ÜST rəsmisindən pessimist “ikinci koronavirus dalğası” proqnozu – Onu Azərbaycan da ciddiyə almalıdır

27 İyun, 2020, 13:35
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hazırda dünyada 10 milyona yaxın insanın yoluxduğu və yarım milyon insanın ölümünə səbəb olan koronavirus son zamanlar artıq Azərbaycanda da narahatlıq doğuracaq tempdə yayılmağa başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimini gücləndirməsinə baxmayaraq, hələ də gündə yüzlərlə insanın yoluxduğu barədə xəbərlər gəlməkdədir. Yoluxma sayı ilə bərabər ölüm faktlarının da artığı müşahidə olunur. Bir sözlə, görünən budur ki, koronavirus ölkəmizdə özünün təhlükəli hesab ediləcək dövrünə qədəm qoyub.

Bəs görəsən, dünya, o cümlədən biz yaxın zamanlarda bu virusun pəncəsindən yaxa qurtara biləcəyikmi?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Ranyeri Gerraya görə, çətin. Çünki dünya ikinci koronavirus dalğasının astanasındadır.

Virtualaz.orgxəbər verir ki, Ranyeri Gerra bu pessimist proqnozunu İtaliyanın “Rai” televiziyasına açıqlamasında bildirib.

Düzdür, ÜST yetkilisi çıxışında Azərbaycanın adını çəkməyib, amma onun ümumdünya barədə dediklərindən bizə də pay düşür.

Ranyeri Gerra bildirib ki, hazırda İtaliyada və digər Qərbi Avropa ölkələrində koronavirus pandemiyasının qismən səngiməsinə arxayınlaşmaq olmaz. “Vaxtilə ispan qripi də yay aylarında səngimişdi. Amma sentyabr və oktyabr aylarında havalar soyuyunca, yenə yoluxma və ölüm sayı zirvələrə yüksəlmiş və 50 milyon insanın həyatını itirməsinə səbəb olmuşdu”.

Koronavirusda da eyni hadisənin baş verəcəyini bildirən ÜST yetkilisi deyib ki, “epidemiya irəli sürdüyümüz hipotezlərə uyğun şəkildə irəliləyir və ikinci dalğada itkilərın sayı ispan qripindəki kimi ağır olacaq”.

Qeyd edək ki, 1918-1920-ci illər arasında yayılan və H1N1-in alt qrupuna aid olan ispan qripi tarixə bəşəriyyətin indiyədək üzləşdiyi ən ağır pandemiya kimi düşüb. Güman edilir ki, bu qrip həm yoluxmuş insanların, həm də ölənlərin sayında bəşər tarixində ən geniş yayılmış pandemiyadır. Virus dünyada təxminən 550 milyon insana və ya dünya əhalisinin 29,5% -inə birbaşa təsir göstərib. Pasifik adalarından Arktika bölgəsinə qədər geniş coğrafiyada yayılmış ispan qripi nəticəsində 50 milyon, bəzi məlumatlara görə isə, hətta bundan 2 dəfə artıq (100 milyon) insanın vəfat etdiyi təxmin edilir. Bu göstərici 1918-ci il üçün dünya əhalisinin 5 %-nə bərabər idi.

Koronavirusun bütün dünyada yayıldığını və tibb mütəxəssislərinin dediyi kimi, öldürücülük gücünün 2% olduğunu nəzərə alsaq, Ranyeri Gerranın proqnozunu ciddiyə almamaq mümkün deyil./virtualaz.org/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93