“Xamneyi işğalçı Ermənistana sanksiyalar tətbiq edilməsinə çağırışlar etməlidir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

11

“Araz çayında körpü məsələsi, İran TIR-larının Qarabağa yanacaq daşıması bu ölkəyə inamı sarsıdıb”

“İranın ölkəmizdə səfirliyi rəsmi Tehranın Qarabağla bağlı Azərbaycana dəstək verməsini, müxtəlif illərdə ali dini rəhbər S.Ə.Xamneyinin çıxışlarını mətbutda çap etdirir. Qeyd edim ki, bunu Azərbaycan mətbuatında İranın Ermənistana verdiyi dəstək fonunda silsilə yazılara cavab olaraq verib”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq hesab edir ki, Araz çayında körpü məsələsi, həm də İran TIR-larının Qarabağa yanacaq daşıması bu ölkəyə inamı sarsıdıb: “İran rəhbərliyi sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Qarabağı müsəlman torpağı adlandırır. Amma Qüdslə, Kəşmirlə eyni gözdə görmür. Ermənistana hərtərəfli lojistik dəstəyini ifadə edir. İşğalçı ölkə ilə əməkdaşlığı davam etdirir. İran tərəfinin hazırkı məqaləsi manipulyasiya xidmət edir. İranın ali dini rəhbəri işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə çağırışlar etməli və bunu ölkəsində tətbiq etməlidir. Əgər İran bunu etmirsə, verilən açıqlamalar söz yığınıdır. Elə sözdə Ermənistanda Qarabağdakı qondarma qurumun müstəqilliyini tanımır, amma Qarabağı işğal edib”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org