Salam, xoş gəlmisiniz.

“XALQ ÇIXIB, ÖZ SÖZÜNÜ DEMƏLİDİR” - Sərdar Cəlaloğlu: “Azərbaycanda dinc, demokratik üsullarla heç bir nəticə əldə olunmayacaq”

2020-02-13 11:41:00

“XALQ ÇIXIB, ÖZ SÖZÜNÜ DEMƏLİDİR” - Sərdar Cəlaloğlu: “Azərbaycanda dinc, demokratik üsullarla heç bir nəticə əldə olunmayacaq”

Elşad Musayev: “Mitinqləri dəstəkləyirik, qatılacağıq”

İqbal Ağazadə: “Mitinqlərə qatılmağı müzakirə edirik”

Tural Abbaslı: “Razılaşdırılmış birgə mitinq olacaqsa, biz də partiya olaraq iştirak edəcəyik”

Pənah Hüseyn: “Mitinq olsa, mən də iştirak edəcəyəm”

Müsavat, Real partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki saxtakarlıqlarına qarşı Bakı şəhərində birgə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər.

Müraciətdə bildirilir ki, fevralın 16-da saat 15.00-dan 17.00-dək Bakı şəhərində 28 May metrosu stansiyasının qarşısındakı meydanda (Cəfər Cabbarlının heykəlinin önündə) mitinq keçirmək niyyətindədirlər.

“Mitinqin ümumi məqsədi 9 fevral növbədənkənar parlament seçkilərində baş verən saxtakarlıq və pozuntu hallarına dinc etirazdır. Seçkilərin nəticələri  10 fevralda MSK tərəfindən təsdiq olunduğu üçün müraciəti bu gün göndəririk( red-fevralın 11-də). Biz 10 min vətəndaşın bu mitinqə qoşulmasını gözləyirik”,-deyə müraciətdə qeyd olunur.

Əslində, növbədənkənar parlament seçkilərinin xalqın iradəsini əks etdirmədiyi, saxta keçirildiyi hər kəsə məlumdur. Bu baxımdan, siyasi partiyaların bu saxta seçkiyə etirazı da doğru addımdır.

Müsavat, Real partiyası və D 18 təşkilatından başqa, Azərbaycan Demokrat Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, AĞ Partiyası, yəni Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edən 5 müxalifət partiyası da seçkinin nəticəsini tanımayıb.

Sözügedən siyasi partiyalar 9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərinin total şəkildə saxtalaşdırıldığını, icra hakimiyyəti orqanlarının seçkilərə müdaxilə etdiyini, ənənəvi seçki saxtakarlığı əməlləri – karusel, seçki qutularının dəyişdirilməsi, səslərin qeyri-şəffaf sayılması, seçki sənədlərinin, o cümlədən bülletenlərin saxlanma qaydalarının pozulması, hakimiyyətin müdafiə etdiyi namizədlərin lehinə əvvəlcədən hazırlanmış bülletenlərin səsvermə günü qutudan çıxan bülletenlərə əlavə edilməsi, səslərin sayılmasından sonra protokolların namizədlərin müşahidəçilərinə və vəkillərinə verilməsindən imtina edilməsi, səsvermə zamanı seçicilərin iradəsinə təsir edilməsi, aidiyyatı dairə üzrə qeydiyyatda olmayan vətəndaşların səsverməyə buraxılması, seçicilərə bildirişlərin göndərilməməsi və s. qanun pozuntuları ilə həyata keçirildiyini bəyan etdi.

Eyni zamanda bu siyasi partiyalar bu seçkilərin nəticələrinin xalqın iradəsini əks etdirməməsini, seçkilərin siyasi güclərin və xalqın gözləntilərinə adekvat olmamasını, ölkədə vətəndaş həmrəyliyinə ciddi zərbə vurduğunu, ictimai gərginliyi bir daha artırdığını, xalqın dövlətin seçki sisteminə olan etibarını sarsıtdığını, hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi və formalaşdırılması ümidlərini boşa çıxardığını, dinc və qanuni yolla siyasi mübarizə perspektivini ciddi şübhə altına aldığını, seçkilərin azad, ədalətli və demokratik qaydada keçiriləcəyi ilə bağlı seçki öncəsi ölkə prezidentinin cəmiyyət qarşısında götürdüyü öhdəliyə və beynəlxalq ictimaiyyətə ünvanladığı bəyanata zidd olduğunu nəzərə alaraq seçkilərin nəticələrinin ləğv edilməsini və təkrar seçkilər keçirilməsini Azərbaycan hakimiyyətindən tələb edir.

Əslində, indiki məqamda Müsavat, Real partiyaları, D 18 təşkilatı və müstəqil namizədləri seçki saxtakarlıqlarına qarşı Bakı şəhərində birgə mitinq keçirmək barədə qərarı təqdir olunmalıdır. Çünki seçki saxtakarlığına qarşı müxalifətin mübarizəsi yalnız birgə effekt verə bilər. Müxalif partiyalar öz ambisiyalarını bir kənara qoyub, birlik nümayiş etdirə bilsələr, hətta seçkilərin nəticələrinin ləğvinə də nail ola bilərlər. Bu baxımdan, maraqlıdır seçkilərdə iştirak edən və seçkinin nəticəsini tanımayan 5 müxalifət partiyası - Azərbaycan Demokrat Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, AĞ Partiyası da fevralın 16-da nəzərə tutulan mitinqə qatılacaq?

“Azərbaycanda vasitəli demokratiya ilə nəyəsə nail olmaq mümkün deyil”

Картинки по запросу "Sərdar Cəlaloğlu"

Sualımızı cavablandıran Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Hürriyyət”ə dedi ki, bundan sonra siyasi partiyaların xalqın etirazına rəhbərlik etməsinin əhəmiyyəti yoxdur: “Xalq özü çıxıb kortəbii öz sözünü deməlidir. artıq Azərbaycanda vasitəli demokratiya ilə nəyəsə nail olmaq mümkün deyil. Ona görə də ölkədə vasitəsiz demokratiya inkişaf etməlidir”.

“Yalnız xalq hərakatı şəklində ölkədə nəsə dəyişmək olar”

Cəlaloğlunun fikrincə, mitinqlərə ehtiyac yoxdur: “Çünki Azərbaycanda dinc, demokratik üsullarla heç bir nəticə əldə olunmayacaq. Əgər biz seçki yolu ilə heç bir şeyə nail olmuruqsa, kiçik çaplı mitinqlərlə heç nə edə bilmərik. Yalnız xalq hərakatı şəklində ölkədə nəsə dəyişmək olar. Ona görə, bu mitinqlər əksinə seçki saxtakarlığının yaratdığı o nifrəti, kini, xalqın etirazını aradan qaldırmağa xidmət edəcək, uzağa gedən nəticələri olmayacaq. Yəni yaranmış indiki situasiyadan çıxış yolu mitinqlər deyil”.

“Hansısa aksiya olacaqsa, hamısında iştirak etmək niyyətindəyik”

Картинки по запросу "Elşad Musayev"

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə dedi ki, kimin keçirməsindən asılı olmayaraq, o mitinqləri dəstəkləyir və o mitinqlərə qatılacaq: “Hansısa aksiya olacaqsa, bizim adımız oldu-olmadı, hamısında iştirak etmək niyyətindəyik”.

 “Hələ ki, bizim partiyanın ayrıca mitinq keçirməsi müzakirə olunmayıb. İndi 5 partiya ilə bəyanat imzaladıq. Sonra görüşmələrimiz nəzərdə tutulub. Əgər mitinq olmasa, təkcə Böyük Azərbaycan Partiyası olsa belə, biz bununla bağlı fikirləşəcəyik”,-deyə partiya sədri əlavə etdi.

“Partiyada nəticələri barədə danışacağıq”

Картинки по запросу "İqbal Ağazadə"

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, mitinqlərə qatılmağı müzakirə edirlər:“Həm mitinq elan edənlərlə müzakirə edirik, həm də partiyada nəticələri barədə danışacağıq”.

 “Özümüz mitinq nəzərdə tuturuq. Hüquqi müstəvidə işlərimizi bitirəndən sonra özümüzün də qərarımız olacaq”,-deyə partiya sədri qeyd etdi.

“Təbii ki, biz bu mitinqə dəstək veririk”

Картинки по запросу "Tural Abbaslı"

Ağ Partiyanın sədri Tural Abbaslı isə dedi ki, saxta seçkilərin nəticələrinin ləğv olunması üçün atılan istənilən addımı və hərəkəti partiya olaraq dəstəkləyirlər: “Çünki bunu ədalət naminə atılmış bir addım sayıram. Ona görə, fərq etmir kim mitinq keçirmək istəyir və yaxud oturaq aksiya edirlər. İstənilən halda, biz partiya olaraq bu hərəkətləri dəstəkləyirik və bunu vətəndaşların da, partiyaların da təbii hüququ hesab edirik. Təbii ki, biz bu mitinqə dəstək veririk. Düzdür, partiyada bununla bağlı konkret olaraq müzakirə aparılmayıb. Amma göstərilən yerlər adətən verilməyən yerlərdir. İstənilən halda mitinqin keçirlməsinin tərəfdarıyıq və əgər razılaşdırılmış birgə mitinq olacaqsa, yəqin ki, biz də partiya olaraq iştirak edəcəyik”.

 T. Abbaslı diqqətə çatdırdı ki, mitinq keçirməklə bağlı onların ilkin müzakirəsi olub: “Yəqin ki, bu gün bununla bağlı yekun bir qərar olacaq. Nəzərə alsaq ki, hakimiyyət razılaşdırılmış şəkildə son zamanlar icazə vermir, ümumiyyətlə, qarşısını alır və bu, o qədər real inkişaf etmir. Amma buna baxmayaraq, ola bilsin ki, bazar günündə “Məhsul” stadionunda mitinqə şərait yaradılması ilə bağlı biz Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Yəqin ki, elə bir qərar ünvanlanacaq. Amma təbii ki, bu parçalama xarakterli deyil. Mən bunu sığorta xarakterli addım hesab edirəm ki, əgər 16-sı razılaşdırılmasa, 17-nə də ola bilər. Yəqin ki, bu gün bununla bağlı konkret qərarımız olacaq”.

Картинки по запросу "Pənah Hüseyn"

Yeri gəlmişkən, Azərbaycan Xalq Partiyası da bəyanat verib ki, 9 fevral növbədənkənar seçkilərini azad, ədalətli, demokratik seçki hesab etmir və bu seçkilər nəticəsində tərtib olunan parlamenti Azərbaycan xalqının həqiqi siyasi iradəsinin ifadəsi saymır. Bu baxımdan, partiya sədri Pənah Hüseynin Müsavat, Real partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin seçki saxtakarlıqlarına qarşı Bakı şəhərində birgə mitinq keçirəcəyi halda, mitinqə qatılıb-qatılmaması ilə bağlı mövqeyini öyrəndik. P. Hüseyn bildirdi ki, seçki saxtakarlığı ilə bağlı addımları müdafiə edir: “Bu tədbir də həmin istiqamətdə olan hərəkətdir və mitinq olsa, mən də iştirak edəcəyəm”.

Qeyd edək ki, BŞİH mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında”  keçirilməsinə icazə verib.

Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93