Xəzərin suyunun Kürə qarışması ciddi TƏHLÜKƏ VƏD EDİR

2 İyul, 2020, 11:02
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Telman Zeynalov: “Yeganə yol Kürün məcrasını su ilə doldurmaqdır”

Qubad İbadoğlu: “Bu da məmur biznesinin ölkəyə vurduğu növbəti zərbədir”

Son günlər Neftçala rayonunda Kürətrafı kəndlərdə yaşayan əhalinin sosial şəbəkələrdə ciddi narahatlığı müşahidə olunur. Xəzərin şor suyunun Kürə qarışması Neftçala rayonunda içməli və suvarma sularının çatışmazlığı ilə nəticələnib ki, bu da əhalini ciddi problemlə üz-üzə qayub. Məlumata görə, vəziyyət o həddə çatıb ki, Kür çayının suyunun şorlaşması nəticəsində əksər kəndlərdə əhalinin öz dədə-baba torpağında yaşaya bilməsi təhlükəsi yaranıb. Baxmayaraq ki, rayon İcra Hakimiyyətində operativ qərargah yaradılıb, “Azərsu” ASC tərəfindən hər birinin tutumu 10 kubmetr olan xüsusi təyinatlı 20 su maşını göndərilir və şəhər əhalisi içməli su ilə təchiz olunur, ancaq əkin sahələrini suvarmaq mümkün deyil.

“Mingəşeviri yoxlamaq lazımdır ki, anbarın səviyyəsi qalxıb, ya qalxmayıb”

Xəzərin şor suyunun Kürə qarışması ilə bağlı fikirlərini bölüşən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov “Hürriyyət”ə bildirib ki, yeganə yol Kürün məcrasını su ilə doldurmaqdır: “Bu da Mingəçevir su anbarından asılıdır. Bilirsiniz ki, Mingəçevir su anbarının əlində iki funksiyası var, biri respublikanı enerji, ikinicisi də suvarma və içməli su ilə təmin etməkdir. Əgər Mingəçevir su anbarının səviyyəsi qalxırsa, Kürdə su azalır. Ona görə də gedib Mingəşeviri yoxlamaq lazımdır ki, anbarın səviyyəsi qalxıb, ya qalxmayıb. Mənə elə gəlir ki, anbarın səviyyəsi qalxır. Havada o qədər də qlobal istiləşmə getmir ki, Kürü qurutsun. Bəzən Türkiyənin üzərinə salırlar ki, Türkiyə öz ərazisində Kürün qabağında anbar tikib, istifədə edir. Ancaq transsərhəd çayları ilə əlaqədar olaraq Türkiyə də o müqaviləyə qol çəkib. O, çayın 50% suyunu götürə bilər, artıq yox. 50% gəlir Gürcüstana çıxır. Gürcüstanda Kürə 100-ə qədər xırda çay tökülür. Kür gəlir Azərbaycana keçir. İlk növbədə, Mingəçevir su anbarına tökülür. Ondan sonra, artıq su da kanallarla çayın məcrasına buraxılır. Su əsas Mingəçevir su anbarındadır, gedib orada yoxlamaq lazımdır”.

“Suvarma suyu ilə təmin etmək üçün prezidentin sərəncamı lazımdır”

T.Zeynalov vurğulayıb ki, son dövlərdə Kürün dibi təmizlənilmir, lilləşir: “Ona görə, qabarma vaxtında Xəzərdən su Kürü basır və Kürün demək olar ki, məcrasının 60 kilometrinə daxil olur. Bununla həm qrunt suları, həm də ki, torpaqlar şoranlaşır. Buna görə də dövlət məcburiyyət qarşısında qalıb ki, maşınla daşıyıb içməli su ilə əhalini təmin etsin, ancaq içməli su ilə təmin etsə də, orada artıq torpaqlar şoranlaşır. Suvarma suyu ilə təmin etmək üçün prezidentin sərəncamı lazımdır ki, artezian quyuları qazılsın, torpaq yuyulsun və əkin sahələri suvarılsın. Yeganə yol budur”.

 “Artıq pul qazanmaq üçün bəndi su ilə doldururlar”

T.Zeynalov deyir ki, Mingəçevir su anbarı təxminən 76 metrə qədər dolmalıdır. “Artıq olsa, orada qəza baş verə, bənd dağıla bilər. Ola bilər 80-82 metrə qədər doldururlar. Bu da oyuncaq deyil. Bu, 2010-cu ildə baş vermişdi.  Onda mərhum Heydər Əliyev oranın rəhbərini işdən çıxartdı, məhkəməyə verdi. Bəli, artıq pul qazanmaq üçün bəndi su ilə doldururlar, artıq enerjini kammersantlara satırlar. Budur, gedib orada yoxlamaq lazımdır. Bizim başqa əlacımız yoxdur”.

 “Yaxşı, hakimiyyəti əlinizə almısınız, cammatı sussuz niyə qoyursunuz?”

T.Zeynalov xatırladır ki, prezident İlham Əliyev ölkədə içməli su və suvarma problemlərinin həll edilməsi məqsədilə son 10 il ərzində 3-4 dəfə sərəncam verib: “Sərhəd ərazilərində, Bərdə ilə Tərtərdə deyirdilər ki, Tərtər çayı quruyur, qrunt sularının səviyyəsi 20-25 metr aşağı düşüb. Ona görə, kənd təsərrüfatı məhsulları yetişdirə bilmirik. Cənab prezident sərəncam verdi, 26 artezian quyusu qazıldı. Bununla da kənd təsərrüfatı məhsulları suvarılmağa başladı və məhsullar yetişdirildi. İndi həmin o artezian quyularını kim istifadə edir? Jurnalistisiniz, gedin araşdırın, ixtiyarınız var. Çayın məcrasında daş karxanaları salıblar. Onun böyründə artezian quyusu qazıblar. Bununla əlaqədar qrunt sularının səviyyəsi aşağı düşür. Bax, problem budur. Heç kəs fikir vermir. O məmurlara sual verin ki, cammatı niyə incidirsiniz? Yaxşı, hakimiyyəti əlinizə almısınız, cammatı sussuz niyə qoyursunuz? Şəhərdə yaşayan əhalini ərzaqsız, məhsulsuz niyə qoyursunuz? Niyə məcbur edirsiniz ki, qiymətləri qaldırsınlar? Onlara həm ərzaq məhsullarının bazarlarda qiymətini qaldırmaq, həm də o daş karxanalarından pul qazanmaq sərf edir. Hakimiyyəti əllərinə alıblar, kefi istəyən kimi idarə edirlər. Sözsüz ki, hamısı məmurların oyunudur, qara cammatın oyunu deyil ki. Qara cammat bir şey etsə, o dəqiqə (üzr istəyirəm) onun şalvarını əyinindən çıxarıb 100 illik türməyə basarlar”.

“Neftçalada əhali bir maşın içməli su üçün 70 manat ödəyir”

Qubad İbadoğlu barədə xəbərlər - AZƏRBAYCAN24

Ölkədə su qıtlığı yaranmasına diqqət yetirən Azərbaycan Demokrat və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu isə qeyd edib ki,  bu,  yalnız ekoloji problem deyil, onun nəticəsində əhalinin xərcləri artır, ailə fermer təsərrüfatlarında əkin yerləri susuzluqdan yanır: “Verilən məlumatlara görə, Neftçalada əhali bir maşın içməli su üçün 70 manat ödəyir”

“Bu sektora neft gəlirlərindən 10 milyardlarla  manat vəsait ayrılıb”

Ölkədə su probleminin yaranmasının müxtəlif səbəbləri olduğunu bildirən Qubad İbadoğlu problemin iqtisadi tərəflərindən bəhs edib: “İlkin qənaətim ondan ibarətdir ki, ölkədə su korrupsiyası və su resurslarından istifadə üzərində məmur inhisarçılığı problemin yaranmasında əhəmiyyətli rol oynayır.  Su, melorasiya və irriqasiya təsərrüfatı  sərmayə tutumlu sahədir. Bu sahənin korrupsiya potensialı ənənəvi olaraq yüksəkdir. Bu sektora neft gəlirlərindən 10 milyardlarla  manat vəsait ayrılıb,  fakiki xərcləmələr milyardlarla ifadə oluna bilər. Su korrupsyası sahəsində təsəvvürünüzü formalaşdırmaq üçün diqqətinizi ötən ilin büdcəsinə cəlb etmək istərdim. 2019-cu ilin büdcəsinin icra hesabatından aydın olur ki, ötən meliorativ işlərin yerinə yetirilməsinə, meliorasiya və su təsərrüfatı obyektlərinin, içməli su təminatı və kanalizasiya sistemlərinin tikintisinə, yenidən qurulmasına və əsaslı təmirinə 318,7 milyon manat vəsait xərclənib. Bununla yanaşı, Mingəçevir, Şəki və Şirvan şəhərlərində, Şəmkir, Salyan, Horadiz və Qax rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin layihələndirilməsi, tikintisi və başa çatdırılması, bu sahədə bir sıra layihələrdə Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi və digər işlərin görülməsi üçün 395,1 milyon manat vəsait də “Azərsu” ASC-yə ayrılıb. Beləliklə də yalnız su təchizatı üçün ötən il büdcədən 713,8 milyon manat ayrılıb. Bundan əlavə, ötən il  xaricdən cəlb edilmiş kreditlər hesabına sərf edilmiş 985,3 milyon manat vəsaitin 935,5 milyon manatı infrastruktur təyinatlı layihələrinin, o sıradan da şəhər və rayonların su təchizatı və kanalizasiya sisteminin, həmçinin torpaq sahələrinin meliorativ vəziyyətinin və suvarma sistemlərinin qurulmasına xərclənib”.

“Tarlanı suvarmaq  hər fermer üçün əlçatan deyil”

“Göründüyü kimi, ötən il  büdcə və xarici kreditlər hesabına bu sahəyə 1 milyard 649 milyon 300 min manat vəsait xərclənib. Buna baxmayaraq, 2019-cu ildə heç bir məmura bağlı olmayan müstəqil fermerlərin üzləşdikləri ən böyük problem suvarma suyu ilə təchizatdır. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerlərdəki idarələri və Sudan İstifadəedənlər Birliyi fermerlərlə su təhcizatı müqaviləsi bağlamaqdan imtina edib. Ancaq məmurlara məxsus böyük təsərrüfatlarla əvvəlcədən müqavilə bağlanılaraq, ilk növbədə onların sahələrinin suvarma suyu ilə təmin olunması həyata keçirilir. Haqsız rəqabətdə uduzan fermerlər əlavə xərclər çəkərək (nasos, yanacaq, elektrik  və sair) öz tarlalarını suvarmağa çalışırlar. Bu hal əsasən, su hövzələrindən hündürdə yerləşən əkin sahələri üçün xarakterikdir. Ancaq əlavə xərc çəkməklə, tarlanı suvarmaq da hər fermer üçün əlçatan deyil. Çünki su hövzələrinin yerləşməsi bu məsələdə əsas rol oynayır”,-deyə iqtisadçı alim əlavə edib.

“Hazırda su təchizatı problemi pik həddə çatıb”

Çaylarda suyun səviyyəsinin kəskin şəkildə düşməsinin  2020-ci ilin ilk aylarından qeydə alındığını diqqətə çatdıran Qubadoğlu deyib ki, bu, ilk növbədə, həmin çaylardan (Araz, Kür) iri məmur təsərrüfatlarına çəkilən qol kanallarla bağlıdır: “2020-ci il arat dövründə suvarma suyunun çatışmazlığı ilə bağlı çoxlu faktlar var. Məhsulun becərilməsi dövründə su çatışmazlığının ciddi şəkildə özünü büruzə verəcəyi gözlənilirdi, amma digər sahələrdə oluduğu kimi burda da hökümət vaxtında tədbirlər görmədi. Ona görə də hazırda su təchizatı problemi pik həddə çatıb və bu içməli suya da təsir etməkdədir. Çünki Kürün deltasına 20-25 km yaxın məsafəyədək çayda su şoranlaşıb, heç nəyə yaramır”.

“Məmurların himayə etdiyi böyük təsərrüfatların yaradılması prosesi müşahidə olundu”

Qubad İbadoğlunun sözlərinə görə, suvarma suyunun qıtlığının yaranması kənd təsərrüfatınqa aqro parkların yaranması ilə bu sahənin tamamilə inhisara alınması ilə əlaqədardır: “Son mövsümdə  bölgələrdə məmurların himayə etdiyi böyük təsərrüfatların yaradılması prosesi müşahidə olundu. Bu təsərrüfatların yaradılması kiçik pay torpaqlarının, indiyədək qışlaqların, yataqların və maldarlıq fermalarının yerləşdiyi örüş və otlaq təyinatlı böyük sahələrin ələ keçirilməsi, bələdiyyə və dövlət torpaqlarının uzun müddətə icarəyə götürülməsi hesabına mümkün olub. Belə təsərrüfatların suvarma suyu ilə təchiz edilməsi məqsədilə həmin ərazilərə dövlət büdcəsi vəsaiti hesabına Araz və Kür çaylarından kiçik kanalların çəkilməsi də həyata keçirilib”.

“Məsul orqanlar ağızlarına su alıb susurlar”

2018-ci ilin oktyabrında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Araz çayından ayrılmış qolun-yeni beton kanalın açılışının həyata keçirildiyini nəzərə çatdıran Qubadoğlu söyləyib ki, kanalın çəkilməsinə büdcədən 80 milyon manat vəsait ayrılıb: “Beton kanal 53 min hektar əkin sahəsinin suvarma suyu ilə bağlı tələbatını ödəyir. Əkin sahələrinin 26 min hektarı Saatlı rayonunun,16 min hektara yaxını İmişli rayonunun, 10 min hektara yaxını da Biləsuvar rayonunun torpaqlarıdır. Qeyd edək ki, dövlət hesabına suvarma suyu təchiz edilmiş sahələr 2019-cu ilədək qışlaq və fermaların  yerləşdiyi otlaq və örüş torpaqları olub, hazırda isə bir neçə məmura məxsus olan təsərrüfatları suvarma suyu ilə təchiz etmək üçündür. Mənbəyi Kür və Araz çaylarından olan məmurlar məxsus aqro parkların suya olan təchizatını təmin edən həmin kanallara görə bu gün su qıtlığı yaranıb. Bu da məmur biznesinin ölkəyə vurduğu növbəti zərbədir. Bu dəfə dəyən zərər yalnız heç bir məmura bağlı olmayan müstəqil fermerlərin və ailə təsərrüfatlarının suvarma suyunun  qıtlığından yaranan itkiləri  ilə ölçülur, həm də ekoloji fəlakətlə ifadə olunur. Belə ki,  məmur biznesini qidalandıran suvarma kanallarının çəkilməsi qrunt sularının yerdəyişməsi, torpağın müxtəlif qatlarının struktur dəyişikliyi və şöranlaşması, ekosistemin pozulması, bölgənin fauna və florasına risklərin yaranması kimi ciddi fəsadlara malikdir. Məsul orqanlar isə ağızlarına su alıb susurlar.  Çünki, onlar məmur inhisarçılığından çəkinib gerçəkliyi deməyə  qorxurlar”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93