“”Türkiyə Azərbaycanı işğal edib Rusiyaya verdi” demək, axmaqlıqdır” – TARİXÇİ ALİMLƏRDƏN AÇIQLAMA

30 Aprel, 2020, 17:55
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 3 xal, ortalama: 5,00
Loading...

Kərəm Məmmədov: “Bir şeyi dərk etmək lazımdır ki, dövlətlərin dostu, düşməni olmur, dövlət marağı olur”

Nəsiman Yaqublu: “Rusiyanın Azərbaycanı işğal etməsində Türkiyənin heç bir rolu olmayıb”

Bugünlərdə, daha dəqiq desək, aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya tərəfindən işğalının 100-cü ili tamam olub. Odur ki, son günlər həm sosial şəbəkələrdə, həm də bir sıra mətbuat orqanlarında bununla bağlı müxtəlif səpkili yazılar, informasiyalar yer almaqdadır. Onların birində, həmin vaxt Azərbaycanda olan türkiyəli zabitlərin bolşeviklər tərəfindən pulla ələ alındıqları, Osmanlı zabitlərindən olan Xəlil Paşanın Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda, “11-ci Qızıl Ordu”nun sərhədlərimizə soxulmasında mühüm rol oynaması və digər məsələlər qeyd olunub.

“Çar Rusiyasının sərhədlərini bərpa etmək Leninin qarşısında duran bir nömrəli vəzifə idi”

Kərəm Məmmədovu Gürcüstana » "Dünya" informasiya agentliyi

Mövzu ilə bağlı Hurriyyet.org-a açıqlama verən tarixçi-alim, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədov isə bir çoxlarının sözügedən məsələyə həddindən artıq subyektiv yanaşdığını, ancaq iki rəng – ağ və qara tanıdığını vurğulamaqla yanaşı, bildirdi ki, Çar Rusiyasının sərhədlərini bərpa etmək Leninin qarşısında duran bir nömrəli vəzifə idi: “Hətta mənbələrdə də var ki, Parisdə bir məclis zamanı, səhv etmirəmsə Milyutin “Bizim bacarmadığımızı Lenin bacardı, Çar Rusiyasının sərhədlərini yenidən bərpa etdi”, deyərək Leninin şərəfinə badə qaldırıb. Sadəcə, Baltikyanı ölkələr, Polşa və Finlandiya çıxdı, Rusiya demək olar ki, qalan torpaqların hamısını yenidən işğal etdi. Türkiyə faktoruna gəlincə, heç uzağa getmək lazım deyil. 11-ci sinfin “Azərbaycan tarixi” dərsliyində var ki, Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini itirməsinə “5-ci kalon” – içimizdəki kommunistlər, eyni zamanda Mustafa Kamal Atatürklə Lenin arasında aparılan danışıqların da səbəb olub. Lakin “Türkiyə Azərbaycanı işğal edib Rusiyaya verdi” demək, yumşaq şəkildə ifadə etsək, axmaqlıqdır. Hətta, hökumətin təhvil verilməsinə dair qərarda belə bir bənd var ki, Azərbaycana gələn “11-ci Qızıl Ordu” Bakıya girmədən birbaşa Anadoluya imperialistlərlə vuruşan Türkiyəyə köməyə getməlidir”.

“Oxumağa tənbəllik edirik, buna görə də biri bir söz deyən kimi, ya onu inkvizisiyaya qədər aparır, ya da tərifləyib dağlara qaldırırıq”

Sovet Rusiyası ilə Türkiyə arasında müttəfiqlik haqqında müqavilənin imzalandığını vurğulayan tarixçi-alimin sözlərinə görə, həmin müqaviləyə əsasən Sovet Rusiyası Türkiyəyə kömək göstərməli idi. Xəlil Paşa ilə bağlı məsələyə gəlincə, Kərəm Məmmədov qeyd etdi ki, o, Leninlə aparılan danışıqlar nəticəsində “11-ci Qızıl Ordu” ilə gəlib: “Hətta Məhəmməd Əmin Rəsulzadənin çıxışı da var ki, bizi aldadırlar. Məgər, bunu oxumaq çox çətirdir ki, ictimaiyyət bunu oxumaq istəmir. Oxumağa tənbəllik edirik, buna görə də biri bir söz deyən kimi, ya onu inkvizisiyaya qədər aparır, ya da tərifləyib dağlara qaldırırıq. Bir şeyi dərk etmək lazımdır ki, dövlətlərin dostu, düşməni olmur, dövlət marağı olur. Odur ki, bu cür tayfa təfəkküründən qurtulmaq lazımdır. Mənim üçün ilk öncə Azərbaycanın dövlət maraqları və müstəqilliyidir. Çünki 60 milyonluq xalqın cəmi 6-da birinin, 10 milyonunun dövlətçiliyivi var. Hər birimizin başlıca məqsədi bu dövləti qorumaq olmalıdır. Yoxsa, kiminsə xətrinə görə, ölkəmin müstəqilliyini itirməsini, istər Rusiya, istər İran, istərsə də Türkiyə olsun, heç birinə birləşməsini istəmirəm. Təbii ki, hər üç ölkə ilə dostluq, qonşuluq əlaqəsi saxlanılmalıdır, lakin bundan artığı, yəni birləşmə gərək deyil”.

“Unutmaq lazım deyil ki, 1918-ci il sentyabr ayının 15-də Bakını azad edən bizim qardaş türklərimiz olub”

Bakı Dövlət Universitetinin professoru, tarixçi alim, Azərbaycan Xalq Cümhuriyyəti irsinin araşdırıcısı Nəsiman Yaqublu isə Hurriyyet.org-a açıqlamasında bildirdi ki, Türkiyə Azərbaycanın qardaş dövlətidir: “Türkiyə hər zaman Azərbaycanın yanında olub. Unutmaq lazım deyil ki, 1918-ci il sentyabr ayının 15-də Bakı şəhərini azad edən bizim qardaş türklərimiz olub. Qafqaz İslam Ordusu, Nuru Paşa bizim türk qardaşımız idi. Əgər onlar Bakını xilas etməsəydi, biz Azərbaycan Cümhuriyyətini reallaşdıra, heç Gəncədən Bakıya gələ bilməzdik. Odur ki, bizim cümhuriyyətimizin varlığının əsasını təşkil edən birinci hadisə 1918-ci il mayın 28-də istiqlalın elanıdır, ikinci hadisə isə 1918-ci il sentyabr 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsidir. Mənim yanaşmam belədir: Türkiyə bizim xilaskarımızdır. Məhəmməd Əmin Rəsulzadə və digər görkəmli dövlət xadimlərimiz başda olmaqla, dövlətimizin qurucuları da həmişə bu fikirdə olub”.

“Hesab edirəm ki, birmənalı şəkildə işğalçının adını çəkmək lazımdır, Torparlarımızı Rusiya işğal edib”

1920-ci il 27 aprel tarixində baş verən hadisələrə gəlincə, Nəsiman Yaqublu qeyd etdi ki, burada məsələ tamam başqadır: “Əsas məsələ ondan ibarətdir ki, bolşevik Rusiyası, nə Rusiyası olursa-olsun dəxli yoxdur, Rusiya Azərbaycanın ərazilərini işğal edib. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə Rusiyanın silahlı qüvvələri, başda 11-ci ordu olmaqla, 60-70 min civarında qüclə Yalama-Xaçmaz tərəfdən Azərbaycan ərazilərinə daxil olub və torpaqlarımızın işğalına başlayıb. Bu işğala qarşı isə bizim müqavimət göstərmək gücümüz olmayıb. Çünki say və güc etibarı ilə Rusiya ordusundan zəif idik. Amma yetərincə olmasa da, müqavimət göstərmişik. Odur ki, Rusiyanın Azərbaycanı işğal etməsində Türkiyənin heç bir rolu olmayıb. Çünki həmin vaxt Türkiyə özünün istiqlal savaşını aparırdı. O dövrdə imzalanan Sevr müqaviləsinə əsasən Türkiyənin ərazisi 8 yerə parçalanmışdı. Yəni Türkiyə öz ərazilərini qorumaq uğrunda həyati mübarizə aparırdı. Belə bir mübarizədə Türkiyə bizə nə köməklik edə bilərdi?! Sadəcə olaraq, həmin dövrdə Rusiya aldadıcı şüarlarla da Azərbaycana daxil olub. Belə ki, Rusiya aldadıcı şüarlardan istifadə edərək, deyirdi ki, biz Türkiyəyə köməyə gedirik, siz isə bizə yol vermirsiniz. Təbii ki, bu, yalan və aldadıcı şüarlar idi. Çünki onlar Türkiyəyə yardıma getmirdilər. Bununla bağlı Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan parlamentinin son iclasında çıxışı var. O deyirdi ki, bu qüvvə, yəni Rusiya ordusu Türkiyəyə köməyə getməyəcək, bu, yalandır. Rəsulzadə bildirirdi ki, onların məqsədi Türkiyəyə kömək etmək deyil, 1914-cü ilin sərhədlərinə qayıtmaq, yəni Çar Rusiyasının sərhədlərini bərpa etməkdir. Əslində, qeyd etdiyim səbəblərə görə, o dövrdə Türkiyənin bizə kömək etmək imkanı da yox idi. Odur ki, Azərbaycanın işğalı Rusiya tərəfindən həyata keçirildi, Rusiya dövləti ərazilərimizi işğal etdi. Çox təəssüflər olsun ki, uzun illər boyu bizim tədqiqatlarda, kitablarda, hətta bu günün özündə belə, “Ərazilərimizi Rusiya işğal etdi” kəlməsini dilə gətirməyə çəkinirlər. Yazırlar ki, bolşevik Rusiyası, 11-ci ordu, sovet Rusiyası bizim ərazilərimizi işğal etdi. Məgər, 11-ci ordu Rusiyanın ordusu deyil?! Hesab edirəm ki, birmənalı şəkildə işğalçının adını çəkmək lazımdır, Torparlarımızı Rusiya işğal edib”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93