımı ata bilər.

Türkiyə ekspertlərin fikrincə, Naxçıvanda olan Türkiyə hərbi kontingentinə hüquqi status verilmədiyi üçün, orada uzun müddət qala bilməz.Türkiə Ordusu burdadır və Türkiyə dövləti bunu istəyir.

Lakin ortada həm xarici faktor mövcud olduğu üçün və həm də rəsmi Bakı hələ balanslaşdırılmış siyasətdən əl çəkmədiyi üçün, Azərbaycan bu addımı ata bilmir. Onsuz da Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında və müdafiə sənayesi haqqında müqavilələr mövcuddur Həmişə birgə hərbi təlimlər keçirilir, xeyli sayda Azərbaycan hərbçiləri Türkiyə ordusunda hazırlıqlar keçir, pilotsuz “Bayraqdar” uçan aparatlar Azərbaycana verilir.

Amma hələlik Azərbaycanın mövcud hərbi doktrinası, öz ərazisində digər ölkənin hərbi bazasının mövcudluğuna imkan vermir.

Politoloq Elxan Şahinoğlu xatırladır ki, iyunun 12-də Azərbaycanın dövlət sərhədində baş verən erməni təxribatından sonra Türkiyə Azərbaycana ciddi dəstək göstərir.

“Prezident, Xarici işlər naziri, müdafiə naziri ard-arda bəyanat verdilər və daha irəliyə gedərək, müharibə başlayarsa, Azərbaycana tam dəstək verəcəklərini bəyan etdilər. Təki Bakı belə bir istəyinin olduğunu Ankaraya bildirsin”-deyə politoloq bildirib.

Bundan sonra hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin intensivləşdiyini qeyd edən E. Şahinoğlu Türkiyənin müdafiə nazirini bakıda qəbul edən prezident İlham Əliyevin dediklərini xatırladıb: “Prezident bildirdi ki, bundan sonra Azərbaycan hərbi texnikanı Türkiyədən alacaq. Bu, həm Türkiyə hərbi sənaye kompleksinin inkişafı ilə bağlıdır, həm də Rusiyaya mesajdır ki, onun regionda yürütdüyü siyasətdən narazıyıq. Bundan sonra bu ölkədən hərbi texnika alınmayacaq. Məlumdur ki, Azərbaycan Rusiyadan 5 milyard dollaradək hərbi təyinatlı məhsullar alıb. Bütün bunlar Azərbaycanın Türkiyəyə verdiyi üstünlüklərin göstəricisidir”.

Elxan Şahinoğlu avqusutun əvvəlindən başlayan birgə hərbi təlimlərin hələ bitməyini vurğulayıb: “Naxçıvanda və Azərbaycanın müxtəlif yerlərində Türkiyə hərbçiləri var. Düşünürəm ki, bu gedişat Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Mümkündür ki, Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi ilə bağlı da müzakirələr başlasın. Bu, hər iki ölkə üçün faydalıdır, o cümlədən Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması istiqamətində mühüm əhəmiyyətə malidir. Mümkündür ki, Bakıda və Ankarada bu istiqamətdə danışıqlar genişlənib”.

KƏNAN