Türkiyə masadadır – başqa variant yoxdur!

15

Politoloqlar: “İstələr də, istəməsələr də Türkiyəsiz Qarabağ məsələsinin çözümü mümkün deyil”

Azərbaycan Prezidenti İlham Əliyev  Türkiyənin nüfuzlu “Haber-Türk” kanalına müsahibəsində deyib ki, Türkiyənin xarici işlər naziri cənab Mövlud Çavuşoğlu cənab Sergey Lavrovla, Türkiyənin müdafiə naziri cənab Hulusi Akar cənab Sergey Şoyqu ilə telefonla danışırlar. Türkiyə danışıqlarda var. Kim deyə bilər ki, Türkiyə prosesdə yoxdur: “Türkiyə yoxdursa, nə üçün danışırsınız? Türkiyə var. Biz də əlimizdən gələni edəcəyik ki, bundan sonra da olsun. Çünki Türkiyənin burada iştirakı olmasa, bu məsələ həll edilə bilməz. Bunu hər kəs anlamalıdır”.

Ekspertlər bildirir ki, Türkiyə Moskva ilə ən ciddi problemlərin həllində anlaşırsa, üstəlik, “Türk axını” kimi nəhəng projeni Qərbin israrına rəğmən prezident Ərdoğan gerçəkləşdirirsə, niyə Qarabağ məsələsində də anlaşmasınlar? Türkiyənin danışıqlarda iştirakı haqda Azərbaycanın birmənalı mövqeyi var. Amma Lavrov bunun əleyhinə olduqlarını deyib. Nə qədər inkar etsələr də, Türkiyənin regionda mövqeyi güclənib.

Cənubi Qafqaz Araşdırma Mərkəzinin sədri Məhəmməd Əsədullazadə bildirdi ki, Türkiyə Qarabağ məsələsində Ermənistanin Tovuz təxribatlarından sonra aktiv şəkildə Azərbaycanı bütün parametrlər üzrə dəstəklədi. Çünki regiondakı yeni qarşıdurmada Türkiyə Cənubi Qafqazda mövqelərini əldən verə və enerji təhlükəsizliyi riskə altına düşə bilərdi. Həmçinin dost və qardaş Azərbaycanı müdafiə etməyi Türkiyə öz təməl haqqı kimi dəyərləndirdi. Sentyabrın 27 də Ermənistanın hücumlarına qarşı Azərbaycan özünün müdafiə hüququnu rəhbər tutaraq əks -həmlə əməliyyatı ilə Ermənistan qosunlarina ciddi zərbə vurmaqla böyük əraziləri azad etməklə ugurlu hərbi əməliyyatlarını davam etdirir.

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Əlbəttə ki, Türkiyə burada Azərbaycana siyasi dəstək verməklə üçüncü ölkələrin müdaxiləsinin qarşısını aldı: “Məhz Fransa və Rusiyanın Azərbaycanı atəşkəsə çağırması, müəyyən təzyiqlər etməsinə qarşı Türkiyə nazirlərin Moskva görüşündən sonra prosesə müdaxilə etdi. Rusiya Ermənistanın mövqeyindən çıxış edərək öz sülhməramlı qüvvələrini yerləşdirməsinə çalışır və Ankaranın vasitəçiliyinin qarşısı alınırdı. Məhz müdafiə naziri Hulusi Akarın Sergey Şoyquya zəngi Moskva görüşündə Azərbaycan əleyhinə olan prinsiplərin üzərindən xətt çəkdi. Hazırda Moskva Ankara ilə anlaşmağa məcburdur və bunun ayrı yolu yoxdur”.

Ekspertin sözlərinə görə, şübhəsiz Prezident İlham Əliyevin Türkiyənin vasitəçi olmasında israrlığı və prosesdə Ankaranın olmasını şərt kimi irəli sürməsi Azərbaycanın movqeyini kifayət qədər gücləndirir: “Artıq Putin Ərdoğanla Qarabağ məsələsini müzakirə edir. Emmanuel Makron İlham Əliyevə zəng edib neytral olduqlarını vurğulayır. Göründüyü kimi, Azərbaycan bu mərhələni də uğurla yekunlaşdırdı. Türkiyə aktiv şəkildə Moskva ilə danışıqlar aparıb ortaq məxrəcə gələ bilər. Fransa da Minsk Qrupunun həmsədri kimi bu faktorla barışacaq. Məhz Ankara, Bakı və Moskva yeni bir format yarada bilərlər. Münaqişənin Azərbaycanın bütün ərazilərində suverenliyinin təmini istiqamətində yekunlaşması üçün Ankara və Moskav razılığa gələ bilər. Xarici işlər naziri Sergey Lavrovun nə deməsindən asılı olmayaraq, Rusiyanın mövqeyində söz sahibi Kremldir. Hesab edirəm ki, Kremlədən çox məsələlər asılıdır və İrəvana təzyiq edə bilər. Görünür, Rusiya Paşinyanın tamam sıradan çıxmasına çalışır. Ümumiyyətlə, Azərbaycan konkret şəkildə öz şərtlərini diktə etməklə regionda Ankara-Bakı platformasını gücləndirir və prosesləri öz leyhinə dəyisəcək”.

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

Politoloq Elşən Mustafayev bildirdi ki, Rusiyanın, Fransanın Dağlıq Qarbağ probleminin həllinə Türkiyənin yaxından qoşulmasını istəməmələri problemin həllində maraqlı olmadıqlarını göstərir. Türkiyə dəfələrlə bəyan edib ki, onun danışıqlar masasında oturması yalnız məsələnin ədalətli həllinə xidmət edəcəkdir: “Görünür ki, ədalətli həll bu dövlətləri qane etmir. O səbəbdən də Türkiyənin prosesə aktiv qoşulmasını istəmirlər. Buna səbəb olaraq Türkiyəni tərəf olaraq Azərbaycana yardım etməkdə, bölğəyə Yaxın Şərqdən silahlılarlar gətirməkdə ittiham edirlər. Amma Azərbaycan Prezidenti  açıq şəkildə Türkiyənin sülh danışıqlarında olmasına təkid edir və bunu obyektiv faktlarla əsaslandırır. Hətta o dərəcəyə çatır ki, illər boyu münaqişədə Rusiya və Fransanın  tərəf olduğunu açıq şəkildə deyir və bunun detallarını da aça biləcəyini söyləyir. Son illər bir çox sahədə  Rusiyanın Türkiyə ilə  yaxşı anlaşdığını nəzərə alaraq Qarabağ məsələsində bu dirənişinin səbəblərinə nəzər salaq. Rusiya hər zaman Cənubi Qafqazı yalnız öz təsir dairəsinə aid olan ərazi kimi görüb və kənardan kimsəni bu bölgədə görmək istəməyib. Dağlıq Qarbağ konfliktinin danışıqlar masasında qalmasını hətta mümkünsə prosesin 30-50 illik dondurulmasını istəyən Rusiya bu yolla Azərbaycanı hələ uzun müddət özündən asılı vəziyyətdə saxlamağa çalışır. Türkiyənin  prosesə qoşulması  isə balansı dəyişəçək və məsələnin həllini tezləşdirəcək. Eyni zamanda hər iki xalqın uzun müddət arzuladığı daha geniş sahəni əhatə edən münasibətlərin qurulması ilə Türkiyə Cənubu Qafqazda söz sahibinə çevriləcək.  Azərbaycanın Rusiya ilə  münasibətləri isə birtərəfli marağa yox, qarşılıqlı maraqlara söykənərək aparılacaq”.

Ekspert qeyd etdi ki, Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqla  Gürcüstanı faktiki olaraq itirib. Əvəzində Türkiyə ilə Gürcüstan münasibətlərində ciddi irəliləyiş müşahidə olunur. Fransanın yanaşması da eynilə Türkiyə əleyhinə formalaşıb. Onların dirənişi Türkiyə masaya oturduqdan sonra danişıqların beynəlxalq hüquqa və dövlətlərin ərzi bütövlüyünə söykənərək ədalətli həllinə çalışacağı ilə bağlıdır: “Fransa özünü həmişə ermənilərin hamisi hesab etdiyindən, erməni lobbisinin təsri altında olduğundan, həmçinin son zamanlar Türkiyə ilə münasibətlərində gərginliklər olduğundan rəsmi Ankaranın bütün təkliflərini inkar edir. Amma Kreml və Paris anlamır ki, Türkiyə Dağlıq Qarbağ probleminin çoxdan içindədir və onun həllində də iştirakı mütləqdir. Nə qədər bunun əleyhinə getsələr də artıq məlumdur ki, Türkiyənin iştirakı olmadan əvvəlki tərkibdə  məsələnin sulh yolu ilə  həlli danışıqları imkansızdır. Olsa belə nəticəsizdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”