Salam, xoş gəlmisiniz.

Xanım hakim qanunsuz qərar çıxarmaqda İTTİHAM OLUNUR

2019-02-02 13:29:31

Xanım hakim qanunsuz qərar çıxarmaqda İTTİHAM OLUNUR

“Hakim Aygün Abdullayeva mafioz Mehdiyev Rauf Süleyman oğlunun cinayətkar qrupunun arzularını yerinə yetirmişdir”

Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, mənzil 75-də yaşayan Bayramov Yasin Ziyədəli oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Kərimliyə, Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edən şikayətçi yazır:

“Bildiyiniz kimi mənim haqqımda olan 2(103)-587/2019 saylı mülki iş Sizin icraatınızdadır.

29.01.2019-cu il tarixində Bakı Apellyasiya Məhkəməsinin MK-da məhkəmə iclasında iddiaçı hesab olunan Bayramov Ruzigar Yasin oğlu bildirdi ki, Bayramov Ziyədəli ona etibarnamə verib. Həmin etibarnamə Siz tərəfdən müəyyən olundu ki, 2007-ci ildə verilib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sabiq hakimi A.Abdullayeva məni sahibi olduğum Nizami rayonu, Q.Qarayev küçəsi, 108 saylı evin 112 saylı mənzilindən istifadə etmək hüququndan 19.04.2006-cı il tarixli 2-501/2006 saylı gizli qətnaməsinə əsasən məhrum etmişdir. Beləliklə, hakim Abdullayeva keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova münasib olan mafioz Mehdiyev Rauf Süleyman oğlunun cinayətkar qrupunun arzularını yerinə yetirmişdir.

Sizə xatırladıram ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kim qanunsuz olaraq mənzilindən istifadə etmək hüququndan məhrum edilə bilməz.

Bayramov Ziyədəli Yasin oğlunun dediyinə görə, 2007-ci ildə xarici ölkədə yaşayarkən Bakı şəhərində hazırlanmış etibarnaməni imzalayıb. Bəs onun iştirakı olmadan Bakı şəhərində etibarnamə notarius tərəfindən necə təsdiq edilib. Bu məsələ MK-nın iclasında araşdırılmadı? Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı yuxarıda qeyd edilən etibarnamənin qanuniliyinin yoxlanmasına köməklik göstərməsini bildirdi.

Hal-hazırda məhkəmədə olan saxta sənədlərin içərisində heç bir etibarnamə yoxdur. Sübut olundu ki, etibarnamə olmadan hakim A.Abdullayeva xarici ölkədə yaşayan Bayramov Ziyədəli Yasin oğlunun adından gizli çıxardığı qətnaməyə və saxta məhkəmə protokoluna saxta izahatlar yazdırıb. 2007-ci ildə Bayramov Ziyədəli Yasin oğlu Bayramov Ruzigar Yasin oğluna etibarnamə verməsi başqa məsələnin mövzusudur.

MK-nın iclasında R.Y.Bayramov bildirdi ki, bəlkə etibarnamənin surəti AR ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsində qalıb. Etibarnamə notarius tərəfindən həyata keçirilir. Ona Siz tərəfdən izah edildi ki, əgər etibarnamə yuxarıda qeyd edilən idarəyə verilibsə, lap 30 il müddət keçsə də arxivdə qalır.

Hörmətli İlham müəllim!

Sizə xatırladıram: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinə əsasən: “Notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının MPM-nin 89.1 maddəsinə əsasən, yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

Əgər kimdənsə R.Y.Bayramov 2006-cı il tarixə hər hansı bir saxta etibarnamə əldə edərsə, o sənədin hansı hüquqi əsası ola bilər? Çünki fakt-faktlığında qalır ki, etibarnamə bu günə kimi məhkəmədə olan saxta sənədlərin içərisində yoxdur. Belə olan halda hakim A.Abdullayeva bilirdi ki, Z.Y.Bayramov məhkəməyə gəlməyib. Hakimin etibarnaməni tələb etməməsinin səbəbi, ondan ibarətdir ki, hakim A.Abdullayeva elə bilib ki, Z.Y.Bayramov ölkə ərazisindədir. Azərbaycan Respublikasının vətəndaşlarına məlumdur ki, Z.Y.Bayramov nəinki 2006-cı il ərzində ölkədə olmayıb, hətta uzun müddət o, ölkə ərazisində olmayıb.

Hörmətli İlham müəllim!

Bakı şəhəri Nizami rayon məhkəməsinin sabiq hakimi A.Abdullayeva heç bir etibarnamə təqdim edilməyib. Belə olan halda indi etibarnamə nəyə lazımdı. Əgər etibarnamə olmayıbsa?

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşları bildirdilər ki, Bayramov Ziyədəli Yasin oğlunun adına saxta etibarnamə verilməsi qeyri-mümkündür. Çünki, Baş idarənin bazasında ölkə üzrə sistem şəkildə məlumatlar var. Lakin ölkədə saxta etibarnamə əldə edənlərə rast gəlmək olur.

Yuxarıda qeyd edilənlərə əsasən, Z.Y.Bayramov və R.Y.Bayramovun iki yolu var. 1-ci yol məhkəmə kollegiyasına düzgün ifadə verməkdi. Yəni, etibarnamənin olmamasını etiraf etmək; 2-ci yol isə əgər saxta etibarnamə MK-ya təqdim edilsə, etibarnamənin qanuniliyinin yoxlanması barədə mən tərəfdən məhkəməyə vəsatət təqdim ediləcəkdir.

Yuxarıda qeyd edilənlərə əsasən Sizdən və N.Nərimanov rayon prokuro­run­dan xahiş edirəm ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə yuxarıda qeyd etdiyim məsələ barədə bildirəsiniz”.

Hazırladı: İ.SABİRQIZI

Redaksiydan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru